Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-765/2021 17.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçının nümayəndəsi-əri Nümayəndə, iddiaçının vəkili-nümayəndəsi X3, cavabdehin vəkili-nümayəndəsi X4 və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı qanunsuz olaraq sökülmüş hasarın cavabdehi vəsaiti hesabına bərpası tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı qanunsuz olaraq sökülmüş hasarın cavabdehin vəsaiiti hesabına bərpası tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək,Cavabdeh MTK tərəfindən qanunsuz inşa edilən yaşayış binasının 3-cü blokunun ətrafında çəkilmiş dəmir örtüklərin mülkiyyətində olan torpaq sahəsindən cavabdehin hesabına sökülməsi və qanunsuz olaraq sökülərək uçurulmuş daş hasarın onların vəsaiti hesabına əvvəlki yerinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanındakı fərdi yaşayış evində yaşayır. Onun həmin evə mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmış və bu barədə ona xx.xx.1997-ci il tarixli “Qeydiyyat vəsiqəsi” və “Texniki pasport” vermişdir. Cavabdeh MTK tərəfindən 2014-cü ildə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr. 263 ünvanında çoxmənzilli, 16 mərtəbədən və 3 blokdan ibarət yaşayış evinin özülü qazılmış və həmin özülün ətrafında dəmir örtüklər çəkilmişdir. Cavabdeh onların dalanına aid hissəni təxminən 1 metr qabağa çəkməklə dalanı zəbt etmişdir. Bundan sonra, həmin dalanda yaşayan qonşularla cavabdehə öz haqlı iradlarlarını bildirib, hasarı əvvəlki yerinə bərpa etmələrini tələb etsələr də, müraciətləri nəticəsiz qalmışdır. 2019-cu ilin payızınadək tikinti dayansa da, həmin müddətdən sonra yenidən tikinti işləri davam etdirilmişdir. 2019-cu ilin sentyabr ayında cavabdehin tikinti sahəsi ilə iddiaçıya məxsus evin arasında olan daş hasarın arxasına 5 kubik hündürlüyündə torpaq yığılmış, daş-hasar iddiaçının evi tərəfə uçmuşdur. Daş hasar uçan zaman cavabdeh daş-hasarın yerinə 20 sm iddiaçının həyətyanı sahəsinə daxil olmaqla dəmir örtük çəkmişdir. Daş-hasarın əvvəlki yerinə bərpa edilməsini, tikintini dayandırmağını tələb etsə də, yenə də müraciəti nəticəsiz qalmışdır. Hazırda tikilməkdə olan yaşayış binasında heç bir təhlükəsizlik qaydalarına riayət etmədən 3-cü blokun bir necə mərtəbəsi inşa edilmişdir. Həmin tikintinin bir neçə mərtəbəsində inşa edilən balkon çıxıntılı olduğundan iddiaçının həyətinin ərazisinə düşür. Həmçinin tikinti aparılan sahə ilə onun həyətinin giriş qapısı paralel olduğundan evinə sərbəst gedib-gələ bilmir. Orada aparılan tikinti səbəbindən davamlı olaraq iddiaçının həyətinə müxtəlif növ tikinti tullantıları tökülür. Bu səbəbdən də iddiaçı ailəsi ilə birgə bir neçə aydır ki, başqa ünvanda kirayədə qalır. Onun həyətinə bu gün belə atılan təhlükəli tullantılara görə yoldan keçmək mümkün deyil. Bu hal onun mülkiyyət hüquqlarını pozur və bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə prosesində iddiaçının nümayəndəsi-əri Nümayəndə iddia tələbini müdafiə edib, məzmununa uyğun izahat verdi. Məhkəmə prosesində iddiaçının vəkili-nümayəndəsi X3 iddia tələbini müdafiə edib iddia ərizəsində göstərilənlər uyğun izahat verdi. Məhkəmə prosesində cavabdehin vəkili-nümayəndəsi X4 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, daş hasar külək vaxtı əyilib və uçub. Onlar tikinti aparanda daş hasar yox idi. Dəmir hasarı şirkət tikdirib. Yol ümumi istifadə olunan yoldur, uçan daş hasar isə cavabdehin əvvəlki mülkiyyətçidən aldığı torpaq sahəsinin divarıdır.Hansıkı həmin torpaq sahəsində cavabdeh MTK tərəfindən tikinti aparılır Məhkəmə prosesində cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, 2019-cu ilin qış aylarından etibarən tikinti aparılır. Tikinti aparılan ərazi MTK-nın ərazisidir. Torpağı satan şəxs hazır vəziyyətdə hasarla satmışdı. MTK-nın aldığı evlərin torpaq sahəsinin hasarları idi. Hasarın iddiaçıya aidiyyəti yoxdur. Yayda özlərinə də məlumat verilib ki, hasar qəzalıdır.Qaldıkı dəmir hasar bu tikintidə təhlükəsizlik məqsədi ilə çəkilmişdir və tikinti başa çatan kimi söküləcəkdir.Hazırda həmin dəmir hasarın ordakı sakinlərə heç bir maneçiliyi belə bir hal yoxdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan Qeydiyyat Vəsiqəsindən müəyyən edilir ki, ünvan 1 ünvanındakı, ümumi sahəsi 105,8 kv.m olan fərdi yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İşdə olan Həsənbəyova Arzu Rəcəb qızına məxsus texniki pasportdan müəyyən edilir ki, qeyd edilən fərdi yaşayış evi faktiki sahəsi 52,6 kv.m. olan torpaq sahəsinin üzərində yerləşir. Abşeron rayon Xırdalan Bələdiyyəsinin 09 aprel 2014 –cü il tarixli 03 saylı qərarı ilə həmin torpaq sahəsinin Həsənbəyova Arzu Rəcəb qızına satılması qərara alınmışdır. Beləliklə,məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, cavabdeh tərəfindən Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti ünvanında hündürmərtəbəli binanın inşası aparılır.İddiaçı iddia edir ki, həmin hündürmərtəbəli binanın tikintisi zamanı onun evinə gedən yolun kənarında yerləşən daş hasar cavabdeh tərəfindən sökülmüş, yerində iddiaçının mülkiyyətində olan torpaq sahəsində dəmir hasar çəkilmişdir. Tərəflərin izahatlarından , işin materiallarından, habelə iddiaçı tərəfindən təqdim olunan fotoşəkillərdən göründüyü kimi qeyd edilən dəmir hasar hazırda mövcuddur və daş hasarın yerində çəkilmişdir.Əvvəlki daş hasar isə Cavabdeh MTK-nın hazırda tikinti apardığı torpaq sahəsinin hasar divarıdır ki,bu torpaq sahəsini cavabdeh alıb orada tikinti aparır.Yəni göründüyü kimi sökülmüş daş hasarı iddiaçı inşa etməmişdir.İddiaçının mülkiyyətində olan ev isə hasarın əks tərəfində binadan bir qədər aralıda yerləşir. Qeyd edilənlərdən göründüyü kimi mübahisəli uçurulmuş daş hasar istər mövcud olduğu, istərsə də mövcud olmadığı halda iddiaçının öz evinə gediş –gəlişində hər hansı bir təyinata malik olmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, işin müəyyən edilən faktiki hallarına və qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olmadığından təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı qanunsuz olaraq sökülmüş daş hasarın cavabdehin vəsaiti hesabına bərpası tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-765/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-765/2021
17.03.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver