Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-629/2022 01.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh Hüseynbala oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Hüseynbala oğluna qarşı mənzilə köçürülmə və yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Hüseynbala oğluna qarşı mənzilə köçürülmə və yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, 2008-ci ildə X17 ilə ailə həyatı qurduqdan sonra onun nənəsi X1 rayonu Görədil kəndi İlqar Yusifov küçəsi ev 13 ünvanında onların mənzil tələbatının təmin edilməsi məqsədi ilə faktiki olaraq özünə məxsus olan torpaq sahəsinin bir hissəsini fərdi yaşayış evinin tikilməsi üçün ayırmışdır. O və həyat yoldaşı X17 2008-2009-cu illər ərzində həmin torpaq sahəsində kürsülü, bir mərtəbəli üç otaqdan, mətbəx və sanqovşaqdan ibarət fərdi yaşayış evi inşa etmiş və on üç il müddətində orada yaşamışlar. İki il bundan əvvəl evin iş yerlərinə yaxın olması ilə əlaqədar və yollarda işə gecikmələrin qarşısını almaq məqsədilə o, həyat yoldaşı ilə Bakı şəhərinə köçüb kirayə qalmağa məcbur olmuşlar. 2020-ci ilin yay aylarında pandemiya ilə əlaqədar iş yerlərinin itirilməsi səbəbindən və eyni zamanda, xərclərin azaldılması məqsədi ilə onlar öz evlərinə qayıtmaq istəmişlər. Lakin onun atası, hazırki iş üzrə Cavabdeh Hüseynbala oğlu onları öz evlərinə buraxmamışdır . Dəfələrlə bu barədə Abşeron rayon Polis İdarəsinə zəng edib Cavabdeh Hüseynbala oğlunun qanunsuz və özbaşına hərəkətlərinə son qoyulmasını tələb etsə də bu məsələnin mülki icraat qaydasında həll edilməli olduğu bildirilmişdir. Hesab edir ki, cavabdehin bu özbaşına hərəkəti onu və ailəsinin öz fərdi yaşayış evindən istifadə edilməsinə məhdudiyyətlər yaratmaqla onun hüquqlarını pozur və pozulmuş hüquqları məhkəmə qaydasında müdafiə edilməlidir. Hazırda, Abşeron rayonu Görədil kəndində yerləşən evindən cavabdeh tərəfindən sahiblik və istifadə hüququna maneələr yaradıldığına görə o, anasının mənzilinə sığınmaq məcburiyyətində qalmışdır. Həmçinin, qeyd edir ki, sözügedən fərdi yaşayış evinə dair qaz, su, işıq və digər kommunal xərclərin ödənilməsinə dair sənədlər onun adınadır. Həmin evi ona sağlığında nənəsi bağışlamışdır. Belə ki, atası onun evinə gələn qohumlarını döymüş, fiziki təzyiqlər göstərmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Hüseynbala oğlu iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, iddiaçının köçürülməsini arzu etdiyi, ona məxsus olan Abşeron rayonu Görədil kəndində yerləşən torpaq sahəsini ona babası, yəni atasının atası bağışlamışdır. O, torpaq sahəsini qızına bağışlamış və qızı həyat yoldaşı ilə birlikdə həmin torpaq sahəsində birmərtəbəli üç otaqlı fərdi yaşayış evi inşa edib orada yaşamağa başlamışlar. Onun qızının ailəsi ilə birlikdə fərdi yaşayış evinə köçürülməsinə hər hansı bir etirazı yoxdur. Belə ki, etiraz etmə səbəbi ondan ibarətdir ki, bir sıra qohumları, hansı ki, narkotik vasitələrdən istifadə edən, spirtli içki qəbul edən qohumları vardır ki, o da həmin şəxslərin onun həyətinə belə gəlməsinə razı deyildir. Belə ki, hesab edir ki, sözügedən şəxslərin ona məxsus olan torpaq sahəsində və qızının evində heç bir işi ola bilməz. Əks təqdirdə, onun qızı ilə hər hansı bir mübahisəsi yoxdur. Qızının məhkəməyə təqdim etdiyi fotoşəkillərdə yerləşən fərdi yaşayış evi də qızına məxsusdur və onlar tərəfindən inşa olunmuşdur. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1 maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, İddiaçı onun qızı, Cavabdeh Hüseynbala oğlu isə onun həyat yoldaşıdır. Rəsmi nikah münasibətində olsalar da, faktiki olaraq ayrı yaşayırlar. X17 isə onun kürəkəni, yəni iddiaçının həyat yoldaşıdır. Abşeron rayonu Görədil kəndində yerləşən torpaq sahəsi cavabdehə nənəsindən qalmışdır. O, özü də həmin torpaq sahəsində yerləşən evə gəlin köçmüş və bir qızı, bir oğlu dünyaya gəlmişdir. Lakin həmin torpaq sahəsində iddiaçıya nənəsi pay olaraq bağışlamış və sğzügedən hissədə iddiaçı həyat yoldaşı ilə birlikdə 12 il bundan əvvəl fərdi yaşayış evi inşa etməklə orada yaşamışlar. Həmin evin hər hansı bir sənədi yoxdur. Həyət iki yerə bölünmüş, iki ayrı evlər tikilmiş, hərəsinin öz qapısı, girişiçıxış vardır. Həmin evdə yaşamağa cavabdeh imkan vermir. Bu səbəbdən də iddiaçı yoldaşı ilə birlikdə bir ilə yaxın müddətdə kirayə yaşamağa məcbur qalmışlar. Sonra o, həmin evi kirayə vermiş, kirayə pulunu isə qızına vermişdir. Buna görə əri onu dəfələrlə döymüş, bu səbəbdən də bir neçə dəfə polisə düşmüşlər. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -X14, X5, X4 tərəfindən tərtib olunmuş və imzaları ilə təsdiq edilmiş 10.11.2021-ci il tarixli aktdan görünür ki, İddiaçı və onun həyat yoldaşı X3 rayonu Görədil kəndində İlqar Yusifov küçəsi ev 13 ünvanında 2008-2009-cu illər ərzində kürsülü, bir mərtəbəli, üç otaqdan ibarət fərdi yaşayış evi inşa etmişlər və on üç il müddətində həmin evdə yaşamışlar. Cavabdeh Hüseynbala oğlunun həmin torpaq sahəsinə və onun üzərində tikiliyə hər hansı aidiyyəti yoxdur. -Azəriqaz Layihə İnşaat QSC tərəfindən təqdim edilmiş 44/TŞ-2018-027903/A-AK- 1/H-1862 saylı izahat və cizgilərdən görünür ki, İddiaçı məxsus olan Abşeron rayonu Görədil kəndində yerləşən fərdi yaşayış evinin qazlaşdırılması layihəsinə başlanılmış və ev təbii qaz ilə təmin edilmişdir. -Azəriqaz İB ilə istehlakçı İddiaçı arasında bağlanmış Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 18.10.2018-ci il tarixli, 92209 saylı müqavilədən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. -06.06.2018-ci il tarixli mədaxil qəbzindən görünür ki, X2 ASC-yə 25 manat ödəniş etmişdir. -Azərişıq ASC-nin bildiriş-xəbərdarlıqlarından görünür ki, X10 04.04.2019-cu il tarixinə 23.33 manat, 05.303.2021-ci il tarixinə 23.46 manat borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. -Azərsu ASC-nin hesab-fakturalarından görünür ki, İddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış 20084606 nömrəli sayğaca görə 03.09.2020-ci il tarixinə 87.60 manat, 02.10.2020-ci il tarixinə 64.05 manat, 03.02.2021-ci il tarixinə 15.10 manat, 03.03.2021-ci il tarixinə 7.20 manat borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. -E-manat ödəniş qəbzindən görünür ki, Əliyeva X15 ASC-yə 14.02.2021-ci il tarixinə 20 manat, 06.10.2021-ci il tarixinə 10 manat ödəniş etmişdir. -Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Görədil Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 05.11.2022-ci il tarixli 01 saylı arayışdan görünür ki, Görədil kənd İlqar Yusifov küçəsi ev 13 ünvanında yerləşən fərdi yaşayış evi Görədil kənd İƏD üzrə nümayəndəliyin təsərrüfat kitabında qeydiyyatda olmadığı üçün həmin evin sahiblik, istifadə və mülkiyyət hüququnun kimə məxsus olub-olmaması barədə məlumat yoxdur. -iddiaçı tərəfindən təqdim olunmuş səkkiz ədəd fotoşəkildən görünür ki, həmin fotolarda torpaq sahəsində inşa edilmiş bir mərtəbəli mansartdan ibarət fərdi yaşayış evinin olması əks olunmuşdur. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 05.11.2021-ci il tarixli arayışdan görünür ki, Dadaşov X6 rayonu Görədil kəndində qeydiyyatdadır. -Asan-Sumqayıt tərəfindən verilmiş 06.12.2016-cı il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əliyeva X18 rayonu Görədil kəndində qeydiyyatdadır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının: 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı X17 ilə nikaha daxil olduqdan sonra, nənəsindən qalmış, atası Cavabdeh Hüseynbala oğluna məxsus olan Abşeron rayonu Görədil kəndində yerləşən torpaq sahəsində atası tərəfindən pay olaraq ayrılmış hissədə yoldaşı ilə birlikdə birmərtəbəli mansartlı fərdi yaşayış evi inşa edib həmin evdə yaşamış, birgə təsərrüfat aparmışlar. Sözügedən fərdi yaşayış evinin qaz, su, işıq kommunal xərclərinin ödənilməsinə dair ödəniş qəbzlərindən, həmin evin qazlaşdırılmasına dair layihə sənədindən göründüyü kimi, İddiaçı adına tərtib olunmuş həmin sənədlər əsasında İddiaçı yoldaşı və uşaqları ilə birlikdə uzun müddət fərdi yaşayış evində yaşamaqla birgə təsərrüfat aparmışlar. Hazırda, cavabdeh tərəfindən iddiaçıya həmin ünvanda yerləşən fərdi yaşayış evinə daxil olub orada yaşamasına maneələr yaradıldığından iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Özbaşına inşa edilmiş tikililərlə bağlı hüquq münasibətlərini tənzimləyən Mülki Məcəllənin: 180.1.-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2.-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddi hüquq normalarının tələbindən müəyyən olunur ki, özbaşına tikili inşa etmiş şəxsin özünün belə həmin tikiliyə hüququnun yaranması qüvvədə olan, bu münasibətləri tənzimləyən normalara əsasən yolverilməzdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla, tərəflərin izahatından və şahid ifadəsi ilə müəyyən olunmuşdur ki, iddiaçı həyat yoldaşı ilə birlikdə sözügedən torpaq sahəsində fərdi yaşayış evi inşa etməklə həmin ünvanda yaşamış, həmin evə dair təqdim edilmiş fotoşəkillərdə əks olunmuş evin həqiqətən də iddiaçıya məxsus ev olması cavabdeh tərəfindən də məhkəmə iclasında təsdiq edilərək etiraf edilmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla həmçinin, fərdi yaşayış evinin özbaşına tikili olması, həmin evə dair iddiaçının adına qaz, su, işıq sayğacının qoyulması, həmin sayğaclara görə ödənişlərin edilməsinə dair qəbzlərin olması müəyyən edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Bu səbəbdən də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, iddia ərizəsi təmin edilməli, iddiaçı Əliyeva X18 rayonu Görədil kəndi İlqar Yusifov küçəsi ev 13 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməli və iddiaçıya həmin evdə yaşaması üçün cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 4-cü, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı Əliyeva X18 rayonu Görədil kəndi İlqar Yusifov küçəsi ev 13 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün və iddiaçıya həmin evdə yaşaması üçün Cavabdeh Hüseynbala oğlu tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov.
Məhkəmə qərarları › İş №2(012)-629/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-629/2022
01.02.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver