Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-746/2025 07.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə1, Cavabdehin vəkili-nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh Abşeron rayonu, Masazır kəndində yerləşən, X2na məxsus 0,10 ha torpaq sahəsindən və bu torpaq sahəsində tikilmiş evdən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, 31 oktyabr 1989-cu il tarixdə Abşeron rayonu Xırdalan qəsəbə X9 İcraiyyə Komitəsinin 70-3 nömrəli qərarına əsasən, X3 işləyən, Ermənistan SSRİ-dən gələn köçkünlərə sovxozun 23 mart 1989-cu il tarixli, 25 nömrəli əmri ilə verilmiş 0,10 ha həyətyanı torpaq sahəsində ev tikmək üçün icazə verilmişdir. X2 da 1988-ci ildən sovxozda fəhlə işlədiyindən, ona da bu qərarla Masazır kəndində ev tikmək üçün 0,10 ha torpaq sahəsi verilmişdir. Atası bu torpaq sahəsinin bir hissəsində bir otaqlı ev tikərək müvəqqəti yaşamaq üçün əmisi Cavabdeh vermişdir. Atası xx.xx.2016-cı ildə ölmüşdür. Atası rəhmətə getməmişdən əvvəl, Abşeron rayon 1 saylı Notariat Kontorunda ona EN-İ 462491 saylı etibarnamə verərək bu torpaq sahəsinin sənədləşdirməsini istəmişdir. onun atası xəstə idi və gözləri görmürdü. Ona görə də bu işləri iddiaçının görməsini istəyirdi. Atası öləndən sonra, onlar Sumqayıt ASAN Xidmət Mərkəzində yerləşən Notariat Ofisinə müraciət edərək vərəsəlik işi açdırmışlar. X1, bacısı X5 və o, atasının vərəsələri olaraq tanınmışdır. Biz bir neçə dəfə əmisi Cavabdeh şifahi qaydada torpaq sahəsinin qaytarılması ilə bağlı müraciət etsə də, o, bundan qəti imtina etmişdir. O, məcbur qalaraq xx.xx.2024-cü il tarixdə "xxxx" MMC vasitəsi ilə atasına məxsus torpaq sahəsinin qaytarılması üçün əmisinə rəsmi məktub göndərmişdir. Bu yaxınlarda məlum olmuşdur ki, əmisi Cavabdeh onlardan xəbərsiz bu torpaq sahəsini satmaq istəyir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə etdiklərini bildirdilər və onun təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında cavabdehin vəkili-nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5 və X4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2017-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, İddiaçı, X5 və X4 xx.xx.2016-cı il tarixdə ölmüş X6 qanun üzrə vərəsələridir. Miras əmlak Xırdalan şəhərində yerləşən 44 kv.metr torpaq sahəsindən ibarətdir. İşdə olan ölüm haqqında AZ-İ 833547 saylı şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2016-cı il tarixdə ölmüşdür. İşdə olan 3480 reyestr nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, 31 oktyabr 1989-cu il tarixdə Abşeron rayon X9 İcraiyyə Komitəsinin 08/08 nömrəli, xx.xx.1988-ci il tarixli qərarına əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən yaşayış sahəsi 55 kv.metr, köməkçi sahəsi 31,4 kv.metrdən ibarət 2 otaqlı fərdi ev X6 adına qeydə alınmışdır. Evə dair 1992-ci ilin dekabr ayında texniki pasport tərtib olunmuşdur. İşdə olan xx.xx.2002-ci il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, X11 mülkiyyətindəki Abşeron rayonu, Masazır kəndində 1000 kv.metr torpaq sahəsində yerləşən yaşayış sahəsi 55 kv.metr, köməkçi sahəsi 31,4 kv.metrdən ibarət 2 otaqlı fərdi ev Cavabdeh bağışlamışdır. Bağışlamaya İ.R.Həsənovun arvadı X4 razılıq vermişdir. İşdə olan 3480 reyestr nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, xx.xx.2002-ci il tarixli bağışlama müqaviləsinə əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən yaşayış sahəsi 55 kv.metr, köməkçi sahəsi 31,4 kv.metrdən ibarət 2 otaqlı fərdi ev Cavabdeh adına qeydə alınmışdır. İşdə olan xx.xx.2019-cu il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində 0,0108 ha torpaq sahəsində yerləşən 86,4 kv.metrlik fərdi yaşayış evi Cavabdeh adına qeydə alınmışdır. Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1148-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. İşdən görünür ki, İddiaçı cavabdehin onun atasına məxsus Abşeron rayonu, Masazır kəndində 1000 kv.metr torpaq sahəsində yerləşən yaşayış sahəsi 55 kv.metr, köməkçi sahəsi 31,4 kv.metrdən ibarət 2 otaqlı fərdi yaşayış evindən çıxarılmasını xahiş edir. Bu zaman o, həmin əmlakın atasından miras qalmasına istinad edir. İşin məhkəmədə araşdırılan hallarından isə müəyyən olunur ki, mübahisəli əmlak hələ xx.xx.2002-ci il tarixdə bağışlama müqaviləsinə əsasən X11 tərəfindən Cavabdeh bağışlanmışdır. Bağışlamaya İ.R.Həsənovun arvadı X4 razılıq vermişdir. Bundan sonra isə cavabdeh bu əmlakla bağlı öz adına hüquq müəyyənedici sənədlər almışdır və hazırda bu əmlak onun adınadır. Bağışlama müqaviləsi və cavabdehin adına olan hüquqmüəyyənedici sənədlər hazırda qüvvədədir. Bu hallara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, cavabdehin öz mülkiyyətində olan əmlakdan çıxarılması barədə İddiaçı iddiası əsassızdır və təmin oluna bilməz. MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki halda məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişdir. Hüquqi müəyyənlik prinsipinə xüsusi əhəmiyyət verən Avropa İnsan Hüquqları Məhkəməsi “Brumeresku Rumıniyaya” qarşı işdə qeyd etmişdir ki, hüququn aliliyinin fundamental aspektlərindən biri hüququn müəyyənliyi prinsipidir, hansı ki digərlərlə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən iş üzrə yekun qərar qəbul olunarkən bu qərar şübhə altına qoyulmasın. Bu prinsipdən uzaqlaşma yalnız o halda mümkündür ki, ədalət mühakiməsinin səhvlərinin və boşluqlarının aradan qaldırılması üçün mühüm və qeyrimüəyyən halların mövcudluğu olsun. (Avopa Məhkəməsinin “Ryabıx Rusiya Federasiyasına” qarşı, “Marquşin Rusiya Federasiyasına” qarşı işlər üzrə qərarları). Başqa sözlə, hazırki halda iddia tələbi əsaslı şübhələrdən kənar deyil və onun iddia edildiyi qaydada təmin edilməsi mülki qanunvericiliyin prinsiplərinə zidd olardı. Odur ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməldir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunun qeyd edilən normasına əsasən hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması barədə iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-746/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-746/2025
07.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver