Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-720/2025 16.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq 29 mart 2019-cu il tarixli ******* nömrəli akt üzrə hesablanmış 486 manat və 31 avqust 2023cü il tarixli ******* nömrəli akt üzrə hesablanmış 777,60 manat məbləğində cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən 29 mart 2019-cu il tarixində ******* nömrəli və 31 avqust 2023-cü il tarixində ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. 29 mart 2019-cu il tarixli ******* nömrəli aktdan göründüyü kimi Cavabdeh İB-nin əməkdaşları tərəfindən G4 markalı 1602AZ**********45 saylı sayğaca baxış keçirilmiş və qaz sayğacının yoxlanılması barədə xx.xx.2019-cu il tarixli 29/1710-01034 saylı aktına əsasən sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində deşilməsi, təbii qaz itkisinin yaranması aşkar edilmişdir. 31 avqust 2023-cü il tarixli ******* nömrəli akta əsasən Cavabdeh İB-nin əməkdaşları tərəfindən G4 markalı **********5 saylı sayğaca baxış keçirilmiş və MSK 14-2-2/3-5- 8803/Q002 saylı rəyinə əsasən sayğacda qaz itkisi, müdxailə olunması, sayğacın klapanının sınıq olması, element yuvasının qapağının ətrafının zədələnməsi, elementin dövriyyəsinin çıxarılması aşkar edilmişdir. Sözügedən aktlar qanunsuz və əsassızdır. Onun bu aktların nə zaman tərtib edilməsindən ümumiyyətlə xəbəri olmamışdır. O, hər zaman ödənişlərini vaxtında etmişdir. Bununla belə, qanunsuz və əsassız olaraq, heç bir əsas gətirilmədən 29 mart 2019-cu il tarixində və 31 avqust 2023-cü il tarixində “Azəriqaz İB” tərəfindən aktlar tərtib edilmiş və dəymiş ziyan kimi ******* saylı akta əsasən 486 manat məbləğində, ******* nömrəli akta əsasən isə 777,60 manat məbləğində borc hesablanmışdır. Cavabdeh İB-nin nümayəndələri qanunvericiliyin tələblərini pozaraq onun prosesdə iştirakını təmin etməmiş, qanunvericiliyin tələblərini pozmuşdur. Hər iki aktın yekun hissəsində aktı imza etməkdən imtina etdiyi qeyd edilmişdir. Sayğaclara onun və ailə üzvlərinin heç bir müdaxiləsi olunmamışdır. Heç bir təqsirinin olmadığı, sayğaclarda aşkar edilmiş zərərlər onun və ailə üzvləri tərəfindən törədilmədiyi halda, onu günahlandırmışlar. Halbuki qanunvericiliyin tələbinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Mövcud qanunvericiliyin tələbinə əsasən qaz paylayıcısının işçiləri ildə bir dəfədən az olmayaraq yoxlama keçirməli olduğu halda, heç bir yoxlanış keçirilməmişdir. Cavabdeh sayğacda aşkar olunan zədələrin müdaxilə nəticəsində yarandığını qeyd etsə də, bunu əsaslandırmamış, hətta bu nəticəyə gələrkən abonentin iştirakını təmin etməmişdir. Sayğac həyətdən çöldə quraşdırılmışdır. Sayğacı daimi olaraq abonent tərəfindən nəzarətdə saxlamaq qeyri-mümkündür. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Cavabdeh İB məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib və təsdiq olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 mart 2019-cu il tarixli ******* nömrəli və 31 avqust 2023-cü il tarixli ******* nömrəli aktlardan görünür ki, həmin tarixdə abonent İddiaçı yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi - 0014 – 0070 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********40070) baxış keçirilən zaman mövcud sayğacın qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi qərara alınmışdır. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş 29 mart 2019cu il tarixli ******* nömrəli akta əsasən abonent 4860 kub metr təbii qazı istehlak etmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş 31 avqust 2023-cü il tarixli ******* nömrəli akta əsasən abonent 6480 kub metr təbii qazı istehlak etmişdir. İş materiallarında olan istehlakçı İddiaçı adına tərtib edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi - 0014 – 0070 ünvanında yerləşən fərdi yaşayış evinə aid abonent kodu **********40070 olan abonentin saldosundan görünür ki, 2019-cu ilin mart və 2023-cü ilin avqust aylarında qaz sərfiyyatı müvafiq olaraq 4860 və 6480 m3 həcmində müəyyən edilmiş və buna müvafiq olaraq abonentə 486 və 777,60 (cəmi 1263,60) manat məbləğində borc hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə və digər hallarda qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçıya cəmi 1263,60 manat məbləğində cərimə onun sayğacındakı nasazlığa görə 29 mart 2019-cu il tarixli ******* nömrəli və 31 avqust 2023-cü il tarixli ******* nömrəli aktlara əsasən tətbiq edilmişdir. Halbuki yuxarıda qeyd edilən Qaydalara görə bu cür sayğacların işlək vəziyyətdə saxlanılmasına görə abonent məsuliyyət daşımır, yəni iddiaçıya tətbiq edilən cərimənin heç bir hüquqi əsası yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşadığı fərdi yaşayış evinə aid qaz sayğacına dair 29 mart 2019-cu il tarixli ******* nömrəli və 31 avqust 2023-cü il tarixli ******* nömrəli aktlara əsasən hesablanmış cəmi 1263,60 manat borc silinməli, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi ünvanında yerləşən fərdi yaşayış evinə aid qaz sayğacına (abonent kodu: **********40070) dair 29 mart 2019-cu il tarixli ******* nömrəli və 31 avqust 2023-cü il tarixli ******* nömrəli aktlara əsasən Cavabdeh İB tərəfindən hesablanmış cəmi 1263,60 manat məbləğində borc silinsin. İddiaçının ödəməkdən azad edildiyi 32,64 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-720/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-720/2025
16.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver