Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1963/2022 27.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 və İddiaçı2 Müşfiq qızının Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-yə qarşı; BOKT "xxxx" QSC-nin İddiaçı2 Müşfiq qızına qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: kredit borcunun ödənilməsi, girova tutma yönəldilməsi, ekspert rəyinin mötəbərliyinin əsaslandırılmaması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı (cavabdeh) İddiaçı2, həm onun, həm də digər İddiaçı1 vəkili Vəkil2, cavabdeh (iddiaçı) BOKT "xxxx" QSC-nin nümayəndəsi (vəkili) Vəkil3 iştirakı ilə İddiaçı1 və İddiaçı2 BOKT "xxxx" QSC-nə qarşı “kredit məbləğinin verilməməsi faktının müəyyən olunması, müqavilənin ləğv edilməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi, girov predmetlərinin qaytarılması”; BOKT "xxxx" QSC-nin İddiaçı2 qarşı “borcun ödənilməsi və girov predmetinə tutma yönəldilməsi” barədə bir icraatda birləşdirilmiş tələblərə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli qətnaməsindən BOKT "xxxx" QSC-nin nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, 27 oktyabr 2022-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. BOKT "xxxx" QSC ilə İddiaçı1 arasında xx.xx.2017-ci il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqavilənin şərtlərinə əsasən BOKT, İddiaçı1 6 ay müddətinə, illik faiz dərəcəsi 60% olmaqla, ödəniş qrafiki üzrə hissə-hissə qaytarması şərtilə 800,00 (səkkiz yüz) manat kredit verməyi öhdəsinə götürmüşdür.
2. BOKT "xxxx" QSC ilə İddiaçı1 arasında xx.xx.2017-ci il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqavilənin şərtlərinə əsasən BOKT, İddiaçı1 21 ay müddətinə, illik faiz dərəcəsi 60% olmaqla, ödəniş qrafiki üzrə hissə-hissə qaytarması şərtilə 5000,00 (beş min) manat kredit verməyi öhdəsinə götürmüşdür.
3. BOKT "xxxx" QSC ilə İddiaçı1 arasında xx.xx.2018-ci il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqavilənin şərtlərinə əsasən BOKT, İddiaçı1 3 ay müddətinə, illik faiz dərəcəsi 60% olmaqla, ödəniş qrafiki üzrə hissə-hissə qaytarması şərtilə 5190,00 (beş min yüz doxsan) manat kredit verməyi öhdəsinə götürmüşdür.
4. BOKT "xxxx" QSC ilə İddiaçı1 arasında xx.xx.2018-ci il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqavilənin şərtlərinə əsasən BOKT, İddiaçı1 1 ay müddətinə, illik faiz dərəcəsi 60% olmaqla, ödəniş qrafiki üzrə hissə-hissə qaytarması şərtilə 5180,00 (beş min yüz səksən) manat kredit verməyi öhdəsinə götürmüşdür.
5. BOKT "xxxx" QSC ilə İddiaçı2 arasında xx.xx.2018-ci il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqavilənin şərtlərinə əsasən BOKT, İddiaçı2 18 ay müddətinə, illik faiz dərəcəsi 50% olmaqla, ödəniş qrafiki üzrə hissə-hissə qaytarması şərtilə 5700,00 (beş min yeddi yüz) manat kredit verməyi öhdəsinə götürmüşdür.
6. BOKT "xxxx" QSC ilə İddiaçı2 arasında xx.xx.2018-ci il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqavilənin şərtlərinə əsasən BOKT, İddiaçı2 16 ay müddətinə, illik faiz dərəcəsi 48% olmaqla, ödəniş qrafiki üzrə hissə-hissə qaytarması şərtilə 5000,00 (beş min) manat kredit verməyi öhdəsinə götürmüşdür.
7. BOKT "xxxx" QSC ilə İddiaçı2 arasında bağlanmış kredit və girov müqaviləsinə 1 saylı Əlavəyə görə, xx.xx.2018-ci il tarixli “Girov qoyulmuş qiymətlərin və dəyərlərin qiymətləndirmə və təhvil-təslim aktı”na əsasən aşağıdakı əşyalar girov qoyulmuşdur: - 750 əyarlı, 1 ədəd, xalis çəkisi 45,61 qram, 1003 USD dəyəri olan qarnitur; - 585 əyarlı, 4 ədəd, xalis çəkisi 12,26 qram, 208 USD dəyəri olan qolbaq; - 750 əyarlı, 1 ədəd, xalis çəkisi 4,90 qram, 108 USD dəyəri olan qolbaq; - 750 əyarlı, 1 ədəd, xalis çəkisi 5,23 qram, 115,06 USD dəyəri olan üzük; - 585 əyarlı, 2 ədəd, xalis çəkisi 7 qram, 119 USD dəyəri olan üzük; - 585 əyarlı, 5 ədəd, xalis çəkisi 24,95 qram, 424,15 USD dəyəri olan sırğa; - 750 əyarlı, 1 ədəd, xalis çəkisi 10,64 qram, 234,08 USD dəyəri olan boyunbağı; - 750 əyarlı, 2 ədəd, xalis çəkisi 8,95 qram, 196,90 USD dəyəri olan üzük; - 583 əyarlı, 2 ədəd, xalis çəkisi 10,48 qram, 178,16 USD dəyəri olan üzük; - 583 əyarlı, 1 ədəd, xalis çəkisi 4,32 qram, 73,44 USD dəyəri olan sırğa.
İş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı1 və İddiaçı2 BOKT "xxxx" QSC-nə (bundan sonra - BOKT və ya QSC) qarşı birgə iddia ərizəsi ilə, sonradan isə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizələrlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, QSC ilə İddiaçı1 arasında bağlanmış 010/17/121 saylı xx.xx.2017-ci il tarixli kredit və girov müqaviləsi üzrə 50 manat istisna olmaqla qalan kredit məbləğinin, 006/17/250 saylı xx.xx.2017-ci il tarixli, 006/18/101 saylı xx.xx.2018-ci il tarixli və 006/18/241 saylı xx.xx.2018-ci il tarixli kredit və girov müqavilələri üzrə kredit məbləğinin QSC tərəfindən İddiaçı1 verilməməsi və BOKTun həmin müqavilələr üzrə öz müqavilə öhdəliyini yerinə yetirməməsi faktının müəyyən olunması; QSC ilə İddiaçı2 Müşfiq qızı arasında bağlanmış 006/18/316 saylı xx.xx.2018-ci il tarixli və 006/18/340 saylı xx.xx.2018-ci il tarixli kredit və girov müqavilələri üzrə kredit məbləğinin QSC tərəfindən İddiaçı2 Müşfiq qızına verilməməsi və BOKT-un həmin müqavilələr üzrə öz müqavilə öhdəliyini yerinə yetirməməsi faktının müəyyən olunması, İddiaçı2 marağı itdiyindən 006/18/340 saylı xx/xx/2018-ci il tarixli kredit və girov müqaviləsinə xitam verilməsi; QSC-nin öz müqavilə öhdəliklərini icra etməməsi ilə əlaqədar İddiaçı1 tərəfindən QSC-nə ödənilmiş 2230 manatın və mənəvi ziyana görə 50 000 manatın, yəni cəmi 52 230 manat pul vəsaitinin QSC-dən tutulub İddiaçı1 ödənilməsi; QSC-nin öz müqavilə öhdəliklərini icra etməməsi ilə əlaqədar İddiaçı2 Müşfiq qızı tərəfindən ödənilmiş 3250 manatın və mənəvi ziyana görə 50 000 manatın, yəni cəmi 53 250 manat pul vəsaitinin QSC-dən tutulub İddiaçı2 Müşfiq qızına ödənilməsi; QSC ilə İddiaçı2 Müşfiq qızı arasında bağlanmış 006/18/340 saylı xx.xx.2018-ci il tarixli kredit və girov müqaviləsinin təminatı kimi girov qoyulmuş onlara məxsus olan 10 adda qızıl-zinət əşyalarının tam həcmdə onlara qaytarılması; tərəflərindən mübahisəli müqavilələr üzrə edilmiş ödənişlərin QSC tərəfindən maliyyə sənədlərində tam əks etdirilməməsi və azaldılması faktının müəyyən olunması; QSC-nin adından onlarla hazırkı iddianın predmeti olan kredit müqavilələrini bağlayan X2 həmin müqavilələri bağlamaq səlahiyyətinin olmaması faktının müəyyən olunması barədə qətnamə, habelə QSC-nin fəaliyyətində qanunvericiliyin pozulması hallarının araşdırılması ilə bağlı xüsusi qərardad çıxarılmasını xahiş etmişlər.
9. Həmin iddia tələbləri belə əsaslandırılmışdır ki, İddiaçı1 BOKT-da 800 manat, "xxxx" ASC-də isə 3655 manat krediti olmuş, o, həmin krediti bir kredit təşkilatına ödəmək məqsədilə xx.xx.2017-ci il tarixdə QSC ilə müqavilə bağlayaraq və özü ilə İddiaçı2 ümumi birgə mülkiyyəti olan qızıl-zinət əşyalarını girov qoyaraq illik 60%-lə 5000 manat kredit götürmüşdür. Lakin QSC tərəfindən hər iki kredit müqaviləsi üzrə borc əvəzləşdirilmiş və İddiaçı1 faktiki olaraq nağd şəkildə cəmi 50 manat pul vəsaiti ödənilmişdir. Ödənişlərdə gecikmələr olduqda QSC İddiaçı1 qızılları satmaqla təhdid edərək müddəti yeniləmək üçün onu yeni kredit müqaviləsi bağlamağa məcbur etmişdir. Bu zaman gecikdirilmiş faiz və cərimə borcları əsas borca əlavə olunmuş, faktiki pul verilmədən kredit məbləğinin həcmi artırılmış və onun üçün əlverişsiz kredit müqavilələri bağlanmışdır. Müqavilənin rəsmiləşdirilməsi və bununla bağlı həyata keçirilən görüşlər çox vaxt apardığından və onun işinin xüsusiyyəti işdən qalmağa imkan vermədiyi üçün növbəti ödənişin gecikdirilməsi ilə bağlı yeni kredit müqaviləsi bağlamaq zərurəti yarananda, yəni xx.xx.2018-ci il tarixdə İddiaçı2 ilə QSC arasında illik 48%-lə 5000 manat kredit verilməsinə dair formal xarakterli müqavilə bağlanmışdır. Belə ki, qeyd olunan kredit müqaviləsi bağlanarkən müvafiq sənədləri imzalamasına baxmayaraq, ona kredit müqaviləsinin predmeti olan pul vəsaiti ödənilməmişdir. Kredit müqaviləsi bağlanarkən İddiaçı2 məxsus qızıl-zinət əşyaları girovdan çıxarılmadan birbaşa İddiaçı2 ilə bağlanmış kredit müqaviləsinin təminatı kimi QSC-də qalmışlar. Hər dəfə yeni kredit müqaviləsi bağlanarkən əvvəlki müqavilələrin əsli QSC tərəfindən İddiaçı2 geri alınmışdır. Bundan başqa ABŞ dolları kreditlərinə görə İddiaçı2 559 manat kompensasiya hesablanmış və həmin məbləğ QSC-ya ödənilmişdir. Tərəflərindən QSC-yə 7000 manat və Maliyyə Palatası tərəfindən əlavə olaraq 559 manat pul ödənilsə də, QSC xx.xx.2019-cu il tarixdə İddiaçı2 borcun ödənilməsi tələbi barədə bildiriş göndərmişdir, baxmayaraq ki, İddiaçı2 QSC-yə olan borcu 1000 manat həcmindədir. Bu məbləği ödəməklə girov qoyulmuş qızılzinət əşyalarının girovdan azad edilməsini tələb etsələr də, QSC borcun hazırda 4000 manat təşkil etdiyini bildirir. QSC borcu əsassız olaraq şişirdib. xx.xx.2018-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli kredit və girov müqavilələri də qanunsuz bağlanmışdır. Belə ki, həmin müqavilələr üzrə müvafiq olaraq 800 manat, 5000 manat, 5190 manat, 5180 manat və 5700 manat məbləğlərində kreditin verildiyi bildirilsə də, həmin məbləğlər onlara ödənilməmişdir. Həmin müqavilələri QSC-nin adından X3 bağlayıb, lakin QSC tərəfindən məhkəmələr təqdim olunan sənədlər arasında Murad Hüseynovun QSC-nin adından müqavilə bağlamaq səlahiyyətinin olmasını təsdiq edən hər hansı sənəd yoxdur. Bu kredit müqavilələri üzrə onlar bilavasitə şəxsən QSC-yə hər hansı ödəniş etməmişlər. QSC həmin müqavilələr üzrə borcdan müvafiq ödənişlərin edildiyini bildirsə də, bununla bağlı ödəniş qəbzlərini təqdim etməyib. Bu ödənişlər növbəti kredit məbləğinin hesabına QSCnin əməkdaşları tərəfindən edilib
10. Sözügedən iddia ərizəsi əsasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində 2(005)-3905/2019 saylı mülki işin icraatı başlanmışdır.
11. BOKT "xxxx" QSC isə İddiaçı2 qarşı iddia ərizəsi (sonradan iddia ərizəsinə əlavə) ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı2 QSC-nin xeyrinə xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 3701 manat əsas, 2973,49 manat faiz, 3821 manat dəbbə pulu olmaqla cəmi 10 494,65 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması, tutmanın girov predmetlərinə yönəldilməsi, həmin predmetlərin açıq hərracda satılması, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. BOKT-un iddia tələbi belə əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixli 006/18- 340 nömrəli kredit və girov müqaviləsinə əsasən İddiaçı2 aylıq 4%-lə 16 ay müddətinə 5000 manat məbləğində kredit verilmiş, bu borcun təminatı olaraq İddiaçı2 özünə məxsus müxtəlif adlı və ümumi dəyəri 2660 ABŞ dolları olan qiymətli metalları QSC-nin xeyrinə girovla yüklü etmişdir. Borc öhdəliyinin icrasını düzgün və vaxtında təmin etmək məqsədilə müqavilə bağlanan gün müqavilə ilə yanaşı İddiaçı2 ödəniş cədvəli verilmiş, eyni zamanda müqavilənin şərtlərinə əsasən müqavilədən əlavə o, iltizam yazaraq bəyan etmişdir ki, bildirişi aldıqdan sonra 7 iş günü ərzində yüklülük predmetinin satılaraq borcun əvəzinə yönəldiləcəyinə razılıq verir. İddiaçı2 borc öhdəliyini vaxtında icra etməmiş və icranı əhəmiyyətli dərəcədə gecikdirmiş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borcu ödəməkdən boyun qaçırmışdır.
13. BOKT-un iddia ərizəsi əsasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən 2(005)-5280/2019 saylı mülki işin icraatı başlanmış, həmin məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə hər iki işin bir icraatda birləşdirilməsi qərara alınmışdır.
14. Məhkəmənin təyin etdiyi ekpertiza tədqiqatı əsasında rəy verən Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli rəyində göstərilmişdir ki, xx.xx.2018-ci il tarixli 006/18/340 saylı kredit (borc) və girov müqaviləsi istisna olmaqla, digər kredit müqavilələrinin qeyd edilən şərtləri üzrə, bank tərəfindən təqdim edilən sənədlərdə göstərilən məlumatların düzgünlüyü məhkəmə orqanı tərəfindən nəzərə alındığı təqdirdə İddiaçı1 BOKT-a 739,48 manat məbləğində artıq ödənişi müəyyən edilir. Bundan əlavə ikinci sualda soruşulan sual üzrə BOKT-la İddiaçı2 Müşfiq qızı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 006/18/340 saylı kredit (borc) və girov müqaviləsinin şərtlərinə əsasən bank tərəfindən təqdim edilən sənədlərdə göstərilən məlumatların düzgünlüyü məhkəmə orqanı tərəfindən nəzərə alındığı təqdirdə iddiaçıların xx.xx.2020-ci il tarixə 3979,87 manat əsas borcu, 1432,75 manat faiz borcu olmaqla, ümumilikdə borc 5412,62 manat məbləğində müəyyən edilir.
15. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (birinci instansiya məhkəməsi) 17 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə BOKT "xxxx" QSC-nin İddiaçı2 Müşfiq qızına qarşı iddia tələbi təmin edilməmiş, İddiaçı1 və İddiaçı2 Müşfiq qızının Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-yə qarşı tələbləri qismən təmin edilmiş, BOKT "xxxx" QSCdən 739,48 manat məbləğində pulun İddiaçı1 xeyrinə ödənilməsi, BOKT "xxxx" QSC ilə İddiaçı2 Müşfiq qızı arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit və girov müqaviləsinə xitam verilməsi, girov qoyulmuş AC20863040 saylı xx.xx.2018-ci il tarixli zərgər aktında göstərilən 1 ədəd qarniturun, 5 ədəd qolbağın, 7 ədəd üzüyün, 6 cüt sırğanın, 1 ədəd boyunbağının İddiaçı2 Müşfiq qızına qaytarılması, İddiaçı1 və İddiaçı2 Müşfiq qızının iddia tələblərinin qalan hissədə təmin edilməməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi, məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 145 manatın BOKT "xxxx" QSC-dən tutulması və Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət olunmuşdur.
16. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni aşağıdakı kimi əsaslandırmışdır:
16.1. İddiaçı2 ilə BOKT "xxxx" QSC arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə BOKT "xxxx" QSC kredit müqaviləsi üzrə nəzərdə tutulan öhdəlikləri icra etməmiş, həmin müqavilə üzrə təqdim edilməli olan lokal kart İddiaçı2 təqdim edilməmiş, habelə lokal karta müqavilədə nəzərdə tutulmuş pul məbləğinin köçürülməsi, o cümlədən həmin lokal kart üzrə köçürüldüyü iddia edilən pulun kim tərəfindən nə vaxt məxaric edildiyi barədə məlumatlar təqdim edilməmişdir. 16.2. İddiaçı1 “BOKT "xxxx" QSC-nin öz müqavilə öhdəliklərini icra etməməsi ilə əlaqədar BOKT-a ödənilmiş 2230 manat pul vəsaitinin ona qaytarılması” tələbinə münasibətdə qeyd edilməlidir ki, iş materiallarına əlavə edilmiş hesabdan çıxarışlara və ekspert rəyinə əsasən iddia tələbi bu hissədə qismən əsaslı hesab edilir - belə ki, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi istisna olmaqla digər müqavilələr üzrə İddiaçı1 BOKT "xxxx" MMC-yə 739,48 manat məbləğində artıq ödənişi müəyyən edilir. 16.3. BOKT "xxxx" QSC ilə İddiaçı2 Müşfiq qızı arasında müqavilə bağlansa da, həmin müqavilədə nəzərdə tutulmuş öhdəliklər BOKT tərəfindən icra edilmədiyindən, borcun ödənilməsini tələb etməkdə BOKT haqlı olmamışdır. 16.4. Müqavilənin ləğv edilməsi, bir qayda olaraq, tərəflərin razılaşması ilə mümkündür. Belə bir razılaşma olmadıqda, müqavilə adətən kontragentlərdən birinin müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozması səbəbindən məhkəmə qaydasında ləğv edilir. Hazırki işdə isə tərəflər arasında bağlanmış müqavilə üzrə BOKT "xxxx" QSCnin müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyi müəyyən edilir. Ona görə də kredit öhdəliyi üzrə İddiaçı2 Müşfiq qızına münasibətdə iddia tələbi qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, BOKT "xxxx" QSC tərəfindən kredit müqaviləsi üzrə təqdim edilməli olan plastik kartların iddiaçılara təhvil verilməsinə dair məlumat və plastik kartlardan vəsaitin çıxarılmasına dair məlumatlar mövcud deyildir. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından İddiaçı2 Müşfiq qızı BOKT "xxxx" QSC qarşısında müqavilədən irəli gələn öhdəliklər üzrə borclu kimi çıxış edə bilməz, kredit müqaviləsi üzrə əsas borc və faiz borcu ondan tutula bilməz. 16.5. İddia tələbinin “BOKT "xxxx" QSC-nin öz müqavilə öhdəliklərini icra etməməsi ilə əlaqədar İddiaçı2 Müşfiq qızı tərəfindən BOKT-a ödənilmiş 3250 manat pul vəsaitinin BOKT "xxxx" QSC-dən tutulub ona qaytarılması” hissəsinə münasibətdə qeyd olunmalıdır ki, ekspertiza rəyi ilə həmin məbləğdə pulun artıq ödənilməsi halı müəyyən edilmədiyindən bu hissədə iddia tələbi təmin edilməməlidir. 16.6. “Mənəvi ziyana görə 50 000 manatın BOKT "xxxx" QSC-dən tutulub İddiaçı1, 50 000 manatın İddiaçı2 Müşfiq qızına ödənilməsi” tələbi ilə bağlı qeyd edilməlidir ki, iddiaçıların fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır. 16.7. BOKT "xxxx" QSC ilə İddiaçı1 arasında bağlanmış 010/17/121 saylı, xx.xx.2017-ci il tarixli kredit və girov müqaviləsi üzrə 50 manat istisna olmaqla qalan kredit məbləğinin, 006/17/250 saylı xx.xx.2017-ci il tarixli 006/18/101 saylı, xx.xx.2018-ci il tarixli və 006/18/241 saylı xx.xx.2018-ci il tarixli kredit və girov müqavilələri üzrə kredit məbləğinin BOKT "xxxx" QSC tərəfindən İddiaçı1 verilməməsi və BOKTun həmin müqavilələr üzrə öz müqavilə öhdəliyini yerinə yetirməməsi faktının müəyyən olunması, BOKT "xxxx" QSC ilə İddiaçı2 Müşfiq qızı arasında bağlanmış 006/18/316 saylı, xx.xx.2018-ci il tarixli və 006/18/340 saylı, xx.xx.2018-ci il tarixli kredit və girov müqavilələri üzrə kredit məbləğinin BOKT "xxxx" QSC tərəfindən İddiaçı2 Müşfiq qızına verilməməsi və BOKT-un həmin müqavilələr üzrə öz müqavilə öhdəliyini yerinə yetirməməsi faktının müəyyən olunması, iddiaçılar tərəfindən mübahisə predmeti ilə bağlı müqavilələr üzrə edilmiş ödənişlərin BOKT tərəfindən maliyyə sənədlərində tam əks etdirilməməsi və azaldılması faktının müəyyən olunması, BOKT "xxxx" QSC-nin adından iddiaçılara hazırkı iddianın predmeti olan kredit müqavilələrini bağlayan X2 həmin müqavilələri bağlamaq səlahiyyətinin olmaması faktının müəyyən olunması kimi hallar qətnamənin əsaslandırıcı hissəsində qiymətləndirildiyindən, bu tələblərin ayrıca iddia tələbi kimi qeyd edilməsi zərurəti yoxdur.
17. Məhkəmə həmçinin hesab etmişdir ki, BOKT-la İddiaçı1 və İddiaçı2 Müşfiq qızı arasında bağlanmış 010/17/121 saylı xx.xx.2017-ci il tarixli; 006/18/101 saylı xx.xx.2018-ci il tarixli; 006/18/241 saylı xx.xx.2018-ci il tarixli; 006/18/316 saylı xx.xx.2018ci il tarixli kredit müqavilələri və xx.xx.2018-ci il tarixli 006/18/340 saylı kredit (borc) və girov müqaviləsi bağlanan zaman tərəflərin hərəkətlərində Azərbaycan Respublikası CMnin müvafiq maddəsində ehtiva olunan cinayətin əlamətləri aşkara çıxdığından bu barədə xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməlidir.
18. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 21, 23, 385.1, 386, 389, 405, 406, 407, 421,423, 424, 425, 432.3, 440.1,442, 448.1, 739.2, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.3, 39.3.3, 59.3.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81, 88, 119.1, 217.4-cü maddələrinə istinad etmişdir.
19. Həmin qətnamədən BOKT "xxxx" QSC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və Rasim və Pərvin İsgəndərov(a)ların iddia tələblərinin rədd, BOKT-un iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini BOKT-un iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, düzgün olmayan ekspert rəyinə istinad etdiyini, İddiaçı2 xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə borcunun qaldığını nəzərə almadığını, girov müqaviləsinin ləğv edilməsi ilə bağlı səhv nəticəyə gəldiyini irəli sürmüşdür.
b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
20. Bakı Apellyasiya Məhkəməsinin 19 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır.
21. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni belə əsaslandırmışdır ki, QSC, kredit müqavilələri üzrə borclular İddiaçı1 və İddiaçı2 QSC-yə borclarının olmaması, əksinə onlar tərəfindən QSC-yə 739,48 manat məbləğində artıq ödəniş edilməsi hissəsində Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli ekspert rəyi ilə razı olmadığını bildirsə də, bu xüsusatı təsdiq edən və ekspertiza tərəfindən verilmiş rəyi həmin hissədə şübhə altına ala biləcək sübutları (məsələn: başqa ekspertiza rəyini) məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Məhkəmə, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin və həmin müqavilə üzrə öhdəliklərin icrasının təmini məqsədilə bağlanmış eyni tarixli girov müqaviləsinin ləğvi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, vurğulamışdır ki, həmin müqavilə üzrə pulun iddiaçılara verilməsinə, kassadan məxaric edilməsinə dair heç bir sübut məhkəmələrə təqdim edilməmişdir.
23. Həmin müqavilənin başqa məbləğdə kreditin verilməsi məqsədilə deyil, əvvəlki kredit müqavilələrinin müddətinin uzadılması məqsədilə bağlanıldığı, buna görə də məxaric orderinin mövcud olmadığı barədə QSC-nin arqumenti ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, QSC, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin əvvəlki müqavilələrin müddətinin uzadılması məqsədilə bağlanması barədə sübutları məhkəmələrə təqdim etməmişdir; həmçinin həmin müqavilənin məzmunundan da görünür ki, müqavilə, digər kredit müqavilələrinin müddətinin uzadılması ilə bağlanması barədə müddəanı özündə əks etdirmir. Bundan başqa qeyd edilməlidir ki, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi qənaətinə gəlmiş birinci instansiya məhkəməsi haqlı olaraq, girov müqaviləsinin də ləğv edilməsi nəticəsinə gəlmişdir. Belə ki, Mülki Məcəllənin 294.1.1-ci maddəsinə əsasən, girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova da xitam verilir.
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli qərarı ilə BOKT "xxxx" QSC-nin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 19 fevral 2021-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir.
25. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...İş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli ekspert rəyi ilə əsaslandırmışdır. Bununla bağlı qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi ekspert rəyini mötəbər sübut kimi qəbul etsə də, həmin rəyin mötəbərliyini əsaslandırmamışdır. Belə ki, iş üzrə keçirilmiş ekspertizanın nəticəsinə dair xx.xx.2020-ci il tarixli ekspert rəyinin tədqiqat hissəsində İddiaçı1 19 sentyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə 19 yanvar 2020-ci il tarixə (sualda soruşulan tarixə) cavabdeh BOKT "xxxx" QSC-nə 5412,62 manat borcu, o cümlədən: əsas borcu üzrə: 3979,87 manat, faiz borcu üzrə: 1432,75 manat müəyyən edildiyi qeyd edilmişdir. İş materiallarından görünür ki, 19 sentyabr 2018-ci il tarixli kredit müqaviləsi BOKT "xxxx" QSC ilə İddiaçı1 arasında deyil, İddiaçı2 Müşfiq qızı arasında bağlanmışdır. Belə olan halda 19 sentyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı1 borcunun ekspert rəyində hansı əsasla müəyyənləşdirildiyi göstərilməmişdir. Bundan başqa qeyd edilən ekspert rəyinin nəticə hissəsində BOKT "xxxx" QSC ilə İddiaçı2 Müşfiq qızı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 006/18/340 saylı kredit (borc) və girov müqaviləsinin şərtlərinə əsasən bank tərəfindən təqdim edilən sənədlərdə göstərilən məlumatların düzgünlüyü məhkəmə orqanı tərəfindən nəzərə alındığı təqdirdə iddiaçıların xx.xx.2020-ci il tarixə 3979.87 manat əsas borcu, 1432.75 manat faiz borcu olmaqla, ümumilikdə borcun 5412,62 manat məbləğində müəyyən edildiyi göstərilmişdir. Göründüyü kimi ekspert rəyinin tədqiqat hissəsi ilə nəticə hissəsi arasında ziddiyyət vardır. Belə ki, rəyin tədqiqat hissəsində İddiaçı1 19 sentyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə 5412,62 manat borcu olduğu göstərilsə də nəticə hissəsində iddiaçıların 5412,62 manat məbləğində borcu olduğu göstərilmişdir. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsinin mötəbər sübut kimi qəbul etdiyi ekspert rəyi kifayət qədər əsaslandırılmadığından mübahisə predmeti olan kredit müqavilələri üzrə borcun düzgün müəyyən edilməsi üçün təkrar məhkəmə ekspertizasının keçirilməsinə zərurət yaranmışdır. Ona görə də işə təkrar baxan apelyasiya instansiyası məhkəməsi mübahisə predmeti olan kredit müqavilələri üzrə borcun düzgün müəyyən edilməsi üçün təkrar məhkəmə ekspertizası keçirməli və həmin ekspertizanın nəticəsini iş üzrə digər sübutlarla yanaşı qiymətləndirərək müfaviq məhkəmə aktı qəbul etməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, iddiaçılar xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə pul məbləğini almadıqlarını və həmin müqavilə üzrə ödəniş etmədiklərini bildirsələr də, BOKT "xxxx" QSC-nin tələbindən görünür ki, həmin kredit müqaviləsi üzrə borcun müəyyən bir hissəsi ödənilmişdir. Belə ki, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 5000 manat kreditin verilməsi nəzərdə tutulduğu halda, BOKT "xxxx" QSC cavabdeh İddiaçı2 3701 manat əsas, 1381 manat faiz, 1764 manat dəbbə pulunun tutulmasını tələb etmişdir. Belə olan halda xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə ödənişlərin kim tərəfindən edilməsinin müəyyənləşdirilməsi hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olsa da, apelyasiya instansiyası məhkəməsi bu halı araşdırmamışdır. Bundan başqa iddiaçılar İddiaçı1 və İddiaçı2 Müşfiq qızının iddialarının və verdikləri izahatların məzmunundan görünür ki, xx.xx.2018-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli kredit müqavilələri üzrə nəzərdə tutulmuş pul məbləğləri onlara verilməmiş və əvvəlki borcların silinməsinə sərf edilmişdir. Ona görə də işə təkrar baxan apelyasiya instansiyası məhkəməsi qeyd edlən halları araşdırmalı və mübahisəyə müvafiq araşdırmanın nəticəsinə uyğun hüquqi qiymət verməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçıların iddia tələbləri kredit müqavilələri üzrə borcun verilməməsinin, həmin müqavilələr üzrə onların öhdəliklərinin olmamasının, o cümlədən kredit müqavilələri üzrə yaranmış kredit borcunun məbləğinin müəyyən edilməsi ilə bağlıdır. Bununla bağlı qeyd edilməlidir ki, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla borclunun kredit hüquq münasibətləri üzrə yaranmış kredit borcunun və ya onun bir hissəsinin silinməsi, borcun azaldılması və ya borc öhdəliyindən tam və qismən azad edilmə, borcun verilməməsinin yaxud borcun məbləğinin müəyyən edilməsi kimi tələblər ayrıca iddia tələbi kimi məhkəmədə mülki işin başlanmasına əsas ola bilməz. Çünki kreditor tərəfindən yaranmış borc məbləği borcludan məhkəmə qaydasında tələb edilməyənədək kredit müqaviləsi üzrə kreditor və ya borclu tərəfindən hesablanmış borc məbləği özü-özlüyündə borclunun qanunla qorunan hüquqlarını və mənafelərini pozmur. Eyni zamanda borclu hesablanmış borc məbləğinə etirazını məhkəmədən kənar qaydada birbaşa kreditorun özünə şifahi və ya yazılı qaydada bəyan etmək hüququna da malikdir. Bu cür tələblər mahiyyətcə kreditorun borcun qaytarılması barədə gələcəkdə irəli sürəcəyi iddiaya etirazını təşkil etməklə, əsaslı olduğu halda iddianın tam və ya qismən rədd olunması üçün əsas ola bilər. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir”.
Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası, verilən izahatlar
26. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən BOKT "xxxx" QSC-nin nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə etmiş, İddiaçı1 və İddiaçı2, habelə onların vəkilləri Vəkil2 isə şikayətin əsassız olduğunu bildirmişlər.
27. Təkrar apellyasiya baxışı zamanı Ali Məhkəmənin qərarında şərh olunan göstərişlər əsas götürülərək təkrar mühasibatıq ekspertizası (Mərkəzi Bankın mütəxəssisi cəlb edilməklə) təyin olunmuş və müvafiq ekspert rəyi alınmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
29. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
30. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
31. Maddə 276.1. İpoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər.
32. Maddə 279. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir.
33. Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.
34. Maddə 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir.
35. Maddə 297. Girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər.
36. Maddə 298.3. Əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, girov saxlayan çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur.
37. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
38. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
39. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.
40. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
41. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
42. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
43. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
44. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
“Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanunu
45. Maddə 3.1. Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edir.
46. Maddə 15.1. Yüklülük sahibi yüklülüyün təmin etdiyi öhdəliyin pozulmasından əvvəl və ya sonra yüklülük verənlə yazılı formada bağlanmış razılaşma əsasında yüklülük predmetini sahibliyinə götürə bilər. Belə razılaşma yüklülük müqaviləsində də müəyyən edilə bilər.
47. Maddə 15.2. Borclu yüklülüklə təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yüklülük sahibi öz sahibliyində olan yüklülük predmetini bu Qanunla müəyyən olunmuş qaydada sata bilər.
48. Maddə 15.3. Yüklülük verən və ya borclu yüklülük sahibinin sahibliyində olan yüklülük predmetinə tutma yönəldilməsindən məhkəməyə şikayət etdikdə yüklülük predmetinin satılması dayandırılmır, bu şərtlə ki, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13-cü fəsli ilə müəyyən edilmiş qaydada iddianı təmin etmə tədbiri kimi satışı dayandırmaq barədə qərar qəbul etməsin.
49. Maddə 16.1. Yüklülük sahibi yüklülük predmetini sahibliyinə qəbul etdikdən sonra onu hərracda (açıq auksionda) və ya istənilən üsulla sata bilər.
50. Maddə 16.2. Yüklülük sahibi yüklülük predmetinin satılması ilə bağlı yüklülük predmetinin yaxşılaşdırılması üçün xərc çəkə bilər.
51. Maddə 16.3. Yüklülük sahibinin bu maddə ilə müəyyən edilmiş hüquqları məhdudlaşdırıla bilməz.
52. Maddə 17.1. Yüklülük sahibi bu Qanunun 17.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi yüklülük predmetinin satılmasındən ən azı 7 (yeddi) iş günü əvvəl yüklülük verənə və borcluya, bildirişin surətini isə reyestrdə qeydə alınmış və ona məlum olan digər yüklülük sahiblərinə verilməsini təsdiq etmə üsulu ilə göndərməlidir.
53. Maddə 17.2. Yüklülük predmetinin satılması haqında bildirişdə aşağıdakı məlumatlar göstərilməlidir: 17.2.1. yüklülük predmetinin təsviri; 17.2.2. icra olunmalı öhdəliyin məbləği; 17.2.3. satışın üsulu; 17.2.4. satışın həyata keçirildiyi yer, tarix və vaxt; 17.2.5. bildirişin tarixi, bildirişi imzalayan şəxsin adı və imzası.
54. Maddə 17.3. Yüklülük sahibi yüklülük predmetini ağlabatan qiymətə (oxşar əşyanın oxşar şəkildə alınması zamanı qoyulan qiymət) satmalıdır.
55. Maddə 17.4. Yüklülük verən və ya borclu bu Qanunun 17.1-ci maddəsində müəyyən edilən bildirişi aldıqdan 7 (yeddi) iş günü ərzində yüklülük predmetini satın almaqda üstünlük hüququna malikdir.
56. Maddə 17.5. Yüklülük predmetinin daha baha qiymətə satılması mümkünlüyü həmin satışın ağlabatan qiymətə həyata keçirilməməsini təsdiq etmir.
57. Maddə 17.6. Yüklülük sahibi yüklülük predmetini ağlabatan qiymətdən aşağı qiymətə satdıqda, o, yüklülük verən, hər hansı başqa yüklülük sahibi və yüklülük predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
58. Maddə 18.1. Yüklülük predmetinin satılmasından əldə olunan məbləğ yüklülük sahibi tərəfindən aşağıdakı qaydada bölüşdürülür: 18.1.1. yüklülük predmetinin saxlanması, salamatlığı, yaxşılaşdırılması və onun satılmasına çəkilmiş xərclərin ödənilməsinə; 18.1.2. bu Qanunun 3-cü fəslində müəyyən edilmiş hallarda və qaydada daha üstün hüquqa malik olan tələblərin ödənilməsinə; 18.1.3. yüklülük predmetini satan yüklülük sahibinin tələblərinin ödənilməsinə; 18.1.4. bu Qanunun 3-cü fəslində müəyyən edilmiş hallarda və qaydada daha aşağı hüquqa malik olan tələblərin ödənilməsinə.
59. Maddə 18.2. Yüklülük sahibi yüklülük predmetinin satılmasından 5 (beş) iş günü müddətində yüklülük verəni və borclunu yüklülük predmetinin satışından götürülmüş məbləğin bölüşdürülməsi barədə yazılı formada məlumatlandırmalıdır.
60. Maddə 18.3. Bu Qanunun 18.1-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra yüklülük predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi yüklülük predmetinin satılmasından 10 (on) iş günü müddətində yüklülük verənə qaytarılır.
61. Maddə 18.4. Əgər yüklülük predmetinin satışından götürülən məbləğ yüklülük sahibinin tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda yüklülük sahibinin yüklülüyə əsaslanan üstünlük hüququ yoxdur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
62. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
63. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
64. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
65. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
66. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
67. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
68. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
69. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
70. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanun
71. Maddə 18. Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır.
Apellyasiya baxışının həddi
72. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
73. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
74. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onların rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının yalnız BOKT "xxxx" QSC-nin İddiaçı2 Müşfiq qızına qarşı iddia tələbinin təmin edilməməsi, habelə İddiaçı1 və İddiaçı2 Müşfiq qızının BOKT-a qarşı tələblərinin qismən təmin edilməsi hissələrində yoxlanılması təşkil edir. Çünkü iddialarının qismən təmin olunmasına baxmayaraq qətnamədən Rasim və Pərvin İsgəndərov(a)lar şikayət verməmiş, BOKT isə qətnaməni ancaq göstərilən hissədə mübahisələndirmişdir. Başqa sözlə, qətnamənin Rasim və Pərvin İsgəndərov(a)ların iddia tələblərinin təmin edilməməsi ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir.
75. Həmçinin qeyd olunmalıdır hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
76. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
77. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
78. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
79. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.
80. BOKT, xx.xx.2018-ci il tarixli 006/18-340 nömrəli kredit və girov müqaviləsinə əsasən İddiaçı2 aylıq 4%-lə 16 ay müddətinə 5000 manat kredit verildiyini bildirməklə müvafiq iddia tələbini irəli sürür; İddiaçı2 isə iddiaya etiraz edərək bildirir ki, həmin müqavilə üzrə ona ümumiyyətlə pul vəsaiti verilməmişdir.
81. Belə olan halda, BOKT-un iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 295-ci, 297-ci, 739.1-ci maddələri nəzərdən keçirilə bilər (§ 33, 35, 44). Bununla belə qeyd olunmalıdır ki, həmin iddia tələbi üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal – xx.xx.2018-ci il tarixli 006/18-340 saylı müqavilə üzrə İddiaçı2 kredit məbləğinin verilib-verilməməsi sübutetmənin predmetidir.
82. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir (§ 62-65).
83. BOKT, mübahisəli hala dair sübut kimi İddiaçı2 xx.xx.2018-ci il tarixli ərizəsini, xx.xx.2018-ci il tarixli 006/18-340 nömrəli kredit və girov müqaviləsini, ödəniş cədvəlini, kart hesabından çıxarışı və girov predmetlərinin qiymətləndirmə aktını təqdim etmişdir.
84. Təkrar apellyasiya baxışı zamanı alınmış ekspertiza rəyində göstərilmişdir ki, BOKT-la İddiaçı2 Müşfiq qızı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 006/18/340 saylı kredit (borc) və girov müqaviləsinin şərtlərinə əsasən, bank tərəfindən təqdim edilən sənədlərdə göstərilən məlumatların düzgünlüyü məhkəmə tərəfindən nəzərə alındığı təqdirdə, İddiaçı2 həmin müqavilə üzrə 20 yanvar 2020-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) BOKT-a 3979,87 manat əsas, 1438,06 manat faiz borcunun olduğu müəyyən edilir. Müqavilə müddətinin bitdiyi xx.xx.2020-ci il tarixdən ekspert rəyinin tərtib edildiyi xx.xx.2022-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 526,23 manat təşkil edir. xx.xx.2022-ci il tarixə İddiaçı2 BOKT-a borcu 5944,16 manat müəyyən edilir, o cümlədən: əsas borcu üzrə: 3979,87 manat, faiz borcu üzrə: 1438,06 manat, faiz borcu (5% ilə) 526,23 manat.
85. Bununla yanaşı ekspert öz rəyində həmçinin qeyd etmişdir ki, tədqiqat zamanı bank tərəfindən verilmiş çıxarış sənədləri ilə “xəzinə mədaxil orderi” (ödəniş qəbzləri) məlumatları arasında ziddiyətlər müəyyən olunmuş, plastik kartların iddiaçılara təhvil verilməsinə dair məlumata və plastik kartlardan vəsaitin çıxarılmasına dair məlumatlara rast gəlinməmişdir.
86. İşin hallarından müəyyən olunan odur ki, BOKT "xxxx" QSC ilə İddiaçı2 arasında xx.xx.2018 tarixdə 006/18/316 saylı kredit və girov müqaviləsi bağlanmış, xx.xx.2018-ci il tarixli müqavilə isə məhz İddiaçı2 xx.xx.2018 tarixli müqavilə üzrə öhdəliyini icra edə bilməməsi səbəbilə bağlanaraq həmin kredit öhdəliyi yeni öhdəliyin xx.xx.2018-ci il tarixli 006/18/340 saylı kredit və girov müqaviləsi əsasında yaranan öhdəliyin – hesabına ödənilmiş hesab edilmişdir (restrukturizasiya olunmuşdur).
87. İş materiallarında olan xx.xx.2018-ci il tarixli ərizədən də həmin kreditin verilmə təyinatı aşkar görünür; İddiaçı2 BOKT "xxxx" QSC-yə yeni müqavilənin bağlanması üçün ərizə vermiş, nəticədə əvvəlki kredit müqavilələri üzrə icra edilməyən öhdəliklərinin icrası ilə bağlı olaraq kredit vəsaiti ayrılmış və onun əvvəlki kredit müqaviləsi üzrə öhdəliklərinə xitam verilmişdir. İddiaçı2 tərəfindən imzalanmış həmin ərizədə “Kredit borcu (köhnə borcu) - 4901.24 AZN” ifadəsinin olması da məhz bu xüsusatı təsdiq edir.
88. Kollegiya qeyd edir ki, BOKT tərəfindən yuxarıda qeyd edilən prosedurun, yəni əvvəlki kreditlərin yeni öhdəlik hesabına bağlanması müvafiq qanunvericiliyə uyğun olmuşdur.
89. Belə ki, “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nın təsdiq edilməsi barədə” ləğv edilmiş Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 2018-ci il 16 noyabr tarixli ********** nömrəli Qərarına görə (bənd 2.0.9), restrukturizasiya olunmuş aktiv borcalanın maliyyə çətinliyi yaranması səbəbindən borc öhdəliyinin icrasını təmin etmək məqsədi ilə müqavilə şərtləri dəyişdirilmiş və ya yeni öhdəlik kimi rəsmiləşdirilmiş borc öhdəliyidir (bu Qərar Azərbaycan Respublikasının Mərkəzi Bankının “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatlar yaradılması Qaydaları”nın təsdiq edilməsi barədə xx.xx.2022-ci il tarixli Qərarla ləğv edilmiş, hazırda qüvvədə olan adı çəkilən Qərarda da nəzərdə tutulmuşdur ki, borclunun maliyyə çətinliyi yaranması səbəbindən borc məbləğləri restrukturizasiva olunmaqla borc öhdəliyinin icrasını təmin etmək məqsədi ilə müqavilə şərtləri dəyişdirilir və ya yeni öhdəlik kimi borc öhdəliyi rəsmiləşdirilir).
90. Beləliklə, BOKT-la İddiaçı2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 006/18/340 saylı kredit və girov müqaviləsinə əsasən ona yeni öhdəlik kimi 5000 manat kredit ayrılmış, həmin məbləğin 4901,24 manatı P. İsgəndərovanın xx.xx.2018 tarixli müqavilə üzrə qalıq borcunun ödənilməsinə, qalan hissəsi (98,76 manatı) rəsmiləşdirmə xərclərinə (komissiya, hesab açılması, qiymətləndirmə haqqı, girovun yüklü edilməsi üçün rüsum, nağdlaşdırma komissiyası) yönəldilmişdir. Sözügedən vəsaitin İddiaçı2 məxsus lokal kart (9 5604 nömrəli) hesabına köçürüldüyü kart hesabından çıxarışla da təsdiq olunur və iş materiallarından aydın olur ki, İddiaçı2 post terminal vasitəsilə kartdan həmin vəsaiti özünün əvvəlki 006/18/340 saylı müqavilə üzrə borcunun bağlanmasına yönəltmiş, bununla da 006/18/340 saylı müqavilə (köhnə borc) üzrə borcu tam bağlanmışdır.
91. Həmçinin nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin də vurğuladığı kimi, xx.xx.2018-ci il tarixli müqavilə bağlandıqdan sonra İddiaçı2 dəfələrlə ödənişlər etmişdir – hansı ki, bu hal onun borcunu etiraf etməsini və beləliklə müqavilə üzrə öhdəliklərini qismən yerinə yetirməsinə dəlalət edir. Bu həm də o deməkdir ki, İddiaçı2 müqavilənin özünün iradə ifadəsinə uyğun olduğunu sonrakı hərəkətləri ilə bəyan etmişdir (müqaviləni bəyənmişdir).
92. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, BOKT-un iddia tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin müəyyən olunmuş hallarına uyğun hesab edilə bilməz və həmin tələbin həcmi, eləcə də təkrar apellyasiya baxışı zamanı alınmış ekspertiza rəyində göstərilənlər nəzərə alınmaqla, İddiaçı2 Müşfiq qızından xx.xx.2018-ci il tarixli 006/18/340 saylı kredit (borc) və girov müqaviləsi üzrə 3701 manat əsas, 1438,06 manat faiz borcu BOKT-un xeyrinə tutulmalıdır.
93. BOKT-un dəbbə pulunun tutulması tələbi ilə bağlı kollegiya qeyd edir ki, borcalanın 3701 manat olduğu müəyyənləşdirilən əsas borcuna münasibətdə 3821 manat cərimənin hesablanması mütənasib hesab oluna bilməz və İddiaçı2 tutulmalı dəbbə pulunun məbləğinin 150 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Bu məbləği ədalətli hesab edərkən kollegiya, borcalana həddindən artıq yüksək faizlə verilmiş kreditin xeyli hissəsinin qaytarıldığını nəzərə alır.
94. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməli olan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ekspertiza xərcinin BOKT "xxxx" QSC-dən tutulması hissəsində də ləğv olunmalı, keçirilmiş ekspertiza tədqiqatlarının xərci tərəflər arasında bölüşdürülməli, apellyasiya şikayəti üçün ödənilmiş rüsum BOKT "xxxx" QSC-nə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
95. Kollegiya həmçinin hesab edir ki, BOKT "xxxx" QSC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktı”na əsasən girov qoyulmuş 750 əyarlı, 1 ədəd, xalis çəkisi 45,61 qram olan qarnitur; 585 əyarlı, 4 ədəd, xalis çəkisi 12,26 qram olan qolbaq; 750 əyarlı, 1 ədəd, xalis çəkisi 4,90 qram olan qolbaq; 750 əyarlı, 1 ədəd, xalis çəkisi 5,23 qram olan üzük; 585 əyarlı, 2 ədəd, xalis çəkisi 7 qram olan üzük; 585 əyarlı, 5 ədəd, xalis çəkisi 24,95 qram olan sırğa; 750 əyarlı, 1 ədəd, xalis çəkisi 10,64 qram olan boyunbağı; 750 əyarlı, 2 ədəd, xalis çəkisi 8,95 qram olan üzük; 583 əyarlı, 2 ədəd, xalis çəkisi 10,48 qram olan üzük; 583 əyarlı, 1 ədəd, xalis çəkisi 4,32 qram olan sırğa açıq hərracdan satılmalı, qızıl-zinət əşyalarının satılmasından əldə edilən vəsaitdən xx.xx.2018-ci il tarixli 006/18/340 saylı kredit (borc) və girov müqaviləsi üzrə 3701 manat əsas, 1438,06 manat faiz, 150 manat cərimə borcu və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu BOKT "xxxx" QSC-nə ödənilməli, artıq qalan vəsait İddiaçı2 qaytarılmalıdır.
96. Kollegiya həmin qızıl-zinyət əşyalarının ilkin satış qiymətlərinin müəyyənləşdirilməsini zəruri hesab etmir; belə ki, tərəflər arasında bağlanmış xx.xx.2018ci il tarixli 006/18/340 saylı kredit (borc) və girov müqaviləsinin 2.10-cu bəndində onlar, “girovun predmetinin satış gününə olan bazar qiymətilə yenidən qiymətləndirilib həmin qiymətlə satılacağı” barədə razılığa gəlmişlər və Mülki Məcəllənin girovun satışı ilə bağlı müəyyənləşdirdiyi qaydaların (§ 49, 54, 56, 57) mənasına görə də, qətnamə ilə ilkin satış qiymətinin müəyyənləşdirilməsi girov qoyanın hüquqlarını məhdudlaşdırılması ilə nəticələnə bilər.
97. Kollegiya Rasim və Pərvin İsgəndərov(a)ların BOKT-a qarşı tələbləri üzrə gəlinən “BOKT "xxxx" QSC-dən 739,48 manat məbləğində pulun İddiaçı1 xeyrinə ödənilməsi” nəticəsi ilə razılaşır və bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət görmür. Təkrar apellyasiya baxışı zamanı alınmış ekspertiza rəyi ilə də, borcalanların BOKT-a 739,48 manat məbləğində artıq ödənişlərinin olduğu müəyyən edilmişdir.
98. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
BOKT "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-182/2020 saylı iş üzrə 17 sentyabr 2020-ci il tarixli qətnaməsi “BOKT "xxxx" QSC-nin İddiaçı2 Müşfiq qızına qarşı iddia tələbinin təmin edilməməsi, BOKT "xxxx" QSC ilə İddiaçı2 Müşfiq qızı arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit və girov müqaviləsinə xitam verilməsi, girov qoyulmuş AC20863040 saylı xx.xx.2018-ci il tarixli zərgər aktında göstərilən 1 ədəd qarniturun, 5 ədəd qolbağın, 7 ədəd üzüyün, 6 cüt sırğanın, 1 ədəd boyunbağının İddiaçı2 Müşfiq qızına qaytarılması, mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 145 manatın BOKT "xxxx" QSC-dən tutulması” hissələrində ləğv edilsin. İddiaçı1 və İddiaçı2 Müşfiq qızının Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-yə qarşı “BOKT "xxxx" QSC ilə İddiaçı2 Müşfiq qızı arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit və girov müqaviləsinə xitam verilməsi, girov qoyulmuş AC20863040 saylı xx.xx.2018-ci il tarixli zərgər aktında göstərilən 1 ədəd qarniturun, 5 ədəd qolbağın, 7 ədəd üzüyün, 6 cüt sırğanın, 1 ədəd boyunbağının İddiaçı2 Müşfiq qızına qaytarılması” tələbləri təmin olunmasın. “BOKT "xxxx" QSC-nin İddiaçı2 Müşfiq qızına qarşı iddia tələbi qismən təmin olunsun. İddiaçı2 “BOKT "xxxx" QSC-nin xeyrinə xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 3701 (üç min yeddi yüz bir) manat əsas, 1438,06 (min dörd yüz otuz səkkiz manat 6 qəpik) manat faiz, 150 (yüz əlli) manat dəbbə pulu olmaqla cəmi 5289,06 (beş min iki yüz səksən doqquz manat 6 qəpik) manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutulsun, tutma BOKT "xxxx" QSC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktı”na əsasən girov qoyulmuş 750 əyarlı, 1 ədəd, xalis çəkisi 45,61 qram olan qarnitura; 585 əyarlı, 4 ədəd, xalis çəkisi 12,26 qram olan qolbağa; 750 əyarlı, 1 ədəd, xalis çəkisi 4,90 qram olan qolbağa; 750 əyarlı, 1 ədəd, xalis çəkisi 5,23 qram olan üzüyə; 585 əyarlı, 2 ədəd, xalis çəkisi 7 qram olan üzüyə; 585 əyarlı, 5 ədəd, xalis çəkisi 24,95 qram olan sırğaya; 750 əyarlı, 1 ədəd, xalis çəkisi 10,64 qram olan boyunbağıya; 750 əyarlı, 2 ədəd, xalis çəkisi 8,95 qram olan üzüyə; 583 əyarlı, 2 ədəd, xalis çəkisi 10,48 qram olan üzüyə; 583 əyarlı, 1 ədəd, xalis çəkisi 4,32 qram olan sırğaya yönəldilsin. Həmin qızıl-zinyət əşyaları açıq hərracdan satılsın, onların satılmasından əldə edilən vəsaitdən xx.xx.2018-ci il tarixli 006/18/340 saylı kredit (borc) və girov müqaviləsi üzrə 3701 (üç min yeddi yüz bir) manat əsas, 1438,06 (min dörd yüz otuz səkkiz manat 6 qəpik) manat faiz, 150 (yüz əlli) manat dəbbə pulu olmaqla cəmi 5289,06 (beş min iki yüz səksən doqquz manat 6 qəpik) manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi BOKT "xxxx" QSC-nə ödənilsin, artıq qalan vəsait İddiaçı2 qaytarılsın. BOKT "xxxx" QSC-nin iddia tələbi qalan hissədə təmin olunmasın. Ekspertiza tədqiqatlarının dəyəri olan 295 (iki yüz doxsan beş) manatın 200 (iki yüz) manatı Pərvin İsgəndərovdan və İddiaçı1 müştərək qaydada, 95 (doxsan beş) manatı BOKT "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/h- AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülsün. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov