Məhkəmə qərarları › İş №2(012)-662/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-662/2025

04.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-662/2025 04.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «aktın ləğv edilməsi, borcun silinməsi və borca görə tutulmuş pul vəsaitinin balansa geri qaytarılması» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın ləğv edilməsi, həmin akta görə onun adına hesablanmış 3110,40 manat məbləğində borcun silinməsi və cərimə puluna çıxılmış 193 manat məbləğində pulun balansa geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən MSK 14-2-2/3-5-4425-1 saylı rəyə əsasən 1102AQ**********5 sayğacın qulaqcığının qırıq, xətaların normadan artıq olduğunun aşkarlandığı göstərilmiş və buna görə ona 3110,40 manat məbləğində cərimə yazılmışdır. Guya həmin akt tərtib olunduğu zaman ona təqdim edilmiş və o, aktı imzalamaqdan imtina etmişdir. Bu, yalandır və onun aktdan, yazılan cərimə məbləğindən 2024-cü ilin oktyabr ayında xəbəri olmuşdur. Qısa olaraq bildirir ki, atası Seyidməmməd Məmmədov vəfat etdikdən sonra sayğacı o, öz adına keçirmişdir. Bundan öncəsini nəzərə çatdırır ki, anası sözügedən fərdi yaşayış evində tək başına yaşayırdı. O, Rusiya Federasiyasında olur və atasının vəfatı zamanı Azərbaycana qayıtmışdır. İlk olaraq bildirir ki, sayğacda nasazlıq olduğu üçün Cavabdeh İB-nin əməkdaşlarına bildirmişlər ki, sayğaca baxış keçirilsinlər. Əməkdaşlar evə gəlmiş, sayğacın artıq yararsız olduğunu bildirmiş, sayğacı yenisi ilə əvəz etmiş və onlara cərimə barədə və yaxud da sayğacın nasaz vəziyyətinə görə məsuliyyət daşımaları ilə bağlı onlara heç nə bildirilməmişdir. Tərtib edilən aktdan və digər sənədlərdən heç xəbəri belə olmamışdır. Daha sonra sərf etdikləri təbii qaza görə Smart tipli qaz kartına pul yüklədiyi zaman pulun bir hissəsinin çıxıldığının fərqinə varmış, limiti keçdiklərini düşünmüşlər. Onlara məlum olmuşdur ki, Smart tipli qaz kartına yüklədiyi pulun yarı hissəsi əsassız akta əsasən yazılmış cərimə məbləğinə çıxılır. Hazırda onun Cavabdeh İB-yə 2917,90 manat cərimə borcu qalmışdır. Bildirir ki, onların evinə quraşdırılmış sayğac yol kənarında yerləşir və həmin yoldan maşınlar və insanlar istifadə edir. Sayğacın necə və hansı şəraitdə yararsız hala düşməsindən onun xəbəri yoxdur. Özü nasazlıq aşkar edən kimi Cavabdeh İB-nin əməkdaşlarına xəbər vermişdir. Anası evdə tək yaşasa da guya evdə iki nəfərin yaşadığını abonentin saldosunda qeyd etmişdirlər. Halbuki o, Rusiya Federasiyasında olmuşdur və həmin evdə anası tək başına yaşayırdı. O, atasının vəfatından sonra müvəqqəti qayıtmış, gəldikdə isə belə problemlər ilə üzləşmişdir. O, qəti şəkildə aktda qeyd edilənlər ilə razılaşmır. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh şirkətin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 aprel 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Müşfiqabad qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış (abonent kodu: **********12130) sayğaca baxış keçirilən zaman MSK 14-2-2/3-5-4425-1 saylı rəyə əsasən 1102AQ**********5 saylı sayğacın qulaqcığının qırıq, xətaların normadan artıq olduğu aşkar olunmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Müşfiqabad qəsəbəsində yerləşən evə (abonent kodu: **********12130) 30 aprel 2023-cü il tarixli, ******* saylı akta əsasən 3110,40 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı «aktın ləğv edilməsi, borcun silinməsi və borca görə tutulmuş pul vəsaitinin balansa geri qaytarılması» tələbinə dair iddiası qismən təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi Cavabdeh tərəfindən İddiaçı məxsus Abşeron rayonu, Müşfiqabad qəsəbəsində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********12130) 30 aprel 2023-cü il tarixli, ******* saylı akt tərtib edilərək 3110,40 manat cərimə hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq istehlakçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X2 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə istehlakçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə məhkəmədə cavabdeh şirkət iddia tələbinin əsassız olduğunu sübut etməmiş və sayğaca İddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, İddiaçı Abşeron rayonu, Müşfiqabad qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından 3110,40 manat məbləğində hesablanmış cərimə silinməlidir. Məhkəmə iddia tələbinin 30 aprel 2023-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış cərimə puluna görə tutulmuş 193 manat məbləğində pulun İddiaçı balansına geri qaytarılması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbinin bu hissədə təmin edilməsi ilə bağlı iddiaçı tərəfindən məhkəməyə mötəbər sübutlar təqdim edilmədiyindən rədd edilməlidir. Bundan əlavə məhkəmə iddia tələbinin 30 aprel 2023-cü il tarixli, ******* saylı aktın ləğv olunması hissəsi ilə bağlı qeyd edir ki, həmin akt hər hansı bir hüquqi nəticə yaratmadığından və yalnız sayğacdakı qüsurla bağlı halı əks etdirdiyindən bu hal aktın ləğv olunması zərurətini aradan qaldırır. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçı kimi pozulmuş hüquqlarının bərpası barədə iddia tələbi üzrə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 51,1 (əlli bir manat, on qəpik) manat dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında“ Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus (abonent kodu: **********12130) Abşeron rayonu, Müşfiqabad qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə 30 aprel 2023-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış 3110,40 manat cərimə silinsin. İddia tələbi 30 aprel 2023-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış cərimə puluna görə tutulmuş 193 manat məbləğində pulun İddiaçı balansına geri qaytarılması hissəsində rədd edilsin. Cavabdehndən 51,1 (əlli bir manat, on qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar