Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6334/2025 26.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə baxış keçirilməsinə törədilmiş maneənin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında ona məxsus olan, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən 0,04 ha torpaq sahəsinə dair bölgü sxeminin tərtib edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilməsinə Cavabdeh tərəfindən törədilmiş maneənin aradan qaldırılması və ona məxsus torpaq sahəsinin Cavabdeh zəbtindən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, 05 may 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X2 ona məxsus, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumi sahəsi 0,07 ha olan torpaq sahəsinin 0,04 ha hissəsini ona satmışdır. X2 həmin torpaq sahəsinin 0,025 ha hissəsini isə 13 aprel 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən iş üzrə cavabdeh olan Cavabdeh satmışdır. Bundan sonra o, həmin torpaq sahəsinə dair öz adına çıxarış almaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş və həmin idarə tərəfindən onun adına xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Qeyd olunan çıxarış əsasında mülkiyyətində olan 0,04 ha torpaq sahəsinin koordinatlarının müəyyən olunaraq torpaq sahəsinə dair bölgü sxeminin alınması üçün yenidən 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Lakin həmin idarə tərəfindən ona xx.xx.2025-ci il tarixli imtina məktubu verilmişdir. Məktub onunla əsaslandırılmışdır ki, həmin əraziyə baxış keçirilməsinə şərait yaradılmadığından bölgü sxeminin verilməsi mümkün olmamışdır. Qeyd edir ki, Cavabdeh ilə ona satılan torpaq sahələri eyni ərazidə yerləşdiyindən, cavabdeh ona məxsus torpaq sahəsinin bölgü sxeminin tərtib edilməsi üçün 4 saylı Abşeron Ərazi İdarəsinin əməkdaşları tərəfindən baxış keçirmələrinə imkan vermir. Həmçinin cavabdeh ona məxsus torpaq sahəsini zəbt etmişdir. O, mülkiyyətində olan torpaq sahəsinə sərbəst qaydada daxil ola bilmir və torpağından qanunamüvafiq qaydada istifadə edə bilmir. O, torpaq sahəsini sənədləşdirmək istəmiş, lakin qarşı tərəf buna icazə verməmişdir. O, sözügedən torpaq sahəsini alsa da torpaq sahəsi onda deyildir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsinin işçilərinin torpaq sahəsində yoxlama aparılmasına imkan verməməklə həmin torpaq sahəsi ilə bağlı texniki pasportun alınmasına mane olur. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əlavə olaraq bildirir ki, ona və cavabdehə məxsus torpaq sahələri bir hasarın içindədir və o, mülkiyyətində olan torpaq sahəsini hasarın içində olduğu vaxtdan almışdır. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, o, özünə məxsus torpaq sahəsini vaxtilə Qədəm Tanrıverdiyeva adlı şəxsdən almış, daha sonra həmin torpaq sahəsini etibarnamə əsasında qardaşına vermiş, qardaşı da torpaq sahəsini ondan icazəsiz iddiaçıya satmışdır. İddiaçı torpaq sahəsini necə əldə etməsindən onun xəbəri yoxdur. Torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair müvafiq alqı-satqı müqaviləsi vardır. Hazırda sözügedən torpaq sahəsi tam olaraq ondadır. Torpaq sahəsinin 2 sot hissəsi ilə bağlı onun alqısatqı müqaviləsi vardır. Ona Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsindən zəng gəlmiş, zəng vuran şəxs ona satıcı kimi torpaq sahəsini göstərməli olduğunu, o da öz növbəsində həmin şəxsə satıcı olmadığını bildirmişdir. Bundan sonra da əraziyə hər hansı nümayəndə gəlməmişdir. O, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsinin işçiləri tərəfindən ərazidə ölçü işlərinin aparılmasına etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə həmin qurumun nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan satıcı X2 ilə alıcı Cavabdeh arasında bağlanmış və Abşeron rayon 1 saylı notariat ofisində 4Ə-774 reyestr nömrəsi ilə qeydə alınmış 13 aprel 2023-cü il tarixli, AZ-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X2 tam mülkiyyət üzrə ona məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən, ümumi sahəsi 0,07 ha olan torpaq sahəsinin 0,025 ha hissəsini alıcı Cavabdeh mülkiyyətinə vermişdir. İş materiallarında olan X2 ilə Cavabdeh arasında bağlanmış və Abşeron rayon 1 saylı notariat ofisində 3M-566 reyestr nömrəsi ilə qeydə alınmış 13 aprel 2023-cü il tarixli torpaq sahəsinin bölgüsü haqqında sazişin surətindən görünür ki, ƏMDK-ın yanında DƏDRX-in 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş reyestr nömrəsi **********84 qeydiyyat nömrəsi ********** olan çıxarış əsasında Abşeron rayonu 1 saylı notariat ofisində xx.xx.2023-ci il tarixdə 4Ə-774 reyestrdə qeyd edilmiş torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən 0,07 ha torpaq sahəsi həmin sahənin 0,025 ha hissəsi Cavabdeh, qalan hissəsi isə X1 verilməklə bölünmüşdür. İş materiallarında olan X2 ilə İddiaçı (onun əvəzinə X3) arasında bağlanmış və Abşeron rayon 1 saylı notariat ofisində 3M-712 reyestr nömrəsi ilə qeydə alınmış 05 may 2023-cü il tarixli torpaq sahəsinin bölgü eskizinin təsdiqi sazişinin surətindən görünür ki, Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş reyestr nömrəsi **********84, qeydiyyat nömrəsi ********** olan çıxarış əsasında Abşeron 1 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə 4Ə-952 reyestrdə qeyd edilmiş torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumi sahəsi 0,07 ha torpaq sahəsi həmin sahənin 0,04 ha hissəsi İddiaçı, qalan hissəsi isə X1 verilməklə bölünmüşdür. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2025-ci ildə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli, 321332/2-14874/25 nömrəli, xx.xx.2025-ci il tarixli, 3-21-3-32/2-22547/25 nömrəli və xx.xx.2026-cı il tarixli, 3-21-3-32/2- 1079/2026 nömrəli məktublardan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,07 ha torpaq sahəsinin bölgü sxeminin tərtib edilməsi ilə bağlı texniki baxış keçirilməsinə şərait yaradılmamışdır. Bu səbəbdən sözügedən torpaq sahəsinin sxematik bölgüsünün tərtib edilməsi mümkün olmamışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, işin faktiki hallarından göründüyü kimi iddianın qanuni əsasını Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, 152.5-ci, 157.4-cü maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci və 3-cü bəndləri təşkil edir. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, X2 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən 0,07 ha torpaq sahəsinin 0,025 ha hissəsini 13 aprel 2023-cü il tarixli, AZ-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh, 0,04 ha hissəsini isə xx.xx.2023-cü il tarixli, 4Ə-952 reyestr nömrəli torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən İddiaçı satmışdır. Bununla yanaşı iş materiallarında olan X2 ilə Cavabdeh arasında bağlanmış və Abşeron rayon 1 saylı notariat ofisində 3M-566 reyestr nömrəsi ilə qeydə alınmış 13 aprel 2023-cü il tarixli torpaq sahəsinin bölgüsü haqqında, həmçinin X2 ilə İddiaçı (onun əvəzinə X3) arasında bağlanmış və Abşeron rayon 1 saylı notariat ofisində 3M-712 reyestr nömrəsi ilə qeydə alınmış 05 may 2023-cü il tarixli torpaq sahəsinin bölgü eskizinin təsdiqi sazişlərindən görünür ki, qeyd edilən müqavilələrə əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,07 ha olan torpaq sahəsi həmin sahənin 0,025 ha hissəsi Cavabdeh, 0,04 ha hissəsi İddiaçı, qalan hissəsi isə X1 verilməklə bölünmüşdür. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2025-ci ildə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Lakin buna baxmayaraq Cavabdeh tərəfindən İddiaçı mülkiyyət hüququ pozulmuşdur. Belə ki, İddiaçı çıxarış əsasında mülkiyyətində olan 0,04 ha torpaq sahəsinin koordinatlarının müəyyən olunaraq torpaq sahəsinə dair bölgü sxeminin alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş, lakin Cavabdeh ilə iddiaçıya satılan torpaq sahələri eyni ərazidə yerləşdiyindən cavabdeh iddiaçıya məxsus torpaq sahəsinə 4 saylı Abşeron Ərazi İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilməsinə imkan verməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli, 321332/2-14874/25 nömrəli, xx.xx.2025-ci il tarixli, 3-21-3-32/2-22547/25 nömrəli və xx.xx.2026-cı il tarixli, 3-21-3-32/2- 1079/2026 nömrəli məktublardan göründüyü kimi Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,07 ha torpaq sahəsinin bölgü sxeminin tərtib edilməsi ilə bağlı texniki baxış keçirilməsinə şərait yaradılmamış, bu səbəbdən sözügedən torpaq sahəsinin sxematik bölgüsünün tərtib edilməsi mümkün olmamışdır. Belə olan təqdirdə məhkəmə belə qərara gəlir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında İddiaçı məxsus olan, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən 0,04 ha torpaq sahəsinə ona dair bölgü sxemin tərtib edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilməsinə Cavabdeh tərəfindən törədilmiş maneə aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Bundan əlavə iddia tələbinin iddiaçıya məxsus torpaq sahəsinin Cavabdeh zəbtindən azad edilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı ona məxsus torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edildiyini bildirsə də qeyd edilən halı sübut edə bilməmiş, bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, iddianın əsaslı olmasına dəlalət edən hallara və həmin halları təsdiq edən mötəbər sübutlara istinad olunmamışdır, halbuki Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə həmin sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərində olmuşdur. Qeyd edilən xüsusatı nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 3-cü bəndinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında İddiaçı məxsus olan, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən 0,04 ha torpaq sahəsinə ona dair bölgü sxemin tərtib edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilməsinə Cavabdeh tərəfindən törədilmiş maneə aradan qaldırılsın. İddia tələbi İddiaçı məxsus torpaq sahəsinin Cavabdeh zəbtindən azad edilməsi hissəsində rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-6334/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6334/2025
26.01.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver