Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6278/2025 12.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin iddiaçıya məxsus Abşeron rayonu, Müşfiqabad qəsəbəsi beton yolu ünvanda yerləşən abonent kodu **********22451 olan sayğaca qanunsuz yazdığı 500 manat işıq borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Ağdam rayonundan olan məcburki köçkündür. Yaşadığı fərdi yaşayış evi Abşeron rayonu, Müşviqabad qəsəbəsi beton yol adlanan ünvanda yerləşir. İddiaçıya məxsus işıq sayğacının kodu **********22451-dir. Cavabdeh iddiaçıya qanunsuz və əsassız olaraq işıq borcu hesablamışdır. Qanunsuz olaraq yazılmış işıq borcunun məbləği 500 manatdır. Belə ki, onlar işığı çox az istifadə edir, məcburi köçkünlər üçün ayrılmış limitləri var idi. Belə olduğu halda həmin borcun iddiaçıya nə vaxt, necə yazıldığını bilmir. Bu borc iddiaçıya heç bir səbəb olmadan, yanlışlıq səbəbindən əsassız olaraq hesablanmış və "xxxx" ASC həmin borcu dondurulmuş borc kimi onun balansında saxlamışdır. İddiaçı cavabdehə dondurulmuş borcun haradan yaranması ilə bağlı müraciət etsə də, cavabdeh iddiaçıya yazdıqları bu borc məbləğinin yaranma səbəbini əsaslandıra bilməmiş və buna görə də ona məhkəməyə müraciət etməyini tövsiyə etmişdir. İddiaçı abonent kodunu öz adından digər ada keçirib sənədləşdirmək istədikdə cavabdeh orqanın iddiaçının adına gizlicə bu qədər borc yazıb dondurduğu məlum olmuşdur. Qanunvericiliyin tələbinə görə mənzildən kənarda quraşdırılan işıq sayğaclarının salamatlılığına görə vətəndaşlar məsuliyyət daşımır və bu məsuliyyət "xxxx" MMC-nin üzərinə düşür. Odur ki, göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, işıq pulu ödənişini etməsinə baxmayaraq, cavabdeh onun borcunun olduğunu bildirir. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş, lakin xx.xx.2026cı il tarixdə elektron kabinet vasitəsilə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixdə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 elektron kabinet vasitəsilə etirazla müraciət edərək iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, iddiaçının silinməsini tələb etdiyi 500 yüz manat borc məbləği köhnə borc olduğu üçün xx.xx.2020-ci il tarixdə dondurulmuşdur. Hal-hazırda "xxxx" ASC tərəfindən təəb olunmasa da, mənzilin alqı-satqısı zamanı, sayğacda addəyişmə zamanı vətəndaş “ASAN xidmət” mərkəzinə yaxınlaşdığı zaman borcun mövcudluğu ona bildirilir. EEİQ-nın 9.1-ci bəndinə əsasən İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin “Dövlət Enerjinəzarət” İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında оlаn və məhkəmə bахışındа tədqiq оlunmuş: -Abunə kodu **********22451 olan, Xırdalan şəhəri, ev 0012, mənzil 2451 ünvanda yaşayan İddiaçı saldosundan görünür ki, ona xx.xx.2020-ci il tarixdə 500 manat borc hesablanmış, həmin borc “keçmiş dövrdə yaranan borc” altlığı ilə qeyd edilmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” AR Qanununun: 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüququna malikdir. 13-cü maddəsinin 8-ci bəndinə əsasən, dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. 17-ci maddəsinin 1-ci bəndinə əsasən, ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. 26-cı maddəsinə əsasən, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 4.1-ci maddəsinə əsasən, enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən, məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 7.6-cı bəndinə əsasən, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 7.9-cu bəndinə əsasən, məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındaki hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.4-cü bəndinə müvafiq olaraq, enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 9.1-ci bəndinə əsasən, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.10-cu bəndinə görə, istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası “Elektroenergetika haqqında” Qanununun: 29.7-ci maddəsinə əsasən, ötürücü və ya paylayıcı sistem operatoru istehlakçıya verdiyi elektrik enerjisinin miqdarını yalnız sayğacın göstəricilərinə əsasən müəyyən etməli və bu barədə istehlakçıya hər ay bildiriş, habelə bu Qanunun 28.2-ci maddəsinə uyğun olaraq elektrik enerjisinin təchizatçısı ilə bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda istehlakçının istifadə etdiyi elektrik enerjisinin dəyərini tam hesablayaraq təchizatçının adından hesab təqdim etməlidir (göndərməlidir). Ağıllı sayğacı olan istehlakçıya istifadə etdiyi elektrik enerjisinin dəyəri haqqında bildirişin və hesabın təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Bu Qanunun 28.2-ci maddəsinə uyğun olaraq təchizatçı ilə bağlanılmış müqavilədə nəzərdə tutulmadığı halda istehlakçıya hesab təchizatçı tərəfindən təqdim edilməlidir (göndərilməlidir). Hesabda istehlakçının elektrik enerjisinə görə sayğacın son göstəricisinə uyğun mövcud qalıq borcu, sabit tariflə bağlı qalıq borcu və ödənişin son tarixi göstərilməlidir. İstehlakçı tərəfindən elektrik enerjisinin hesabında göstərilən dəyəri tam ödənildikdən sonra təchizatçı yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərinin ödənilməsini istehlakçıdan tələb edə bilməz. Sadalanan hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, 500 manat məbləğində yaranmış borc abunə haqqından çıxarışda keçmiş borc kimi qeyd edilməklə, həmin borcun hansı akta əsasən abonent hesabına borc olaraq hesablanmasının, borcun yaranması əsasının və borcun həqiqətən mövcud olub-olmamasını iş materiallarına əsasən müəyyən etmək mümkün olmadığından həmin məbləğ iddiaçıdan tələb edilə bilməz. Hal-hazırda cavabdeh tərəfindən ödənilməsi iddiaçıdan tələb edilməyən borc məbləğinin iddiaçıya məxsus abonent məlumatlarında öz əksini tapması iddiaçının bir istehlakçı kimi hüquqlarını məhdudlaşdırır. Odur ki, iddia əsaslı olduğundan təmin edilməli, elektrik enerjisindən istifadəyə görə əsassız hesablanmış 500 manat borc cavabdeh "xxxx" ASC tərəfindən **********22451 saylı abunə hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.1 maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu tutulmalıdır. 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə qeyd edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, **********22451 saylı abunə kodu üzrə İddiaçı cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 500 manat borc silinməli, ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. **********22451 saylı abunə kodu üzrə cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı hesablanmış “keçmiş dövrdə yaranan borc” altlığı ilə qeyd edilmiş 500 manat borc silinsin. Məhkəmə xərcləri cavabdeh "xxxx" ASC-ə aid edilsin, ödənilməli olan 30 manat məbləğində dövlət rüsumu cavabdeh"xxxx" ASC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə və Mülki Prosessual Məcəllənin 2 saylı əlavəsinə uyğun olaraq) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-6278/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6278/2025
12.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver