Məhkəmə qərarları › İş №2(012)-6621/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-6621/2025

17.11.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-6621/2025 17.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı Cavabdeh qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Lakin iddiaçı Azərbaycan Respublikası MPM-in 39-cu maddəsinə istinad edərək hesab etmişdir ki, hazırkı tələbə müstəsna aidiyyət qaydasında Abşeron Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə hesab edir ki, daşınmaz əmlakın Abşeron rayonu ərazisində yerləşməsinə baxmayaraq iddiaçı tərəfindən irəli sürülən tələb AR MPM-in 39-cu maddəsində göstərilən işlərlə əlaqəli deyildir. Azərbaycan Respublikası MPM-in 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Qeyd olunan maddəyə istinad edərək məhkəmə hesab edir ki, nə qədər ki mübahisə predmeti olan daşınmaz əmlak cavabdehin rəsmi qeydiyyata alınmış mülkiyyətindədir, hazırkı halda iddia tələbi Azərbaycan Respublikası MPM-in 39.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun qiymətləndirilə bilməz. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı hazırkı tələblə bağlı cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə müraciət etməlidir. İddia ərizəsindən, həmçinin iş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş AA******* saylı şəxsiyyət vəsiqəsinə dair məlumat vərəqəsindən göründüyü kimi Cavabdeh Ağstafa rayonu, Xətai Ə/D, Xətai kəndində qeydiyyatdadır. Bu səbəbdən məhkəmə qeyd edir ki, hazırkı iddia ərizəsinə ərazi yurisdiksiyası üzrə Ağstafa Rayon Məhkəməsində baxılmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları iddiaçı tərəfindən iddia ərizəsinin aidiyyət qaydalarına riayət edilməməsi kimi qiymətləndirərək və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə istinad edərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bundan əlavə iş materiallarında olan xx.xx.2025-ci il tarixli, 11337 nömrəli, ********** GPP nömrəli qəbzdən görünür ki, İddiaçı Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi verilməsi üçün 100 (yüz) manat məbləğində dövlət rüsumunu xx.xx.2025-ci ildə saat 12:22-də Dövlət Büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. İddiaçı Cavabdeh qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi barədə 2(012)-6621/2025 saylı mülki iş üzrə xx.xx.2025-ci il tarixli, 11337 nömrəli, ********** GPP nömrəli qəbzdən ödəmiş olduğu 100 (yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardadın dövlət rüsumunun qaytarılması hissəsinin icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X2 İdarəsinə həvalə edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar