Məhkəmə qərarları › İş №2(012)-703/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-703/2022

14.03.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-703/2022 14.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil1 və nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış 10.04.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21-ci məhəllədə yerləşən yaşayış binasının "xxxx" girişinin 1-ci mərtəbəsində yerləşən 2 saylı mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil2 iddia ərizəsini müdafiə edərək tələbi onunla əsaslandırmışdır ki, təmsil etdiyi şəxs Cavabdeh1 MMC ilə Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21-ci məhəllədə yerləşən yaşayış binasının "xxxx" girişinin 1-ci mərtəbəsindəki 2 saylı mənzilin alqı satqısına dair 05 iyul 2014-cü il tarixli müqavilə bağlamışdır. Həmin müqaviləyə görə İddiaçı Cavabdeh1 MMC-yə mənzilin ümumi dəyərindən (ümumi qiymət 98526 manat olmuşdur) ilkin olaraq 20000 manat pul ödəmişdir. Sonradan isə 2015-ci ildə 10000 manat və 3000 manat əlavə ödəniş etmişdir. Müqaviləni bağladığı vaxtdan bir ildən çox müddət keçsə də, sözügedən binada demək olar ki, inşaat işləri aparılmırdı. Bu səbəbdən də, Cavabdeh1 MMC-nin rəhbəri Xanlar Cəfərova işlərin ləng getməsi ilə bağlı iradını bildirmişdir. Xanlar Cəfərov isə narahat olmamağı, işlərin ləng getməsinin isə yaranmış bəzi problemlərlə bağlı olduğunu qeyd etmişdir. Həmçinin iddiaçıya bildirmişdir ki, onlar qohumdurlar, mənzilin qalan ödənişini mənzil təhvil verildikdən sonra ödəyər. O, Xanların işlərində problem yarandığını bildiyi üçün, həm də qohumluq əlaqəsi olduğu üçün inşaat işlərinin yekunlaşmasını uzun müddət gözləmişdir. İddiaçı sözügedən binaya vaxt olduqca baş çəkmişdir. Axırıncı dəfə 2021-ci ilin oktyabr ayında həmin ünvana baş çəkərkən görmüşdür ki, bina tam təhvil verilməsə də, ona ayrılan mənzildə tanımadığı şəxs tərəfindən təmir işlərinin aparılmasına hazırlıq görülür. Ona məxsus mənzilin zəbt olunması ilə əlaqədar Abşeron Rayon Polis İdarəsinə müraciət etmişdir. Müraciətin nəticəsi olaraq, aparılan araşdırmadan sonra iddiaçıya bildirmişlər ki, həmin mənzil 2018-ci ildə Cavabdeh1 MMC tərəfindən digər şəxsə satılıb. Belə ki, 05 iyul 2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında iddiaçının Cavabdeh1 MMC-dən aldığı Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21-ci məhəllədə yerləşən yaşayış binasınm "xxxx" girişinin 1-ci mərtəbəsindəki 2 saylı mənzil yenidən, ona məxsus müqavilənin qüvvədə olmasına baxmayaraq 10 aprel 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satılmışdır. İddiaçı ona məxsus müqavilənin qüvvədə olmasını onunla əsaslandırır ki, müqavilənin 6-cı bəndində də qeyd olunduğu kimi, müqavilə ödəniş gecikdirildiyi halda birtərəfli qaydada ləğv oluna bilər ki, bu halda da ödənilmiş pulun miqdarı “MMC” tərəfindən yalnız həmin mənzil bir şəxsə verildikdən sonra alıcıya qaytarılır. Lakin iddiaçıya nə müqavilənin ləğvi ilə bağlı, nə də ödədiyi pulun qaytarılması ilə bağlı hər hansı bir xəbərdarlıq olunmamışdır. Sonradan iddiaçıya məlum olmuşdur ki, Nəriman adlı şəxs (Cavabdeh2 atası) mübahisəli mənzilin yerləşdiyi mərtəbədəki bütün mənzilləri təmir etdirir. Buradan da o nəticəyə gəlmək olar ki, Nəriman Baxşəliyev MMC-nin rəhbəri Xanlar Cəfərovla əlbir olaraq həmin binada bir çox mənzillər üçün öz yaxın adamlarının adına müqavilə yazdırmaqla, həmin mənzilləri mənimsəmək fikrindədir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil1, həmçinin nümayəndəsi X4 iddianı qəbul etmədilər və onun təmin edilməməsini xahiş etdilər. Vəkil1 əlavə etdi ki, mübahisəli mənzili Cavabdeh2 dəyərini tam ödəməklə 10 aprel 2018-ci il tarixli müqaviləyə əsasən almışdır. Bu müqavilənin etibarsızlığına isə heç bir əsas yoxdur. Cavabdeh1 MMC məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh1 MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh1 MMC-nin direktoru X5 ilə İddiaçı arasında bağlanmış 05 iyul 2014-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh1 MMC Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21-ci məhəllədə yerləşən yaşayış binasınm "xxxx" girişinin 1-ci mərtəbəsindəki 164,21 kv.metrlik 4 otaqlı, 2 saylı mənzili 98526 manata İddiaçı satmışdır. Bunun 20000 manat hissəsi ilkin ödəniş olaraq ödənilmişdir, qalan 78526 manat isə MMCyə ödənilməlidir. - Müqavilənin 6-cı bəndindən görünür ki, alıcı ilk ödənişdən sonra qalan məbləği 30 gündən artıq gecikdirsə, Cavabdeh1 MMC-nin hüququ vardır ki, müqaviləni birtərəfli qaydada ləğv etsin. Bu halda ödənilmiş pulun miqdarı MMC tərəfindən yalnız həmin mənzil başqa şəxsə verildikdən sonra alıcıya qaytarılır. - Cavabdeh1 MMC-nin kassa mədaxil orderlərinin qəbzindən görünür ki, Cəfərov X6 rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21-ci məhəllədə yerləşən yaşayış binasınm "xxxx" girişinin 1-ci mərtəbəsindəki 164,21 kv.metrlik 4 otaqlı, 2 saylı mənzil üçün MMC-yə 05.07.2014-cü il tarixdə 20000, 01.04.2015-ci il tarixdə 10000, 01.05.2015-ci il tarixdə isə 3120 manat pul ödəmişdir. - Cavabdeh1 MMC-nin direktoru X5 ilə Cavabdeh2 arasında bağlanmış 10 aprel 2018-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh1 MMC Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21-ci məhəllədə yerləşən yaşayış binasınm "xxxx" girişinin 1ci mərtəbəsindəki 165 kv.metrlik 4 otaqlı, 2 saylı mənzili 99000 manat müqabilində Cavabdeh2 satmışdır. - Cavabdeh1 MMC-nin direktoru X5 tərəfindən verilmiş 10 aprel 2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21-ci məhəllədə yerləşən yaşayış binasınm "xxxx" girişinin 1-ci mərtəbəsindəki 165 kv.metrlik 4 otaqlı, 2 saylı mənzil üçün 99000 manat pulu MMC-yə ödəmişdir və onun MMC-yə borcu yoxdur. - Cavabdeh1 MMC-nin direktoru X1 məhkəməyə ünvanladığı 05 mart 2022-ci il tarixli, 1 saylı məktubdan görünür ki, ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının “S bloku” 1-ci yaşayış mərtəbəsində yerləşən ümumi sahəsi 164,21 kv.m olan 2 saylı 4 otaqlı mənzilə görə 05.07.2014-cü il tarixdə İddiaçı ilə alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin İddiaçı alqı-satqı müqaviləsinin 6-cı bəndində göstərilən öhdəliklərini yerinə yetirmədiyinə görə onunla bağlanan müqavilə 05 yanvar 2016-cı il tarixindən Cavabdeh1 MMC-nin təsisçisi Xanlar Cəfərov tərəfindən ləğv olunmuş və ödənilmiş məbləğin (33000 manat) qaytarılmasını o, öz üzərinə götürmüşdür. Həmin mənzil 2016-cı ildən 2018-ci ilin aprel ayınadək heç kəsə satılmamışdır. Bu müddətdə İddiaçı dəfələrlə çağırılsa da, şirkətə gəlməmiş və ödəniş etməmişdir. Ona görə də 10 aprel 2018-ci il tarixdə həmin mənzil Xanlar Cəfərov tərəfindən alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 dəyəri (99000 manat) tam ödənildikdən sonra satılmışdır. Bununla bağlı ona maliyyə arayışı təqdim olunmuşdur. Həmin mənzilin bütün təmir və tikinti işləri Cavabdeh2 tərəfindən həyata keçirilmişdir və mənzil hazırda onun istifadəsindədir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh1 MMC ilə bağladığı 05 iyul 2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21-ci məhəllədə yerləşən yaşayış binasının "xxxx" girişinin 1-ci mərtəbəsindəki 164,21 kv.metrlik 4 otaqlı, 2 saylı mənzili 98526 manata razılaşaraq almışdır. Bu məbləğin 20000 manat hissəsini İddiaçı MMC-yə ilkin ödəniş olaraq ödəmişdir, qalan 78526 manat pulu isə MMC-yə ödəməli idi. İşdən görünür ki, iddiaçı mübahisəli mənzillə bağlı MMC-yə ümumilikdə 33120 manat vəsait ödəmişdir. Lakin 2016-cı ilədək mənzilin tam dəyəri MMC-yə ödənilmədiyindən müqavilyə birtərəfli qaydada xitam verilmiş, bundan sonra isə mənzil 10 aprel 2018-ci il tarixli müqavilə ilə Cavabdeh2 99000 manat müqabilində, həm də dəyəri tam ödənilməklə satılmışdır. Mübahisəli mənzil hazırda Cavabdeh2 sahibliyində və istifadəsindədir. Hazırda Cəfərov X3 Lamiyə Nəriman qızı ilə Cavabdeh1 MMC arasında bağlanmış 10.04.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21-ci məhəllədə yerləşən yaşayış binasının "xxxx" girişinin 1-ci mərtəbəsindəki 2 saylı mənzilin ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bu zaman İddiaçı onunla MMC arasında imzalanmış 05 iyul 2014-cü il tarixli alqısatqı müqaviləsinə istinad etmişdir. Mülki Məcəllənin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.04.2004-cü il tarixli qərarında qeyd olunmuşdur ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Göründüyü kimi, qanunun mənasına görə əqdin bağlanılması üçün ilkin zəruri olan şərtlərdən biri tərəflərin iradə ifadəsidir. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış alqı-satqı müqaviləsinə təkcə onun hərfi mənası baxımından deyil, iş üzrə tərəflərin qarşılıqlı münasibətləri, müqaviləyə qədərki və sonrakı danışıqları, onun digər şərtləri və mənası baxımından qiymət verilməlidir. Mülki Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. İşin tədqiq olunan faktiki hallarından görünür ki, Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında mübahisələndirilən müqavilə bağlanarkən Mülki Məcəllədə əksini tapmış həmin əqdin etibarsızlığına səbəb ola biləcək hallar mövcud olmamışdır. Alqı-satqı predmeti daşınmaz əmlak olduğu üçün müqavilə qanunvericiliyin tələb etdiyi tərzdə bağlanılmış və mənzilin dəyəri alıcı tərəfindən MMC-yə tam ödənilmişdir. Əmlak 2018-ci ildən Cavabdeh2 istifadəsindədir. Beləliklə, məhkəmə hesab edir ki, qanuni əsaslarla bağlanmış alqı-satqı müqaviləsinin etibarsızılığı üçün qanunvericiliklə müəyyən edilmiş yuxarıda qeyd edilmiş əsaslardan heç biri mövcud deyildir. Məhkəmə iclasında iddiaçı tərəf əqdin etibarsızlığı barədə dəlillərini təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Onun istinad etdiyi yeganə hüquqmüəyyənedici sənəd onunla MMC arasında bağlanmış və hazırda ləğv edilmiş 05 iyul 2014-cü il tarixli alqı-satqı müqaviləsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Bu müqavilədən görünür ki, tərəflər mənzilin ümumi dəyərini 98526 manat məbləğində müəyyən etmişlər. Bu məbləğin 20000 manat hissəsini İddiaçı həmin tarixdə ilkin ödəniş kimi MMC-yə ödəmiş, qalan məbləği isə sonradan ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Sonradan o, 01.04.2015-ci il və 01.05.2015-ci il tarixlərdə yenidən 13120 manat ödəmiş, lakin mənzilin bütün dəyərini tam ödəməmişdir. Tərəflər arasında imzalanmış müqavilənin 6-cı bəndindən görünür ki, alıcı ilk ödənişdən sonra qalan məbləği 30 gündən artıq gecikdirsə, Cavabdeh1 MMC-nin hüququ vardır ki, müqaviləni birtərəfli qaydada ləğv etsin. Bu halda ödənilmiş pulun miqdarı MMC tərəfindən yalnız həmin mənzil başqa şəxsə verildikdən sonra alıcıya qaytarılır. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, tərəflər nisyə alqı-satqı münasibətlərində olmuş, mənzilin qalan məbləği MMC-yə ödənilmədiyindən tərəflər arasındakı müqavilə birtərəfli qaydada ləğv edilmişdir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 601.1-ci madəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İş materiallarından aydın olur ki, tərəflər arasında yazılı müqavilə olmuş, bağlanmış müqavilədə müddət müəyyən edilməmiş, lakin mənzilin dəyəri və qalan məbləğ barədə müqavilədə müddəalar göstərilmişdir. Mülki Məcəllənin 427.2-ci maddəsinin tələblərinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, İddiaçı həmin müqavilədə müəyyən edilmiş mənzili Cavabdeh1 MMC-dən almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında onun tam dəyərini MMC-yə ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. O, müqavilə əsasında MMC-dən müqavilə predmetini almasına dair hüququndan istifadə etmiş, lakin onun bütün dəyərini ödəməli olmasına dair vəzifəsini ağlabatan müddətdə (yəni 3 il ərzində) tam yerinə yetirməmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 390.2-ci maddəsinə görə müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Mülki Məcəllənin 390.3-cü maddəsinə görə müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Mülki Məcəllənin 390.5-ci maddəsinə görə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Mülki Məcəllənin 390.7-ci maddəsinə görə əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Mülki Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 MMC qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir, yəni o, müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur. Məhz bu səbəbdən də MMC müqavilənin 6-cı bəndində göstərilən və İddiaçı tərəfindən qəbul edilən hüququndan istifadə edərək müqaviləni 2016-cı ildə birtərəfli qaydada ləğv etmiş, 2 il müddət keçdikdən sonra isə mənzili Cavabdeh2 satmışdır. Müqavilə ləğv edilərkən ona məlumat verilməməsinin, onun ödənişlərinin qaytarılmamasının bu müqavilənin hələ də qüvvədə olmasına əsas hesab edilməsi barədə İddiaçı dəlilləri əsassızdır, çünki bu dəlillər tərəflər arasında imzalanmış müqavilənin 6-cı bəndi ilə təkzib olunur. Mənzilin dəyərinin tam ödənilməməsi halında müqavilənin MMC tərəfindən birtərəfli qaydada ləğv edilməsi müddəası ilə əqdin tərəfi kimi İddiaçı razılaşmışdır. Mübahisəli mənzilə görə ödədiyi vəsaitə gəlincə isə, onun bu məbləği MMC-dən tələb etmək hüququ saxlanılır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, iddiaçı əqdin etibarsızlığı barədə məhkəməyə heç bir mötəbər və legitim sübut təqdim edə bilmədiyindən onun Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış 10.04.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21-ci məhəllədə yerləşən yaşayış binasının "xxxx" girişinin 1-ci mərtəbəsindəki 2 saylı mənzilin ona təhvil verilməsi barədə iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar