Məhkəmə qərarları › İş №2(012)-639/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-639/2025

08.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-639/2025 08.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış 777,60 manat məbləğində cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci ildə Abşeron rayonu, Hökməli-Qobu yolu, Təzə yaşayış massivi, Koroğlu küçəsində müqavilə əsasında, ailəmlə birgə yaşamaq üçün həyət evi almışdır. Evi alandan sonra təqribən bir ilə yaxın, yəni 2022-ci ilin axırına qədər təmir işləri getdi. Sonra evə qaz sayğacı quraşdırıldı. Lakin həmin sayğac köhnə və işlənmiş vəziyyətdə olmuşdur. Bu barədə irad bildirəndə, demişlər ki, “bu sayğacı bir qədər işlədin, sonra dəyişdiriləcək”. Həmin köhnə sayğaçları quraştırdıqdan sonra möhürləyib getmişlər. Təxminən 5-6 ay qədər bu sayğaçlardan istifadə etdikdən sonra, Cavabdeh əməkdaşları gələrək, birinci dəfə quraşdırdıqları sayğaçları söküb yerinə başqa sayğaç quraşdırmışlar. İkinci dəfə quraşdırılan sayğaçlara baxdıqda da işlənmiş olduğu məlim oldu. Bu dəfə də irad bildirəndə, yenə də demişlər ki, “bu sayğacı da bir qədər işlədin, sonra dəyişdiriləcək”. 2024-cü ilin başlarında Cavabdeh əməkdaşları xəbərdarlıq etmədən qaz sayğacını söküb aparmış, yerinə yenə də işlənmiş sayğac quraşdırmışlar. Köhnə sayğacı laborator müayinə etmiş və ona 777,60 manat cərimə hesablamışlar. Heç vaxt qazın istifadəsinə görə borcu olmayıb və sayğaca heç vaxt özü və ailə üzvləri tərəfindən heç bir müdaxilə olunmamışdır. Heç bir təqsiri olmadan, sayğacda aşkar edilmiş zərərlər onun tərəfindən törədilmədiyi halda, abonent günahlandırılmışdır. Qeyd edilən qaz sayğacı küçədə yerləşir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi Zahit Karayol iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Məlumat verilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, həmin tarixdə abonent İddiaçı Abşeron rayonu, Hökməli-Qobu yolu, Təzə yaşayış massivi, Koroğlu küçəsində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00593) baxış keçirilən zaman mövcud sayğacın qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun olmadığı məyyən olunmuşdur. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən 6480 kub metr təbii qazı dəyərini ödəmədən istehlak etmişdir. İş materiallarında olan istehlakçı İddiaçı adına tərtib edilmiş Abşeron rayonu, Hökməli-Qobu yolu, Təzə yaşayış massivi, Koroğlu küçəsində yerləşən fərdi yaşayış evinə aid abonent kodu **********00593 olan abonentin saldosundan görünür ki, 2023-cü ilin mart ayı üçün akta əsasən qaz sərfiyyatı cəmi “6480 m3” həcmində müəyyən edilmiş, buna müvafiq olaraq abonentə 777,60 manat məbləğində borc hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə və digər hallarda qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçıya 777,60 manat məbləğində cərimə onun sayğacındakı nasazlığa görə xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən tətbiq edilmişdir. Halbuki yuxarıda qeyd edilən Qaydalara görə bu cür sayğacların işlək vəziyyətdə saxlanılmasına görə abonent məsuliyyət daşımır, yəni iddiaçıya tətbiq edilən cərimənin heç bir hüquqi əsası yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşadığı fərdi yaşayış evinə aid qaz sayğacına dair xx.xx.2023-cü il tarixli akta əsasən hesablanmış 777,60 manat borc silinməli, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə aid abonent kodu **********00593 olan qaz sayğacına xx.xx.2023-cü il tarixli akta əsasən hesablanmış 777,60 manat məbləğində borc silinsin. İddiaçının ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar