Məhkəmə qərarları › İş №2(012)-695/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-695/2024

06.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-695/2024 06.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 fevral 2023 -cü il tarixli, 00380541 №-li aktın ləğv edilməsi və həmin akt əsasında qanunsuz və əsassız olaraq hesablanmış 1425.60 manat pulun pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsi, yeni massivdə yaşayır. 2023-cü ildə fərdi yaşayış evinə qazın çəkilməsi ilə bağlı Abşeron Rayon Qaz İdarəsinə müraciət etmişdir. 26 yanvar 2023-cü il tarixdə Qaz İdarəsinin əməkdaşları fərdi yaşayış evinə gəlib qaza borularını çəkiblər. 15 fevral 2023-cü ildə qaz plitəsinə və qaz peçinə gedən qazın kipliyin yoxladıqdan sonra Azəriqaz istehsalat Birliyinin əməkdaşları fərdi yaşayış evinin məişət qaz qurğularının qaz təchizatı üçün verilən Texniki şərtlər tərtib edərək qaz xətdindən istifadə edə biləcəklərini bildiriblər. 23 fevral 2023-cü il tarixdə Abşeron rayon Qaz İdarəsinin əməkdaşları yenidən yaşayış evinə gələrək qeydiyyatsız qazdan istifadə etdiyinə görə ******* nömrəli AKT tərtib etdilər. Bu aktın niyə tərtib edildiyini soruşduqda ona «sonra biləcəksən» deyiblər. May ayında qazdan istifadə edərkən ona məlum olub k,i fevral ayında tərtib edilmiş inzibati akta görə 1425.60 manat cərimə yazıblar. Tərtib edilmiş ******* nömrəli AKT əsassız olaraq tərtib edilib. Belə ki, 14 mart 2023-cü il tarixdə Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* №-li AKT tərtib edildi. Fevral ayının 14-də qaz idarəsinin əməkdaşları qaz borusunun və qaz cihazlarını yoxlayanda işlədə biləcəklərini bildiriblər. Təbiki o da qışın soyuğunda qazdan istifadə etməli idi. Onların yanlış verdiyi ifadə iddiaçının qazdan istifadə etməyinə səbəb olub. Bundan başqa heç bir halda 12 gün müddətində iki qaz cihazından istifadə edərək 11880 m3 qaz istifadə etməyi mümükün deyil. Azəriqaz İB tərəfindən ona 14 mart 2023-cü il tarixdə ******* nömrəli akt ilə hesablanmış 1425.60 manat cəriməni əsassız və qanunsuz hesab edir. Belə ki, qeyd olunan bu borc məbləği və cərimə tamamilə qanunsuz və əsassız hesablanmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. O bildirdi ki, sayğacdan kənar qazdan yalnız 17 gün müddətində istifadə edib. Onun evində kombi yoxdur, qaz da 2 gözlüdür, aktda yazılanlar doğru deyil və 17 gün üçün həmin cərimənin məbləği çox şişirdilmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək onun təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında xx.xx.2023-cü il tarixli, 00380541 №-li aktdan görünür ki, qeydiyyatsız istifadə etdiyi aşkarlanmışdır. İş materiallarında olan “Dəymiş ziyanın bərpasına dair” xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli, 00380541 №-li nömrəli akta əsasən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 3.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq müvafiq olaraq 1.2x24x90=2592 kub metr, 3.5x24x90=7560 kub metr, 0.8x24x90=1728 kub metr, cəm: 11880 kub metr sərfiyyat hesablanmışdır. İş materiallarında olan İddiaçı məxsus abonent saldosunun surətindən görünür ki, Cavabdeh tərəfindən Abşeron rayonu, Hökməli qəsəbəsi, yeni massivdə ünvanında yerləşən fərdi yaşayış evinə (Abonent kodu: **********04466) 1425,60 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarından görünür ki, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 00380541 saylı akta abonentin qaz xəttinə qeyri-qanuni qoşulması faktı və beləliklə, təbii qazdan dəyəri ödənilməməklə istifadə etməsi müəyyən edilmişdir. Bununla belə, həmin akt əsasında itirilmiş təbii qazın bərpa olunması mexanizmi məqbul deyildir. Belə ki, cavabdehin tərtib etdiyi tələbnamələrdə abonentin gün ərzində 24 saat qaz işlədicisindən istifadə etməsi müəyyən edilir. Məhkəmə bu halı qəbul etmir və hesab edir ki, abonentin gün ərzində qaz qurğularından orta hesabla yay-yaz fəslində 4-6, qışpayız fəslində isə 8-10 saat istifadə etməsi qəbul olunarsa, İddiaçı Birliyə 1 ay üçün akt əsasında cəmi 72 manat (akt üzrə 1,2 x 10 x 30 = 360 kub.metr, 3,5 x 10 x 30 = 1050 kub.metr, 0,8 x 10 x 30 = 240 kub.metr, cəmi 1650 kub.metr) ziyan vurması məlum olur. Həmçinin iddiaçının qaz xəttinə sayğacdankənar 17 gün qoşulmasını etiraf etdiyini nəzərə alaraq, itirilmiş qaz sərfiyyatına görə 1 aylıq müdddəti nəzərə alır. Beləliklə, iş materiallarından sayğacdan kənar qoşulma nəticəsində abonentin məlum akt üzrə manat zərər vurması müəyyən olunur. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı yaşadığı (abonent kodu: **********04466) Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni Yaşayış massivi ünvanında yerləşən fərdi yaşayış evində sayğacdan kənar qaz xəttinin aşkar olunması ilə əlaqədar “Qazdan istifadə qaydaları”nın pozulması faktı müəyyən edildiyindən və həmin fakt üzrə Cavabdeh tərəfindən itirilmiş təbii qazın dəyərinə görə borc hesablandığından, lakin buna baxmayaraq hərəkətsizlik edilərək borc məbləğinin artmasına şərait yaradıldığından iddia qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli, 00380541 saylı akt əsasında hesablanmış 1353,60 (1425,60-72) manat borc abonentin hesabından silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı yaşadığı (abonent kodu: **********04466) Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni Yaşayış massivi ünvanında yerləşən fərdi yaşayış evinə aid qaz sayğacına Cavabdeh İB tərəfindən hesablanmış 1353,60 manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar