Məhkəmə qərarları › İş №2(012)-707/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-707/2025

28.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-707/2025 28.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İB-nin əməkdaşları tərəfindən 30 mart 2020-ci il tarixli ******* nömrəli qanunsuz və əsassız olaraq hesablanmış 885,60 manat və 24 noyabr 2021-cü il tarixli ******* nömrəli akt üzrə hesablanmış 1251,36 məbləğində cərimə borcunun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən 30 mart 2020-ci il tarixində ******* nömrəli və 24 noyabr 2021-ci il tarixində ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. 30 mart 2020-ci il tarixli ******* nömrəli aktdan göründüyü kimi Cavabdeh İB-nin əməkdaşları tərəfindən qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyriqanuni təbii qazdan istifadə edildiyi aşkar edilmişdir. 24 noyabr 2021-ci il tarixli ******* nömrəli akta əsasən Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilmiş və sayğacdan kənar əlavə xətlə təbii qazdan qeyri-qanuni istifadə edilməsi, sayğacın yerində G4 markalı 1702AZ**********66 saylı sayğacın plombsuz quraşdırılması aşkar edilmişdir. Onun bu aktların nə zaman tərtib edilməsindən, ümumiyyətlə, xəbəri olmamışdır. Qanunsuz və əsassız olaraq, heç bir əsas gətirilmədən 30 mart 2020-ci il tarixində və 24 noyabr 2021-ci il tarixində “Azəriqaz İB” tərəfindən aktlar tərtib edilmiş və dəymiş ziyan kimi ******* saylı akta əsasən 885,60 manat məbləğində, ******* nömrəli akta əsasən isə 1251,36 manat məbləğində borc hesablanmışdır. Belə ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən aktlar tərtib edilərkən onun aktın tərtib edilməsi ilə bağlı heç bir məlumatı olmamışdır. Cavabdeh İB isə qanunvericiliyin tələblərini pozaraq onun iştirakını təmin etməmiş, qanunvericiliyin tələblərini pozaraq onun iştirakını təmin etmədiyi halda 24 noyabr 2021-ci il tarixli ******* nömrəli aktın yekun hissəsində ümumiyyətlə, ad və soyadı yazılmamış, imza hissəsi tamamilə boş saxlanılmamış, 30 mart 2020-ci il tarixli ******* nömrəli aktın yekun hissəsində yekun hissəsində aktı imza etməkdən imtina etdiyini qeyd etmişdir. Burdan məlum olur ki, aktlar tamamilə qanunsuz və əsassız olaraq tərtib olunmuşdur. Sayğaclara heç vaxt onun və ailə üzvləri tərəfindən heç bir müdaxilə olunmamış, sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə olunmamışdır. Heç bir təqsiri olmadığı və sayğaca kənar qeyri-qanuni qaz xətt qoşulmadığı halda onun barəsində cərimə tətbiq etmişlər. O, hər zaman tələb olunan qaydalara əməl etmişdir. Əksinə olaraq onun hüquqları pozulmuşdur. 30 mart 2020-ci il tarixli akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədə icra olunacaq tədbirlər kimi sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi qeyd olunmuşdur. Bundan sonra isə eyni qaydada 24 noyabr 2021-ci il tarixli akt əsasında tərtib edilmiş tələbnamədə də icra olunacaq tədbir kimi sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi nəzərdə tutulmuşdur. Qeyd olunanlardan göründüyü kimi əgər elə bir xətt olmuşdursa birinci dəfədən icra tədbiri kimi ləğv olunmalı idi. Eyni zamanda qeyd edir ki, xx.xx.2021-ci il tarixli aktda qeyd olunmuşdur ki, sayğacın yerində G4 markalı, 1702AZ**********66 saylı plombsuz sayğac quraşdırılmışdır. Sayğac həyətdən çöldə quraşdırılmışdır. Əlavə olaraq qeyd edir ki, yazılmış cərimə borclarından onun sadəcə 2023-cü ildə məlumatı olmuşdur. Necə olur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar 30 mart 2020-ci il və xx.xx.2021-ci il tarixlərində tərtib olunduğu və ona qanunsuz və əsassız borclar yazıldığı halda, onun bu barədə məlumatı bu qədər uzun müddət keçdikdən sonra olur. Heç bir sübut və əsas olmadığı halda ona borclar yazılmış, əksinə olaraq onun iştirakı təmin olunmamış, onun hüquqları pozulmuş, qanunsuz, əsassız və saxta olaraq barəsində aktlar tərtib edilmişdir. Odur ki, hesab edir ki, ona hesablanmış cərimələr tamamilə əsassız və qanunsuz olduğuna görə məhkəmə qaydasında mübahisəyə baxılmalıdır. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş və iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə cavabdeh şirkətin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ. bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 60-cı maddəsinin İİ. bəndinə əsasən, hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 4.1 maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.1 maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -“Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkarlanmış, dəymiş ziyanın hesablanaraq ödənilməsi qərara alınmışdır. -Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSQ-nin maksimal saatlıq qaz sərf, 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Əsas olaraq xx.xx.2020-ci il tarixli, ******* saylı akt olmuşdur. -“Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkarlanmış, dəymiş ziyanın hesablanaraq ödənilməsi qərara alınmışdır. -Cavabdeh İB-nin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, qaz işlədicilərlndən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük İş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSQ-in maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Əsas olaraq xx.xx.2021-ci il tarixli, ******* saylı akt olmuşdur. -Abonent kodu **********05657 olan İddiaçı adına olan abonent saldosundan görünür ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanına xx.xx.2022-ci il tarixdə Zenner G4T Mexaniki tipli, **********1 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ- 4)(1/1), qənaətli su qızdırıcı (1/1). Akta əsasən hesablanmış, abonentin 2020-ci ilə aid olan borcu 885,60 manat, 2021-ci ilə aid olan borcu 1251,36 manat göstərilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1 maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin, belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludur. 136.4-cü maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 139.1-ci maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. İşin faktiki hallarına qiymət verib və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* saylı və xx.xx.2021-ci il tarixli, ******* saylı aktlara əsasən, istehlakçıya məxsus yaşayış sahəsində təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılmış və təbii qazdan qeyri-qanuni istifadə etməsi müəyyən edilmişdir. Beləliklə, abonent onunla bağlanmış müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və mülki iş materiallarına əlavə olunmuş abonent saldosuna əsasən, uyğun olaraq 885,60 manat və 1251,36 manat borc yaranmışdır. Həmin borc hesablanarkən vurulmuş ziyan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 14 mart 2011-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları” əsas götürülmüşdür. Məhkəmə həmçinin, iddia tələbi ilə bağlı qeyd edir ki: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Belə ki, qaz paylayıcı şəbəkə öz vəzifə borclarını dürüst yerinə yetirməyərək Nazirlər Kabinetinin «Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli, 80 saylı Qərarının aşağıdakı bəndlərini kobud şəkildə pozmuşdur: 2.1.3. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək; 2.1.5. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq; 2.1.10. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək. Məhkəmə araşdırması zamanı həmçinin, müəyyən olunmuşdur ki, iddiaçının “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq, təbii qazdan qeyri-qanuni istifadə etməsi mülki iş materiallarına əlavə olunmuş fotoşəkillər və inventar aktı əsasında öz təsdiqini tapmış və bu barədə abonentə təbii qazdan istifadə qaydalarının pozulması barədə tələbnamə tərtib edilərək xx.xx.2020-ci il tarixli, ******* saylı və xx.xx.2021-ci il tarixli, ******* saylı aktlara əsasən 90 gün (3 ay) müddəti üçün cərimə hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, təbii qazdan istifadə qaydalarının tələblərinə uyğun olaraq həmin qaydalara riayət etmək abonent olaraq vətəndaşın vəzifəsi olsa da, sayğacın işlək vəziyyətdə olmasına nəzarət etmək isə qazpaylayıcısının birbaşa vəzifəsi olmaqla həmin vəzifənin icrasını 30 gündən bir həyata keçirməlidir. Lakin göründüyü kimi, Cavabdeh İBnin nümayəndələri tərəfindən abonentin mənzilinə quraşdırılmış qaz sayğacına vaxtında nəzarət edilməməsi nəticə olaraq, abonentin də qaz sayğacından qeyri-qanuni istifadə etməklə təbii qazı talaması halını istisna etməmişdir. Bununla belə, abonentin təbii qazdan qeyri-qanuni istifadə etməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından məhkəmə sadə riyazi hesablama üsulu ilə xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasən tərtib olunmuş xx.xx.2020-ci il tarixli tələbnaməyə uyğun olaraq, (1.2x24x30=864 m3, 1,5x24x30=1080, 1.4x24x30=1008, 864+1080+1008=2952, 2952x0,12=354,24, 885,60- 354,24=531,36) 531,36 manat; xx.xx.2021-ci il tarixli, ******* saylı akta əsasən tərtib olunmuş xx.xx.2021-ci il tarixli tələbnaməyə uyğun olaraq, (1.2x24x30=864 m3, 1,5x24x30=1080, 1.4x24x30=1008, 864+1080+1008=2952, 2952x0,12=354,24, 1251,36- 354,24=897,12) 897,12 manat pul vəsaitinin abonent İddiaçı məxsus abunə hesabından silinməsi qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5 maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.1. maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Hazırki iş üzrə iddia məbləğindən cəmi 1424,48 manat silindiyindən məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 238-252-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış xx.xx.2020-ci il tarixli, ******* saylı akt üzrə 531,36 (beş yüz otuz bir manat otuz altı qəpik) manat; xx.xx.2021-ci il tarixli, ******* saylı akt üzrə 897,12 (səkkiz yüz doxsan yeddi manat on iki qəpik) manat borc abonent kodu **********05657 olan İddiaçı məxsus abunə hesabından silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar