Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6503/2025 15.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Rəhimli Zərnişan Ağarəhim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********01380 olan sayğaca qanunsuz olaraq hesablanmış
777. 60 (yeddi yüz yetmiş yeddi manat, altmış qəpik) məbləğində cərimə borcunun silinməsi barədə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********01380 sayğac vardır. “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması görə iddiaçıya məxsus abonent kodu **********01380 olan sayğaca 31,01.2024cü il tarixdə ******* nömrəli akt tərtib edilmiş və ümumilikdə 777, 60 (yeddi yüz yetmiş yeddi manat, altmış qəpik) məbləğində dəymiş ziyana görə cərimə hesablanmışdır. Dəymiş ziyanın bərpasına dair xx.xx.2024-cü il tarixli tələbnamədə “Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2024cü il tarixində AKT № MSK AKT № 0057 Aktına əsasən 1002AQ**********0 Sayğaca baxış keçirildi.Sayğacın klapanı işlək deyil.qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır.Sayğacın hesablanma mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plombların rəngi qoruyucu örtüyün rəngindən fərqlidir. Sayğacın yaddaş arxivi oxundu. Sayğacda istismar müddətində xx.xx.2012-ci il tarixində ALARM-1 rejimi aşkar olunub. Sayğac xəta cədvəlində göstərilən xəta faizləri ilə nisbətdə az işləyir. Sayğacın istismara yarasız olduğu qeyd edilmişdir. Yazılmış cərimə qanunsuz və əsassızdır. İddiaçı və ailə üzvləri qaz sayğacına heç bir müdaxilə etməmişdir. Qaz sayğacına müdaxilə etmək üçün plomblar qırılmalı və bundan sonra sayğaca müdaxilə etmək mümkündür. Qaz sayğacının isə plombları qırılmamışdır. Sayğac evin hasarının çöl hissəsinə quraşdırılmışdır, hər gün həmin ərazidən onlarla insan keçir, acıq havada quraşdırılmış sayğac gün şüasına məruz qalır çöldə quraşdırılmış sayğaca görə hər hansı bir cavabdehlik daşımadığını,sözügedən akt qanunsuz və əsassız olaraq tərtib edilmişdir. Belə ki, sözügedən aktdan ödənişlə bağlı bildiriş gələrkən xəbəri olmuşdur. “Azəriqaz” İB yaşadığı Abşeron rayonu, Saray qəsəbəsində belə qanunsuz aktlar tərtib etməklə vətəndaşları incidir. Demək olar ki, yaşadığı ərazidə çox evlərə belə qanunsuz və əsassız aktlar tərtib edilmişdir. İddiaçı “AzəriQaz” istehsalat birliyinə əsassız və qanunsuz yazılmış cərimələrin silinməsi ilə bağlı şifahi olaraq müraciət etsədə idarə tərəfindən heç bir müsbət cavab verilməmiş və məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Bütün bu qeyd etdiklərinə əsasən məsələnin araşdırılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. Cavabdeh “Azəriqaz” İB məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə isə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən xx.xx.2024-cü ildə tərtib və təsdiq olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktdan görünür ki, həmin tarixdə abonent İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi ünvanına (abonent kodu: **********01380) baxış keçirilən zaman sayğacın qüsurlu olduğu aşkar edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli ******* saylı akta əsasən abonent İddiaçı 6480 kub metr təbii qazı istehlak etmişdir. İş materiallarında olan istehlakçı İddiaçı adına tərtib edilmiş ünvan 3 ünvanına aid abonent kodu **********01380 olan abonentin saldosundan görünür ki, 2024-cü ilin yanvar ayında qaz sərfiyyatı cəmi “6480 m3” həcmində müəyyən edilmiş və buna müvafiq olaraq abonentə 777,60 manat məbləğində borc hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə və digər hallarda qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçıya 777,60 manat məbləğində cərimə onun sayğacındakı nasazlığa görə xx.xx.2024-ci il tarixli akta əsasən tətbiq edilmişdir. Halbuki yuxarıda qeyd edilən Qaydalara görə bu cür sayğacların işlək vəziyyətdə saxlanılmasına görə abonent məsuliyyət daşımır, yəni iddiaçıya tətbiq edilən cərimənin heç bir hüquqi əsası yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşadığı fərdi yaşayış evinə aid qaz sayğacına dair xx.xx.2024-cü il tarixli akta əsasən hesablanmış 777,60 manat borc silinməli, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçı məxsus ünvan 3 ünvanına aid abonent kodu **********01380 olan qaz sayğacına xx.xx.2024-cü il tarixli akta əsasən hesablanmış 777,60 manat məbləğində borc silinsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Məlahət Abbasova