Məhkəmə qərarları › İş №2(012)-717/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-717/2023

20.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-717/2023 20.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Bakı Regional Qazın Satışı Departamentinin 4320 kub.m qazdan istifadəyə görə qanunsuz və əsassız hesabladığı 518.4 manat borcun ləğv edilərək silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2017-ci ildən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Əlillər küçəsində yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Bu illər ərzində bütün kommunal, o cümlədən, qazdan istifadəyə görə xərcləri vaxtı-vaxtında ödəmişdir. 2019-cu ilin əvvəlində qazdan istifadəyə görə G-4 markalı **********0 nömrəli sayğac quraşdırılmışdır. Həmin vaxtdan bu günə kimi qazdan istifadəyə görə borcu sayğacın göstəricilərinə uyğun ödəmişdir. Son vaxtlara kimi heç bir borcu olmamış, lakin xx.xx.2021-ci il tarixdə ərazidə güclü külək nəticəsində daş hasar uçmuş və qaz sayğacı zədələnərək sıradan çıxmışdır. Faktla bağlı dəfələrlə cavabdehin qaynar xəttinə telefonla məlumat vermiş, bir neçə həftə qazsız qaldıqdan sonra cavabdehin nümayəndələri xx.xx.2022- ci il tarixdə yeni sayğac quraşdırmış və akt tərtib etmişdir. xx.xx.2022-ci il tarixdə cavabdehin əməkdaşları təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt tərtib etmiş, lakin saxta və əsassız sənəd tərtib etdiklərinə görə həmin aktı imzalamaqdan imtina etmişdir. Lakin bundan sonra məlum olmuşdur ki, guya 518.4 manat borc vardır. Çünki qaz pulu borcunun olması barədə xəbərdarlıqlar daxil olmağa başlamışdır. Bu məqsədlə qaz idarəsinə gedib hansı səbəbdən borc hesablanması ilə maraqlanmış, abunə haqqında (abonentin saldosu) məlumatından görünür ki, xx.xx.2022-ci il tarixdə qaz sayğacı quraşdırıldığı halda 518.4 manat borc yaranmışdır. Guya onun 4320 kub.m qaz sərfiyyatı olmuş, halbuki, 25 gün ərzində hər gün 172.8 kub.m qaz sərfiyyatının istifadə olunması mümkün deyildir. Ona görə də cavabdehə xx.xx.2022-ci il tarixdə rəsmi ərizə verib qaz borcunun silinməsini xahiş etmiş, lakin xx.xx.2022-ci il tarixdə ünvanlanmış cavab məktubu ilə ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bununla belə, evdə cəmi bir ədəd qaz plitəsi və bir “kombi” var, bu qədər sərfiyyat fiziki cəhətdən mümkün deyil. Abonent saldosundan göründüyü kimi, faktiki sərfiyyatdan müxtəlif aylar üzrə 3, 3.5 və 20 dəfə artıq sərfiyyat göstərilmişdir. Odur ki, aktın hər hansı bir əsası yoxdur. 2017-ci ildən 2022-ci ilə qədər cavabdeh onunla müqavilə bağlamamışdır. Qazın alqı-satqısı orta sərfiyyatı-ehtimallara əsaslana bilməz. Orta sərfiyyat-ehtimallar alqı-satqının mahiyyətinə ziddir. Göründüyü kimi, Bakı Regional Qazın Satışı Departamenti onunla müqavilə bağlamadığı halda faktiki sərfiyyatdan hər ay 20 dəfə artıq qanunsuz olaraq qaz sərfiyyatı hesablamışdır. Bununla da, qanunsuz olaraq 518.4 manat pul ödəmək vəzifəsi qoyulmuşdur. Bu səbəbdən də, qeyd olunan cərimə silinməlidir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, təbii fəlakət nəticəsində onun hasarı uçmuşdur. O, qaynar xəttə zəng etmiş və çağırış edəndən sonra səlahiyyətli nümayəndələr gələrək sayğacı götürmüş, ona tərtib olunmuş akt təqdim edilmiş və sayğac gətirilən zaman əvvəlki sayğacın götürüləcəyi bildirilmişdir. Aidiyyəti qurumdan arayış verilmiş, pulsuz sayğacın qoyulacağı bildirilmişdir. Sayğac dəyişiləndən sonra o, sayğaca pul yükləyən zaman borcun yarandığını görmüşdür. 20 manat ödəniş edəndən sonra qaynar xəttə zəng etmiş və ona sayğaca müdaxilə etməsi səbəbindən cərimə yazıldığı bildirilmişdir. Halbuki, onun və başqası tərəfindən hər hansı bir müdaxilə olunmamışdır. O, sözügedən arayışı Asan kommunala təqdim etmiş və şəkilləri göstərmişdir, lakin telefonu xarab olduğundan həmin şəkillər silinmişdir. Sayğaca müdaxilə onun təqsiri ucbatından olmamışdır. Bu səbəbdən də, hesab edir ki, qanunsuz hesablanmış cərimə məbləği onun tərəfindən ödənilməməlidir. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, qeyri-qanuni müdaxilə iddiaçının da qeyd etdiyi kimi, sayğaca kənar təsir nəticəsində müdaxilə olunmasıdır və bu səbəbdən də, sayğaca zərbə dəymişdir. Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim edilmiş arayışla bağlı qeyd edir ki, iddiaçı qaynar xəttə zəng edən zaman həmin arayışla bağlı məlumat qeyd etməmişdir. Sayğacın dəyişilməsi nəticəsində cərimə hesablanmışdır. İddiaçı barəsində tərtib olunmuş laboratoriya rəyini təsdiq edir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ. bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 60-cı maddəsinin İİ. bəndinə əsasən, hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 4.1 maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.1 maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayonu üzrə Fövqəladə Hallar komissiyası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2/4027 saylı arayışdan görünür ki, həqiqətən də, Mehdiabad qəsəbəsində 05 oktyabr 2021-ci il tarixdə güclü külək əsməsi nəticəsində qəsəbə sakini İddiaçı fərdi həyətyanı sahəsinin hasarı uçmuş və hasara bərkidilmiş qaz sayğacı sıradan çıxmışdır. -xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış Zenner markalı G-4 tipli sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizmi qırıq olduğundan və zədələndiyindən həmin sayğac Zenner markalı G-4 tipli **********7 nömrəli sayğacla əvəz olunmuşdur. -»Azəriqaz» İB-nin xx.xx.2022-ci il tarixli MSK-29/1710-00866-1 saylı aktından görünür ki, **********0 saylı sayğacın 11533458 №-li plombu kəsilərək G-6S/0286 saylı qutu açılmış, sayğaca baxış keçirilmiş, sayğacın nömrəsi BRQSD-nin möhürlü kağızına əsasən yazılmış, sayğacın gövdəsi kənar təsir nəticəsində əzilmiş, sayğacın plastmas qapağı, zavod plastmas plombu, hesablayıcı mexanizmi və zavod nömrəsi olan lövhə gövdənin üzərində aşkar olunmamışdır. Sayğacın çıxış plastmas borusu sınıq olduğundan nəticədə, sayğac yararsız hesab olunmuşdur. -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi ərazidə baxış zamanı MSK- 29/1710-00866-1 saylı rəyə əsasən, sayğaca baxış keçirilən zaman qaz itkisinin və müdaxilənin olduğu aşkar olunmuş və dəymiş ziyanın hesablanması qərara alınmışdır. -»Azəriqaz» İB-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Qaz sayğacının nominal qaz sərfi 4 m3, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin cəmi 4320 m3 ödənilməsi qərara alınmışdır. Əsas olaraq xx.xx.2022-ci tarixli ******* saylı akt olmuşdur. -Abonent kodu **********06335 olan, İddiaçı adına olan abonent saldosundan görünür ki, Abşeron rayonu N 2099A, Mehdiabad qəsəbəsi ünvanına xx.xx.2022-ci il tarixdə Zenner G4 Mexaniki **********7 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1) (1/1). Aktlara əsasən hesablanmış, abonentin 2022-ci ilə aid olan borcu 518.4 manat göstərilmişdir. -»Azəriqaz» İB-nin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli SOCAR**********30560046X00841 saylı məktubdan görünür ki, istifadədə olmuş G-4 markalı **********0 nömrəli qaz sayğacı növbəti dövlət yoxlamasına göndərilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixdə yeni qaz sayğacı ilə əvəzlənmişdir. Çıxarılan qaz sayğacı “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə əsasən dövlət yoxlayıcısının (İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Metrologiya İnstitutunun nümayəndəsi) nəzarəti altında Cavabdeh İB-nin Metrologiya Departamentinin xx.xx.2022-ci il tarixli MSK 29/1710-00866-1 saylı aktına əsasən, sayğaca baxış keçirilmiş, 11533458 nömrəli plomb kəsilərək G-6S/0286 saylı qutu açılmış, sayğacın nömrəsi BRQSD-nin möhürlü kağızına əsasən yazılmış, sayğacın gövdəsi kənar təsir nəticəsində əzilmiş, sayğacın plastmas qapağı, zavod plastmas plombu, hesablayıcı mexanizmi və zavod nömrəsi olan lövhə gövdənin üzərində aşkar olunmamış, “sayğacın çıxış plastmas borusu sınıqdır” rəyi verilmişdir. Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının (Qaydalar) 4.9-cu bəndinə əsasən, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaydalara 2 nömrəli əlavə ilə təsdiqlənmiş “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı müqaviləsi”nin (Müqavilə) 2.2.4-cü yarımbəndinə uyğun olaraq aşkar olunmuş nöqsanlar müvafiq qaydada rəsmiləşdirilərək baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərilir və yalnız təqsiri səbəbindən qaz sayğacı yararsız vəziyyətə düşərsə onun təmiri, dəyişdirilməsi istehlakçıdan tələb edilir. Müqavilənin 2.1.5-ci yarımbəndinə əsasən, istehlakçıya verilən qazın həcminin dəqiq uçotunun aparılması məqsədilə Cavabdeh İBnin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasən, qaz sayğacının qeydiyyata almadığı təbii qaz 4320 kub.m müəyyənləşdirilərək istehlakçı hesabına daxil edilmişdir. Lakin məsələyə dair tərəflər arasında qarşılıqlı anlaşmanın əldə edilməsi mümkün olmadığı halda müqavilənin 5.2-ci bəndinə əsasən, tərəflər məhkəməyə müraciət edə bilərlər. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, İddiaçı Siyəzən şəhəri H.Talıbov küçəsi 1 saylı evin 31 saylı mənzilində qeydiyyatdadır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra-“Qaydalar”) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Sayğacın mexaniki tipli olduğunu, ona nəzarət edilməsi qaz idarəsinin vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, vəziyyətin bu hala gəlib çıxmasına səbəb birbaşa qaz idarəsidir, qaza və qaz qurğularına nəzarət edən işçilərdir. Belə ki, qaz paylayıcı şəbəkə öz vəzifə borclarını dürüst yerinə yetirməyərək Nazirlər Kabinetinin «Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il 80 saylı Qərarının aşağıdakı bəndlərini kobud şəkildə pozmuşdur:- 2.1.3. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək; 2.1.5. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq; 2.1.10. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək; Məhkəmə belə qənaətə gəlir ki, qaz paylayıcı şəbəkə istismarda olan qaz sayğacını qanunun tələb etdiyi müddətdə yoxlasaydı bu hal ortaya çıxmazdı. Yoxlanmadığı və vəzifə səlahiyyətlərinə soyuq yanaşıldığı üçün sayğacda yaranan nasazlıq vaxtında aşkar edilməmişdir. Mülki iş üzrə tədqiq edilmiş materiallardan və iddiaçının izahatından müəyyən edilir ki, iddiaçıya məxsus sayğac onun mənzilindən kənarda quraşdırılmış, eyni zamanda, baş vermiş təbii fəlakət nəticəsində iddiaçıya məxsus fərdi yaşayış evinin hasarının uçması nəticəsində hasara quraşdırılmış qaz sayğacı zədələnmişdir. Beləliklə də, iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacının iddiaçının iradəsi olmadan zədələnməsi Abşeron rayonu üzrə Fövqəladə Hallar komissiyası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2/4027 saylı arayış əsasında da öz təsdiqini tapmışdır. Belə ki, sözügedən arayışa əsasən, xx.xx.2021-ci il tarixdə güclü külək əsməsi nəticəsində iddiaçının fərdi həyətyanı sahəsinin hasarı uçmuş və hasara bərkidilmiş qaz sayğacı sıradan çıxmışdır. xx.xx.2022-ci il tarixli, ******* nömrəli akta əsasən isə iddiaçıya məxsus qaz sayğacı yenisi ilə əvəz olunmuşdur. Göründüyü kimi, sayğacın abonentə aid mənzilin bayır hissəsində quraşdırılması həmin sayğacın abonent tərəfindən mühafizə edilərək qorunmasını qeyri-mümkün edir. Məhkəmə xx.xx.2022-ci tarixli ******* saylı akt ilə bağlı qeyd edir ki, iddiaçıdan ödənilməsi tələb olunan 518.4 manat borc məbləği yuxarıda qeyd olunan akt əsasında təbii qazdan istifadə qaydalarının pozulması nəticəsi kimi hesablansa da, məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş həmin aktı sübut növü kimi qiymətləndirərək nəzərə almışdır. Belə ki, sözügedən akt hüquqmüəyyənedici sənəd olmadığından prosessual sənəd kimi qəbul edilir, həmin akt tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla, yalnız abonentə məxsus qaz sayğacında olan qüsurun mövcud olmasını təsdiqləyən sənəddir. Mülki Prosessual Məcəllənin 13.4. maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 39.1. maddəsinə əsasən, hal şahidi iştirak etdiyi icra hərəkətləri faktını, bu hərəkətlərin məzmun və nəticələrini müvafiq icra hərəkəti aktında öz imzası ilə təsdiq etməlidir. Hal şahidinin hansı icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək üçün dəvət olunduğunu, bu hərəkətlərin hansı icra sənədi əsasında həyata keçirildiyini bilmək, habelə həyata keçirilən icra hərəkətlərinə dair iradlarını bildirmək hüququ vardır. Hal şahidinin iradları onun özü və ya icra məmuru tərəfindən müvafiq icra hərəkətləri aktında qeyd olunur. İddia tələbindən göründüyü kimi, Cavabdeh İB-nin nümayəndələri tərəfindən istehlakçı barəsində xx.xx.2022-ci tarixli ******* saylı akt tərtib edilərək həmin akt əsasında sonuncuya cərimə hesablanmışdır. Məhkəmə həmin akta hüquqi qiymət verib belə qənaətə gəlir ki, tədqiq olunmuş akt tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla, yalnız abonentə məxsus qaz sayğacına dair tərtib olunmuş sənəddir. Lakin iddiaçının da iddia ərizəsində qeyd etdiyi kimi, qeyd olunan akt istehlakçının iştirakı ilə tərtib edilmiş, iddiaçının könüllü şəkildə imza etməkdən imtina etməsinə baxmayaraq, xx.xx.2022-ci tarixli ******* saylı akt sayğaca baxış keçirilən zaman qaz itkisinin və müdaxilənin aşkar olunub dəymiş ziyanın hesablanması nəticəsində tərtib olunmuşdur. Bununla da, məhkəmə araşdırması zamanı qaz sayğacının iddiaçı tərəfindən deyil, forsmajor halı kimi təbii fəlakət nəticəsində zədələnməsi təsdiq olunmuşdur ki, buradan da, iddiaçının təqsirinin olmadığı bir daha öz təsdiqini tapmışdır. Göründüyü kimi, xx.xx.2022ci tarixli ******* saylı akt tərtib olunarkən sayğaca zərərin dəyməsi təbii fəlakət nəticəsində deyil, abonent tərəfindən olması qeyd olunmuşdur ki, bununla da, aktın düzgünlüyü şübhə doğurur.. Bu isə həmin aktın qüsurlu tərtib edilməsinin göstəricisidir. Bu səbəbdən də, qüsurlu olduğundan qeyd olunan akt sübut kimi qəbul edilməməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli Qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Mülki Prosessual Məcəllənin: 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bu səbəbdən də, məhkəmə qeyd olunanlara əsasən, iddia ərizəsinin əsaslı olduğu qənaətinə gələrək hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 518.4 manat borc məbləği abonent kodu **********06335 olan İddiaçı məxsus abunə hesabından silinməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5 maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 238-252-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 518.4 (beş yüz on səkkiz manat qırx qəpik) manat borc abonent kodu **********06335 olan İddiaçı məxsus abunə hesabından silinsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar