Məhkəmə qərarları › İş №2(012)-633/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-633/2024

31.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-633/2024 31.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktın ləğv edilməsi və (abonent kodu: **********00000) adına hesablanmış 3110.40 manat cərimə məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt tərtib edilən zaman ona lazımi məlumat verilmiş və o, aktı qəbul edib imzalamaqdan imtina etmişdir. Qəti şəkildə bu qeyd edilənləri qəbul etməmişdir. Ona görə ki, bu akt həqiqəti əks etdirmir. xx.xx.2023-cü il tarixdə qəbul edilmiş aktdan onun xəbəri belə olmamışdır. O, ahıl yaşlı qocadır və sayğaca heç bir müdaxilə olunmamışdır. Sayğac mexanikdir və sərf etdiyi təbii qaza görə ödəniş edir. Onun bu aktdan yenicə xəbəri olmuşdur. Qızına olanlar barədə məlumat vermiş və o, lazımi sənədləri toplayaraq, onun məhkəməyə müraciət edə biləcəyini bildirmişdir. Sayğac yol kənarında yerləşdirilmişdir, həmin yol gediş-gəlişli yoludur və ondan müxtəlif insanlar istifadə edir. Sayğac onun tərəfindən qəsdən və qərəzli şəkildə əridilməmişdir və bu məsuliyyət onun üzərinə atılmamalıdır. Həmin sayğacı qorumaq və zədə almaması üçün lazımi tədbirlərin görülməsi vətəndaşın borcu deyil, üstəlik abonentin saldosunda cihazlar barədə yanlış məlumatlar verilmişdir. xx.xx.2023-cü ildən bu günə kimi 3110 manat 40 qəpik məbləğində cərimə hesablanması cəfəngiyyatdan başqa bir şey deyildir. O, kiçik ölçülü evdə tək yaşayır. Həmin evə bir neçə ay ərzində yuxarıda göstərilən məbləğdə cərimə yazılması sözün əsl mənasında dəhşətdir. Nazirlər Kabinetinin 80 saylı qərarına .əsasən sayğacın qorunması və nəzarəti Cavabdeh balansındadır. Belə olan halda sayğaca baxış zamanı göstərilən nüanslara, yəni sayğacın klapanın işləməməsinə, yivli birləşmələrin korroziyaya uğramasına, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcığın qırılmasına, sayğacın elementinin bitməsinə vətəndaş yox, Cavabdeh İB nəzarət etməlidir və məsuliyyəti o daşımalıdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Cavabdeh İB-nin nümayəndəsi X1 iddia ərizəsinə etiraz göndərərək göstərmişdir ki, İddiaçı uzun müddət təbii qazdan ödəniş etməyərək istifadə etməklə Cavabdehnə 3110,40 manat həcmində borcu yaranmışdır. Bununla əlaqədar əməkdaşlar tərəfindən iddiaçının mənzilinə quraşdırılmış qaz sayğacına 2023-cü ilin may ayında baxış keçirilmiş və aşkar olmuşdur ki, iddiaçı qaz sayğacına müdaxilə etməklə Cavabdehnə 3110,40 manat həcmində ziyan vurmuşdur. Buna görə də iddia təmin olunmamalıdır. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2023-cü ildə tərtib və təsdiq olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktdan görünür ki, həmin tarixdə abonent İddiaçı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.F.Axundov küçəsindəki yaşadığı evə (abonent kodu: **********00000) baxış keçirilən zaman mövcud sayğacın qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi qərara alınmışdır. İşdə olan dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş ******* saylı akta əsasən abonent 25920 kub metr təbii qazı istehlak etmişdir. İş materiallarında olan istehlakçı İddiaçı adına tərtib edilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.F.Axundov küçəsindəki fərdi yaşayış evinə aid abonent kodu **********00000 olan abonentin saldosundan görünür ki, 2023-cü ilin may ayında qaz sərfiyyatı “25920 m3” həcmində müəyyən edilmiş və akta müvafiq olaraq abonentə 3110,40 manat məbləğində borc hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə və digər hallarda qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçıya 3110,40 manat məbləğində cərimə onun sayğacındakı nasazlığa görə xx.xx.2023-cü il tarixli akta əsasən tətbiq edilmişdir. Halbuki yuxarıda qeyd edilən qaydalara görə bu cür sayğacların işlək vəziyyətdə saxlanılmasına görə abonent məsuliyyət daşımır, yəni iddiaçıya tətbiq edilən cərimənin heç bir hüquqi əsası yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşadığı fərdi yaşayış evinə aid qaz sayğacına dair xx.xx.2023-cü il tarixli akta əsasən hesablanmış 3110,40 manat borc silinməli, iddia bu hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin xx.xx.2023-cü il tarixli aktın ləğv edilməsinə dair hissəsinə münasibətdə isə qeyd edir ki, akt iş üzrə sübut vasitəsidir, yekun məhkəmə aktında sübut növü kimi ona hüquqi qiymət verilir. Ona görə də, məhkəmə hesab edir ki, bu hissədə iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.F.Axundov küçəsindəki fərdi yaşayış evinə aid qaz sayğacına (abonent kodu: **********00000) dair hesablanmış 3110,40 manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar