Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-630/2023 09.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Abşeron Rayon İcra hakimiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Abşeron Rayon İcra hakimiyyətinə qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, əri xx.xx.1972-ci il təvəllüdlü Eyvazov Hicran Bayram oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, əri xx.xx.1972-ci il təvəllüdlü Eyvazov Hicran Bayram oğlunun kəskin debillik dərəcəsində əqli zəiflik xəstəliyindən əziyyət çəkir, onun himayəsində olduğu üçün ərinə özü baxır. Əri Hicran Eyvazovun psixi qüsurun nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmir, özünə qapanıq vəziyyətdədir. Onun 2-ci dərəcəli əlilliyi müəyyən edilmişdir. Buna görə də onu tək buraxmayır və daima nəzarətdə saxlayır. Buna görə də , əri xx.xx.1972-ci il təvəllüdlü Eyvazov Hicran Bayram oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə iddia tələbinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Abşeron Rayon İcra hakimiyyətinin nümayəndəsi X3 məhkəmədə izahatında bildirdi ki, iş üzrə təyin edilmiş ekspert rəyinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etiraz etmir. İş materiallarında olan AZE Seriyalı, 07176191 saylı şəxsiyyət vəsiqəsindən görünür ki, Eyvazov Hicran Bayram oğlu xx.xx.1972-ci il tarixdə Abşeron rayonu, Fatmayı kəndində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 21 saylı rəyindən görünür ki, Eyvazov Hicran Bayram oğlunda kəskin debillik dərəcəsində oliqofreniya, davranış pozuntuları ilə müəyyən edilir. Bunu anamnestik məlumatlar – erkən psixofiziki inkişafda yaşıdlarına nəzərən geri qalması, nitqinin qeyri-aydın olması biruzə verməsi, əqli geriliklə əlaqədar psixiatrik qeydiyyata düşərək müalicələrdə olması, əqli gerilik, davranış pozuntuları biruzə verməsi, narahatlığı ilə əlaqədar evdə sakitləşdirici və qoruyucu müalicəni qəbul etməsi, psixi vəziyyəti ilə əlaqədar İİ qrup əlil hesab edilməsi, həmçinin hər hansı bir işi sərbəst yerinə yetirməməsi ilə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, həmçinin hazırki müayinə zamanı aşkar edilən əqli gerilik əlamətləri sübut edir.Məhkəmə psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır. 1-ci sual: 04 noyabr 1972-ci il təvəllüdlü Eyvazov Hicran Bayram oğlu öz hərəkətlərinin mənasını anlaya bilirmi və ya öz hərəkətlərinə rəhbərlik edə bilirmi? Cavab: Eyvazov Hicran Bayram oğlunda kəskin debillik dərəcəsində oliqofreniya, davranış pozuntuları ilə müəyyən edilir. 2-ci sual:04 noyabr 1972-ci il təvəllüdlü Eyvazov Hicran Bayram oğlu fəaliyyət qabiliyyətli olmayan hesab oluna bilərmi? Cavab: Eyvazov Hicran Bayram oğlu hazırki psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarında deyil. Buna görə də Eyvazov Hicran Bayram oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, 04 noyabr 1972-ci il təvəllüdlü Eyvazov Hicran Bayram oğlu fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Belə ki, Hicran Eyvazov öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmür və onun öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik olmadığı iş materialları və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 21 saylı rəyi ilə tamamilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasının başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyətli olmayan sayıla bilər. Onların üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyətli olmayan sayılmış fiziki şəxsin adından əqdi onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyətli olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 35.7-ci maddəsinə əsasən, qəyyumlar və himayəçilər öz qəyyumluğunda və ya himayəsində olanların saxlanması, onlara baxılmasının və onların müalicəsinin təmin edilməsi, onların təhsil alması və tərbiyələnməsi qayğısına qalmağa, onların hüquq və mənafelərini qorumağa borcludurlar. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 317.3-cü maddəsinə görə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 320.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1972-ci il tarixdə Abşeron rayonu, Fatmayı kəndində doğulmuş Eyvazov Hicran Bayram oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-630/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-630/2023
09.03.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver