Məhkəmə qərarları › İş №2(012)-614/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-614/2024

11.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-614/2024 11.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 500 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən mənzilin qaz sayğacına baxış keçirilən zaman qaz sayğacının çıxış borusunun deşildiyi qeyd edilmiş və buna görə də onun adına 500 manat məbləğində pul cəriməsi yazılmışdır. O işləyir. Səhər evdən çıxır axşam evinə qayıdır. Onun adına olan sayğacda yol kənarında yerləşir və həmin yol çox gedişli-gəlişli olmaqla müxtəlif insanlar olur. Aktda da qeyd edildiyi kimi, həmin qaz borusunun nə vaxt və neçə deşilməsi barədə heç bir məlumatı yoxdur. Belə ki, dolanışığı çətindir və buna görə də təbii qazdan istifadə etdiyinə görə 107 manat məbləğində borcu var və sonuncu evinə göndərilən bildirişdə onun borcunun 107 manat yox, 607 manat məbləğində olduğunu bilmiş və dərhal X1 Xırdalan şəhərindən olan İdarəsinə müraciət etmişdir. Ona Abonent saldosu və Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akt təqdim edilmiş və borcu ödəməli olduğu bildirilmişdir. O, bununla qəti şəkildə razılamadığı üçün məhkəməyə müraciət etmək hüququmun olduğunu izah etmişlər. Sayğac yol kənarında yerləşir və o, evdə olmadığı üçün sayğaca daim nəzarət edə bilmir. Sayğacı qorumaq və ona dəymiş ziyana və zərər görə vətəndaş yox, idarənin özü məsuliyyət daşıyır. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək ərizə ilə məhkəməyə müraciət etmiş və məhkəmədən xx.xx.2022-ci il tarixli akt əsasında hesablanmış 518,40 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bununla belə iddiaya etiraz verərək göstərmişdir ki, İddiaçı uzun müddət təbii qazdan ödəniş etməyərək istifadə etməklə Cavabdehnə 518,40 manat həcmində borcu yaranmışdır. Bununla əlaqədar əməkdaşları tərəfindən iddiaçının mənzilinə quraşdırılmış qaz sayğacına 2023-cü ilin fevral ayında yoxlama aparılmış və aşkar olmuşdur ki, iddiaçı qaz sayğacına müdaxilə etməklə Cavabdehnə 518,40 manat həcmində ziyan vurmuşdur. İddiaçı təbii qazdan dəyəri ödənilmədən istifadə edərək təbii qazı taladığını təsdiq edir. Bununla bağlı yuxarıda göstərilənlər əsasında ümumi məbləğ hesablanaraq ümumilikdə 518,40 manat həcmində qazdan istifadə edildiyi müəyyən edilmişdir. Buna görə də iddia rədd olunmalıdır. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı, aktdan görünür ki, həmin tarixdə abonent İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********03190) baxış keçirilən zaman 29/1710-00464-1 saylı MSK-ya əsasən 40020244 qaz sayğacının çıxış borusunun deşilməsi məyyən olunmuşdur. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli ******* saylı, aktlara əsasən müvafiq olaraq 4320 kub metr təbii qazı dəyərini ödəmədən istehlak etmişdir. İş materiallarında olan istehlakçı İddiaçı adına tərtib edilmiş ünvan 1 yerləşən fərdi yaşayış evinə aid abonent kodu **********03190 olan Abonentin saldosundan görünür ki, xx.xx.2022-ci il tarixli akta əsasən qaz sərfiyyatı cəmi “4320 m3” həcmində müəyyən edilmiş, buna müvafiq olaraq abonentə 518,40 manat məbləğində borc hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə və digər hallarda qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçıya 518,40 manat məbləğində cərimə onun sayğacındakı nasazlığa görə xx.xx.2022-ci il tarixli akta əsasən tətbiq edilmişdir. Halbuki yuxarıda qeyd edilən Qaydalara görə bu cür sayğacların işlək vəziyyətdə saxlanılmasına görə abonent məsuliyyət daşımır, yəni iddiaçıya tətbiq edilən cərimənin heç bir hüquqi əsası yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşadığı fərdi yaşayış evinə aid qaz sayğacına dair xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmış 518,40 manat borc silinməli, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən fərdi yaşayış evinə aid abonent kodu **********03190 olan qaz sayğacına xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmış 518,40 manat məbləğində borc silinsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar