Məhkəmə qərarları › İş №2(012)-700/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-700/2024

17.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-700/2024 17.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, 1287,95 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ailəsi ilə birlikdə 1985-ci ildən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, H.Cavadov küçəsində yerləşən fərdi yaşayış evində yaşayır. Hazıradək istifadə etdiyi qazın müqabilində heç bir borcu olmamışdır. Quraşdırılan sayğaclara isə tərəfindən heç bir müdaxilə olunmamışdır. Sonuncu dəfə qaz sayğacı xx.xx.2017-ci il tarixdə yaşadığı evə quraşdırılmışdır. xx.xx.2023-cü il tarixdə qaz idarəsinin əməkdaşı ona zəng edərək qazdan istifadəyə görə ödəniş etmədiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə qaz idarəsinin əməkdaşı sayğacının göstəricilərinə baxan zaman sayğacın nasaz olduğunu aşkar etmişdir. Həmin nasazlıq səbəbindən də sayğacın mexaniki göstəricisi ilə elektron göstəricisi arasında 5383 m3 fərq yaranmışdır. Nasaz olan sayğac qaz idarəsinin əməkdaşları tərəfindən yenisi ilə əvəz olunmuşdur. Nasaz olan sayğac isə müayinə olunması üçün aktlaşdırılaraq laboratoriyaya göndərilmişdir. Yeni sayğac quraşdırılsa da, aktiv edilmədiyindən qazdan istifadə edilməsi də mümkün olmur. Nasaz olan sayğacın müayinəsi yekunlaşmadan ondan borca görə 1287,95 manat məbləğində pul tələb olunmuşdur. Lakin həmin borca dair ona heç bir rəsmi bildiriş təqdim edilməmişdir. Sistemdə isə ümumiyyətlə heç bir borc məbləği görsənmir. Bu səbəbdən də hazırda onun adına yazılmış qanunsuz və əsassız borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Əlavə olaraq bildirmişdir ki, tərəfindən hər ay smart kart vasitəsilə ödəniş edilməklə təbii qazdan istifadə edilmişdir. Təbii ki, kartla ödəniş olduğu üçün də hesabda olan vəsait bitdikdə avtomatik olaraq təbii qazın verilməsi də dayandırılır. Belə olan halda onun təbii qazdan kartsız istifadə etməyi mümkün də deyildir. Onun tərəfindən sayğacdan kənar istifadə olunmamışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iddianı qəbul etməmiş və iddiaya qarşı vermiş olduğu etiraz ərizəsini müdafiə edərək göstərmişdir ki, İddiaçı uzun müddət təbii qazdan ödəniş etməyərək istifadə etməklə onun Cavabdehnə 1287,95 manat həcmində borcu yaranmışdır. Bununla əlaqədar əməkdaşlar tərəfindən iddiaçının mənzilinə quraşdırılmış qaz sayğacına 2023-cü ilin oktyabr ayında yoxlama aparılmış və aşkar olmuşdur ki, iddiaçının qaz sayğacı mənfiyə işlədiyindən Cavabdehnə 1287,95 manat həcmində ziyan vurmuşdur. Yuxarıda sadalanan və əldə olan əsaslı sənədlər İddiaçı təbii qazdan dəyəri ödənilmədən istifadə edərək təbii qazı taladığını təsdiq edir. Bununla bağlı yuxarıda göstərilənlər əsasında ümumi məbləğ hesablanaraq ümumilikdə 1287,95 manat həcmində qazdan istifadə edildiyi müəyyən edilmişdir. Buna görə də iddia rədd olunmalıdır. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2023-cü ildə tərtib və təsdiq olunmuş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı aktdan görünür ki, həmin tarixdə abonent İddiaçı yaşadığı Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, H.Cavadov küçəsində fərdi yaşayış evinə (abonent kodu: **********910000) baxış keçirilən zaman sayğacın mexaniki göstəricisi ilə elektron göstərici arasında 5383 m3 fərq yarandığı aşkar edilmişdir və sayğac əvəzlənmişdir. İş materiallarında olan istehlakçı İddiaçı adına tərtib edilmiş Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi, H.Cavadov küçəsində fərdi yaşayış evinə aid abonent kodu **********10000 olan Abonentin saldosundan görünür ki, 2023-cü ilin oktyabr ayında qaz sərfiyyatı cəmi “5383m3” həcmində müəyyən edilmiş və buna müvafiq olaraq abonentə 1287,95 manat məbləğində borc hesablanmışdır. "Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə və digər hallarda qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçıya 1287,95 manat məbləğində cərimə onun sayğacındakı nasazlığa görə xx.xx.2023-cü il tarixli akta əsasən tətbiq edilmişdir. Halbuki yuxarıda qeyd edilən Qaydalara görə bu cür sayğacların işlək vəziyyətdə saxlanılmasına görə abonent məsuliyyət daşımır, yəni iddiaçıya tətbiq edilən cərimənin heç bir hüquqi əsası yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşadığı fərdi yaşayış evinə aid qaz sayğacına dair xx.xx.2023-cü il tarixli akta əsasən hesablanmış 1287,95 manat borc silinməli, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, H.Cavadov küçəsində yerləşən fərdi yaşayış evinə aid abonent kodu **********10000 olan qaz sayğacına xx.xx.2023-cü il tarixli akta əsasən hesablanmış 1287,95 manat məbləğində borc silinsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar