Məhkəmə qərarları › İş №2(012)-749/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-749/2024

18.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-749/2024 18.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilərək əsassız hesablanmış qaz borcunun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilərək əsassız hesablanmış qaz borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın etibarsız hesab edilərək ona əsassız olaraq yazılmış 777,60 manat cərimə borcunun silinməsi, həmin borc üzrə tutulmuş pul məbləğinin ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Həsənov X2 rayonu, Mehdiabad qəsəbəsi, ev N 1737\B ünvanında yaşayır. İndiyə kimi heç bir qaz borcu olmamış, cavabdehlə heç bir mübahisəsi yaranmamışdır. İddiaçının xəbəri olmadan bu yaxınlarda evinə vaxtilə quraşdırılmış qaz sayğacı cavabdehin nümayəndələri tərəfindən sökülərək müayinəyə aparılmış, guya sayğacda qaz itkisi və müdaxilə aşkar edildiyi üçün onun barəsində ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır. Həmin akt etibarsız elan edilməlidir. Çünki iddiaçı tərəfindən indiyə kimi sayğaca heç bir müdaxilə olunmamışdır. İddiaçı sayğacı hər hansı bir müdaxilədən gecə gündüz mühafizəçi kimi qorumaq iqtidarında deyil. Hər dəfə ərazi üzrə cavabdehin nümayəndələri sayğaca baxış keçirmiş, onlar da təsdiqləyə bilər ki, iddiaçı onların iştirakı olmadan heç vaxt sayğaca baxmamış, onu açmamışdır. Bu yaxınlarda kommunal xidmətləri ödədiyi zaman qaz üçün karta yüklədiyi ödənişlərin müəyyən hissəsinin hansısa borca çıxıldığı məlum olmuşdur. Bununla əlaqədar cavabdehin Abşeron rayonu ərazi idarəsinə müraciət etdikdə iddiaçıya şifahi olaraq bildirilmişdir ki, sayğaca guya müdaxilə edilmiş, iddiaçı cərimə olunmuş və 777,60 manat məbləğ cavabdehə ödənilməlidir. İddiaçıya dəymiş ziyanın bərpasına dair tələbnamənin surəti və aktın surəti təqdim edilmişdir. Həmin tələbnamədə G-4 markalı qaz sayğacının maksimal qaz sərfinin 6 kub metr/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddətinin 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparıldığı və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Qaz sayğacının nominal qaz sərfi 4 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası hesabatı aparılmışdır. Göstərilənlərə əsasən Cavabdeh tərəfindən tərtib edilmiş ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın etibarsız hesab edilərək ona əsassız olaraq yazılmış 777,60 manat cərimə borcunun silinməsi, həmin borc üzrə tutulmuş pul məbləğinin ona geri qaytarılması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, ünvan 1 ünvanında yaşayır. Cavabdeh əməkdaşları tərəfindən sayğacda qaz itkisi və müdaxilə aşkar edildiyi üçün ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Həmin akt əsassızdır. Belə ki, o, qaz sayğacına heç bir müdaxilə etməmişdir. O, kimin həmin qaz sayğacına müdaxilə etdiyini bilmir. Qaz sayğacı onun evinə daxil olan qapıdan kənarda çöldə yerləşir. Sayğaca baxış keçirilib rəy tərtib ediləndə o, dəvət edilməmişdir. Sayğaca müdaxilə aktının tərtibində dəvət edilməmiş və bu aktın tərtibindən xəbəri olmamışdır. Sayğacı dəyişəndən sonra qapını döyüb imza çəkmələrini demişlər. Bu zaman da sayğacın dəyişdirilməsi barədə akta həyat yoldaşı imza etmişdir. Verilmiş suallara cavabında qeyd edir ki, onun qaz sayğacının işləməsindən hər hansı narazılığı olmamışdır. Sadəcə sayğaca baxanda üstündəki plombun birində deşik, digərində isə bu deşiyin olmamasını görmüşdür. Cavabdeh tərəfindən yazılmış 777,60 manat cəriməyə görə bu günə qədər ondan hansı məbləğdə pul tutulduğunu bilmir. Bu barədə məhkəməyə təqdim ediləcək sübutu yoxdur. Keçən və bu ilə aid təbii qazdan istifadəyə görə ödənişlərə nəzər saldıqda aylıq qaz sərfiyyatının üst-üstə düşdüyünü görərlər. Yəni tərəfindən sayğaca müdaxilə olunduğu halda, bu aylıq təbii qaz sərfiyyatına görə ödənişlərdən görünərdi. Göstərilənlərə əsasən ona yazılmış cərimənin silinməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh istehlakçı İddiaçı Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşadığı evi təbii qazla təmin edir. Birliyin işçi qrupu tərəfindən İddiaçı yaşadığı evin qaz sayğacına baxış keçirilmiş, sayğac yenisi ilə əvəz edilmişdir. Laboratoriya rəyinə əsasən sayğacın qaz sərfini qeyd etmədiyi və müdaxilə aşkar olunmuşdur. Bununla bağlı 30 sentyabr 2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib olunmuş, 6.480 m3 dəymiş ziyan hesablanmış və abonentə dəymiş zərərə görə 777,60 manat məbləği yazılmışdır. Həmçinin sayğaca keçirilmiş baxışla bağlı tərtib edilmiş laboratoriya rəyini əsaslı hesab edirlər. Çünki rəyə əsasən sayğaca müdaxil olunduğu müəyyən edilmişdir. 777,60 manat məbləğində ziyan sayğaca müdaxilə nəticəsində yaranmışdır. Verilmiş suallara cavabında qeyd edir ki, əvvəllər abonent İddiaçı barədə hazırda mübahisələndirilən belə bir akt tərtib edilməmişdir. Hesab edirlər ki, müdaxilə məhz iddiaçı tərəfindən edilmişdir. Belə ki, abonentin sayğaca müdaxilədə marağı vardır. Çünki İddiaçı faydalanan şəxsdir. Bu səbəbdən də laboratoriya rəyi, akt və yazılmış borc məbləği əsaslıdır. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; 60-cı maddəsinin İİ-ci bəndinə əsasən hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: 08 sentyabr 2023-cü il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktın surətindən görünür ki, Cavabdeh nümayəndələri Muxtar Qurbanov və Ramil Qurbanov tərəfindən istehlakçı İddiaçı Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşadığı fərdi evin qaz sayğacına baxış keçirilən zaman zavod plombunun zədələndiyi aşkar olunmuşdur. **********7 nömrəli, Zenner G-4 markalı sayğac çıxarılmış, **********329 nömrəli, Zenner G-4 markalı sayğac quraşdırılmışdır. 29 sentyabr 2023-cü il tarixli, MSK-14-2-2/3-5-9748/Q002 saylı aktın surətindən görünür ki, **********7 nömrəli, Zenner G-4 markalı sayğaca baxış keçirilmiş, yoxlama nəticəsində sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinə vurulan zavod plastmas plomblardan birinin kənar təsirlərdən deşildiyi, sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. 30 sentyabr 2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, Cavabdeh əməkdaşları tərəfindən İddiaçı məxsus ünvanda (abonent kodu: **********17553) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, MSK 14-2-2/3-5-9748 saylı rəyə əsasən sayğacda qaz itkisi və müdaxilə aşkar olunmuş, bununla əlaqədar olaraq 30 sentyabr 2023-cü il tarixli, ******* saylı akt tərtib olunmuşdur. Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmiş, istehlakçı İddiaçı həmin aktı imzalamaqdan imtina etmişdir. Dəymiş ziyanın bərpasına dair 30 sentyabr 2023-cü il tarixli tələbnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən İddiaçı 6x12x90=6480 m3, cəmi 6480 m3 (777,60 manat) əlavə ödəniş hesablanmışdır. 18 oktyabr 2023-cü il tarixli və 26 dekabr 2023-cü il tarixli abonentin saldolarından görünür ki, abunə kodu **********17553 olan ünvan üzrə sentyabr 2023-cü il tarixli akt əsasında 777,60 manat borc hesablanmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna 4 olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçı barəsində tərtib olunan akt birtərəfli tərtib olunmuş, istehlakçının iştirakı təmin edilməmiş, tərtib edilmiş aktda iddiaçının imzası yoxdur. Tərtib olunan aktın həqiqiliyini iddiaçı mübahisələndirir, cavabdeh isə aktın mötəbərliyini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda işin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğaca müdaxilənin müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı fiziki şəxs qismində istehlakçı olaraq qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi daşımadığından, sayğaca müdaxilənin, nəticədə sayğacda qaz itkisində iddiaçının təqsiri sübuta yetirilmədiyindən iddia tələbi “777,60 manat cərimə borcunun silinməsi” hissəsində təmin edilməli, iddiaçının yaşadığı ünvanında yerləşən evə qaz sayğacına dair hesablanmış 777,60 manat cərimə borcu silinməlidir. Məhkəmə iddia tələbinin “0407062 nömrəli aktın etibarsız hesab edilməsi” hissəsinə münasibətdə isə qeyd edir ki, həmin akt iş üzrə sübut vasitəsidir və yekun məhkəmə aktında sübut növü kimi ona hüquqi qiymət verilir. Ona görə də məhkəmə hesab edir ki, bu hissədə iddia əsassızdır və təmin edilməməlidir. İddia tələbinin “777,60 manat cərimə borcu üzrə tutulmuş pul məbləğinin geri qaytarılması” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, hansı məbləğin geri qaytarılması bilinmədiyindən, iddiaçı bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etmədiyindən, nəticə etibarı ilə iddia bu hissədə qeyri müəyyən olduğuna görə, eləcə də iddiaçının yaşadığı ünvanında yerləşən evə qaz sayğacına dair hesablanmış 777,60 manat cərimə borcu silindiyindən iddia bu hissədə də əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə etibarilə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, N 1737\B ünvanında yerləşən evə qaz sayğacına (abonent kodu: **********17553) dair hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat, altmış qəpik) manat cərimə borcu silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda gösrərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, N 1737\B ünvanında yerləşən evə qaz sayğacına (abonent kodu: **********17553) dair hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat, altmış qəpik) manat cərimə borcu silinsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar