Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-7/2022 18.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili-nümayəndəsi Vəkil1, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilidən çıxarılma və tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dаir ilk, Cavabdeh Qydar oğlunun İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki işə 18 oktyabr 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilidən çıxarılma və tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ailəsinin Abçeron rayonu, Aşağı Güzdək qəsəbəsində ona məxsus mülkiyyətində olan 0,08 ha torpaq sahəsində inşa etdiyi qanunsuz tikilidən çıxarılması və tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Almazov X3 Abı Əsəd oğluna qarşı pul tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə tələbin rədd edilərək cavabdehdən onun xeyrinə 90000 (doxsan min) manat təzminat, köçməklə bağlı 800 manat, yeni ev inşa edilənədək orta hesabla bir il müddətinə kirayə haqqı ayda 400 (dörd yüz) manat olmaqla, ümumi 4800 (dörd min səkkiz yüz) manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yaşayır və təsərrüfatla məşğul olur. Vaxtılə evinin yanındakı yerli bələdiyyəyə məxsus dan 0.08 ha torpaq sahəsindən 2002-ci ildən bəri istifadə etmiş, daha sonra X2 müraciət edərək həmin ərazinin ona verilməsini xahiş etmişdir. Həmin ərazi yerli bələdiyyə sənədlərinə uyğun daraq Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Ərazi idarəsi tərəfindən həmin torpaq sahəsinin plan və ölçüsii təsdiqlənmiş və uyğun olaraq RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Lakin bütün bunlara baxmayaraq qonşusu olan Dostəliyev Şahin Vəfalı oğlu uzun İllərdir ki, onun mülkiyyətində olan 0.08 ha torpaq sahəsini qanunsuz yollardan istifadə etməklə, zorakılıqla zəbt etməyə çalışmış və buna qismən də olsa faktiki olaraq nail olmuşdur. Belə ki, ona məxsus 0.08 ha ərazinin 0.02 ha hissəsini qohumu olan Cavabdeh heç bir mülkiyyət sənədi təqdim etmədən, sadəcə həmin ərazinin ona məxsus olması barədə həmin ərazinin yaxınlığında olan və yerli bələdiyyə tərəfindən ona verilmiş 0.08 ha topaq sahəsi kimi göstərərək etibarnamə əsasında satmışdır.Cavabdeh qonşusu ona məxsus ərazidə ona satdığı 0,02 ha hissədə qısa müddətdə qanunsuz və sənədsiz ev tikib ailəsi ilə köçüb yaşamağa başlamışdır. Qonşusu Ş.Dostəliyevin özünə verilmiş 0.08 ha bələdiyyə torpağının yanındakı digər ərazinin də 0,035 ha da zəbt edərək etibarnamə əsasında Natiq Mahmudov adlı digər birisinə etibarnamə əsasında satmış və bununla da Ariz kimi Natiq də sənədsiz ev tikmişdir. Onun mülkiyyətinə məxsus torpaq sahəsinin 0.02 ha hissəsi cavabeh tərəfindən əsassız zəbt olunaraq qanunsuz tikili inşa edilmişdir. Dövlət Torpaq və Xəfıtəçəkmə Komitəsinin sədr müavini Azad Nağıyevin 04 aprel 2014-cü il tarixli məktubunda bir daha təsdiq edilir ki, “Mütəxəssilər tərəfindən ölçmə-dəqiqləşinə işləri aparılarkən müəyyən olunmuşdur kı Şahin Dostəliyev tərəfindən ona fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.08 ha torpaq sahəsində yaşayış evi tikilmişdir. Bundan başqa, onun Natiq Mahmudova satdığı 0.032 ha torpaq sahəsində hazırda tikinti işləri aparılır ki, bu da ümumilikdə 0.12 ha sahəni əhatə edir. Həmin sahəyə bitişik olan 0.08 ha mübahisəli torpaq sahəsi isə boş və istifadəsiz olsa da, yerli icra nümayəndəsi F.Babayevin xx.xx.2007-ci il tarixli, 184 saylı arayışında həmin boş ərazidən bir neçə il ərzində İddiaçı şəxsi təsərrüfatı üçün istifadə etdiyi göstərilmişdir. Araşdırma zamanı həmin 0.08 ha torpaq sahəsinin Ş.Dostəliyevə ayrılması və s. məxsusluğunu təsdiq edən sənəd olmadığından İddiaçı tərəfindən istifadə olunmuş həmin yerin onun tərəfindən zəbt olunması faktı müəyyən edilməmişdir.” Rəsmi sənəddən göründüyü kimi, uzun illər istifadə etdiyi mübahisəli ərazini zəbt etməyə çalışan Ş.Dostəliyev həmin ərzinin 0.02 ha hissəsini də özbaşına digər qohumu olan Cavabdeh ev tikmək üçün satmış və hələ bu azmış kimi bu günə kimı məhkəmələrə üz tutmaqla mübahisəli yeri onun əlindən almaq istəmişlər. Odur ki, qanunvericiliyin tələblərinə görə ona məxsus mübahisələndirilən 0.08 ha torpaq sahəsində Cavabdeh ailəsinin inşa etdiyi qanunsuz tikilidən çıxarılması və özbaşına tikilinin cavbdehin hesabına sökülməsi barədə məhkəmə qətnamə qəbul etməlidir. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, ilkin iddia əsassız və qanunsuzdur. Dostaliyev Şahin Vəfalı oğlu X2 ərizə ilə müraciət edərək ona 0,08 ha torpaq sahəsi ayrılmasını xahiş etmişdir. Abşeron rayonu X1 xx.xx.2006-cı il tarixli 11 saylı qərarından çıxarışında da göstərildiyi kimi, Dostaliyev Şahin Vəfalı oğluna bələdiyyə torpaqlarının Baş planına əsasən 0,08 ha torpaq sahəsinin satılmasına və X1 Baş inkişaf planı əsasında torpaq sahəsi yerində ölçülüb nişangahlar qoyulduqdan sonra Dostaliyev Şahin Vəfalı oğluna təhvil verilməsinə dair qərar qəbul edilmişdir. Qeyd edilən torpaq sahəsini Dostaliyev Şahin Vəfalı oğlundan almışdır. Həmin torpaq sahəsi tərəfindən əldə olunarkən ilkin İddiaçınn razılığı olmuşdur. Belə ki, həmin dövrdə İddiaçınn adına qeyd edilən torpaq sahəsində mülkiyyət hüququnu təsdiq edən heç bir sənəd olmamışdır. Amma ilkin İddiaçı həmin torpaq sahəsində iddialı olduğu üçün ümumi razılaşma oldu ki, o torpağı Dostaliyev Şahindən alır və Dostaliyev Şahin ilə İddiaçı arasındakı məhkəmə mübahisələri İddiaçı xeyrinə bitəcəyi halda digər torpaq sahələrindən Ş.V.Dostaliyev ona üç sot torpaq verəcəkdir. İddiaçı 2006-cı ilin axırlarında Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yaşayan Ş.V.Dostaliyevə məxsus olan 0,8 ha torpaq sahəsini heç bir rəsmi sənəd olmadan özbaşına tutmuşdur. Ş.V.Dostaliyevin qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozaraq mişar daşları ilə tikinti işləri aparmışdır. Faktla bağlı Abşeron rayon Məhkəməsi xx.xx.2007-ci il tarixli 1-170/2007 saylı iş üzrə İddiaçı barəsində Azərbaycan Respublikasının CM-nin 188-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək şərti mailiyyə məbləğinin 400 (dörd yüz) misli miqdarında 440 (dörd yüz qırx) manat məbləğində cərimə növündə cəza təyin edilməsinə dair hökm çıxarmışdır. Həmçinin o, həmin torpaq sahəsində manatın devalvasiyasdan qabaq 90000 (doxsan min) manat dəyərində ev inşa etmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı torpaq sahəsini geri alacağı təqdirdə onun təzminatını ödəməlidir. Bundan əlavə, onun ailəsi dörd nəfərdən ibarətdir. Onlardan ikisi uşaqdır. Onun evi 90000 (doxsan min) manatadır, “166” xidməti vasitəsilə evdən köçmək ən aşağısı 800 (səkkiz yüz) manat təşkil edir, yeni evin inşası təqribən bir il vaxt aparır. Bu müddət ərzində o məcburən kirayələrdə yaşamışdır. Kirayə haqqı ən aşağısı 400 (dörd yüz) manat təşkil edir. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddiaya etiraz edərək bildirmişdir ki, qarşılıqlı iddia əsassız söz yığınından ibarətdir. Cababdehin əlində qanunsuz tikdiyi evin altında olan və onun şəxsi mülkiyyəti olan 0,03 ha torpaq sahəsinin isə qonşusu olmuş Ş.Dostəliyev adlı şəxsin onun adına 2006-cı ildə yerli bələdiyyə tərəfindən aldığı digər koordinatlar üzrə verilmiş 0.08 ha torpaq sahəsindən çıxış edərək ona verdiyi 0.03 ha torpaq sahəsinin baş etibarnamə əsasında ona verilməsi sənədinin olmasıdır. Onun Ş.Dostəliyev ilə hər hansı torpağın əvəz edilməsilə bağlı heç bir razılaşması olmamış və belə bir sənəd də mövcud deyildir. Ş.Dostəliyev həmişə çalışmışdır ki, nəyin bahasına olur olsun onun son 15 ildə istifadəsində olmuş və nəhayət mülkiyyətinə daxil olmuş 0.08 ha torpaq sahəsini əlindən alsın. Ona görə də ona təzyiq göstərmək üçün o yaxın adamı olan cavadehə ürək-dirək verərək ona məxsus yerin 0.03 ha-nı qanunsuz öz mülkiyyəti kimi savadı olmayan cavadehi aldadaraq qanunsuz satmış və bircə etibarnamə verməklə 6500 manat pulunu alıb mənimsəmişdir. Özünün olmayan bir ərazini öz mülkiyyəti kimi təqdim etməklə digərinə qanunsuz satması və mənimsəməsi birbaşa cinayət məsuliyyəti yaradır. Cavabdeh ona əsassız torpaq satmış və mənimsəmiş Ş.Dostəliyevə qarşı iddia ilə çıxış edib verdiyi pulu və tikdiyi evə görə ziyanın ödənilməsi tələbilə yerli məhkəməyə müraciət etsin. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkilinümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun vəkili-nümayəndəsi Vəkil2 qarşılıqlı iddia tələbini müdafiə edib, ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə proses iştriakçılarını izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə ilkin iddia və qarşılıqlı iddia təmin edilməməlidir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən müəyyən edilir ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 901 nömrəli reyestr kitabının 55 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan xx.xx.2014-cü il tarixli AR-İ №322697 Etibarnamənin surətindən görünür ki, Dostəliyev Şahin Vəfalı oğlu Cavabdeh Abşeron rayon, Aş.Güzdək Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 11 saylı Qərarından çıxarışa əsasən Abşeron rayon Aşağı Güzdək qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsindən yalnız 0.03 ha torpaq sahəsi və üzərində tikiləcək tikilinin üzərində sərəncam verməyi, satmağı, bağışlamağı və digər hərəkətləri yerinə yetirməyi 28 fevral 2074-cü ilədək etibar etmişdir. Mülki iş materiallarında olan Abşeron rayon Aş.Güzdək Bələdiyyəsinin 10 oktyabr 2006-cı il tarixli 11 saylı qərarından çıxarışın surətindən görünür ki, Dostəliyev Şahin Vəfalı oğluna bələdiyyə torpaqlarının Baş planına əsasən 0.08 hektar torpaq sahəsi satılması qərara alınmışdır. Aş.Güzdək Bələdiyyəsinin Baş inkişaf planı əsasında torpaq sahəsi yerində ölçülüb nişangahlar qoyulduqdan sonra vətəndaş Dostəliyev Şahin Vəfalı oğluna təhvil verilsin. Mülki iş materiallarında olan Abşeron rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 1- 170/2007 saylı hökmünün surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 188-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona şərti maliyyə vahidi məbləğinin 400 (dörd yüz) misli miqdarında 440 (dörd yüz qırx) manat məbləğində cərimə növündə cəza təyin edilmişdir. Eyni zamanda Dostəliyev Şahin Vəfalı oğlunun İddiaçı qarşı torpaq sahəsindən çıxarılma barədə mülki iddiası təmin edilmiş, Əsədov X5 rayonu, X1 10 oktyabr 2006-cı il tarixli, 11 saylı qərarı ilə Dostəliyev Şahin Vəfalı oğluna ayrılmış 0,08 ha torpaq sahəsindən çıxarılması qeyd edilmişdir. Mülki iş materiallarında olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)- 214/2015 saylı 09 aprel 2015-ci il tarixli qərarın surətindən görünür ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən İddiaçı istifadəsində olan 0,08 ha torpaq sahəsinin ona satılması öhdəliyinin Abşeron rayonu, X1 üzərinə qoyulması qərara alınmışdır. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021ci iltarixli 2-1(102)-1655/2021 saylı qərarının surətindn görünür ki, Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 2-1(85)-214/2015 saylı, 09 aprel 2015-ci il tarixli qərarına əsasən, iddia təmin edilərək Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən İddiaçı istifadəsində olan 0.08 ha torpaq sahəsinin ona satılması öhdəliyinin Abşeron rayonu, X1 üzərinə qoyulması qərara alınmışdır. xx.xx.2018-ci il tarixdə Dostaliyev Şahin Vəfalı oğlu Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-214/2015 saylı, 09 aprel 2015-ci il tarixli qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 2- 1(105)-67/2019 saylı, 21 may 2019-cu il tarixli qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 09 aprel 2015-ci il tarixli, 2-1(85)-214/2015 saylı qərarından Dostaliyev Şahin Vəfalı oğlu tərəfindən verilmiş apelyasiya şikayəti mümkün sayılmamış, apelyasiya şikayətinin qəbulundan imtina edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-2368/2019 saylı, 14 avqust 2019-cu il tarixli qərarı ilə Dostaliyev Şahin Vəfalı oğlunun kassasiya şikayəti təmin edilərək, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(105)-67/2019 saylı, 21 may 2019-cu il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya baxışına göndərilmişdir.Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)- 673/2019 saylı, 25 noyabr 2019-cu il tarixli qərarı ilə işin Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə qaytarılması qərara alınmışdır.Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(85)-214/2015 saylı, 13 dekabr 2019-cu il tarixli qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 09 aprel 2015-ci il tarixli, 2-1(85)-214/2015 saylı qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmiş, Ş.Dostaliyev və Cavabdeh üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(118)-1/2020 nömrəli (sədrlik edən hakim C.Məmmədov) qərarı ilə İddiaçı Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən İddiaçı istifadəsində olan 0.08 ha torpaq sahəsinin ona satılması öhdəliyinin Abşeron rayonu, X1 üzərinə qoyulması arədə iddiasının rədd edilməsi qərara alınmışdır. İddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(105)-89/2021 saylı qərarının surətindən görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1/2020 saylı 04 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, Ali Məhkəmənin 17 noyabr 2021-ci il tarixli Qərarı ilə Kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(105)-89/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmçinin, müəyyən edilmişdir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)- 214/2015 saylı, 09 aprel 2015-ci il tarixli qərarı ilə iddia təmin edilərək Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən İddiaçı istifadəsində olan 0.08 ha torpaq sahəsinin ona satılması öhdəliyinin Abşeron rayonu, X1 üzərinə qoyulması qərara alınması barədə qərarından sonra həmin qərar icra olunmuş tərəflər arasında bağlanan 04 mart 2017-ci il tarixli, AN –İ ******* saylı alqı-satqı müqaviləsi bağlanmış, bunun əsasında həmin torpaq sahəsi İddiaçı satılmış və bu əsasda onun adına DƏDRX-dan 01.04 2017-ci il tarixli ******* saylı Çıxarış verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 172.2-ci maddəsinə əsasən Torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 84.1. maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111.1. maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2. maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-214/2015 saylı, 09 aprel 2015-ci il tarixli qərarı sonradan ləğv olunduğundan, İddiaçı adına DƏDRX-dən xx.xx.2017-ci il tarixli ******* saylı Çıxarışın artıq hüquqi əhəmiyyəti olmadığından bu əsasda Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən mübahisəli torpaq sahəsinin İddiaçı aidiyyatı qalmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, qeyd edilənlərə əsasən ilkin iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, ilkin iddia rədd edildiyindən, qarşılıqlı iddiaçının ilkin iddiaçıya qarşı artıq tələbetmə hüququ olmadığından qarşılıqlı iddia tələbi də əsassızdır və təmin edilməməlidir. "Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il qərarına qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlakın alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hər iki iddia tələbi rədd edildiyindən hər iki iddia üzrə ödənilmiş dövlət rüsumu onu ödəmiş tərəflərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilidən çıxarılma və tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dаir ilk iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddiaçı Cavabdeh Qydar oğlunun cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu qarşıqlı iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şıkayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-7/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-7/2022
18.10.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver