Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-7204/2025 03.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Hüseynova Ülviyyə Əliağa qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış 3110,40 manat məbləğində cərimə borcunun əsassız hesab edilərək silinməsi, qanunsuz olaraq cəriməyə görə tutulmuş pulun cavabdeh tərəfindən ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı məxsusdur. "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixində ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Sözügedən aktda "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirildiyi və 14-2-2/3-5-5648/Q002 No-li akta əsasən G-4 markalı, 1002AQ**********9 No-li sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi aşkar edildiyi göstərilmişdir. Qeyd edilən akt tamamilə qanunsuz və əsassızdır. Onun bu aktın nə zaman və harada tərtib edilməsindən ümumiyyətlə, xəbəri olmamışdır. Halbuki, o, istehlakçı kimi hər zaman ödənişlərini vaxtında etmişdir. Bununla belə qanunsuz və əsassız olaraq, heç bir əsas gətirilmədən xx.xx.2023-cü il tarixində "Azəriqaz” İstehsalat Birliyi tərəfindən ******* saylı akt tərtib edilmiş və dəymiş ziyan kimi 3110,40 manat məbləğində borc hesablanmışdır. Əlavə olaraq bildirir ki, akt tərtib edilərkən onun iştirakı təmin olunmadığı halda, qanunvericiliyin tələbləri kobud şəkildə pozularaq aktın yekun hissəsində guya aktı imzalamaqdan imtina etdiyi qeyd edilmişdir. Halbuki, o, aktın mövcudluğundan belə xəbərdar olmamışdır. Xüsusilə qeyd edir ki, sayğaс özbaşına dəyişdirilmiş, dəyişdirilərkən nə onun, nə də ailə üzvlərinin iştirakı təmin olunmamışdır. Həmin vaxtlar o, xarici ölkədə olmuşdur. Bu hal aktın saxtalaşdırıldığını və hüquqi qüvvəsinin olmadığını açıq şəkildə sübut edir. O və ailə üzvləri heç vaxt sayğaca müdaxilə etməmişlər. Onun texniki bilikləri və imkanları sayğacı dəyişmək və ya ona müdaxilə etmək üçün kifayət etmir. Heç bir təqsiri olmadığı və sayğacda aşkar edildiyi iddia olunan qüsurların onun və ailə üzvləri tərəfindən törədilmədiyi halda, əsassız olaraq məsuliyyət onun üzərinə qoyulmuşdur. Halbuki, qanunvericiliyin tələbinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən qaz paylayıcısının işçiləri ildə bir dəfədən az olmayaraq yoxlama keçirtməli olduğu halda, heç bir yoxlanış keçirdilməmişdir. Dəymiş ziyanın hesablanması da göstərir ki, "Azəriqaz" İB-nin əməkdaşlarının hərəkətləri tamamilə əsassızdır. Cavabdeh sayğacda guya qüsurun mövcudluğunu qeyd etsə də, bunu heç bir sübutla əsaslandırmamış və hətta bu nəticəyə gələrkən onun iştirakını təmin etməmişdir. Belə olan halda, obyektiv araşdırmadan söhbət gedə bilməz. Bu isə "Azəriqaz" İB tərəfindən tərtib edilmiş aktın saxta və qanunsuz tərtib edildiyini bir daha sübut edir. Sayğac evin çölündə quraşdırılmışdır. Sayğaca nəzarət etmək, onun təhlükəsizlini və düzgün işləməsini təmin etmək öhdəliyi cavabdehin üzərinə düşür. Əlavə olaraq qeyd edir ki, yazılmış cərimə borcundan onun sadəcə 2025-ci ilin dekabr ayında məlumatı olmuşdur. Necə olur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt xx.xx.2023-cü il tarixində tərtib olunduğu və ona qanunsuz və əsassız olaraq borc yazıldığı halda, onun bu barədə məlumatı bu qədər uzun müddət keçdikdən sonra olur. Burdan da göründüyü kimi heç bir sübut və əsas olmadığı halda ona borc yazılmış, əksinə olaraq onun iştirakı təmin olunmamış, onun hüquqları pozulmuş, qanunsuz, əsassız və saxta olaraq barəsində akt tərtib edilmişdir. Odur ki, hesab edir ki, ona hesablanmış cərimələr tamamilə əsassız və qanunsuz olduğuna görə məhkəmə qaydasında mübahisəyə baxılmalıdır. Bundan başqa, onun qaz üçün etdiyi ödənişlərdən qeyd edilən əsassız borca görə xeyli məbləğdə pul tutulmuşdur. Ona görə də cavabdeh tərəfindən qanunsuz olaraq tutulmuş məbləğlər ona geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə cavabdeh şirkətin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ. bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 60-cı maddəsinin İİ. bəndinə əsasən, hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 4.1 maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.1 maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman sayğacın hes mexanizminin keçən qazın həcmini qeyd etmədiyi aşkarlanmış, dəymiş ziyanın hesablanaraq ödənilməsi qərara alınmışdır. -“Azəriqaz” İB-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, qaz sayğacının maksimal qaz sərfi 6 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Əsas olaraq xx.xx.2023-cü il tarixli, ******* saylı akt olmuşdur. -Abonent kodu **********00000 olan İddiaçı adına olan abonent saldosundan görünür ki, ünvan 1 ünvanına xx.xx.2023-cü il tarixdə Zenner G4T Smart tipli, **********730 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1). Samovar (1/1), qızdırıcı radiator peçi (1/1) Akta əsasən hesablanmış, abonentin 2023-cü ilə aid olan qalıq və aktlar üzrə borcun məbləği 3110,40 manat göstərilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1 maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin, belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludur. 136.4-cü maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 139.1-ci maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. İşin faktiki hallarına qiymət verib və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman sayğacda ALARM-1 rejimi aşkarlanmış, dəymiş ziyanın hesablanaraq ödənilməsi qərara alınmışdır. Abonent saldosuna əsasən, cəmi 3110,40 manat borc yaranmışdır. Həmin borc hesablanarkən vurulmuş ziyan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 14 mart 2011-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları” əsas götürülmüşdür. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Belə ki, qaz paylayıcı şəbəkə öz vəzifə borclarını dürüst yerinə yetirməyərək Nazirlər Kabinetinin «Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli, 80 saylı Qərarının aşağıdakı bəndlərini kobud şəkildə pozmuşdur:- 2.1.3. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək; 2.1.5. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq; 2.1.10. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək. Məhkəmə xx.xx.2023-cü il tarixli aktla bağlı qeyd edir ki, iddiaçıdan ödənilməsi tələb olunan borc məbləği eyni zamanda, yuxarıda qeyd olunan akt əsasında təbii qazdan istifadə qaydalarının pozulması nəticəsi kimi hesablansa da, məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş aktı qiymətləndirərək sübut kimi nəzərə almır. Belə ki, xx.xx.2023-cü il tarixli akt yalnız abonentə məxsus qaz sayğacında olan qüsurun mövcud olmasını təsdiqləyən sənəddir. Mülki Prosessual Məcəllənin 13.4. maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. “İcra haqqında Azərbaycan Respublikası Qanunu”nun 39.1. maddəsinə əsasən, hal şahidi iştirak etdiyi icra hərəkətləri faktını, bu hərəkətlərin məzmun və nəticələrini müvafiq icra hərəkəti aktında öz imzası ilə təsdiq etməlidir. Hal şahidinin hansı icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək üçün dəvət olunduğunu, bu hərəkətlərin hansı icra sənədi əsasında həyata keçirildiyini bilmək, habelə həyata keçirilən icra hərəkətlərinə dair iradlarını bildirmək hüququ vardır. Hal şahidinin iradları onun özü və ya icra məmuru tərəfindən müvafiq icra hərəkətləri aktında qeyd olunur. İddia tələbindən göründüyü kimi, “Azəriqaz” İB-nin nümayəndələri tərəfindən istehlakçı barəsində xx.xx.2023-cü il tarixli akt tərtib edilərək həmin akt əsasında sonuncuya cərimə hesablanmışdır. Məhkəmə həmin akta hüquqi qiymət verib belə qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli aktın tərtib olunması zamanı qanunvericiliyin tələblərinə riayət edilməyərək istehlakçının və hal şahidlərinin iştirakı təmin edilmədən tərtib olunmuş, aktda istehlakçı tərəfindən “İmtina etdi” barədə qeyd aparılmış, lakin həqiqətən də həmin aktın istehlakçının iştirakı təmin olunmaqla sonuncunun aktı qəbul etməkdən imtina etməsinin nəticəsi kimi tərtib olunması sübuta yetirilməmiş, nə də “Azəriqaz” İB-nin nümayəndəsi tərəfindən imtina etməsi barədə səbəblər həmin akta əlavə olunmamışdır. Ona görə də, tərtib olunmuş akt natamam olmaqla doğruluğu şübhə doğurur. Bu isə həmin aktın qüsurlu tərtib edilməsinin göstəricisidir. Həmin sənədin bitərəf olan hal şahidlərinin iştirakı ilə imzalanması isə aktın doğruluğuna şübhə olunmaması üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi, mülki iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli akt qüsurlu olduğundan sübut kimi qəbul edilməməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qanunun 13.8-1 -ci maddəsinə əsasən (2022-ci ilin may ayından qüvvədə 8-1 -ci bənd) qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Qanun tələb edir ki, qazdan istifadə qaydalarını pozan şəxsin təqsirli olub-olmaması qaz paylayıcı tərəfindən deyil, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində göstərilən orqanlar tərəfindən müəyyən edilməli, yalnız təqsiri müəyyən edildikdən sonra qaz paylayıcı dəymiş zərəri istehlakçıdan tələb edə bilər. Lakin işdən görünür ki, zərərin tələb edilməsinə əsas olmuş aktın bir nüsxəsi nə iddiaçıya, nə təqsirlilik məsələsinin müəyyən edilməsindən ötrü müvafiq dövlət orqanlarına təqdim edilməmişdir (yaxud bununla bağlı cavabdeh məhkəməyə sübut təqdim etməmişdir). Tərtib edilmiş akt qüsurlu olmuşdur. Bu halda, iddiaçının qazdan istifadə qaydalarının pozulmasında təqsirli olması müəyyən edilməmiş olur. Qanunvericilik isə borclunun öz öhdəliklərinin təqsirli pozuntusu üçün məsuliyyət daşımasını müəyyən edir. Ona görə də, məhkəmə iddiaçının təqsirliyi sübut olunmadığından iddia ərizəsini əsaslı hesab edir. Mülki Prosessual Məcəllənin: 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia tələbi qismən təmin edilməli, İddiaçı **********00000 saylı abunə hesabından «Azəriqaz» İB tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 3110,40 manat borc silinməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5 maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.1. maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Hazırki iş üzrə iddia 3110,40 manat həcmində təmin edildiyindən məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 238-252-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. “Azəriqaz” İB tərəfindən əsassız olaraq hesablanmış 3110,40 (üç min yüz on manat qırx qəpik) manat borc pul vəsaiti İddiaçı məxsus abonent kodu **********00000 olan abunə hesabından silinsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-7204/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-7204/2025
03.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver