Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-768/2025 09.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli ******* saylı aktın ləğv olunması, 518,40 manat məbləğində cərimənin silinməsi və 25 manat kartdan silinmiş pul vəsaitinin ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Nübar-Atyalı yeni yaşayış massivi ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış və abonent kodu **********04620 olan qaz sayğacı ona məxsusdur. Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə ona məxsus fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, guya sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının qaz sayğacının yoxlanılması barədə xx.xx.2022-ci il tarixli 29/1710-04488-1 saylı akta əsasən, G-4 markalı 1002AQ**********5 saylı sayğacda ALARM-1 rejimi aşkar olunmuşdur. Eyni zamanda, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün xx.xx.2022-ci il tarixli tələbnamə də tərtib olunmuşdur. Bu sayğaca baxış keçirilərkən və akt tərtib olunarkən ona və ailə üzvlərinə heç bir xəbərdarlıq edilməmiş, nə rəsmi, nə də şifahi olaraq heç bir məlumat verilməmişdir. Ona və ailə üzvlərinə heç bir xəbərdarlıq edilmədən xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Həmin aktda göstərilən nöqsanlar tamamilə əsassızdır, heç bir həqiqəti əks etdirmir. Sayğaca o və ya ailə üzvləri heç vaxt müdaxilə etməmiş, ümumiyyətlə toxunmamışlar. Sayğac fərdi yaşayış evinin çöl hissəsində quraşdırılmışdır. Hər gün ətrafından yüzlərlə insan keçir, çöldə quraşdırılmış sayğacın təhlükəsizliyinə görə abonent hər hansı bir məsuliyyət daşımır. Barəsində əsassız olaraq tərtib edilmiş akta əsasən itirilmiş 4320 m3 qaza görə ümumilikdə 518,40 manat məbləğində cərimənin ödənilməsi öhdəsinə qoyulmuşdur. Qaz borcu qanunsuz olmaqla yanaşı, hazırda karta ödəniş edən zaman həmin pul onun hesabından məcburi şəkildə tutulur. Bu günə kimi hesabdan 25 manat məbləğində pul tutulmuşdur. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, məhkəmədən 518,40 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məlumat verilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2022-ci ildə tərtib və təsdiq olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktdan görünür ki, həmin tarixdə abonent İddiaçı Abşeron rayonu, Nübar-Atyalı yeni yaşayış massivindəki yaşadığı evə (abonent kodu: **********04620) baxış keçirilən zaman baxış keçirilən zaman sayğacın istismara yararsız olduğu aşkar edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, İddiaçı xx.xx.2022-ci ildə tərtib və təsdiq olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akta əsasən 4320 kub metr təbii qazı dəyərini ödəmədən istehlak etmişdir. İş materiallarında olan istehlakçı İddiaçı adına tərtib edilmiş Abşeron rayonu, Nübar- Atyalı yeni yaşayış massivində yerləşən fərdi yaşayış evinə aid abonent kodu **********04620 olan abonentin saldosundan görünür ki, 2022-ci ilin dekabr ayında qaz sərfiyyatı cəmi “4320 m3” həcmində müəyyən edilmiş və buna müvafiq olaraq abonentə 518,40 manat məbləğində borc hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə və digər hallarda qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçıya 518,40 manat məbləğində cərimə onun sayğacındakı nasazlığa görə xx.xx.2022-ci il tarixli akta əsasən tətbiq edilmişdir. Halbuki yuxarıda qeyd edilən Qaydalara görə bu cür sayğacların işlək vəziyyətdə saxlanılmasına görə abonent məsuliyyət daşımır, yəni iddiaçıya tətbiq edilən cərimənin heç bir hüquqi əsası yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşadığı fərdi yaşayış evinə aid qaz sayğacına dair xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmış 518,40 manat borc silinməli, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus Abşeron rayonu, Nübar-Atyalı yeni yaşayış massivində yerləşən fərdi yaşayış evinə aid abonent kodu **********04620 olan qaz sayğacına xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmış 518,40 manat məbləğində borc silinsin. İddiaçının ödəməkdən azad olunduğu 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq dövlət büdcəsinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-768/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-768/2025
09.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver