Məhkəmə qərarları › İş №2(012)-6520/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6520/2025

29.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6520/2025 29.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Hüseynova Ülviyyə Əliağa qızının katibliyi, İddiaçı Ağagül oğlunun iştirakı ilə, İddiaçı Ağagül oğlunun Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ağagül oğlu Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən Abşeron rayon, Nübar, X1 massivində yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********03710 olan sayğaca qanunsuz olaraq hesablanmış 259,20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Ağagül oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron rayon, Nübar, X1 massivində yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********03710 olan qaz sayğacından istifadə edir. İstifadə etdiyi sayğacın abonent kodu onun adına rəsmiləşdirilmişdir. Cavabdeh əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə ona məxsus abonent kodu **********03710 olan sayğaca onun xəbəri olmadan, iştirakı olmadan baxış keçirilmiş və xx.xx.2020-ci il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Eyni zamanda, dəymiş ziyanın bərpasına dair tələbnamədə guya sənaye və məişət sayğaclarını kalibrləmə laboratoriyasının qaz sayğacının yoxlanılması barədə xx.xx.2020-ci il tarixli 29/1710-04397-1 №-li aktına əsasən G-4 markalı 1302AZ**********59 №-li sayğacın çıxış plasmas borusunun deşik olması qeyd edilmişdir. Hesab edir ki, "Azəriqaz" İB-nin əməkdaşları bilərəkdən abonent kodu **********03710 olan sayğaca qərəzli olaraq cərimə aktı yazmışlar. Sözügedən akt qanunsuz və əsassız olaraq tərtib edilmişdir. Sayğacın çıxış-plasmas borusunu deşmək üçün sayğacın plombu qırılmalı və bundan sonra həmin plasmas borunu deşmək mümkündür. Lakin istifadə etdiyi sayğacın plombu qırılmamış ona hər hansı müdaxilə edilməmişdir. Göstərilənlərə əsasən, o, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, hazırda Abşeron rayon Məhkəməsinin icraatında olan 2(012)-6520/2025 saylı mülki iş üzrə İddiaçı Ağagül oğlu 259,20 manat borc məbləğin əsassız olduğu üçün silinməsi tələbi ilə bağlı iddia qaldırmışdır. İş üzrə cavabdeh olaraq aşağıda qeyd etdiklərimizə əsasən iddia ərizəsinə etiraz edirik. Belə ki, iddiaçıya məxsus Abşeron rayonu “Nübar-Atyalı” Yeni yaşayış massivində yerləşən fərdi yaşayış evində quraşdırılmış, Cavabdeh İB –nin Sumqayıt RQİİdə İddiaçı Ağagül oğlunun adına qeydiyyata alınmış təbii qaz sayğacına (abonent kodu : **********03710 ) baxış keçirilmiş və sayğacın çıxış plastmas borusunun deşilməsi aşkarlanmışdır. Müdaxilə faktı barədə Cavabdeh İB-nin mütəxəssisləri tərəfindən iddiaçının iştirakı ilə (aktı imzalamaqdan imtina etməsi barədə qeyd aparmaqla) xx.xx.2020-ci il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən iddiaçıya 2160 m3 təbii qaz sərfi – 216,00 manat dəymiş ziyan məbləği hesablanmışdır. İddiaçının hazırda faktiki borcu 662,97 manat təşkil edir və abonentin **********03710 saylı saldosunda (debitor borcun olub-olmamasını təsdiq edən sənəd) öz əksini tapmışdır. Məhkəmənin diqqətinə çatdırmaq istərdik ki, iddiaçının silinməsini tələb etdiyi 259,20 manat məbləğin cəmi 216,00 manat hissəsi itirilmiş qaz sərfinə görə ******* saylı akt əsasında hesablanmış məbləğdir, geri qalan məbləğ isə abonentin təbii qazın istehlakına görə yaranmış debitor borcudur. “Qaz təchizatı haqqında” qanunun 3-cü maddəsinin tələblərinə görə (3.1.) Qaz qurğularının tikintisi, qurulması, istismarı və işçi vəziyyətdə saxlanılması müvafiq tələblərə cavab verməlidir. (3.2.) Qaz qurğuları qazın atmosferə buraxılmamasını, onun təzyiqinin, temperaturunun tərkibinin və digər göstəricilərinin müvafiq tələblərə uyğunluğunu təmin etməli, başqa qurğu və əməliyyatların təhlükəli təsirindən mühafizə olunmalıdır. (3.3.) Əgər həqiqi və potensial təhlükələr yaranarsa, qaz qurğularının istismarçıları dərhal qaz təchizatçılarına, podratçılar və qaz istehsalı üzrə xüsusi icazəsi olan şəxslər isə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidirlər. Həmin qanunun 4-cü maddəsinin 2-ci hissəsinə əsasənistehlakçı bu qanunun 3-cü maddəsinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Həmin qanunun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğulardan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Borcun ödənilməsi barədə idarə rəhbərliyi tərəfindən abonentə dəfələrlə qanunun tələbləri izah edilməsinə baxmayaraq hal-hazıra qədər həmin məbləğ ödənilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16cı maddəsinə əsasən-fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq məqsədilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formada sui-istifadə edilməsinə yol verilmir. Yenə həmin Məcəllənin 18-ci maddəsinə əsasən Mülki hüquqların müdafisi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-cü maddəsinin tələblərinə görə, (24.1) Azərbaycan Respublikası məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir. Qeyd etdiklərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən cavabdeh kimi etirazlarını nəzərə alaraq qeyd olunan əsaslarla 2(012)-6520/2025 saylı mülki iş üzrə İddiaçı Ağagül oğlu tərəfindən verilmiş iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat vermə. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ. bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 60-cı maddəsinin İİ. bəndinə əsasən, hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 4.1 maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.1 maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -“Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı Ağagül oğluna məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman sayğacın çıxış plastmas borusunun deşildiyi aşkarlanmış, dəymiş ziyanın hesablanaraq ödənilməsi qərara alınmışdır. -Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, qaz sayğacının nominal qaz sərfi 4 m³ orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğ ödənilməsi qərara alınmışdır. Əsas olaraq xx.xx.2020-ci il tarixli, ******* saylı akt olmuşdur. -Abonent kodu **********03710 olan İddiaçı Ağagül oğlunun adına olan abonent saldosundan görünür ki, Abşeron rayonu, Nübar qəsəbəsi, X1 Massivi ünvanına xx.xx.2020-ci il tarixdə Zenner G4T Mexaniki tipli, **********5 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1). Akta əsasən hesablanmış, abonentin 2025-ci ilə aid olan qalıq və aktlar üzrə borcun məbləği 216 manat göstərilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1 maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin, belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludur. 136.4-cü maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 139.1-ci maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. İşin faktiki hallarına qiymət verib və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasən, istehlakçıya məxsus yaşayış sahəsində təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılmış və sayğacın çıxış plastmas borusunun deşildiyi müəyyən edilmişdir. Beləliklə, abonent onunla bağlanmış müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və mülki iş materiallarına əlavə olunmuş abonent saldosuna əsasən, cəmi 259,20 manat borc yaranmışdır. Həmin borc hesablanarkən vurulmuş ziyan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 14 mart 2011-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları” əsas götürülmüşdür. Məhkəmə həmçinin, iddia tələbi ilə bağlı qeyd edir ki: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Belə ki, qaz paylayıcı şəbəkə öz vəzifə borclarını dürüst yerinə yetirməyərək Nazirlər Kabinetinin «Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli, 80 saylı Qərarının aşağıdakı bəndlərini kobud şəkildə pozmuşdur:- 2.1.3. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək; 2.1.5. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq; 2.1.10. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək. Məhkəmə xx.xx.2020-ci il tarixli, ******* saylı aktla bağlı qeyd edir ki, iddiaçıdan ödənilməsi tələb olunan borc məbləği eyni zamanda, yuxarıda qeyd olunan akt əsasında təbii qazdan istifadə qaydalarının pozulması nəticəsi kimi hesablansa da, məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş aktı sübut növü kimi qiymətləndirmir. Belə ki, xx.xx.2020-ci il tarixli, ******* saylı akt hüquqmüəyyənedici sənəd olmadığından prosessual sənəd kimi qəbul edilir, həmin akt tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla yalnız abonentə məxsus qaz sayğacında olan qüsurun mövcud olmasını təsdiqləyən sənəddir. Mülki Prosessual Məcəllənin 13.4. maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. “İcra haqqında Azərbaycan Respublikası Qanunu”nun 39.1. maddəsinə əsasən, hal şahidi iştirak etdiyi icra hərəkətləri faktını, bu hərəkətlərin məzmun və nəticələrini müvafiq icra hərəkəti aktında öz imzası ilə təsdiq etməlidir. Hal şahidinin hansı icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək üçün dəvət olunduğunu, bu hərəkətlərin hansı icra sənədi əsasında həyata keçirildiyini bilmək, habelə həyata keçirilən icra hərəkətlərinə dair iradlarını bildirmək hüququ vardır. Hal şahidinin iradları onun özü və ya icra məmuru tərəfindən müvafiq icra hərəkətləri aktında qeyd olunur. İddia tələbindən göründüyü kimi, Cavabdeh İB-nin nümayəndələri tərəfindən istehlakçı barəsində xx.xx.2020-ci il tarixli, ******* saylı akt tərtib edilərək həmin akt əsasında sonuncuya cərimə hesablanmışdır. Məhkəmə həmin akta hüquqi qiymət verib belə qənaətə gəlir ki, tədqiq olunmuş akt tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla, yalnız abonentə məxsus qaz sayğacına dair tərtib olunmuş sənəddir. Lakin göründüyü kimi, xx.xx.2020-ci il tarixli, ******* saylı aktın tərtib olunması zamanı qanunvericiliyin tələblərinə riayət edilməyərək istehlakçının və hal şahidlərinin iştirakı təmin edilmədən tərtib olunmuş, aktda istehlakçı tərəfindən “İmtina etdi” barədə qeyd aparılmış, lakin həqiqətən də həmin aktın istehlakçının iştirakı təmin olunmaqla sonuncunun aktı qəbul etməkdən imtina etməsinin nəticəsi kimi tərtib olunması sübuta yetirilməmiş, nə də Cavabdeh İB-nin nümayəndəsi tərəfindən imtina etməsi barədə səbəblər həmin akta əlavə olunmamışdır. Ona görə də, tərtib olunmuş akt natamam olmaqla doğruluğu şübhə doğurur. Bu isə həmin aktın qüsurlu tərtib edilməsinin göstəricisidir. Həmin sənədin bitərəf olan hal şahidlərinin iştirakı ilə imzalanması isə aktın doğruluğuna şübhə olunmaması üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi, mülki iş materiallarına əlavə olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* saylı akt qüsurlu olduğundan sübut kimi qəbul edilməməlidir. Eyni zamanda sayğacda plasmas borunun deşilməsi həmin sayğacın daxilinə nüfuz edilədən mümkün deyildir. Sayğacın daxilinə hər hansı iş görülməsi isə sayğacda olan surqutun qırılması nəticəsində olan hərəkətdir. Aktda olan qeyddən də göründüyü kimi sayğacın üzərində olan surqutun (plomun) qırılmaması barədə hər hansı məlumat yazılmamışdır.Onagörə də məhkəmə iddia tələbinin əsaslı olduğu qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin: 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbində 259,20 manat məbləğin iddiaçının abunə kodundan silinməsi məhkəmədən xahiş edilmişdir. Lakin abunə saldosundan və zərərin hesablanması təlabnaməsindən görünür ki, iddiaçıya akt üzrə hesablanmış zərərin məbləği 216 manat təşkil edir. Beləliklə Məhkəmə, iddiaçının izhatını, işin araşdırılan hallarını, maddi hüquq normalarını qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh tərəfindən iddiaçıya hesablanmış zərər məbləği sübut olunmadığından və iddia tələbi əsaslı olduğundan qismən təmin edilməli, iddiaçının abunə hesabına hesablanmış 216 manat pul məbləği silinməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5 maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.1. maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Hazırki iş üzrə iddia 216 manat həcmində təmin edildiyindən məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 238-252-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 216 (iki yüz on altı) manat borc abonent kodu **********03710 olan İddiaçı Ağagül oğluna məxsus abunə hesabından silinsin. Cavabdehndən 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar