Məhkəmə qərarları › İş №2(012)-752/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-752/2024

20.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-752/2024 20.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evə dair **********01300 nömrəli abonent koduna yazılmış 1635.55 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1ində yerləşən fərdi yaşayış evi ona məxsusdur. Belə ki, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evinə abonent kodu **********01300 olan sayğaca ümumilikdə 1623.55 manat məbləğində cərimə yazılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Qaz sayğacının yoxlanılması barədə MSK-nin 29/1710-03467-1 rəyi əsasında sayğaca baxış keçirilən zaman flyans plombun sınması aşkar edilmiş və buna görə də xx.xx.2018-ci il tarixdə , ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqlnda akt tərtib edilmişdir. O ilk əvvəl xx.xx.2018-ci il tarixdə, ******* nömrəli aktda qeyd edilənlər ilə bağlı fikir bildirmək istəyir ki, sayğacın qorunması və sayğaca nəzarət vətəndaşa aid deyildir. Nazirlər Kabinetinin 80 saylı qərarına əsasən sayğacın qorunması və nəzarəti Cavabdeh balansındadır. Belə olan halda sayğaca baxış zamanı göstərilən nüanslar, yəni sayğacın klapanın işləməməsi, yivli birləşmələrinin korreziyaya uğraması, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcığın qırılmasına, sayğacın elementinin bitməsinə görə vətəndaş yox Azəriqaz İB nəzarət etməlidir və məsuıiyyəti Azəriqaz İB daşımalıdır. Ona görə də o bütün bu qeyd edilənlə razı olmadığı üçün onun adına tətbiq edilmiş və əsassız şəkildə yazılmış cərimə məbləğinin silinməsini istəyir və bu onun qanunla qorunan haqqıdır. xx.xx.2022-ci il tarixli aktın tərtib edilməsinə göstərilən səbəblərilə də qəti şəkildə razılaşmır. Həmin aktlar tərtib edilən zaman guya o aktları imza etməkdən imtina etmişdir. Halbuki onun xəbəri olmamışdır. Fərdi evinə quraşdırılmış sayğac mexaniki sayğac idi. İndi isə smart tipli qaz sayğacına keçirilmişdir. O bunun üçün Azəriqaz İB-nin əməkdaşına 200 manat məbləğində ödəniş etmişdir. Ona görə də əsassız şəkildə yazılmış cərimə puluna görə smart tipli qaz sayğacı evinə quraşdırılmırdı. Hazırda isə smart tipli qaz kartına pul yükləyən zaman pulun 50 faiz hissəsi cəriməyə çıxılır. Buna etiraz edir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və iddia ərizəsinə məzmumuna uyğun izahat vermişdir. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi X2 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən xx.xx.2018-ci il tarixdə ünvan 1inə baxış keçirilib. Baxış keçirilən zaman sayğacın flyans plombun qırılması aşkarlanmışdır. Bununla bağlı ******* nömrəli akt tərtib olunub. Bu akta əsasən 201.16 manat dəymiş ziyan hesablanmışdır. xx.xx.2022-ci il tarixdə sayğaca baxış keçirilən zamanqaz itkisi və müdaxilə aşkar edilib, ******* nömrəli akt tərtib olunub. Bu aktlara əsasən dəymiş ziyan hesablanıb. Dəymiş ziyanın ümumi məbləği 1036.8 manatdır. Həmçinin iddiaçının debitor borcu vardır. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ. bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 60-cı maddəsinin İİ. bəndinə əsasən, hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 4.1 maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.1 maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, abonentin yaşadığı ünvanda quraşdırılmış **********13130011 saylı sayğacın müddəti bitdiyi üçün sayğac Zenner markalı, G-4 tipli, mexaniki **********1 nömrəli sayğacla əvəz olunmuşdur. -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi ərazidə sayğaca baxış keçirilən zaman abonentin qaz sayğacına baxış keçirilən zaman flyans plombun sınması aşkarlanmış, metroloqlar tərəfindən plombun bərpasının təmin edilməsi qərara alınmışdır. -Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli tələbnaməsindən görünür ki, Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 60 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 60 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 60 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin cəmi 2016 m3 ödənilməsi qərara alınmışdır. Əsas olaraq xx.xx.2018-ci tarixli, ******* saylı akt olmuşdur. -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman 29/1710-03467-1 rəy əsasında sayğaca baxış keçirilən zaman qaz itkisi və müdaxilə aşkarlanmış, dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır. -Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin cəmi 8640 m3 ödənilməsi qərara alınmışdır. Əsas olaraq xx.xx.2022-ci tarixli, ******* saylı akt olmuşdur. -Abonent kodu **********01300 olan, İddiaçı adına olan abonent saldosundan görünür ki, ünvan 1i ünvanına xx.xx.2023-cü il tarixdə Zenner G4T smart markalı, **********909 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1). Aktlara əsasən hesablanmış, abonentin 2018-ci ilə aid olan borcu 403,20 manat 2022-ci ilə aid olan borcu 1036,80 manat göstərilmişdir, 2023-cü ilə qədər 183,55 manat debitor borcu vardır. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023cü il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1ində yerləşən 0.02 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********89 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, A № 983142 saylı plan və ölçünün notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1ində yerləşən 0.02 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas xx.xx.2012-ci il tarixli, 4ə-04-1491 saylı alqı-satqı müqaviləsi olmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1 maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin, belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludur. 136.4-cü maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 139.1-ci maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. İşin faktiki hallarına qiymət verib və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci tarixli, ******* saylı aktlara əsasən, istehlakçıya məxsus yaşayış sahəsinə baxış keçirilən zaman kənar xəttdən istifadə etdiyi aşkarlanmış, dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır. Beləliklə, abonent onunla bağlanmış müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və mülki iş materiallarına əlavə olunmuş abonent saldosuna əsasən, cəmi 6177.60 manat borc yaranmışdır. Həmin borc hesablanarkən vurulmuş ziyan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 14 mart 2011-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları” əsas götürülmüşdür. Məhkəmə həmçinin, iddia tələbi ilə bağlı qeyd edir ki: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Belə ki, qaz paylayıcı şəbəkə öz vəzifə borclarını dürüst yerinə yetirməyərək Nazirlər Kabinetinin «Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli, 80 saylı Qərarının aşağıdakı bəndlərini kobud şəkildə pozmuşdur:- 2.1.3. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək; 2.1.5. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq; 2.1.10. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək. Məhkəmə belə qənaətə gəlir ki, qaz paylayıcı şəbəkə istismarda olan qaz sayğacını qanunun tələb etdiyi müddətdə yoxlasaydı bu hal ortaya çıxmazdı. Yoxlanmadığı və vəzifə səlahiyyətlərinə soyuq yanaşıldığı üçün sayğacda yaranan nasazlıq vaxtında aşkar edilməmişdir. Mülki iş üzrə tədqiq edilmiş materiallardan və iddiaçının izahatından müəyyən edilir ki, iddiaçıya məxsus sayğac onun mənzilindən kənarda quraşdırılmışdır. Göründüyü kimi, sayğacın abonentə aid mənzilin bayır hissəsində quraşdırılması həmin sayğacın abonent tərəfindən mühafizə edilərək qorunmasını qeyri-mümkün edir. Məhkəmə xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci tarixli, ******* saylı aktlarla bağlı qeyd edir ki, iddiaçıdan ödənilməsi tələb olunan borc məbləği eyni zamanda, yuxarıda qeyd olunan aktlar əsasında təbii qazdan istifadə qaydalarının pozulması nəticəsi kimi hesablansa da, məhkəmə cavabdeh tərəfindən təqdim olunmuş aktları sübut növü kimi qiymətləndirərək nəzərə almışdır. Belə ki, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci tarixli, ******* saylı aktlar hüquqmüəyyənedici sənəd olmadığından prosessual sənəd kimi qəbul edilir, həmin akt tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla yalnız abonentə məxsus qaz sayğacında olan qüsurun mövcud olmasını təsdiqləyən sənəddir. Lakin abonent saldosundan görünür ki,İddiaçı 183.55 manat debitor borcu vardır. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini, tərəflərin izahatlarını və mülki iş materiallarını paralel şəkildə qiymətləndirib belə qənaətə gəlir ki, iddia ərizəsi əsaslı hesab edilməklə qismən təmin edilməli, Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 1256.45 manat borc məbləği abonent kodu 0**********01300 olan İddiaçı məxsus abunə hesabından silinməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə eyni zamanda, Mülki Prosessual Qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, istehlakçı hüquqlarının müdafiəsi üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin qiymətinə mütənasib olaraq ödənilməli olan 32.56 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5 maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 238-252-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 1256.45 (min iki yüz əlli altı manat qırx beş qəpik) manat borc abonent kodu 0**********01300 olan İddiaçı məxsus abunə hesabından silinsin. Cavabdeh İB-dən dövlət rüsumuna görə 32,56 (otuz iki manat əlli altı qəpik) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar