Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-614/2022 15.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil1 İman qızının, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin və onun üzərindəki tikilinin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı torpaq sahəsinin və onun üzərindəki tikilinin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun qanuni istifadəsində olan Abşeron rayon Donuzkökəltmə Sovxozunun ərazisində yerləşən 0,04 ha torpaq sahəsindən və onun üzərindəki tikilidən Cavabdeh1 və onun ailə üzvlərinin çıxarılması, həmin torpaq sahəsinin və üzərindəki tikilinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 cavabdeh qismində cəlb olunmasını, iddia tələblərinin qalan hissələrdə saxlanılmaq şərtilə Cavabdeh2 və onun ailə üzvlərinin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin və onun üzərindəki tikilinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, müharibə veteranı kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Cari ilin fevral ayında o, X5 mübahisələndirilən torpaq sahəsini əldə etmiş və üzərində fərdi yaşayış üçün evi inşa etdirməyə başlamışdır. Abşeron rayon Donuzkökəltmə Sovxozu üzrə 12.07.1990-cı il tarixli, 135 nömrəli əmrdən çıxarışda X8 fərdi ev tikmək üçün 0,04 ha həyətyanı torpaq sahəsinin ayrılması göstərilmişdir. Buna görə də 13.02.2021-ci il tarixdə X11 tərəfindən ona baş etibarnamə verilmiş, eyni zamanda, həmin tarixli notarial qaydada verilmiş ərizə ilə Abşeron rayon Donuzkökəltmə Sovxozu ərazisində yerləşən X6 istifadəsində olan 0,04 ha torpaq sahəsindən istifadə edilmək məqsədi ilə ona verilmişdir. X2 həmin torpaq sahəsinə və gələcəkdə tikiləcək tikiliyə dair heç bir iddia və tələbinin olmayacağını, adından müxtəlif orqanlarda onu təmsil etmək məqsədi ilə verdiyi baş etibarnaməni onu xəbərdar etmədən ləğv etməyəcəyini öhdəsinə götürmüş, eyni zamanda, həmin etibarnamə ilə yalnız ona verdiyi bu torpaq sahəsini özəlləşdirib öz adına keçirə bilməsi, başqa bir əmlaka iddia və tələbinin olmayacağını bildirmişdir. Belə ki, o, həmin torpaq sahəsini əldə etdikdən sonra orada ev tikdirməyə başlamış, tikinti işləri ilə mütəmadi olaraq maraqlanmış, bu ərəfədə evin açarları ustalarda olmuşdur. Bu ilin avqust ayının 15-də növbəti dəfə tikintiyə baş çəkmiş, tikinti işləri ilə maraqlanmış və yenə bu məqsədlə həmin ayın 25-də tikintiyə baş çəkərkən torpaq sahəsinin və tikintinin zəbt olunduğunu görmüşdür. Belə ki, yenidən baş çəkdikdə evin içində başqa şəxslərin, yəni cavabdehlərin ailə üzvləri ilə birgə yaşadığını görmüş, həmin adamlar evi pul verərək aldıqlarını bildirmişlər. Cavabdehlərə evin və torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə dəfələrlə şifahi qaydada bildirsə də, hər hansı nəticə verməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Belə ki, onunla cavabdehlər arasında mübahisə predmeti olan torpaq sahəsi “gözlənilən mülkiyyət hüququ” ilə ona məxsus olan torpaq sahəsidir. Həmin torpaq sahəsinin cavabdehlərin mülkiyyətində olmasını təsdiq edən hər hansı bir təsdiqedici sübut mövcud deyildir. Həmin torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilərək konkret halda ona öz əmlakından istifadə hüququnu həyata keçirməyə maneə yaratdığından o, hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, o, qanuni əsaslarla mübahisələndirilən torpaq sahəsini əldə etmiş, ona faktiki sahibliyi həyata keçirmiş, üzərində tikili inşa etdirmiş, lakin cavabdehlər və onların ailə üzvləri tərəfindən torpaq sahəsi və tikili qanunsuz olaraq zəbt edilmişdir. Belə ki, o, aldığı torpaq sahəsində inşa etdirdiyi həmin evdə Cavabdeh2 da yaşadığını görmüşdür. Halbuki, həmin ev onun tərəfindən inşa edilmiş və xərcləri də məhz onun tərəfindən qarşılanmışdır. Torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi ilə bağlı o, aidiyyəti quruma müraciət etmiş, lakin cavab verilməmişdir. Ev onun xəbəri olmadan satılmışdır. Belə ki, həmin müddətdə o, Covid-19 virusuna yoluxmuşdur. Cavabdehlər də həmin torpaq sahəsini əldə etmişlər. Bununla da onun torpaq sahəsi üzərində hüquqları pozulmuşdur. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil1 İman qızı iddia ərizəsini müdafiə edərək iddiaçının izahatı ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil2 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı çıxarılmasını tələb etdiyi torpaq sahəsi və fərdi yaşayış evi ilə bağlı o, bildirir ki, sözügedən fərdi yaşayış evi Cavabdeh2 tərəfindən alınmışdır. İddiaçının mübahisələndirdiyi torpaq sahəsi Abşeron rayon Donuzkökəltmə Sovxozunun ərazisində yerləşən 0,04 ha torpaq sahəsi olduğu halda, Cavabdeh2 aldığı torpaq sahəsinin ölçüsü isə 0.05 ha təşkil edir. Tikinti işləri Səməndər adlı şəxs tərəfindən həyata keçirilmiş, cavabdehin aldığı 0.05 ha torpaq sahəsi isə X9 məxsusdur. Belə ki, Abşeron rayon Donuzkökəltmə Sovxozu üzrə 16.10.1990-cı il tarixli 1346 saylı əmrdən çıxarışa əsasən, Azərbaycan Sovet Sosialist Respublikası Nazirlər Sovetinin 28.10.1989-cu il tarixli 521 saylı qərarına və bu qərar əsasında sovxoz həmkarlar komitəsi ilə əmək kollektivi şurasının birgə ümumi iclasında qəbul edilmiş 10.07.1990-cı il tarixli 23 saylı qərarın tələbinə uyğun olaraq X9 fərdi evin tikilməsi üçün 0.05 ha həyətyanı torpaq sahəsinin ayrılması qərara alınmışdır. X12 da öz növbəsində, həmin torpaq sahəsindən istifadə etməyə dair Cavabdeh2 səlahiyyət vermişdir. Cavabdeh2 Cavabdeh1 həyat yoldaşıdır. Göründüyü kimi, mübahisəli torpaq sahələrinin faktiki ölçüsü arasında da ziddiyyət vardır. Eyni zamanda qeyd edir ki, iddiaçı iddia etdiyi torpaq sahəsi və evin onun adına olması barədə hər hansı hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etməmişdir, lalnız başqa şəxsin adına olan çıxarış və ona verilən etibarnamə ilə kifayətlənmişdir ki, bu isə əmlaka dair ona hər hansı hüquq yaratmır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 13-cü maddəsinin İİ bəndinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayon Donuzkökəltmə Sovxozu üzrə 12.07.1990-cı il tarixli 135 saylı əmrdən çıxarışdan görünür ki, Azərbaycan Sovet Sosialist Respublikası Nazirlər Sovetinin 28.10.1989-cu il tarixli 521 saylı qərarına və bu qərar əsasında sovxoz həmkarlar komitəsi ilə əmək kollektivi şurasının birgə ümumi iclasında qəbul edilmiş 10.07.1990-cı il tarixli 23 saylı qərarın tələbinə uyğun olaraq X8 fərdi evin tikilməsi üçün 0.04 ha həyətyanı torpaq sahəsinin ayrılması qərara alınmışdır. -X6 notarial qaydada təsdiq olunmuş 13.02.2021-ci il tarixli ərizəsindən görünür ki, o, Abşeron rayon Donuzkökəltmə sovxozu ərazisində yerləşən istifadəsində olan 0.04 ha torpaq sahəsindən müvafiq qanunvericiliyə uyğun olaraq təyinatı üzrə istifadə edilməsi məqsədi ilə İddiaçı istifadəsinə vermişdir. Həmin torpaq sahəsinə və gələcəkdə tikiləcək tikiliyə dair heç bir iddia və tələbi olmayacaq, adından müxtəlif orqanlarda onu təmsil etmək məqsədi ilə verdiyi baş etibarnaməni İddiaçı xəbərdar etmədən ləğv etməyəcəyini öhdəsinə götürmüş, eyni zamanda da İddiaçı həmin etibarnamə ilə yalnız ona verdiyi bu torpaq sahəsini özəlləşdirib öz adına keçirə bilər, başqa bir əmlaka iddia və tələbi olmayacaqdır. Hər hansı bir mübahisə yaranarsa şəxsən özü cavabdehlik daşıyacaqdır. -Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontorunda təsdiq olunmuş 13.02.2021-ci il tarixli AZ-İİ № 238900 saylı etibarnamədən görünür ki, X11 həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi İddiaçı 70 il müddətinə olmaqla 13.02.2091-ci il tarixədək etibar etmişdir. -Abşeron rayon Donuzkökəltmə Sovxozu üzrə 16.10.1990-cı il tarixli 1346 saylı əmrdən çıxarışdan görünür ki, Azərbaycan Sovet Sosialist Respublikası Nazirlər Sovetinin 28.10.1989-cu il tarixli 521 saylı qərarına və bu qərar əsasında sovxoz həmkarlar komitəsi ilə əmək kollektivi şurasının birgə ümumi iclasında qəbul edilmiş 10.07.1990-cı il tarixli 23 saylı qərarın tələbinə uyğun olaraq X9 fərdi evin tikilməsi üçün 0.05 ha həyətyanı torpaq sahəsinin ayrılması qərara alınmışdır. -X7 notarial qaydada təsdiq olunmuş 07.08.2021-ci il tarixli ərizəsindən görünür ki, o, Abşeron rayonu Donuzkökəltmə sovxozu ərazisində yerləşən istifadəsində olan 0.05 ha torpaq sahəsindən 0.015 ha torpaq sahəsindən müvafiq qanunvericiliyə uyğun olaraq təyinatı üzrə istifadə edilməsi məqsədilə Cavabdeh2 istifadəsinə vermişdir. Həmin torpaq sahəsinə və gələcəkdə tikiləcək tikiliyə dair heç bir iddia və tələbi olmayacaq, adından müxtəlif orqanlarda onu təmsil etmək məqsədi ilə verdiyi baş etibarnaməni Cavabdeh2 xəbərdar etmədən ləğv etməyəcəyini öhdəsinə götürmüş, eyni zamanda da Cavabdeh2 həmin etibarnamə ilə yalnız ona verdiyi bu torpaq sahəsini özəlləşdirib öz adına keçirə bilər, başqa bir əmlaka iddia və tələbi olmayacaqdır. Hər hansı bir mübahisə yaranarsa şəxsən özü cavabdehlik daşıyacaqdır. -Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontorunda təsdiq olunmuş 07.08.2021-ci il tarixli AZ-İİ № 417605 saylı etibarnamədən görünür ki, X12 həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi Cavabdeh2 70 il müddətinə olmaqla 07.08.2091-ci il tarixədək etibar etmişdir. -Xəzər rayon Binə qəsəbəsi icra nümayəndəliyi tərəfindən tərtib edilmiş torpaq sahəsinə dair koordinatlarının müəyyən edilməsi barədə fotodan görünür ki, fotoda Abşeron rayonu Donuzkökəltmə sovxozunda İddiaçı məxsus olan və Abşeron rayonu Binə qəsəbəsi X14 yerləşən Cavabdeh2 məxsus olan fərdi yaşayış evlərinin koordinatları müəyyən edilmişdir. -SS.Proje MMC-nin Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuzçuluq sovxozu ərazisində yerləşən İddiaçı məxsus mövcud tikiliyə dair eskiz layihədən görünür ki, İddiaçı məxsus olan fərdi yaşayış evinin koordinatları müəyyən edilmişdir. -Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının Binə qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 09.08.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 Bakı şəhəri Xəzər rayonu, X14 qeydiyyatsız yaşayır. -İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 7 (yeddi) ədəd fotoşəkillərdən görünür ki, fotoşəkillərdə əks olunmuş torpaq sahəsində birmərtəbəli fərdi yaşayış evi inşa edilərək tikintisi başa çatdırılmışdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 18.10.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 Bakı şəhəri Binəqədi rayonu 7 mkr, məhəllə 3123, 3 saylı evin 138 saylı mənzilində qeydiyyatdadır. -17.05.2000-ci il tarixli 034661 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranı statusu verilmişdir. -02.11.2015-ci il tarixli 112233 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı Gədəbəy rayonu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İİİ qrup əlillik verilmişdir. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 22.08.1970-ci il təvəllüdlü X11 Azərbaycan Respublikasının vətəndaşıdır. -Asan5 tərəfindən verilmiş 06.10.2016-cı il tarixli AZE № 16173939 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 Muxtar Respublikası Şərur rayonu Püsyan kəndində qeydiyyatdadır. -Gədəbəy RPŞ tərəfindən verilmiş 16.07.2010-cu il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nağıyev X16 rayonu Qasımağalı kəndində qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı X8 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış, onun sahiblik və istifadəsində olmuş Abşeron rayonu Donuzkökəltmə Sovxozu ərazisində yerləşən 0.04 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və onların ailə üzvlərinin çıxarılaraq tikilinin boşaldılmasını və fərdi yaşayış evinin ona təhvil verilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Mülki iş materiallarından göründüyü kimi, iddiaçının baş etibarnamə əsasında 70 il müddətinə sahiblik və istifadəsinə verilmiş torpaq sahəsi X8 məxsus olmaqla sonuncuya Abşeron rayonu Donunzkökəltmə Sovxozu üzrə 12.07.1990-cı il tarixli 135 saylı əmrdən çıxarış əsasında sovxozun fəhlə və qulluqçusu kimi fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Mübahisəli torpaq sahəsinə dair sahiblik və istifadə hüququnun yaranma əsası kimi X8 verilmiş əmrdən çıxarış 12.07.1990-cı il tarixdə verildiyindən həmin dövrə şamil olunan hüquq münasibətləri tətbiq olunmalıdır. Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”na əsasən, 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri həmin sənədlər siyahısına aid edilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 1ci bəndinə əsasən, sovxoz və kolxozlarda daimi işləyən şəxslər sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər siyahısına aiddir. Mülki iş materiallarından da göründüyü kimi, Abşeron rayon Donuzkökəltmə Sovxozu üzrə 12.07.1990-cı il tarixli 135 saylı əmrdən çıxarış da Abşeron rayon Donuzkökəltmə Sovxozu ərazisində yerləşən 0.04 ha torpaq sahəsi üzərində məhz X6 hüquqlarının yaranması üçün əsas olmuşdur. Mülki iş materiallarında olan Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontorunda təsdiq olunmuş 13.02.2021-ci il tarixli AZ-İİ № 238900 saylı etibarnaməyə əsasən, X11 həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi İddiaçı 70 il müddətinə olmaqla 13.02.2091-ci il tarixədək etibar etmiş, həmin etibarnamə iddiaçının mübahisəli torpaq sahəsi üzərində sahiblik, istifadə hüququnu tanısa da, sərəncam vermə hüququnun yaranmasına əsas olmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi, eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq) 139-1.1-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan konkret sənədlər siyahısını müəyyən etmişdir ki, etibarnamənin verilməsi mülkiyyət hüququnun yaranması üçün əsas deyildir və bu barədə qanunvericilikdə imperativ norma nəzərdə tutulmamışdır. Həmçinin, Mülki Məcəllənin: 14.3. maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. 146.1. maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 178.1. maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Qanunvericiliyin tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, Abşeron rayon Donuzkökəltmə sovxozu ərazisində yerləşən istifadəsində olan 0.04 ha torpaq sahəsinə dair İddiaçı məxsus hər hansı bir hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim olunmamışdır. Göründüyü kimi, iddiaçının mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüquqları rəsmi dövlət reyestrində qeydə alınmamış, baş etibarnamə əsasında iddiaçıya torpaqdan sahiblik və istifadə hüququna dair səlahiyyət vermiş X11 torpağın iddiaçı tərəfindən özəlləşdirilməsi hüququnun olmasına dair notarial qaydada təsdiq olunmuş ərizə təqdim etməsinə baxmayaraq, iddiaçı mülkiyyət hüquqlarının qeydə alınmasına dair aidiyyəti quruma müraciət etməmişdir. Eyni zamanda, X6 adına verilmiş Abşeron rayon Donuzkökəltmə Sovxozu üzrə 12.07.1990-cı il tarixli 135 saylı əmrdən çıxarışda torpaq sahəsinin ayrılması nəzərdə tutulsa da, həmin sahənin harada ayrılmasına dair torpağın ayrıc aktı, torpağın layihəsini təsdiq edən sənədlər olmadığından həmin torpaq sahəsinin həqiqətən də iddiaçının göstərdiyi ünvanda olmasının müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, sübutetmə vəzifəsi iddiaçının üzərinə düşdüyü halda, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Məhkəmə, bundan əlavə İddiaçı iddia tələbi irəli sürməyə subyektiv hüququnun olubolmamasına dair münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, iddia ərizəsindən də göründüyü kimi, İddiaçı mübahisəli torpaq sahəsindən cavabdehlərin çıxarılması, torpaq sahəsinin və tikilinin ona təhvil verilməsini tələb etdiyi halda, mülki iş materiallarına onun mülkiyyət hüququnu təsdiq edən sənəd əlavə olunmamışdır. Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranmasına əsas olan sənəd daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilən çıxarış olduğu halda, həmin çıxarış iddiaçı tərəfindən təqdim olunmamış, yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını təsdiq edən ayrıc aktı mülki iş materiallarına əlavə olunmamışdır. Göründüyü kimi, İddiaçı sahiblik və istifadəsində olduğunu iddia etdiyi Abşeron rayonu Donuzkökəltmə sovxozu ərazisində yerləşən 0.04 ha torpaq sahəsinə dair mülkiyyət hüquqları qeydə alınmadığından həmin torpaq sahəsindən cavabdehlərin çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmamışdır. Bununla bağlı, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq isə iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə də əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı və yalnız onun belə bir hüquqa malik olduğu müəyyən edildikdən sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığına münasibət bildirilməlidir. İddia tələbini irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır. Həmçinin, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04.05.2007-ci il tarixli qərarı”nın Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli Qərarında qeyd edilir ki, “..Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz...” Məhkəmə həmçinin, İddiaçı cavabdehlərin çıxarılmasını tələb etdiyi torpaq sahəsi ilə bağlı qeyd edir ki, mübahisələndirilən torpaq sahəsi Abşeron rayonu Donuzkökəltmə sovxozu ərazisində yerləşən faktiki ölçüsü 0.04 ha olan torpaq sahəsi olduğu halda, Cavabdeh2 istifadə və sahibliyinə verilmiş torpaq sahəsinin faktiki ölçüsü isə 0.05 ha təşkil edir. Göründüyü kimi, torpaq sahələrinin faktiki ölçüləri arasında zidiyyət olduğundan, onların faktiki yerində koordinatlarını təsdiq edən ayrıc aktı təqdim olunmadığından, cavabdehlərin həqiqətən də iddiaçıya məxsus torpaq sahəsində və üzərində yerləşən tikilidə məskunlaşması sübuta yetirilmədiyindən iddia tələbləri əsaslı olmadığından təmin edilməməlidir. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X3 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə istinad edərək, məhkəmə iclasında tədqiq olunmuş sübutları ümumiləşdirib qeyd edir ki, iddia ərizəsi İddiaçı tərəfindən sübuta yetirilmədiyindən iddia tələbləri əsaslı deyildir, bu səbəbdən də təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Məcəllənin: 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin və onun üzərindəki tikilinin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-614/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-614/2022
15.03.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver