Məhkəmə qərarları › İş №2(012)-6151/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6151/2021

13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6151/2021 13.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hаkim Əhmədоv Hаbil Yunis оğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) X2 kаtibliyi, İddiaçı AFB X15 Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı AFB X15 Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi, əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun (cərimənin) ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı AFB X15 Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi, əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun (cərimənin) ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, AFB Bank ASC ilə Cavabdeh arasında bağlanmış 26.07.2019-cu il tarixli, İK-İS-251-İ saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh əsas borca görə 3418.83 manat, faiz borcuna görə 1312.09 manat, 23.09.2021-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış cəriməyə görə 669.80 manat olmaqla cəmi 5400.72 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq AFB X15 Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı AFB X15 Cəmiyyətinin nümayəndəsi X6 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, AFB Bank ASC ilə Cavabdeh arasında bağlanmış 26 iyul 2019-cu il tarixli, İK-İS-251-İ saylı kredit müqaviləsinə əsasən ona illik 22 faiz dərəcəsi ilə 4000 manat kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən cavabdehə məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə faizlər ödənilmək şərti ilə kredit verilmiş, borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində banka qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən kredit 24 ay müddətinə verilmiş və həmin müqavilənin 2.4-cü bəndinə əsasən isə kreditin qaytarılması bu müqaviləyə 1 saylı əlavədə göstərilmiş cədvəl üzrə həyata keçirilmişdir. Kredit müqaviləsinin 2.6-cı bəndinə əsasən faizlərin hesablanması kreditin borcalana verildiyi gündən başlanır və kredit müddətinin bitməsindən asılı olmayaraq kredit tam ödənilənədək davam edir. Həmin müqavilənin 2.10-cu bəndinə əsəsan bu müqavilənin 2.4-cü bəndində göstərilən cədvəl üzrə ödənişləri vaxtında aparmadıqda hər gecikdirilən gün üçün əsas borcun ödənilməmiş hissəsinə görə bu kredit müqaviləsinin 2.1-ci bəndində göstərilən faiz dərəcəsinin iki qat həcmi məbləğində dəbbə pulu hesablanır. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə, iddia qaldırılan günə onun banka əsas borc üzrə 3418.83 manat, 23.09.2021-ci il tarixə faiz borcu üzrə 1312.09 manat, 23 sentyabr 2021-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 669.80 manat olmaqla, cəmi 5400.72 manat borcu yaranmışdır. Cavabdeh öhdəliklərin icra edilmədiyi, gecikdirildiyi bütün hallar üçün cavabdehdir və banka dəymiş zərərin əvəzini ödəməyə borcludur. Kredit müqaviləsi üzrə öhdəliklər vaxtında icra edildiyi və əsas borc banka qaytarıldığı halda, bank kredit təşkilatı olaraq həmin vəsaiti yenidən kredit şəklində yerləşdirərək gəlir əldə etmiş olardı. Həmin müqavilənin 3.1.5-ci bəndinin tələbinə görə borcalan davam edən 60 gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödəmədikdə, borcalan tərəfindən annuitet ödənişlər 12 ay ərzində 3 dəfədən çox gecikdirildikdə bank kreditin vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. Kredit üzrə borc axırıncı dəfə 26.12.2019-cu il tarixdə cəmi 80.38 manat olmaqla ödənilmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq) 739.1. və 739.2. maddələrinə əsasən, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Kredit verən AFB X15 Cəmiyyəti ilə kredit alan Cavabdeh arasında bağlanmış 26.07.2019-cu il tarixli, İK-İS-251-İ saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən bank tərəfindən borcalana 24 ay müddətinə, illik 22% hesabı ilə 4000 manat kredit verilmişdir. -26.07.2019-cu il tarixli məxaric orderindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə bankdan 3960 manat krediti imza edərək təhvil almışdır. -26.07.2019-cu il tarixli, İK-İS-251-İ saylı kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh ona verilmiş kredit üzrə əsas və faiz borcları bir ay sonradan, yəni 26.08.2019-cu il tarixdən başlayaraq, 26.07.2021-ci il tarixinədək hər ay 207.51 (sonuncu ay 210.41 manat) ödəməklə qaytarmalıdır. -AFB Bank ASC-nin 23.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 26.07.2019-cu il tarixli, İK-İS-251-İ saylı kredit müqaviləsi üzrə 23.09.2021-ci il tarixə banka əsas borca görə 3418.83 manat, faiz borcuna görə 1312.09 manat, cəriməyə görə 669.80 manat olmaqla cəmi 5400.72 manat borcu vardır. -26.07.2019-10.12.2021-ci il tarixlərini əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh 26.07.2019-cu il tarixli, İK-İS-251-İ saylı kredit müqaviləsi üzrə banka sonuncu dəfə 26.12.2019-cu il tarixdə əsas borc üzrə 29.77 manat, faiz borcu üzrə 50.61 manat ödəniş etmişdir. -AFB Bank ASC tərəfindən kredit alan Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, bank borcalana kredit müqaviləsi üzrə borc 3 iş gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən İddiaçı ASC – adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə 11.07.2008-ci il tarixdə qeydə alınmış və 26.05.2021-ci il tarixli, **********496500 nömrə ilə çıxarış verilmiş, təsisçiləri X4, X7 və X1r. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən "xxxx" ASC – adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydə alınmış və 26.05.2021-ci il tarixli, **********496500 nömrə ilə çıxarış verilmiş, qanuni təmsilçisi X5r. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 23.07.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Abşeron rayonu Pirəkəşkül-1 H/H, N saylı hərbi hissədə qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İşin araşdırılan hallarından və tədqiq edilmiş sübutlardan göründüyü kimi borclu Cavabdeh bankdan kredit müqaviləsi üzrə borc götürmüş və kredit götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin: 385.1. maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 445.1. maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə işin araşdırılan hallarını və tədqiq edilmiş sübutları qiymətləndirib hesab edir ki, borclu Cavabdeh iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşə əlavə olunmuş arayışdan, həmçinin, işin digər materiallarından görünür ki, kredit borcu barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh Səfərov Habil Əhməd oğlu kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onun banka əsas borca görə 3418.83 manat, faiz borcuna görə 1312.09 manat, cəriməyə görə 669.80 manat olmaqla cəmi 5400.72 manat borcu yaranmışdır. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən borclu Səfərov Habil Əhməd oğlu həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin ödəmələri vaxtında icra etməməsi onun üzərinə 669.80 manat cərimənin hesablanması ilə nəticələnmişdir. Mülki Məcəllənin: 443.1. maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. və 448.2. maddələrinə əsasən əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmişdir və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə kredit müqaviləsi üzrə 3418.83 manat əsas borc üzrə hesablanmış 669.80 manat cərimənin azaldılaraq 50,00 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (Mülki Məcəllənin 421.1.,421.2.,422.2.-ci maddələri.) İddia ərizəsində tərəflər arasında müqavilənin ləğv edilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, müqavilənin vaxtından əvvəl ləğvi cavabdehin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməməsi səbəbindən irəli gəlir və bu, müqavilənin şərtlərinə uyğundur. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, AFB X15 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 26.07.2019-cu il tarixli, İK-İS-251-İ saylı kredit müqaviləsi ləğv edilməli, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq ondan iddiaçının xeyrinə kredit müqaviləsi üzrə əsas borca görə 3418.83 manat, faiz borcuna görə 1312.09 manat, cəriməyə görə 50 manat olmaqla cəmi 4780.92 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

İddia ərizəsi qismən təmin edilsin. AFB X15 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 26.07.2019-cu il tarixli, İK-İS- 251-İ saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 26.07.2019-cu il tarixli, İK-İS-251-İ saylı kredit müqaviləsi üzrə əsas borca görə 3418.83 (üç min dörd yüz on səkkiz manat səksən üç qəpik) manat, faiz borcuna görə 1312.09 (min üç yüz on iki manat doqquz qəpik) manat, cəriməyə görə 50 (əlli) manat olmaqla cəmi 4780.92 (dörd min yeddi yüz səksən manat doxsan iki qəpik) borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat iddiaçı AFB X15 Cəmiyyətinin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar