Məhkəmə qərarları › İş №2(012)-715/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-715/2025

05.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-715/2025 05.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «Azariqaz» İstehsalat Birliyi tərəfindən ünvan 1 ünvanındakı (abonent kodu: **********00000) sayğacla bağlı əsassız hesablanmış 2865,40 manat borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onların mülkiyyətindədir. Cavabdeh tərəfindən ünvan 1 ünvanındakı (abonent kodu: **********00000) sayğacla bağlı 2865,40 manat əsassız borc hesablanmışdır. Belə ki, Cavabdeh əməkdaşları onlara xəbərdarlıq etmədən akt tərtib etmişdir. Həmçinin sözügedən akt əsasında cərimə borcunun hesablanması barədə onlara məlumat verilməmişdir. Qeyd edir ki, Cavabdeh işçiləri tərəfindən qanunsuzluqlara yol verilmişdir. Belə ki, sayğaca dair heç bir müdaxilə olmamış, plomb sayğacın üzərində olmuş və sayğacda heç bir qüsur olmamışdır. Bundan əlavə fərdi yaşayış evinə quraşdırılmış sayğac küçədə yerləşir və sayğacın plasmas borusunun deşilməsi onun çöldə olması ilə əlaqədardır. Hesab edir ki, Cavabdeh tərəfindən ünvan 1 ünvanındakı (abonent kodu: **********00000) sayğacla bağlı əsassız hesablanmış 2865,40 manat borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməlidir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh şirkətin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 aprel 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus (abonent kodu: **********00000) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilən zaman MSK- 14-2-2/3-5-4621/Q002 saylı rəyə əsasən **********1 nömrəli sayğacın çıxış plasmas borusunun deşildiyi aşkar edilmişdir. İş materiallarında olan 15 yanvar 2025-ci il tarixli abonentin saldosundan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən evə (abonent kodu: **********00000) 30 aprel 2023-cü il tarixli, ******* saylı akta əsasən 3110,40 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 aprel 2023-cü il tarixli, ******* saylı aktdan göründüyü kimi İddiaçı məxsus (abonent kodu: **********00000) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilən zaman MSK-14-2-2/3-5-4621/Q002 saylı rəyə əsasən **********1 nömrəli sayğacın çıxış plasmas borusunun deşildiyi aşkar edilmiş, həmin akt əsasında xx.xx.2023-cü il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 6 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq abonent 3110,40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 15 yanvar 2025-ci il tarixli abonentin saldosundan göründüyü kimi İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən evə (abonent kodu: **********00000) 30 aprel 2023-cü il tarixli, ******* saylı akta əsasən 3110,40 manat məbləğində borc hesablanmasına baxmayaraq iddiaçı ona hesablanmış borc üzrə müəyyən məbləğdə ödənişlər etdiyindən iddia ərizəsinin daxil olduğu zaman, yəni 2024cü ilin oktyabr ayı üzrə iddiaçının borcu 2865,40 manat təşkil etmişdir. Məhkəmə qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X1 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması, həmçinin iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə cavabdeh şirkətin nümayəndəsi iddia tələbinin əsassız olduğunu sübut etməmiş və sayğaca İddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, İddiaçı (abonent kodu: **********00000) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından 3110,40 manat məbləğində hesablanmış cərimə borcunun qalığı olaraq 2865,40 manat cərimə silinməlidir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçı kimi pozulmuş hüquqlarının bərpası barədə iddia tələbi üzrə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 48,65 (qırx səkkiz manat, altmış beş qəpik) manat dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00000) hesablanmış 2865,40 manat məbləğində cərimə silinsin. Cavabdehndən 48,65 (qırx səkkiz manat, altmış beş qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar