Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-796/2024 24.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İsmayılov Rüstəm Sadiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, abonentə hesablanmış 3110,40 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində ünvan 1 ünvanında (Abonent kodu **********20380) 9 ildən sonra köhnə Smart tipli qaz sayğacı dəyişilib yenisi ilə əvəz edilib və həmin gündən sayğacla bağlı problemlə üzləşmişdir. Əvvəlcə qaz sızmasını hiss edib, 104 qaynar xəttə müraciət etmişdir. Cavabdeh İB-nin əməkdaşları sayğaca baxış keçirdikdən sonra Smart tipli sayğacın giriş hissəsində sızmanın olduğunu və problemin aradan qaldırdığını bildirdilər. 7 aydan sonra xx.xx.2023-cü il tarixində Smart tipli sayğac axşam radələrində yanıb, xəbəri aldıqdan sonra dərhal ünvana gəldi və 104 qaynar xəttinə məlumat verdi. Gecə radələrində hadisə yerinə gələn Cavabdeh İB-nin əməkdaşları sayğaca baxış keçidikdən sonra heç bir təhlükə olmadığını bildirərək, sayğacın giriş hissədən qaz buraxılışını dayandırdılar. xx.xx.2023-cü il tarixində səhər radələrində Cavabdeh İB-nin əməkdaşları qeyd etdiyi ünvana yaxınlaşmış, sayğacın iç hissədən yandığını, istismara yararlı olmadığını, bunun əsasında qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* № akt tərtib edib sayğacı başqa sayğacla əvəz ediblər. Həmin vaxta kimi də hər ay istehlak etdiyi qazın pulunu ödəmiş və heç bir problem olmamışdır. Bu hadisədən 3 ay sonra 3110,40 manat borcu olduğu haqda ödəniş sistemindən bildiriş almışdır. Borcun niyə və nə səbəbdən yazıldığını araşdırma apararaq ona tətbiq olunan borcun silinməsi üçün xx.xx.2023-cü il tarixində Cavabdeh İB-yə ərizə yazmışdır. xx.xx.2023-cü il tarixində Cavabdeh İB Bakı Regional Qazın satışı departamentindən məktub almışdır. Məktubda qeyd edilib ki, xx.xx.2023-cü il tarixli MSK 14-2-2/3-5-5234/Q001 saylı akt nəticəsində sayğaca baxış keçirildi, sayğacın çıxış plastmas borusu istilik nəticəsində əriyib, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir, sayğac istismara yararsızdır rəyi verilmişdir və sonda xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən qaz sayğacının “qeydiyyata almadığı” təbii qaz 25920 m3 müəyyənləşdirilərək istehlakçı hesaba daxil edilmişdir. Bu qaz itkisi mövcud olmayıb, buna görə o, heç bir məsuliyyət daşımır. Necə ola bilər ki, Cavabdeh İBnin əməkdaşları hər ay sayğaca baxış keçidikləri halda yanmış sayğacdan təyin etdilər ki, yeni sayğacın 7 ay ərzində “qeydiyyata almadığı” təbii qaz 25920 m3-dir? Bu, əsassız, absurd bir iddiadır. O səbəbdən abonentin təqsiri olmadan guya meydana gəlmiş qaz itkisinin əvəzi olaraq ondan 31110,40 manat tələb etmək hüquqi cəhətdən əsassızdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2023-cü ildə tərtib və təsdiq olunmuş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı aktdan görünür ki, həmin tarixdə abonent İddiaçı yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, ev 11-ə (abonent kodu:**********20380) baxış keçirilən zaman sayğacın istismara yararsız olması aşkar edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, İddiaçı xx.xx.2023-cü ildə tərtib və təsdiq olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akta əsasən 25920 kub metr təbii qazı dəyərini ödəmədən istehlak etmişdir. İş materiallarında olan istehlakçı İddiaçı adına tərtib edilmiş Abşeron rayonu, Masazır qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, ev 11-ə aid abonent kodu **********20380 olan Abonentin saldosundan görünür ki, 2023-cü ilin may ayında qaz sərfiyyatı cəmi “25920 m3” həcmində müəyyən edilmiş və buna müvafiq olaraq abonentə 3110,40 manat məbləğində borc hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə və digər hallarda qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçıya 3110,40 manat məbləğində cərimə onun sayğacındakı nasazlığa görə xx.xx.2023-cü il tarixli akta əsasən tətbiq edilmişdir. Halbuki yuxarıda qeyd edilən Qaydalara görə bu cür sayğacların işlək vəziyyətdə saxlanılmasına görə abonent məsuliyyət daşımır, yəni iddiaçıya tətbiq edilən cərimənin heç bir hüquqi əsası yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşadığı fərdi yaşayış evinə aid qaz sayğacına dair xx.xx.2023-cü il tarixli akta əsasən hesablanmış 3110,40 manat borc silinməli, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evinə aid abonent kodu **********20380 olan qaz sayğacına hesablanmış 3110,40 manat məbləğində borc silinsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-796/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-796/2024
24.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver