Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-634/2021 22.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı Adıgözəlov Xanlar Qubad oğlunun,cavabdehlər Cavabdeh2 və Adıgözəlov Qubad İbad oğlunun iştirakı ilə İddiaçı Adıgözəlov Xanlar Qubad oğlu,cavabdehlər Cavabdeh2 və Adıgözəlov Qubad oğlu və Abşeron rayon 1 saylı Notariat Kontoruna qarşı ev bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə, 22 iyun 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Adıgözəlov Xanlar Qubad oğlu,cavabdehlər Cavabdeh2 və Adıgözəlov Qubad oğlu və Abşeron rayon 1 saylı Notariat Kontoruna qarşı ev bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Abşeron rayon 1 saylı Notariat Kontorunda bağlanmış 23 iyun 2013-cü il tarixli, 4Ə/2560 Reyestr nömrə ilə qeydə alınmış, “ev bağışlama müqaviləsi”nin etibarsız hesab edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 97,4 kv.m olan, iki otaqlı, iki mərtəbəli fərdi yaşayış evi iddiaçının atası Cavabdeh1 mülkiyyətində olmuşdur. Abşeron rayon 1 saylı Notariat kontorunda bağlanmış 23.06.2013-cü il tarixli, 4Ə/2560 reyestr nömrəli “ Ev bağışlama müqaviləsi”nə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 97,4 kv.m olan, iki otaqlı, iki mərtəbəli fərdi yaşayış evini oğlu Cavabdeh2 bağışlamışdır. Lakin həmin bağışlama müqaviləsi bağlanarkən iddiaçının razılığı alınmamış, onun xəbəri və razılığı olmadan bağışlama müqaviləsi bağllanmışdır.Halbuki Notariat haqqında Təlimatın 38 və 49-cu maddələrinin tələblərinə əsasən notariat orqanı bağışlama müqaviləsini təsdiq edərkən orada yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin razılğını almalı idi. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edib, onun məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Cavabdeh1 iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında digər Cavabdeh2 iddia tələbini qəbul etməyib, iddianın təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, atası Cavabdeh1 evi könüllü olaraq ona bağışlamış və bağışlama müqaviləsi bağlanarkən iddiaçı şəxsən özü Notariat ofisinə getmiş və razılıq ərizəsini vermiş, imzalamışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakin Dövlət Reyestrindən ******* saylı çıxarışdan müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 97,4 kv.m olan, iki otaqlı, iki mərtəbəli fərdi yaşayış evi Cavabdeh2 adına daşınmaz əmlakin dövlət reyestrində 62 nömrəli reyestr kitabının 94 nömrəli vərəqində **********46-10301 reyestr nömrəsi ilə 13.07.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Abşeron rayon 1 saylı Notariat kontorunda bağlanmış 23.06.2013-cü il tarixli, 4Ə/2560 reyestr nömrəli “ Ev bağışlama müqaviləsi”nə əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 97,4 kv.m olan, iki otaqlı, iki mərtəbəli fərdi yaşayış evini Cavabdeh1 Cavabdeh2 bağışlamışdır. İşin materiallarında olan məhkəmə qətnamələrindən müəyyən edilir ki, iddiaçı Cavabdeh1 Cavabdeh2 qarşı bağışlama müqaviləsinin ləğvi barədə iddia tələbi təmin edilməmişdir. İşin materiallarında olan Məhkəmə xəttşünaslıq ekspertizasının 08 may 2021-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim olunan mülki işin materiallarında olan Adığözəlov Xanlar Qubad oğlunun adından olan 21 iyun 2013-cü il tarixli reyestrdə 7E/9101 sayla qeydə alınmış ərizədə “imza”qrafasında “ərizəni oxudum razıyam”yazıları və həmin ərizədə “imza” qrafasındakı imza- X2 tərəfindən icra olunmuşdur. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, Abşeron rayon 1 saylı Notariat kontorunda bağlanmış 23.06.2013-cü il tarixli, 4Ə/2560 reyestr nömrəli “ Ev bağışlama müqaviləsi”nə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 97,4 kv.m olan, iki otaqlı, iki mərtəbəli fərdi yaşayış evini Cavabdeh1 Cavabdeh2 bağışlamışdır.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakin Dövlət Reyestrindən ******* saylı çıxarışa əsasənünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 97,4 kv.m olan, iki otaqlı, iki mərtəbəli fərdi yaşayış evi Cavabdeh2 adına daşınmaz əmlakin dövlət reyestrində 62 nömrəli reyestr kitabının 94 nömrəli vərəqində **********46-10301 reyestr nömrəsi ilə 13.07.2013-cü il tarixdə qeydiyyata alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, mübahisəli evin bağışlama müqaviləsi bağlanarkən evdə qeydiyytının olmasına baxmayaraq onun razılğı alınmamışdır.İşin məhkəmə baxışında cavabdeh İbad Adığözəlov bununla razılaşmamış, iddianın əsassız olduğunu bildirmişdir.Qeyd edilən zidiyyətin aradan qaldırılması üçün iş üzrə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmiş,Məhkəmə xəttşünaslıq ekspertizasının 08 may 2021-ci il tarixli rəyindən göründüyü kimi ekspertizaya təqdim olunan mülki işin materiallarında olan Adığözəlov Xanlar Qubad oğlunun adından olan 21 iyun 2013-cü il tarixli reyestrdə 7E/9101 sayla qeydə alınmış ərizədə “imza”qrafasında “ərizəni oxudum razıyam”yazıları və həmin ərizədə “imza” qrafasındakı imza- X2 tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Qərarında əks olunan hüquqi mövqeyinə əsasən mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, mülkiyyətçi tərəfindən sərəncam səlahiyyətinin həyata keçirilməsinin mülkiyyətçi olmayan şəxslərin iradəsi ilə istənilən halda şərtləndirilməsi faktiki olaraq bu səlahiyyətin mülkiyyətçi olmayan şəxslərə mənsub olduğunu göstərir. Halbuki, bunun yolverilməzliyi həm Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsində, həm də onu inkişaf etdirən Mülki Məcəllənin 152.1-ci maddəsində ifadə olunmuşdur. Həmin normaya əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bunun əksinə olaraq, sərəncam vermək səlahiyyətinin mülkiyyətçi olmayan şəxslərə verilməsi faktiki olaraq bir əmlak üzərində eyni zamanda ikinci eyni həcmli mülkiyyət hüququnun mövcudluğu deməkdir. Bu isə yalnız həmin əmlak üzərində bir neçə şəxsin birgə mülkiyyət hüquqları olduqda mümkündür. Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olubolmadığının müəyyənləşdirilməməsi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun.Mənzildən istifadə edilməsi ilə əlaqədar yaranmış hüquq münasibətlərinin mövcudluğunda notarius tərəfindən özgəninkiləşdirilən yaşayış mənzilində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayışın tələb edilməməsi və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığının alınmaması alqı-satqı müqaviləsinin aldatma yolu ilə bağlanması və Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə istinadən bu əqdin etibarsız hesab edilməsi üçün səbəb ola bilməz. Eyni zamanda qanunvericiliyin tələblərini pozmadığına görə aldatmanın olmadığını və əqdin etibarlı olduğunu sübut etmək cəhdləri də əsassızdır. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər. Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqısatqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Beləliklə, işin müəyyən edilən faktiki hallarına hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, iddiaçının müqavilə bağlanarkən onun razılıq ərizəsinin alınmaması məhkəmə baxışında öz təsdiqini tapmadığından iddia tələbi əsassızdır və təmin eilməməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, evin bağışlama müqaviləsi bağlanarkən orada qeydiyyatda olan şəxslərin razılıq ərizələrinin alınmaması əqdin etibarsız sayılması üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulmuş olsun. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə ekspertizasının keçirilməsi ilə bağlı 122 manat məhkəmə xərci vardır.Məhkəmə hesab edir ki, hazırkı halda 122 manat məhkəmə xərci iddiaçıdan tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360/ 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddiaçı Adıgözəlov Xanlar Qubad oğlunun cavabdehlər Cavabdeh2 və Adıgözəlov Qubad oğlu və Abşeron rayon 1 saylı Notariat Kontoruna qarşı “ev bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia tələbi təmin edilməsin. Adıgözəlov Xanlar Qubad oğlundan 122 manat məhkəmə ekspertizası xərcinə görə pul tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-634/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-634/2021
22.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver