Məhkəmə qərarları › İş №2(012)-653/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-653/2021

13.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-653/2021 13.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X1rşı aktın ləğvi və borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1rşı aktın ləğvi və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, X4 tərəfindən tərtib edilmiş aktların ləğvi və həmin aktlar əsasında qanunsuz və əsassız olaraq hesablanmış 1937.10 manat borcun silinməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində daimi olaraq yaşamasa da istifadə etdiyi qaz sərfiyyatına görə ödənişləri vaxtında və müntəzəm olaraq etmişdir. Lakin bu il son oxunma tarixi 27.07.2020-ci il tarixi olan 1937.10 manat borc bildirişi ona göndərilmişdir. Bundan sonra onun yalnız 2 saylı Bakı Asan Kommunal mərkəzinə müraciət etməsindən sonra 31 yanvar 2018, 28 fevral 2018 və 30 aprel 2018-ci il tarixlərində X4 tərəfindən tərtib olunmuş aktlar barədə məlumatı olmuş və həmin aktlarda onun aktları təsdiq etməkdən imtina etdiyi qeyd olunmuşdur. Halbuki, o zaman həmin ünvanda smart tipli sayğac mövcud idi və o, həmin ünvanda olduğu zaman istifadə etdiyi qaz sərfiyyatına görə də kartın balansından ödəniş etmişdir. Əlavə olaraq 2018-ci ildə tərtib olunmuş həmin aktlar barədə o, bu ilin avqust ayında Asan Kommunal mərkəzinə müraciət edəndə xəbər tutmuşdur. Bundan əlavə, bu ünvanda Azəriqaz İB-nin nümayəndələri tərəfindən üç dəfə sayğac dəyişdirilmiş, iki dəfə smart tipli sayğac və sonuncu dəfə isə 07.04.2020-ci il tarixdə mexaniki tipli sayğac quraşdırılmışdır. Bu sayğaclar dəyişdirilən zaman qanunsuz qaz sərfıyyatı barədə heç bir məlumat verilməmiş, yalnız idarədən tapşırıldığı üçün dəyişdirildiyi bildirilmişdir. Borc bildirişi barədə xəbərdarlıq aldıqdan sonra X3 yazılı şəkildə və şəxsən idarəyə gedərək müraciət etmiş və onlar 07.09.2020-ci il tarixdə sayğaca baxış keçirmiş, sayğacda kənar xətt və ya sasok aşkar etmədikləri barədə akt tərtib etmişlər. Qeyd olunan bu borc məbləği və cərimə tamamilə qanunsuz və əsassız hesablanmışdır. Çünki əgər cavabdeh tərəfin qeyd etdiyi kimi sayğaca hansısa müdaxilə olunsaydı bunu tərtib edilmiş aktda ona izah edib qazın hara sərf olunmasını göstərərdilər. Belə ki, bu il sentyabr ayında onun iştirakı ilə keçirilmiş baxış zamanı yenə də qazın qanunsuz istifadə edildiyi aşkar edilərdi. Bundan əlavə, cavabdeh idarənin ərazi üzrə əməkdaşları tərəfindən təkcə ona məxsus deyil, ümumiyyətlə həmin ərazidə olan sayğaclar üzrə eyni məbləğlərdə kütləvi borclar yazılır. Odur ki, onun tərəfindən heç bir müdaxilə olmadığı və həmin evdə faktiki olaraq yaşayış olmadığı halda cavabdeh öz maraqlarına uyğun olaraq hansısa qüsur müəyyən edilməsi barədə rəy almaları heç cürə qanunamüvafiq deyil. Ona məxsus borcun olması barədə hansısa rəsmi bildiriş verilməmiş və xəbərdarlıq edilməmişdir. Odur ki, ona məxsus evə 1937.10 manat borc yazılması tamamilə əsassız və qanunsuzdur. Bu səbəbdən də X4 tərəfindən qanunsuz olaraq tərtib olunmuş 31 yanvar 2018, 28 fevral 2018 və 30 aprel 2018-ci il tarixlərində tərtib olunmuş aktlar ləğv edilməli və qanunsuz borc silinməlidir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. 20.11.2020-ci il tarixdə etiraz ilə məhkəməyə müraciət edən Azəriqaz İB-nin nümayəndəsi X6 etirazında göstərmişdir ki, iddiaçı uzun müddət təbii qazdan sayğacdan kənar qaz xətti vasitəsilə istifadə etməklə X3 ziyan vurmuşdur. Bununla əlaqədar əməkdaşlar tərəfindən qanunamüvafiq qaydada aktlar tərtib edilmiş, dəymiş ziyan hesabatları hazırlanmışdır. 2012-ci ilin dekabr ayından etibarən 2018-ci ilin oktyabr ayına qədər iddiaçı istifadə etdiyi təbii qaz üzrə heç bir ödəniş həyata keçirməmişdir. Bu isə şübhə doğurur, iddiaçı təbii qazdan sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə etdiyinə görə ümumilikdə 1938,20 manat dəymiş ziyan hesablanaraq iddiaçının **********00310 saylı kod hesabına qeyd edilmişdir. Faktlarla bağlı əməkdaşlar tərəfindən 0164372, ******* və ******* saylı qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Aktlarla iddiaçının qazdan qeyri-qanuni olaraq sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə edilməsi öz təsdiqini tapmışdır. Bununla bağlı dəymiş ziyan hesabatları tərtib edilərək 30.04.2018-ci il tarixdə 4392 m3 (878,40 manat), 28.02.2018-ci il tarixdə 1008 m3(201,60 manat), 31.01.2018-ci il tarixdə 4291 m3 (858,20 manat) təbii qazın talandığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydalarının (bundan sonra Qaydalar) 4.1 bəndinə əsasən, qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilən dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılır. Bazar iqtisadiyyatı şəraitində göstərilən xidmətlərdən qeyri-qanuni istifadə nəticəsində dəymiş ziyanın ödənilməsi üzrə müvafiq qərarın qəbul edilməsi üçün müəyyənedici meyar faydalanan və zərərçəkən tərəflərin olmasıdır ki, bu da aşkar surətdə bəllidir. Təsadüfü deyil ki, Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair X5 Tədbirlər Planının 4.1.4.-cü bəndində Yığım səviyyəsinin maksimuma çatdırılması və təbii qazdan qanunsuz stifadəyə qarşı cərimələrin tətbiqinin nəzərdən keçirilməsi təsbit olunmuşdur. Bu tədbirlər enerji resurslarından səmərəli istifadənin təmin edilməsinə və itkilərin qarşısının alınmasına, azaldılmasına yönəlmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edilmişdir. Cavabdeh X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Azəriqaz İB ilə istehlakçı İddiaçı arasında bağlanmış Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 07.04.2020-ci il tarixli, 14/1052 saylı müqavilənin surətindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. -04.04.2020-ci il tarixli, ******* nömrəli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən görünür ki, İddiaçı Abşeron rayonu, Hökməli kəndi ünvanında yerləşən evində quraşdırılmış İtron G-4 markalı, 1602AZ**********759 saylı sayğaca baxış keçirilmiş, Azəriqaz İB-nin əməkdaşları tərəfindən çıxarılaraq, əvəzində Mexaniki G-4 markalı, 12533516 saylı yeni sayğac quraşdırılmışdır. -30.01.2018-ci il tarixli ******* saylı, 27.02.2018-ci il tarixli ******* saylı, 30.04.2018-ci il tarixli ******* saylı Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların surətindən görünür ki, abonent nömrəsi **********00310 olan İddiaçı məxsus Abşeron rayonu Hökməli qəsəbəsi ünvanında yerləşən evə quraşdırılmış İtron markalı G4 tipli qaz sayğacına baxış zamanı abonentin təbii qazdan qeyri-qanuni istifadə etdiyinə görə dəymiş ziyanın hesablanması qərara alınmış, aktlar tərtib edilərkən abonent tərəfindən imza edilməkdən imtina edilməsi barədə qeydiyyat aparılmışdır. -Azəriqaz İB-nin 30.04.2018-ci il tarixli tələbnaməsindən görünür ki, Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 120 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 10 saat, hesabat müddəti 120 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 120 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin cəmi 4392 m3 ödənilməsi qərara alınmışdır. Əsas olaraq 30.04.2018-ci il tarixli ******* saylı akt olmuşdur. -Abonentin saldosundan görünür ki, abonent kodu **********00310 olan ünvan 2 ünvanında 07.04.2020-ci il tarixdə Elster G4 Diafraqma tipli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1), abonent 2020-ci ildə 1934 manat borc müəyyən edilmişdir. -Azəriqaz İB-nin nümayəndələri E.Lələşov, Ş.Umudov tərəfindən imzalanmaqla tərtib olunmuş, istehlakçı İddiaçı da iştirakı və imzası ilə təsdiq edilmiş 07.09.2020-ci il tarixli istehlakçının qaz təsərrüfatının inventar aktından görünür ki, həmin tarixdə istehlakçıya məxsus ünvanda quraşdırılmış G4 tipli, 12533516 nömrəli sayğaca baxış zamanı həmin qaz sayğacının 742 nömrəli quluda yerləşdiyi müəyyən edilmiş, hazırda həmin ünvanda sayğacdan kənar xətt və ya sasok aşkar edilməmişdir. -Azəriqaz İB tərəfindən ünvanlanmış son oxunma tarixi 27.07.2020-ci il tarixli bildiriş xəbərdarlıqdan görünür ki, müqavilə nömrəsi 14-1052, köhnə kodu **********31000, abunə kodu **********00310 olan, İddiaçı məxsus ünvan 3 ünvanı üzrə quraşdırılmış 12533516 nömrəli sayğaca istifadə olunmuş 8 kub.metr qaz sərfinə görə 1934,80 manat + ƏDV 2,30 manat əlavə olunmaqla isə cəmi 1937,10 manat borc hesablanmışdır. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Məhkəmə iddia tələbini araşdırarkən aşağıdakı hüquq normalarına istinad edir. Azərbaycan Respublikası Konstitutsiyasının (bundan sonra Konstitutsiya adlanacaq): 60-cı maddəsinin İ. bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 60-cı maddəsinin İİ. bəndinə əsasən hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Mülki Prosessual Məcəllənin: 4.1. maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərirıin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş Qazdan istifadə Qaydalarına (bundan sonra - Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Qaydaların 3.2.7-ci bəndinə əsasən, qaz qurğusunda nasazlıq və ya qaz iyinin yaranması zamanı dərhal qaz qurğularından istifadəni dayandırmalı, qurğulara gedən xəttin və avadanlığın üzərində olan ventilləri bağlamalı, otaqların havasını dəyişdirmək üçün pəncərələri və nəfəslikləri açmalı, od yandırmamalı, siqaret çəkməməli, elektrik cihazlarını yandırmamalı və ya söndürməməli, elektrik qapı zənglərindən istifadə etməməli və qaz paylayıcısına təcili məlumat verməlidir. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin qərarın 3.1.3. bəndinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profılaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı, bu qərarın 3.1.7. bəndinə əsasən isə qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmin qərarın 4.8. bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Eyni zamanda bu qərarın 5.2. bəndinə əsasən isə Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Smart-kart tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə sayğacın smart tipli olduğunu, onun mərkəzdən idarə olunduğunu, ona nəzarət edilməli olduğunu, borc yarandıqda kartı bloklamak mümkün olduğunu nəzərə alaraq hesab edir ki, vəziyyətin bu hala gəlib çıxmasına səbəb bir başa qaz idarəsidir və qaza və qaz qurğularına nəzarət edən işçilərdir. Belə ki, qaz paylayıcı şəbəkə öz vəzifə borclarını dürüst yerinə yetirməyərək Qərarın aşağıdakı bəndlərini kobud şəkildə pozmuşdur:- 2.1.3. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək; 2.1.5. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğıılarınm tam və dəqiq uçotunu aparmaq; 2.1.10. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək; Məhkəmə belə qənaətə gəlir ki, qaz paylayıcı şəbəkə istismarda olan qaz sayğacını qanunun tələb etdiyi müddətdə yoxlamalı olduğu halda vəzifə borcunu yerinə yetirməmişdir. Yoxlanmadığı və vəzifə səlahiyyətlərinə soyuq yanaşıldığı üçün sayğacda yaranan nasazlıqlar vaxtında aşkar edilməmişdir. Mülki Prosessual Məcəllənin:

88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki iş üzrə Abşeron rayon Məhkəməsinin 01.02.2021-ci il tarixli 2(012)-653/2021 saylı qərardadına əsasən tikinti texniki ekspertizası təyin edilmiş, həmin qərardad əsasında məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08.05.2021-ci il tarixli 10/861 saylı rəydən görünür ki, baxış zamanı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xəttinin sayğaca qədər olan hissəsində hər hansı qeyri-leqal müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilməmişdir. Rəydən daha sonra müəyyən olunur ki, ekspertin iştirakı ilə Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinin qaz sayğacının qoşulduğu qaz xəttinə baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xətti evin küçəyə tərəf divarının yaxınlığından keçir. Xəttin diametri 86 mm-lik olmaqla torpaqdan 0,5 metr hündürlükdən, həyətin giriş darvazasının üzərindən isə 3 metr hündürlükdən çəkilmişdir. Fərdi yaşayış evinin qaz sayğacı evin küçəyə tərəf divarının üzərinə yerdən 1,7 metr hündürlükdə bərkidilmişdir. Sayğaca qaz xətti 20 mm-lik polad qaz borusu vasitəsi ilə 86 mm-lik polad qaz borusundan çəkilmişdir. Baxış zamanı evin qaz sayğacına daxil olan giriş xəttinin həmçinin, Azəriqaz İB-yə məxsus 86 mm-lik ümumi paylayıcı xəttin üzərində kənar qoşulmalar və yaxud qaynaq izləri aşkar edilməmişdir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 102 manat təşkil edir. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08.05.2021-ci il tarixli 10/861 saylı rəyini əsas sübut kimi götürərək hesab edir ki, iddiaçının Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xəttinin sayğaca qədər olan hissəsində hər hansı qeyri-leqal müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) aşkar edilmədiyi halda Azəriqazin əməkdaşları tərəfindən əsassız olaraq təbii qazdan qeyri-qanuni istifadə edilməyə görə 30.01.2018-ci il tarixli ******* saylı, 27.02.2018-ci il tarixli ******* saylı, 30.04.2018-ci il tarixli ******* saylı Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Eyni zamanda, İddiaçı adına olan Abonent saldosundan görünür ki, iddiaçıya tərtib olunmuş 30.01.2018-ci il tarixli ******* saylı, 27.02.2018-ci il tarixli ******* saylı, 30.04.2018ci il tarixli ******* saylı Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlara əsasən 2018-ci il tarixi üçün ödənilməli olan borc qismində 1938,20 manat olduğu qeyd olunmuşdur. Məhkəmə iclasında tədqiq edilən 30.01.2018-ci il tarixli ******* saylı, 27.02.2018-ci il tarixli ******* saylı, 30.04.2018-ci il tarixli ******* saylı Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların Azəriqaz İB-nin əməkdaşları tərəfindən tərtib edildiyi və aktda hal şahidlərinin iştirakının təmin olunmadığı müəyyən olundu ki, bu isə həmin aktların qüsurlu tərtib edilməsinin göstəricisidir. Belə ki, akt hər hansı bir faktı təsdiq edilməsi üçün hal şahidlərinin iştirakı ilə imzalanan sənəddir. Həmin sənədin bitərəf olan hal şahidlərinin iştirakı ilə imzalanması aktın doğruluğuna şübhə olunmaması üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi iddiaçının sübut üçün göstərdiyi aktlar qüsurlu olduğundan sübut kimi qəbul edilməməlidir. Bundan başqa həmin aktda sayğaca kənar müdaxilə müəyyən edilsə belə, bunun iddiaçının qəsdən törətdiyi qanunsuz hərəkətləri nəticəsində səbəb olduğu sübut edilməmişdir. Belə ki, sayğacın iddiaçının mənzilindən kənarda quraşdırılması həmin sayğacın onun tərəfindən mühafizə olunmasını istisna edir. Göründüyü kimi bütün bunlar iddiaçının sayğaca müdaxilə edərək qeyri-qanuni təbii qazdan istifadə olunmasını tamamilə inkar edir. Yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən sayğacdan qeyri-qanuni istifadə edildiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşmüş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməməklə bununla bağlı mötəbər sübutların təqdim etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Mülki Prosessual Məcəllənin: 77-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməli, cavabdeh X4 tərəfindən sayğaca görə tərtib edilmiş 30.01.2018-ci il tarixli ******* saylı, 27.02.2018-ci il tarixli ******* saylı, 30.04.2018-ci il tarixli ******* saylı Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar ləğv edilməli və əsassız hesablanmış 1937,10 manat borc Abonent kodu **********00310 olan İddiaçı məxsus abunə hesabından silinməlidir. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun: 9.1. bəndinə əsasən aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə – iddiaçılar. Hazırki mülki iş üzrə İddiaçı istehlakçı hüquqlarının pozulması ilə əlaqədar verdiyi iddia ərizəsi üzrə dövlət rüsumu ödəməkdən azad olunduğundan, iş üzrə ödənilməli olan 30 (otuz) manat dövlət rüsumu , eyni zamanda iddia tələbi təmin olunduğundan iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 102 manat ekspertiza xərci cavabdehdən tutularaq dövlət nəfinə köçürülməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə müvafiq olaraq məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5 maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 238-252-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia ərizəsi təmin edilsin. Cavabdeh X4 tərəfindən sayğaca görə tərtib edilmiş 30.01.2018-ci il tarixli ******* saylı, 27.02.2018-ci il tarixli ******* saylı, 30.04.2018-ci il tarixli ******* saylı Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar ləğv edilsin və əsassız hesablanmış 1937,10 (min doqquz yüz otuz yeddi manat on qəpik) manat borc Abonent kodu **********00310 olan İddiaçı məxsus abunə hesabından silinsin. Aparılmış ekspertiza tədqiqatına görə 102 (yüz iki) manat X2 tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar