Məhkəmə qərarları › İş №2(012)-790/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-790/2022

14.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-790/2022 14.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, Cavabdeh nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31.05.2019-cu il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 487 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, 31.05.2019-cu il tarixli akt əsasında iddiaçının adına ümumilikdə 677 manat məbləğində cərimə yazılmışdır. Cərimənin yazılmasına səbəb sayğacın elementinin bitməsi və sayğacda 11.01.2019-cu ildə alarm-1 rejiminin aşkar olması göstərilmişdir. İddiaçının adına tərtib edilmiş 677 manat məbləğində olan borcun 190 manatı qəbul edilir. Çünki həmin borc istifadə olunduğu təbii qaza görə yaranmış borcdur. Maddi cəhətdən əziyyət çəkdiyi üçün həmin borcu yəni, 190 manat məbləğində olan pulu tam deyil, hissəhissə ödəməyə çalışır. Belə ki, tarix dəqiq yadında qalmasa da, 2019-cu ilin ortalarında smart tipli qaz kartına pul yüklədiyi zaman həmin balansın sayğaca yüklənilməsindən ötrü smart tipli qaz kartını sayğaca yaxınlaşdırdığı zaman kartı görmədiyi və pul balansı sayğaca yüklənmədiyi üçün Azəriqaz İB-nin Abşeron rayon Xırdalan şəhər İdarəsinə müraciət edərək, sayğacda yaranmış problem barədə məlumat vermiş və baxış keçirilməsi üçün nümayəndələr göndərilməsini xahiş etmişdir. Sayğaca baxış keçirmək üçün gələn nümayəndələr həmin sayğacın guya yenisi ilə əvəz edildiyini ona bildirmişlər. Sonradan ona məlum olmuşdur ki, eyni sayğac qoyulmuş və dəyişilməmişdir. Eyni problem yenə baş vermiş və o yenə də məlumat verərək, sayğacın dəyişilməsini xahiş etmişdir. Bu dəfə sayğacı dəyişən zaman iddiaçıya heç bir məlumat vermədən təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, 31.05.2019-cu il tarixli akt tərtib edilmişdir, guya həmin aktdan da iddiaçının imtina etdiyi qeyd edilmişdir. Halbuki həmin aktdan iddiaçının o zaman xəbəri belə olmamışdır. İddiaçı, aktı yeni almış və adına tətbiq edilmiş cərimədən yeni xəbəri olmuşdur. Aktda qeyd edilənlər ilə qəti şəkildə razılaşmır. Çünki həmin akt həqiqəti əks etdirmir. Sayğacın problemli olması barədə iddiaçı məlumat verdiyi halda iddiaçını günahkar çıxarmışlar. 487 manat pulun ondan tutulmasını idiaçı qəbul etmir. İddiaçıya yazılmış akt və cərimə əsassızdır, ləğv olunmalıdır. Çünki sayğacın kim tərəfindən yararsız hala salınması iddiaçıya məlum deyildir. Qeyd edilən akt əsassız olduğu üçün iddiaçıya yazılmış cərimə pulları silinməlidir və iddiaçı bundan ötrü məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Konstitusiyası hər kəsin öz hüquq və azadlıqlarını məhkəmələrdə müdafiə edilməsinə zəmanət verir. Konstitusiyanın 60-cı maddəsinə əsasən: Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi Nümayəndə1 məhkəmədə izahatında bildirdi ki, o, iddia tələbini qəbul etmir. İddianın əsasını sayğacda aşkarlanan qüsurlarla bağlı tərtib edilən akt təşkil edir. 486 manat zərər dəydiyi aşkar edilmiş və zərər 2019-cu ilin may ayından borc abonentin saldosuna könüllü olaraq ödəməsi üçün yerləşdirilmişdir. Abonentdə 4 dəfə sayğac dəyişikliyi olmuşdur. Hazırki 31.05.2019-cu il tarixli, ******* saylı akt barədə abonentin məlumatı vardır. Vətəndaşdan tutulmalar da olmuşdur. Hazırda iddiaçının sərfiyyat borcu vardır, lakin ödəniş yoxdur. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31.05.2019-cu il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********00120 olan sayğaca baxış keçirilən zaman aşkar olunmuşdr ki, MSK-29/1710-00814 rəyinə əsasən, 1402AZ**********37 xətalar normadan artıqdır. Sayğacın elementi bitmişdir. Sayğacda 11.01.2019-cu ildə alarm-1 rejimi və 486 manat zərər dəydiyi aşkar olunmuşdur. İş materiallarında olan İddiaçı məxsus abonentin saldosundan görünür ki, İddiaçı 31.05.2019cu il tarixli, ******* saylı akta görə 486 manat ziyan hesablanmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddiası qismən təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi Cavabdeh tərəfindən İddiaçı əsassız olaraq 31.05.2019-cu il tarixli, ******* saylı akt tərtib edilərək 486 manat cərimə hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X1 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə məhkəmədə cavabdeh təşkilatın nümayəndəsi izahatının əsaslarını sübut edə bilməmiş və sayğacın İddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından 486 manat məbləğində hesablanmış cərimə silinməlidir. Bundan başqa Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üçün 31.05.2019-cu il tarixli, ******* saylı akt əsasında abonentə 486 manat məbləğ hesabladığından, yuxarıda qeyd olunan hüquqi mövqeyə görə həmin məbləğin mövcud qanunvericiliyə uyğun hesablanmaması nəticəsinə gəlindiyindən, məhkəmə sözügedən aktı da əsassız hesab edərək ləğv edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********00120 olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə 31.05.2019-cu il tarixli, ******* saylı akt ləğv edilsin və həmin akt üzrə hesablanmış 486 manat cərimə silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar