Məhkəmə qərarları › İş №2(105)-48/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-48/2022

15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-48/2022 15.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı Ləğv prosesində olan “TexnikaBank“ ASC-nin nümayəndəsi X1, Cavabdeh, onun vəkili X2 iştirakı ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh, və Zamin2-yə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-1593/2019 saylı, 24 sentyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 2(027)-1593/2019 saylı, 24 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2-yə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddiası iddia müddəti keçdiyinə görə təmin edilməmiş, ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin özünə aid edilməsi qət edilmişdir (hakim Rahim Həsənov). Qətnamədən narazı qalan İddiaçı ASC apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 2(027)-1593/2019 saylı, 24 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada ödənilməmiş 60.000 ABŞ dolları əsas, 7046,27 ABŞ dolları faiz, 14.600 ABŞ dolları cərimə və müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz üzrə 9063,04 ABŞ dolları borc olmaqla, 90.709,31 ABŞ dolları məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın girov predmetinə yönəldilməsi, həmin malların açıq hərracda satılması və satışdan əldə olunmuş vəsait hesabına qeyd olunan pulun ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında iddiasını nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edərək bildirdi ki, məhkəmə qətnamədə göstərir ki, “Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 02 dekabr 2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış və müqavilənin müddəti 6 ay müəyyən edilmişdir. Bununla da kredit müqaviləsi üzrə öhdəliklərin icrasına 02 dekabr 2015-ci il tarixdən, iddia müddətinin axımına isə 6 ay bitdikdən sonra başlanmışdır. Belə olan halda iddiaçı məhkəməyə 07.06.2019-cu ildə 3 illik iddia müddətini ötürməklə müraciət etmişdir...» Belə ki, İddiaçı ASC ilə borclu “X13. Azerbaijan" MMC arasında 02.12.2015-ci il tarixində 6 ay (02.12.2015 - 02.06.2016) müddətinə kredit müqaviləsi bağlanmışdır. Beləliklə məhkəmənin də yuxarıda qeyd etdiyi kimi iddia müddətinin axımı 02.06.2016-cı il tarixində başlanmış və 02.06.2019-cu il tarixində (yəni üç il) bitmişdir. Məhz bu aralıqda, yəni 31 may 2019-cu il tarixində ləğv prosesində olan İddiaçı ASC tərəfindən **********400 saylı, 30 may 2019-cu il tarixli iddia ərizəsi və ona əlavə olunmuş kredit sənədləri Quba Rayon Məhkəməsinə göndərilmişdir. Bundan əlavədən "xxxx" MMC-yə məxsus, 189078 saylı göndəriş qəbzindən görünür ki, (surəti əlavə olunur) sözügedən məktub kuryer xidməti tərəfindən 31.05.2019-cu il tarixində təhvil alınmışdır. Öz növbəsində poçt xidməti iddia ərizəsini 04.06.2019-cu il tarixində Quba Rayon Məhkəməsinə çatdırmış və “Məmmədova” soyadlı məsul şəxs qəbzi imzalamaqla iddia ərizəsini qəbul etmişdir. Bu səbəbdən hesab edir ki, qeyd edilən mülki iş üzrə iddianın göndərilməsi vaxtı kimi qətnamədə qeyd olunan tarix (07.06.2019) yox, məhz 31.05.2019-cu il tarixi əsas götürülməlidir. İddianın verilməsi üçün son tarix həmin iddianın müvafiq məhkəməyə çatması günü deyil, iddianın rabitə orqanlarına təhvil verildiyi tarix kimi nəzərə alınır. Məhkəmə 24.09.2019-cu il tarixli qətnaməsində də qeyd edir ki, iddiaçı məhkəməyə 07.06.2019-cü ildə 3 illik iddia müddətini ötürməklə müraciət etmişdir. Nəzərə alınsa ki, prosessual müddət 02 iyun 2019-cu il tarixində bitir. Bank isə iddianı 2 gün əvvəl 31 may 2019-cu il tarixində rabitə orqanına təqdim etmişdir. Eyni zamanda cavabdeh tərəfindən 5.300 manat məbləğində sonuncu kredit ödənişi 18.01.2017-ci il tarixli, FJB**********558 nömrəli ödəniş qəbzində göstərildiyi kimi (surəti əlavə olunur) 18.01.2017-ci il tarixində edilmişdir. Bank tərəfindən isə məhkəməyə 31.05.2019-cu il tarixində müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Bu nəzərə alınsa bank məhkəməyə 18 01.2017-ci il (sön ödəniş tarixi) - 18.01.2020-ci il (iddia müddətinin bitdiyi tarix) aralığında, yəni yuxarıda göstərildiyi kimi 31.05.2019-cı tarixində müraciət etmişdir və nəticədə iddia müddəti buraxılmamışdır. Həmçinin hesab edir ki, qətnamə bu hissədə kifayət qədər əsaslandırılmayıb. Cavabdeh «X13. Azerbaijan» MMC arasında girov müqaviləsi bağlanmış və müqaviləyə Əlavə 1-də qeyd olunan mallar sözügedən cəmiyyət tərəfindən girov qoyulmuşdur. Daha sonra “X13.Azerbaijan" MMC ilə Cavabdeh arasında 30.12.2015-ci il tarixli Öhdəçilik müqaviləsi bağlanmışdır. Həmin müqaviləni şərtlərinə əsasən “X13.Azerbaijan’’ MMC-nin İddiaçı ASC qarşısında olan bütün kredit müqavilələri üzrə öhdəlikləri Cavabdeh ötürülmüş və həmin müqavilənin şərtləri İddiaçı ASC tərəfindən də təsdiq edilmişdir. Göründüyü kim Zamin2 tərəfindən yalnız kredit müqaviləsi üzrə borclu qismində ona məxsus öhdəliklər ötürülmüş və 02.12.2015-ci il tarixli, 1998/15 nömrəli Girov müqaviləsinin şərtləri olduğu kimi qüvvədə qalmışdır. Bütün bunlara görə də bank öhdəliklərin təminatı qismində “X13 Azerbaijan MMC”-ni cavabdeh kimi qoymuşdur. Bununla belə bank iddia tələbi üzrə yaranmış borcu Cavabdeh istəyir. Belə olan halda mülki iş üzrə “X13 Azerbaijan“ MMC subyektiv hüququ yaranmadığı üçün iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edə bilməzdi. Məhkəmə isə öz növbəsində təqdim edilmiş ərizəni təmin etməklə pozuntuya yol vermişdir. Bundan əlavə iddia tələbində cavabdehlərdən borc ABŞ dolları ilə tələb edilmiş, lakin ekspert rəyində borc Azərbaycan manatı ilə göstərilib, bu halın aydınlaşdırılmasını xahiş edir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Quba Rayon Məhkəməsinin 2(027)-1593/2019 saylı, 24 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edərkən iddiaçının nümayəndəsi X7 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Quba Rayon Məhkəməsinin 2(027)-1593/2019 saylı, 24 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh «X13.Azerbaijan“ MMC-nin nümayəndəsi X5 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 2(027)-1593/2019 saylı, 24 sentyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 2(027)-1593/2019 saylı, 24 sentyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclsında Cavabdeh vəkili X6 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, qanunvericiliyin tələbinə görə öhdəlik götürülərkən onun müxtəlif təminat formaları mövcuddur ki, bu formaların arasında Mülki Məcəllə “Öhdəlik müqaviləsi” deyə bir müqavilə müəyyən etmir. Cavabdeh zamin deyil. Onun niyə müştərək qaydada məsuliyyət daşımalı olması aydın deyil. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 2(027)-1593/2019 saylı, 24 sentyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. PROSESSUAL MƏSƏLƏLƏR: İş üzrə cavabdeh Zamin1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq gəlməmişdir, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən mübahisəyə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apelyasiya şikayətində qətnamənin ləğv edilməsinə yönəldiyindən kollegiya qətnaməni bütün hissədə yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proess iştirakçılarının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Zamin2 ilə İddiaçı ASC arasında bağlanmış 02 dekabr 2015-ci il tarixli, 1998/15 nömrəli təminatlı kredit müqaviləsinə əsasən İddiaçı ASC Zamin2-yə 06 ay müddətinə 12%-lə 70.000 ABŞ dolları məbləğində kredit xətti üzrə pul ayırmışdır. İş materiallarında olan Zamin2 ilə Cavabdeh arasında bağlanmış 30.12.2015-ci il tarixli öhdəçilik müqaviləsinə əsasən Cavabdeh Zamin2 ilə İddiaçı ASC arasında bağlanmış bütün kredit müqavilələri üzrə öhdəlikləri həyata keçirəcəkdir. Müqaviləni İddiaçı ASC təsdiq etmişdir. Müəyyən olunmuşdur ki, Zamin2 ilə İddiaçı ASC arasında 02 dekabr 2015-ci il tarixli, 1998/15 nömrəli təminatlı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı ASC Zamin2-yə 06 ay müddətinə 12%-lə 70.000 ABŞ dolları məbləğində kredit xətti üzrə pul ayırmışdır. Zamin1 zaminlik müqaviləsinə əsasən Zamin2-yə bank qarşısında zamin dayanması qeyd olunsa da həmin müqavilə məhkəməyə təqdim edilməmişdir. Həmçinin girov müqaviləsi də iş materiallarına əlavə edilməmişdir. Bundan sonra Zamin2 ilə Cavabdeh arasında 30.12.2015-ci il tarixdə öhdəçilik müqaviləsi bağlanmış, Cavabdeh Zamin2 ilə İddiaçı ASC arasında bağlanmış bütün kredit müqavilələri üzrə öhdəlikləri öz üzərinə götürmüşdür. Yəni Cavabdeh üzərinə götürdüyü öhdəlik bankla Zamin2 arasında olan əsas öhdəlikdən yaranmışdır. İddiaçı ASC həmin müqaviləni təsdiq etmişdir. İddiaçı hazırda cavabdehlərin ASC-yə 60.000 ABŞ dolları əsas, 7046,27 ABŞ dolları faiz, 14.600 ABŞ dolları cərimə və müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz üzrə 9063,04 ABŞ dolları borc olmaqla, 90.709,31 ABŞ dolları məbləğində kredit borcu olduğunu iddia edir. “X13.Azerbaijan“ MMC iddia müddəti ilə əlaqədar iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə müəyyən etmişdir ki, 02 dekabr 2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış və müqavilənin müddəti 6 ay müəyyən edilmişdir. Bununla da kredit müqaviləsi üzrə öhdəliklərin icrasına 02 dekabr 2015-ci il tarixdən, iddia müddətinin axımına isə 6 ay bitdikdən sonra başlanmışdır. Belə olan halda iddiaçı məhkəməyə 07.06.2019-cu ildə 3 illik iddia müddətini ötürməklə müraciət etmişdir. Bununla əlaqədar cavabdeh Zamin2 məhkəməyə qanunla müəyyən edilmiş qaydada ərizə təqdim etmiş və məhkəmə də həmin ərizəyə əsasən hesab etmişdir ki, mülki iş üzrə iddia müddəti tətbiq edilməlidir. Həmçinin Zamin2 ilə Cavabdeh arasında bağlanmış 30.12.2015-ci il tarixli öhdəçilik müqaviləsi də 02 dekabr 2015-ci il tarixli kredit müqaviləsinin tərkib hissəsidir, yəni əsas öhdəliyin təmini üçün tərəflər arasında razılaşdırılmış müqavilədə nəzərdə tutulan icra üsuludur və kredit müqaviləsi ilə eyni müddətdə qüvvədədir. Əsas öhdəliklə bağlı iddia müddəti keçdiyi üçün əlavə tələb üzrə də iddia müddəti keçmişdir. Qeyd edilənlərə əsasən və Azərbayan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.2, 374.1, 375.2, 376, 377.1, 427.5, 460.1-ci maddələriə istinad etməklə məhkəmə iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşmaq olmaz. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona istinad etmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Belə ki, məhkəməyə müraciət etmək üçün müddət 02.06.2019-cu il tarixdə bitdiyi halda iddiaçı məhkəməyə 07.06.2019-cu il tarixdə müraciət etmişdir. Lakin iş materiallarından görünür ki, 31 may 2019-cu il tarixində ləğv prosesində olan İddiaçı ASC tərəfindən **********400 saylı, 30 may 2019-cu il tarixli iddia ərizəsi və ona əlavə olunmuş kredit sənədləri Quba Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, "xxxx" MMC-yə məxsus, 189078 saylı göndəriş qəbzindən görünür ki, sözügedən məktub kuryer xidməti tərəfindən 31.05.2019-cu il tarixində təhvil alınmışdır, poçt xidməti iddia ərizəsini 04.06.2019-cu il tarixində Quba Rayon Məhkəməsinə çatdırmış və “Məmmədova” soyadlı məsul şəxs qəbzi imzalamaqla iddia ərizəsini qəbul etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 371.2-ci maddəsinə əsasən müddətin sonuncu günündə saat iyirmi dördədək rabitə təşkilatına təhvil verilmiş yazılı ərizələr və bildirişlər vaxtında verilmiş sayılır. Bununla da birinci instansiya məhkəməsinin iddia müddətinin keçməsi barədə gəldiyi nəticədə haqlı olmamışdır. İş materiallarında olan Zamin2 ilə İddiaçı ASC arasında bağlanmış 02 dekabr 2015-ci il tarixli, 1998/15 nömrəli təminatlı kredit müqaviləsinə əsasən İddiaçı ASC Zamin2-yə 06 ay müddətinə 12%-lə 70.000 ABŞ dolları məbləğində kredit xətti üzrə pul ayırmışdır. Məhkəmə kollegiyasına təqdim olunmuş 1998/15 saylı, 02 dekabr 2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Zamin1 Bank qarşısında borclu ilə birlikdə əsas öhdəliyin qaytarılması üçün birgə məsuliyyət daşıyır. Bundan başqa "xxxx" ASC (girov saxlayan) və “X9” MMC arasında bağlanmış 1998/15 saylı, 02 dekabr 2015-ci il tarixli girov müqaviləsindən görünür ki, müqaviləni ayrılmaz və tərkib hissəsi hesab edilən Əlavə №1-də qeyd edilən əmlaklar Girov qoyan tərəfindən Girov saxlayan qarşısında əsas öhdəliyin təminatı məqsədilə girov qoyulur. Girov predmeti tərəflər arasında razılaşmaya əsasə 5.320.893,16 manat məbləğində qiymətləndirilir. Girov predmeti Girov qoyanın sahibliyi və istifdəsindədir. 02 dekabr 2015-ci il tarixli, 1998/15 saylı Girov müqaviləsinə Ədavə 1-də görünür ki, girov predmeti Abşeron rayonu, Atyalı ərazisində yerləşən, 5.320.893,16 manat məbləğində olan, 47 adda balıq məhsullarından ibarətdir. İş materiallarında olan Zamin2 ilə Cavabdeh arasında bağlanmış 30.12.2015-ci il tarixli öhdəçilik müqaviləsinə əsasən Cavabdeh Zamin2 ilə İddiaçı ASC arasında bağlanmış bütün kredit müqavilələri, o cümlədən hazırkı iş üzrə 02 dekabr 2015-ci il tarixli, 1998/15 nömrəli təminatlı kredit müqaviləsi üzrə öhdəlikləri həyata keçirəcəkdir. Müqaviləni İddiaçı ASC təsdiq etmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, 24 may 2019-cu il tarixə müqavilə üzrə əsas borc 60.000 ABŞ dolları, faiz borcu 7046,27 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirməyə görə hesablanmış cərimə 14.600 ABŞ dolları, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz üzrə 9.063,04 ABŞ dolları, cəmi 90.709,31 ABŞ dolları borc hesablamışdır. Beləliklə iddiaçı bankdan Zamin2 tərəfindən 70.000 ABŞ dolları kreditin götürülməsi işin mübahisəsiz halıdır. İş materiallarında olan Zamin2 ilə Cavabdeh arasında bağlanmış 30.12.2015-ci il tarixli öhdəçilik müqaviləsinə əsasən Cavabdeh Zamin2 ilə İddiaçı ASC arasında bağlanmış bütün kredit müqavilələri, o cümlədən hazırkı iş üzrə 02 dekabr 2015-ci il tarixli, 1998/15 nömrəli təminatlı kredit müqaviləsi üzrə öhdəlikləri həyata keçirəcəkdir. Müqaviləni İddiaçı ASC təsdiq etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən müqavilə qüvvədə olduğundan və Cavabdeh borcun ödənilməsinə dair öhdəçiliyi öz üzərinə götürdüyündən həmin borc da ondan tutulmalıdır. Müəyyən edilmişdir ki, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, yəni cavabdehə kredit vermişdir, lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş, banka olan borcunu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası qeyd edilən qanunvericilik normalarına istinadən hesab edir ki, iddiaçı təşkilat Cavabdeh yaranmış borcu tələb etməkdə haqlıdır. İş materiallarına əlavə edilmiş 05 mart 2021-ci il tarixli, 9/4991 saylı ekspert rəyindən görünür ki, tərəflər arasında bağlanmış müqavilə üzrə banka olan borc 02.06.2016-cı il tarixə (müqavilənin bitmə tarixi) əsas borc üzrə 60.000 manat, faiz borcu üzrə 7046,27 manat, 24.05.2019-cu il tarixə faiz borcu üzrə (illik 5%-lə) 9063,04 manat təşkil edir. Məhkəmə kollegiyası ekspertizanın rəyində borcun manatla hesablanmasını texniki səhv kimi qiymətləndirir. Belə ki, iş materiallarından görünür ki, borc ABŞ dolları ilə götürülmüşdür. Bundan başqa təkrar təyin edilmiş ekspertiza rəylərində kreditin manatla deyil, ABŞ dolları ilə götürülməsi öz əksini tapmışdır. Bundan başqa iş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehdən 14.600 ABŞ dolları cəriməni tutulması tələb olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh öhdəliyi lazımınca icra etmədiyi üçün iddiaçının dəbbə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə də məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İş materiallarından görünür ki, iddiaçı təşkilat cavabdeh əsas borca görə 14.600 ABŞ dolları cərimə borcu tələb etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Bu səbəbdən dəbbənin məbləği tənasübsüz surətdə yüksək ola bilməz. Bu baxımdan, məhkəmə kollegiyası borcun məbləğinə mütənasiblik prinsipini rəhbər tutaraq cavabdehin həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısını almaq məqsədi ilə hesab edir ki, gecikdirməyə görə 14.600 ABŞ dolları məbləğində tələb qismən təmin edilməli, Cavabdeh iddiaçı bankın xeyrinə 600 ABŞ dolları dəbbə pulu tutulmalıdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia tələbi müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz üzrə 9.063,04 ABŞ dollarının tutulmasına dair hissədə də əsaslı oluğu üçün təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24.12.2014-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi Zamin1 Nurəddin oğluna münasibətdə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 1998/15 saylı, 02 dekabr 2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Zamin1 Bank qarşısında borclu ilə birlikdə əsas öhdəliyin qaytarılması üçün birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Apellyasiya şikayətindən müəyyən olunur ki, iddiaçı borcun Cavabdeh tutulmasını tələb edir. Bundan başqa qeyd olunan zaminlik müqaviləsinin 13.3-cü maddəsinin “d“ bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə, zamin yeni borcalanın əvəzinə cavabdeh olacağı barədə kreditora razılıq vermədikdə bu müqavilə xitam olunur. İş materiallarında olan öhdəçilik müqaviləsindən görünür ki, Cavabdeh kredit borcunu ödəməyi öhdəsinə götürmüş, lakin C.N.Quliyev bu halda borcun ödənilməsinə zamin durmamışdır. Bundan başqa iş materiallarında görünür ki, iddiaçı iddia tələbində tutmanın girov predmetinə yönəldilməsi, həmin malların açıq hərracdan satılması və satışdan əlavə olunmuş vəsait hesabına ödənilməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kolegiyası hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməli, tutma girov predmetinə yönəldilməli, həmin mallar açıq hərracdan satılmalı və satışdan əlavə olunmuş vəsait hesabına ödəilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 280.1-ci maddəsinə əsasən girov müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 280.2-ci maddəsinə əsasən girov müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), girovun predmeti, girola təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti göstərilməlidir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov salayaı (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün "X.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “...məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinin tələbinə əsasən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.1.1, 385.1.2 və 385.1.3-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, işüçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, Cavabdeh 60.000 (altmış min) ABŞ dolları əsas borc, 7.046,27 (yeddi min qırx altı dollar, iyirmi yeddi sent) ABŞ dolları faiz borcu, 600 (altı yüz) ABŞ dolları cərimə borcu, 9.063,04 (doqquz min altmış üç dollar, dörd sent) ABŞ dolları müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz üzrə borc, Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla cəmi 76.709,31 (yetmiş altı min yeddi yüz doqquz dollar, otuz bir sent) ABŞ dolları məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməli, tutma girov predmetinə yönəldilməli, həmin mallar açıq hərracdan satılmalı, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya ödənilməli, ekspertiza xərcləri tərəflərdən müştərək qaydada tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin olunsun. Quba Rayon Məhkəməsinin 2(027)-1593/2019 saylı, 24 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2-yə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 60.000 (altmış min) ABŞ dolları əsas borc, 7.046,27 (yeddi min qırx altı dollar, iyirmi yeddi sent) ABŞ dolları faiz borcu, 600 (altı yüz) ABŞ dolları cərimə borcu, 9.063,04 (doqquz min altmış üç dollar, dörd sent) ABŞ dolları müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz üzrə borc, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla cəmi 76.709,31 (yetmiş altı min yeddi yüz doqquz dollar, otuz bir sent) ABŞ dolları məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nə ödənilsin. Tutma 02 dekabr 2015-ci il tarixli, 1998/15 saylı Girov müqaviləsinə Əlavə 1-də qeyd olunan, Abşeron rayonu, Atyalı ərazisində yerləşən, 5.320.893,16 manat məbləğində olan 47 adda balıq məhsullarından ibarət girov predmetinə yönəldilsin, həmin mallar açıq hərracdan satılsın, satışdan əldə olunmuş vəsait hesabına borc iddiaçıya ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olaraq 220 (100+20+100) (iki yüz iyirmi) manatın 100 (yüz) manatı iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-dən, 120 (yüz iyirmi) manatı Cavabdeh alınaraq aşağıdakı: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba keçirilsin Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar