Məhkəmə qərarları › İş №2(105)-1472/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1472/2024

14.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1472/2024 14.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Siyəzən Dövlət Notariat Ofisinə qarşı (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X15 (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Qafari Səyyad Ağaəli oğlundan qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Siyəzən Dövlət Notariat Ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X11 və X14) alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(059)-524/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinəSumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları:

1. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Rayon Ərazi İdarəsi tərəfindən 01 may 2008-ci il tarixdə verilmiş MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, keçmiş Dəvəçi rayonunun Sincanboyad kəndində yerləşən 0,10 ha torpaq sahəsi X8 adına daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində ********** qeydiyyat, **********25 reyestr nömrəsi ilə qeydə alınmışdır.

2. Siyəzən rayon Dövlət Notariat Kontorunun dövlət notariusu tərəfindən 19 may 2008-ci il tarixdə, reyestrdə 4Ə-218 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, X12 mülkiyyətindəki Dəvəçi rayonunun Sincanboyad kəndində yerləşən sözügedən 0,10 ha torpaq sahəsini X9 600 manata satmışdır.

3. Sumqayıt İnzibati Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2-1(118)-2493/2022 saylı qərarının surətindən, eləcə də Şabran rayonu Dəvəçi bələdiyyəsinin 28 fevral 2023-cü il tarixli, 04 saylı protokolunun 04/08 saylı qərarından çıxarışdan görünür ki, 28 fevral 2023cü il tarixdə X10 0,10 ha torpaq sahəsinin verilməsi haqqında keçmiş Dəvəçi rayon Sincanboyad Bələdiyyəsinin 16 oktyabr 2006-cı il tarixli, 76 nömrəli qərarı ləğv edilmişdir.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 02 may 2023-cü il tarixli, 3-21-3-34/2-5222/2023 saylı məktubundan görünür ki, Şabran rayonunun Sincanboyad kəndində yerləşən 0,10 ha torpaq sahəsinə dair X4 mülkiyyət hüququnu təsdiq edən ********** qeydiyyat, **********25 reyestr nömrəli çıxarışın ləğvinə verilmiş göstərişin icrasının yalnız məhkəmənin qərarı ilə mümkün olduğu, həmçinin X10 ayrılmış 0,10 ha torpaq sahəsinin və onun adına MH seriyalı, ******* saylı, **********825 reyestr nömrəli çıxarışın ərazi idarəsində müəyyən edilmədiyi bildirilmişdir.

5. Şabran rayon qeydiyyat şöbəsi tərəfindən 24 oktyabr 2023-cü il tarixdə verilmiş 433 nömrəli ölüm haqqında şəhadətnamənin çıxarışından görünür ki, X12 12 avqust 2010-cu il tarixdə Şabran şəhərində ölmüşdür.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Siyəzən Rayon Dövlət Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Siyəzən rayon Dövlət Notariat Kontorunun dövlət notariusu tərəfindən 19 may 2008-ci il tarixdə reyestrdə 4Ə-218 nömrə ilə qeyd edilmiş X12 ilə X11 arasında Şabran rayonunun Sincanboyad kənd ərazisində yerləşən 0,10 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmçinin sonuncunun dövlət reyestrində bu torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən ********** qeydiyyat, **********25 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı ərizəni onunla əsaslandırılmışdır ki, onun Şabran rayon Sincanboyad Bələdiyyəsinə qarşı cavabdehin 16 oktyabr 2006-cı il tarixli, 76 saylı qərarının ləğv edilməsi tələbi Sumqayıt İnzibati Məhkəməsinin müvafiq qərarı ilə təmin edilmiş və bələdiyyə qərarı ləğv edilmişdir. Şabran rayon Sincanboyad bələdiyyəsinin 06 oktyabr 2006-cı iİ tarixli, 72 saylı qərarı ilə fərdi mənzil tikmək məqsədilə ona 0,12 ha torpaq sahəsi satılmışdır. Torpağın dəyəri ödənildikdən sonra torpağın alqı-satqısına dair akt tərtib olunmuş və həmin akt 09 oktyabr 2006-cı il tarixdə 338 nömrə ilə qeydiyyata alınmışdır. Ləğv edilmiş DTXK-nın Dəvəçi rayon şöbəsi tərəfindən həmin torpaq sahəsinin kadastr planı tərtib edilmiş və dövlət torpaq kadastr kitabında uçota alınmışdır. Şabran rayonu, Sincanboyad kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, eləcə də torpaq sahəsinin planının və ölçüsünün hazırlanması üçün DƏDKR-in 5 saylı Xaçmaz Ərazi idarəsinə müraciət edərkən Şabran rayon Sincanboyad bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli, 72 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,12 ha torpaq sahəsinin koordinatlarının 5 saylı Xaçmaz Ərazi idarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə kəsişməsi məlum olmuşdur. Cavabdeh DƏDKR-in 5 saylı Xaçmaz Ərazi idarəsinə qarşı Şabran rayonu, Sincanboyad kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlak reyestrində qeydə alınması və həmin daşınmaz əmlaka dair adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş, habelə həmin məhkəmənin qərardadı ilə təyin olunmuş ekspertiza nəticəsində **********825 reyestr nömrəli reyestrdən çıxarışa əsasən verilmiş torpaq sahəsi ilə İddiaçı torpaq sahəsinin 312 kv.metr hissəsinin üst-üstə düşməsi müəyyən edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 17 avqust 2021-ci il tarixli qərarında iddiaçıya torpaq sahəsinin qanunvericiliyin tələblərinə uyğun satılsa da, həmin torpaq sahəsi hazırda hüquqi cəhətdən yüklü olduğundan digər mülkiyyətçilərə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar ləğv edilmədən iddiaçının mübahisəli torpaq sahəsi üzərində hüququnun qeydə alınmasının mümkün olmaması qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı mübahisəli torpaq sahəsinin digər şəxslərin mülkiyyətində olan torpaq sahələrinin koordinatları ilə üst-üstə düşməsi faktı öz təsdiqini tapdığından məhkəmə bununla bağlı cavabdehin imtina bildirişinin dəlilini əsaslı hesab etmişdir. DƏDKR-in 5 saylı Xaçmaz Ərazi idarəsinə sorğu göndərilərək, Şabran rayonunun Sincanboyad kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması xahiş edilmiş, həmin idarənin 24 fevral 2022-ci il tarixli cavab məktubunda, təqdim edilmiş sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar ərizəyə əlavə olunmuş Dəvəçi (Şabran) rayonu Sincanboyad Bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli, 72 saylı qərarı ilə ayrılmış 0,12 ha torpaq sahəsinin İdarənin elektron məlumat bazasında olan xəritəsinə əsasən 10,5 kv.m hissəsinin X5, 469 kv.m hissəsinin isə X8 mülkiyyətində olan torpaq sahələri ilə kəsişməsinin aşkar olunduğu bildirilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 17 avqust 2021-ci il tarixli qərarında Dəvəçi rayon Sincanboyad bələdiyyəsinin 16 oktyabr 2006-cı il tarixli, 76 nömrəli qərarı ilə X10 0,10 torpaq sahəsinin ayrıldığı və onun adına MH seriyalı, ******* saylı (**********825 reyestr nömrəli) reyestrdən çıxarış tərtib edildiyi qeyd edilmişdir. Qeyd edilənlərdən məlum olur ki, ona Dəvəçi (indiki Şabran) rayon Sincanboyad bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli, 72 saylı qərarı ilə fərdi mənzil tikmək məqsədi ilə 0,12 ha torpaq sahəsi satılmış, X10 isə ona torpaq sahəsi satılandan sonra, Dəvəçi rayon Sincanboyad bələdiyyəsinin 16 oktyabr 2006-cı il tarixli, 76 nömrəli qərarı ilə 0,10 ha torpaq sahəsi ayrılmışdır. İlk olaraq həmin torpaq sahəsini o, əldə etdiyinə görə, Dəvəçi rayon Sincanboyad bələdiyyəsinin 16 oktyabr 2006-cı il tarixli, 76 nömrəli qərarı ilə X8 adına olan 0,10 ha torpaq sahəsinə dair MH seriyalı, ******* saylı (**********825 reyestr nömrəli) reyestrdən çıxarışın ləğv edilməsi ilə əlaqədar Sumqayıt İnzibati Məhkəməsinə iddia verilmişdir. Həmin məhkəmə icraatı zamanı DƏDKR-nın 5 saylı Xaçmaz Ərazi idarəsinin 31 may 2022-ci il tarixli məktubundan Feyruz Dəmirovun həmin torpaq sahəsini Siyəzən rayon Dövlət notariat kontorunun 19 may 2008-ci il tarixli, 4Ə-218 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X6 adına özgəninkiləşdirildiyi, 12 aprel 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla sonuncunun mülkiyyət hüququnun tanındığı məlum olmuşdur. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

8. Siyəzən Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(059)-524/2023 nömrəli qətnaməsi ilə (hakim B.Ələkbərov) iddia tələbi təmin edilməmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, araşdırma zamanı müəyyən edildi ki, keçmiş Dəvəçi rayon Sincanboyad Bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli, 72 nömrəli qərarı ilə 0,12 ha torpaq sahəsi fərdi mənzil tikilməsi üçün İddiaçı, 0,10 ha torpaq sahəsi isə həmin bələdiyyənin 16 oktyabr 2006-cı il tarixli, 76 saylı qərarı əsasında mərhum X1. Bundan sonra, 19 may 2008-ci il tarixdə mərhum X12 ilə X11 daşınmaz əmlakın alqı-satqısına dair müqavilə imzalanmış və müqaviləyə əsasən Feyruz Dəmirov mülkiyyətində olmuş 0,10 ha torpaq sahəsini Gülnarə Hacıyevaya satmağı, sonuncu isə həmin əmlakı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (600 manatı) ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə qanuni əsaslarla icra edilmiş və son nəticədə sözügedən torpaq sahəsi Gülnarə Hacıyevanın adına dövlət qeydiyyatına alınmışdır. Lakin, Sumqayıt İnzibati Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli qərarı əsasında 28 fevral 2023-cü il tarixdə mərhum Feyruz Dəmirova 0,10 ha torpaq sahəsinin verilməsi haqqında keçmiş Dəvəçi rayon Sincanboyad Bələdiyyəsinin 16 oktyabr 2006-cı il tarixli, 76 nömrəli qərarı ləğv edilmişdir. Bu səbəbdən də, İddiaçı Gülnarə Hacıyevanın mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən **********25 reyestr nömrəli çıxarışın ləğv edilməsi üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etsə də, müraciəti müsbət cavablandırılmamış, habelə hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə qaydasında həll edildiyi izah edilmişdir. Bu səbəbdən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Halbuki, cavabdeh qurumlar 19 may 2008-ci il tarixdə mərhum X13 Hacıyeva arasında daşınmaz əmlakın alqı-satqısına dair müqavilə imzalanarkən müqavilənin tərəfi olmamışlar. Belə ki, cavabdehlərdən Siyəzən Rayon Dövlət Notariat Ofisi (əvvəlki Siyəzən Rayon Dövlət Notariat Kontoru) 19 may 2008-ci il tarixdə yalnız mərhum X13 Hacıyeva arasında bağlanmış müqaviləni təsdiq etmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi isə bu müqavilə əsasında 0,10 ha torpaq sahəsini Gülnarə Hacıyeva adına dövlət qeydiyyatına almış və mübahisələndirilən çıxarışı vermişdir. Cavabdehlər hazırkı iddia üzrə cavab verməli şəxs olmadıqları halda, iddiaçı tərəf Azərbaycan Respublikasında bu sahədə mövcud olan münasibətləri tənzimləyən normativ aktların tələblərini pozmaqla hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda, məhkəmə qeyd edir ki, X4 torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli çıxarış mübahisələndirilən mülki-hüquqi əqdin, yəni 19 may 2008-ci il tarixli daşınmaz əmlakın alqı-satqısına dair müqavilənin əsasında verildiyinə, habelə iddia tələbi bu müqavilənin etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyinə görə onunla əlaqəli olan tələbin bu hissəsinin, o cümlədən məlum çıxarışın ləğv edilməsi hissəsinin də təmin edilməsi istisna edilir. Göstərilənlərə əsasən məhkəmə iddia tələbini rədd etmişdir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146, 324, 389.1, 405, 406.1-ci maddələri, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 1,17-ci maddələri, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1, 12-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 107-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən narazı qalan iddiaçı tərəf apellyasiya şikayəti vermişdir.

12. İddia ərizəsinin dəlilləri ilə analoji məzmunda tərtib olunmuş pellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Mübahisələndirilən yəni 19 may 2008-ci il tarixli daşınmaz əmlakın alqı-satqısına dair müqavilənin etibarsızlığına dair məhkəməyə kifayət qədər sübutlar təqdim edilsə də, məhkəmə həmin sübutlara düzgün hüquqi qiymət verməyib. İddiaçının Şabran rayonu Sincanboyad Bələdiyyəsindən əldə etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnu dövlət reyestrində qeydə aldıra bilməsi üçün maneə olan torpaq sahəsinə dair 19 may 2008-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və həmin torpaq sahəsinə verilən müvafiq çıxarış ləğv edilməlidir. Lakin işə baxan məhkəmə lazımı qaydada araşdırma aparmaqdan imtina edərək, iş üzrə səthi araşdırma ilə kifayətlənib əsaslı iddia tələbini rədd etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, məhkəmə əsaslı və qanuni iddia tələbini rədd etməklə iddiaçının hüquqlarını pozmuşdur. Hazırkı mübahisənin mahiyyəti ondan ibarətdir ki, iddiaçı öz mülkiyyətinə dair hüquqlarının dövlət qeydiyyatına dair çıxarış ala bilmir. Buna səbəb isə onun torpaq sahəsinin 312 kv.m. hissəsinin üçüncü şəxslər tərəfindən faktiki zəbt edilməsidir. Bununla əlaqədar 0,10 ha torpaq sahəsinin X2 dair Sincanboyad bələdiyyəsinin 16 oktyabr 2006-cı il tarixli, 76 saylı qərarının ləğv edilməsi barədə iddiaçının tələbi Sumqayıt İnzibati Məhkəməsinin müvafiq qərarı ilə təmin edilmişdir. Daha sonra isə məlum olmuşdur ki, X12 həmin torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında X3. Bu proseslərdən iddiaçı yalnız öz torpaq sahəsinə dair Çıxarış ala bilmədikdən sonra məlumatlı olmuşdur. Nəticədə iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbi alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə münasibətdə Siyəzən dövlət notariat ofisinə, həmin müqavilənin əsasında verilmiş çıxarışın ləğvinə münasibətdə isə 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı qaldırılmışdır. İşə baxan məhkəmə qeyd olunan halları araşdırmamış, iş üzrə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən iddiaçının nümayəndəsi və vəkili sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

15. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Siyəzən Dövlət Notariat Ofisi, üçüncü şəxslər X11 və X14 məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

16. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə qeyd olunan şəxslərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi; 14.1.-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1). Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (MM-nin 404.2-ci maddəsi).

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Dövlət reyestrindən elektron çıxarışın məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

20. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları :

“S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Həmçinin, həmin Qərarda göstərilmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 sentyabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasında tarazlığa riayət olunsun. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayətindən görünür ki, apellyator Siyəzən Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(059)-524/2023 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iddiaçı tərəfin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Siyəzən Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(059)-524/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. İddia tələbi notarial qaydada rəsmiləşdirilmiş əqdin (alqı-satqı müqaviləsinin) etibarsız hesab edilməsi barədədir.

27. Araşdırılan işin faktiki hallarından müəyyən edilir ki, keçmiş Dəvəçi rayon Sincanboyad Bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli, 72 nömrəli qərarı ilə 0,12 ha torpaq sahəsi fərdi mənzil tikilməsi üçün İddiaçı, 0,10 ha torpaq sahəsi isə həmin bələdiyyənin 16 oktyabr 2006-cı il tarixli, 76 saylı qərarı əsasında mərhum X1. Bundan sonra, 19 may 2008-ci il tarixdə Feyruz Dəmirov ilə Gülnarə Hacıyeva arasında daşınmaz əmlakın alqı-satqısına dair müqavilə bağlanmış, həmin müqaviləyə görə F.Dəmirov mülkiyyətində olmuş keçmiş Dəvəçi rayonunun Sincanboyad kəndində yerləşən 0,10 ha torpaq sahəsini Gülnarə Hacıyevaya satmağı, sonuncu isə (alıcı) həmin əmlakı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (600 manatı) ödəməyi öhdəsinə götürmüşdür. Sözügedən müqavilə rəsmiləşdirildikdən sonra sonuncu öz adına mülkiyyət hüququnu təsdiq edən sənəd (çıxarış) almışdır.

28. İşin hallarından həmçinin görünür ki, Sumqayıt İnzibatı Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli qərarı əsasında 28 fevral 2023-cü il tarixdə mərhum Feyruz Dəmirova 0,10 ha torpaq sahəsinin verilməsi haqqında keçmiş Dəvəçi rayon Sincanboyad Bələdiyyəsinin 16 oktyabr 2006-cı il tarixli, 76 nömrəli qərarı ləğv edilmişdir. Bu səbəbdən də, İddiaçı Gülnarə Hacıyevanın mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən **********25 reyestr nömrəli çıxarışın ləğv edilməsi üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etsə də, müraciəti müsbət cavablandırılmamış, habelə hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə qaydasında həll edildiyi izah edilmişdir. Beləliklə, İddiaçı hüquqlarının cavabdehlər tərəfindən pozulduğunu əsas gətirməklə, məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianı təmin etməmişdir. Narazı qalan iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.

29. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan kollegiya qeyd edir ki, hazırki iş üzrə cavabdeh qurumlar 19 may 2008-ci il tarixdə mərhum X13 Hacıyeva arasında daşınmaz əmlakın alqı-satqısına dair müqavilə imzalanarkən müqavilənin tərəfi olmamış, iradə ifadə etməmiş, özləri üçün hüquq yaratmamış və üzərilərinə öhdəlik götürməmişlər. Çünki, cavabdehlərdən Siyəzən Rayon Dövlət Notariat Ofisi 19 may 2008ci il tarixdə yalnız mərhum X13 Hacıyeva arasında bağlanmış müqaviləni təsdiq etmiş, DƏDK və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi isə bu müqavilə əsasında 0,10 ha torpaq sahəsini Gülnarə Hacıyeva adına dövlət qeydiyyatına almış və mübahisələndirilən çıxarışı vermişdir.

30. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinin tələbinə görə notarius bu Qanunda nəzərdə tutulan hərəkətləri apara bilər, əqdlərin, ərizələrin və digər sənədlərin layihələrini tərtib edə bilər, sənədlərin surətlərini və onlardan çıxarışları hazırlaya bilər, notariat hərəkətlərinin aparılması ilə əlaqədar məsləhətlər verə bilər, fiziki və hüquqi şəxslərdən həmin hərəkətlərin aparılması üçün sənədləri və məlumatları tələb edə bilər. Azərbaycan Respublikasının qanunvericiliyi ilə notariusa digər hüquqlar da verilə bilər.

31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Dövlət reyestrindən elektron çıxarışın məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

32. Beləliklə yuxarıda sadalanan ardıcıllıqdan da göründüyü kimi, notarius aparmış olduğu notariat əməliyyatı, RX-i isə qeydiyyata alan orqan kimi müqavilə tərəfi olmamaqla, yalnız öz vəzifə səlahiyyətlərindən irəli gələn funksiyanı həyata keçirmiş, yəni təqdim olunmuş sənədləri səlahiyyətləri çərçivəsində yoxlayaraq, sonda notarius mübahisələndirilən notariat əməliyyatını aparmış, digər orqan isə mülkiyyət hüququnu qeydiyyata almışdır.

33. Bununla belə qeyd olunmalıdır ki, hazırkı iddia tələbi cavabdeh olaraq yalnız notariat ofisinə və RX-yə qarşı yönəldilmişdir. Sonradan məhkəmə araşdırması zamanı müqavilə tərəfləri olan Feyruz Dəmirov və Gülnarə Hacıyeva cavabdeh qismində işə cəlb olunmamış, onlar yalnız birinci instansiya məhkəməsinin təşəbbüsü ilə üçüncü şəxs qismində tanınmışlar (i/m səh.70-71 xx.xx.2023-cü il tarixli məhkəmə iclasının protokolu).

34. Mülki Prosessual Məcəllənin 50.3-cü və 57.1-ci maddələrinə əsasən cavabdeh və üçüncü şəxs fərqli prosessual hüquqi statusda olmaqla, cavabdeh işdə iştirak edən, iddia tələbi yönəldilən tərəfdir; üçüncü şəxs isə tələbə cavab verməli olmayan, lakin qəbul ediləcək qətnamə hüquq və vəzifələrinə təsir edə biləcəyi şəxsdir.

35. Təsadüfi deyil ki, mülki prosessual qanunvericiliyi ilə başqa cavabdehin işə cəlb edilməsinin xüsusi proseduru (Mülki Prosessual Məcəllənin 51.3-cü maddəsi) müəyyən olunmuşdur ki, hazırkı halda bu prosedura riayət edilməklə, mübahisə edilən müqavilələrin tərəfləri cavabdeh qismində işə cəlb olunmamışlar.

36. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi cavabdeh qismində cəlb olunmayan şəxsə qarşı irəli sürülmüş iddianı təmin etməməklə, Mülki Prosessual Məcəlləsinin qeyd olunan müddəalarına riayət etmişdir.

37. Buna görə də kollegiya birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni əsaslı və qanuni hesab edərək, işin faktiki hallarına uyğun olmasını təsdiq edir. Hazırkı halda iddiaçı apellyasiya şikayətinin dəlillərinə dair məhkəməyə heç bir əsaslı sübut təqdim etməmiş, məhkəmə qətnaməsinin hansı əsaslardan ləğv edilməli olmasını, yaxud qəbul edilmiş qətnamənin onun hansı hüquqlarını pozduğunu əsaslandıra bilməmişdir.

38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamış, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər isə qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(059)-524/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar