Məhkəmə qərarları › İş №2(041)-2125/2025

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-2125/2025

12.01.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-2125/2025 12.01.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “həyətyanı torpaq sahəsinin yaxınlığında çəkilmiş yolun öz hesabına götürülməsi, torpaq sahəsindən istifadəyə edilən maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən onun həyətyanı torpaq sahəsinin yaxınlığında çəkilmiş yolun öz hesabına götürülməsi, torpaq sahəsindən istifadəyə edilən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, Kürdəmir rayon Qarabucaq bələdiyyəsində ailə üzvləri ilə birlikdə yaşayır. Qarabucaq bələdiyyəsinə müraciət edərək həyətyanı torpaq sahəsi almışdır. Cavabdeh torpaq sahəsinin içərisindən yol çəkərək ona torpaq sahəsindən istifadə etməsinə imkan vermir. Onun mülkiyyətində olan torpaq sahəsinin yaxınlığından su arxı keçdiyinə görə həmin ərazinin yaxınlığında yerləşən, cavabdehin magistral yola çıxmaq üçün çəkdiyi yolun digər tərəfində yaşayış evi tikmək istəyir. Lakin cavabdehin çəkdiyi yol onun ev tikməsinə mane yaradır. Dəfələrlə bu barədə yerli bələdiyyəyə və icra nümayəndəsinə məlumat verməsinə baxmayaraq heç bir nəticəsi olmamışdır. Bu ərazinin cavabdehə verilməsinə dair heç bir hüquqi sənədi yoxdur. Qanunsuz tikinti aparmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, 2024-cü ildə o, iddiaçı qismində İddiaçı qarşı mülkiyyətində olan həyətyanı torpaq sahəsinin giriş-çıxışına qoyulmuş maneələrin aradan qaldırılması barədə Kürdəmir Rayon Məhkəməsinə iddia ərizəsi vermiş və Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-35/2025 saylı qətnaməsi ilə iddia təmin edilmiş, yəni iddiaçı Cavabdeh mülkiyyətində olan, Kürdəmir rayonunun Qarabucaq qəsəbəsində yerləşən evinə və həyətyanı sahəsinə giriş çıxışına qonşuluqda yerləşən torpaq sahəsinin mülkiyyətçisi İddiaçı tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. Məhkəmənin bu qənaətə gəlməsinə əsas, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-985/2024 saylı qərardadı ilə iş üzrə təyin etdiyi məhkəmə torpaqşünaslıq ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/9380 saylı ekspert rəyi olmuşdur. Məhkəmə işdə olan sənədlər əsasında müəyyən etmişdir ki, Kürdəmir rayonunun Qarabucaq Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 04 saylı qərarı ilə ona 0.12 ha həyətyanı torpaq sahəsi ayrılmış, onun evinə gedən yol yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olmaqla, bələdiyyə mülkiyyətinə aiddir, o 2018-ci ildə həyətyanı sahəsinə gedən yola çınqıl daş tökərək yolu abadlaşdırmış və 2024-cü ilin mart ayında cavabdeh İddiaçı yolun ona məxsus hasarın bitişik hissəsində, küçə qapısının girişində traktorla arx qazaraq yolunu kəsmişdir. Odur ki, iddianın təmin olunmamasını məhkəmədən xahiş edir. Məhkəmə, tərəflərin izahatını dinləyib və işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə məhkəmə baxışına hazırlığın icraatına xitam verilməlidir. İş üzrə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, tərəflər arasında mövcud olan mübahisənin predmeti olan yol əvvəllər də məhkəmə araşdırmasının predmeti olmuşdur. Belə ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-35/2025 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “həyətyanı sahənin giriş və çıxışına qoyulmuş maneələrin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilmiş və cavabdeh İddiaçı tərəfindən Cavabdeh mülkiyyətində olan evinə və həyətyanı torpaq sahəsinə girişçıxışına yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir. Həmin mülki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh həyətyanı torpaq sahəsinə aparan yol bələdiyyə mülkiyyətində olmaqla yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir və həmin yolun istifadəsinə cavabdeh İddiaçı tərəfindən maneələr yaradılmışdır. Məhkəmə həmin yolun hüquqi statusunu, yerləşmə yerini, tərəflərin həmin yoldan istifadə hüquqlarını və bu hüquqlara edilən müdaxiləni araşdıraraq mübahisəyə hüquqi qiymət vermiş və cavabdehin yaratdığı maneələrin aradan qaldırılmasını qət etmişdir. Hazırkı iş üzrə isə İddiaçı tərəfindən Cavabdeh qarşı “həyətyanı torpaq sahəsinin yaxınlığında çəkilmiş yolun öz hesabına götürülməsi və torpaq sahəsindən istifadəyə edilən maneələrin aradan qaldırılması” tələbi irəli sürülmüşdür. Məhkəmə tərəfindən yerli baxış zamanı və iş materialları əsasında müəyyən edilmişdir ki, hazırkı iş üzrə mübahisələndirilən yol əvvəlki iş üzrə araşdırılmış və hüquqi qiymət verilmiş eyni yol olmaqla, tərəflərin mübahisəsi faktiki olaraq yenidən həmin yolun mövcudluğu və istifadəsi ilə bağlıdır. Bununla da məhkəmə müəyyən edir ki, hər iki iş üzrə tərəflər eyni olmaqla, onların prosesual statuslarının dəyişməsi mübahisənin mahiyyətinə təsir etmir. Çünki birinci işdə Cavabdeh iddiaçı, İddiaçı isə cavabdeh qismində çıxış etdiyi halda, hazırkı işdə tərəflər qarşılıqlı olaraq yer dəyişmişdir. Lakin tərəflər arasında yaranmış mübahisənin predmeti dəyişməz olaraq eyni yolun hüquqi rejimi və ondan istifadə məsələsi olmuşdur. Hər iki iş üzrə hüquqi əsaslar da eynidir, yəni mübahisə tərəflərin həmin yola münasibətdə hüquq və vəzifələrinin müəyyən edilməsi, yolun mövcudluğu və istifadəsinin qanuniliyi məsələsindən irəli gəlir. Beləliklə, tərəflər arasında eyni predmet və eyni hüquqi əsaslar üzrə mübahisə artıq məhkəmə tərəfindən həll edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsində təsbit edilmişdir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 261, 262-264, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “həyətyanı torpaq sahəsinin yaxınlığında çəkilmiş yolun öz hesabına götürülməsi, torpaq sahəsindən istifadəyə edilən maneələrin aradan qaldırılması” tələbinə dair 2(041)-2125/2025 saylı mülki işin məhkəmə baxışına hazırlığın icraatına xitam verilsin. İzah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Kürdəmir Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar