Məhkəmə qərarları › İş №2(012)-635/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-635/2021

14.06.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-635/2021 14.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin İddiaçı Cavabdeh qarşı “tikintinin sökülməsi” tələbinə dair mülki işə 14 iyun 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin İddiaçı Cavabdeh qarşı “tikintinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin İddiaçı balansında olan ***-*******7 nömrəli hovuz kimi qeydiyyatda olan əmlakın yerində Cavabdeh tərəfindən tikilmiş 3x4 metr ölçüdə (2 (iki) tərəfi 2 (iki) mişar daşı, 1 (bir) tərəfi 3 (üç) mişar daşı və 1 (bir) tərəfi 1 (bir) mişar daşı hündürlüyündə olmaqla) əsaslı tikintinin cavabdehin öz hesabına sökülərək ərazinin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin İddiaçı balansında olan ***-*******7 nömrəli hovuz kimi qeydiyyatda olan əmlakın yerində Cavabdeh tərəfindən tikilmiş 3x4 metr ölçüdə olan 2 (iki) tərəfi 2 (iki) mişar daşı, 1 (bir) tərəfi 3 (üç) mişar daşı və 1 (bir) tərəfi 1 (bir) mişar daşı hündürlüyündə olmaqla, əsaslı tikinti işlərinin aparılması Mərkəzin işçiləri tərəfindən aşkar edilmişdir. Bu səbəbdən də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddianı müdafiə edib təmin edilməsini məhkəmədən xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin İddiaçı direktoru X3 da iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəməyə gəlməmiş, səbəbləri barədə isə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməlidir. Mülki işin materiallarında olan İddiaçı direktoru X3, Mərkəzin direktor müavini X1 və Mərkəzin baş mühasibi X7 tərəfindən tərtib edilmiş 26.08.2020-ci il tarixli aktın müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Mərkəzin balansında olan əmlaka baxış keçirmək üçün Saray qəsəbəsində təftiş keçirmişlər. Təftiş zamanı mərkəzin balansında olan hovuz kimi qeydiyyatda olan ***-*******7 reyestr nömrəli əmlakın yerində 4x3 metr ölçüdə, 2 (iki) tərəfi 2 (iki) mişar daşı, 1 (bir) tərəfi 3 (üç) mişar daşı və 1 (bir) tərəfi 1 (bir) mişar daşı hündürlüyündə olmaqla, əsaslı tikinti işləri aparıldığını aşkar etmişlər. Araşdırma zamanı məlum olmuşdur ki, ərazidə aparılan əsaslı tikinti işləri Cavabdeh tərəfindən aparılmışdır. Onlar həmin şəxsə aparılmış tikinti işinin qanunsuz olduğunu bildirsələr də, vətəndaş itaətsizlik göstərmiş və onları ərazidən uzaqlaşdırmağa çalışmışdır. Ona görə də onlar Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etmişlər. Polis əməkdaşları gəldikdən sonra təkrar olaraq həmin şəxsdən ərazidəki tikintinin sökülməsini tələb etmişlər, lakin həmin şəxs tələblərinə əməl etməmişdir. Aktı imzaları ilə təsdiq etmişlər. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 28 avqust 2020-ci il tarixli 65-1 nömrəli məktubdan görünür ki, İddiaçı tərəfindən 5 gün müddətində apardığı qanunsuz tikintinin sökülməsi və ərazinin əvvəlki vəziyyətinə qaytarılması, əks təqdirdə sənədlərin məhkəməyə təqdim ediləcəyi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; Həmin Məcəllənin 157.4.maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin İddiaçı balansında olan ***-*******7 reyestr nömrəli hovuz kimi qeydiyyatda olan əmlakın yerində cavabdeh tərəfindən qanunsuz tikinti inşa edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin İddiaçı balansında olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən ***-*******7 reyestr nömrəli hovuz kimi qeydiyyatda olan əmlakın yerində Cavabdeh tərəfindən aparılan qanunsuz tikinti Cavabdeh hesabına sökülərək ərazi əvvəlki vəziyyətinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin İddiaçı balansında olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən ***-*******7 reyestr nömrəli hovuz kimi qeydiyyatda olan əmlakın yerində Cavabdeh tərəfindən aparılan qanunsuz tikinti Cavabdeh hesabına sökülərək ərazi əvvəlki vəziyyətinə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şıkayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar