Məhkəmə qərarları › İş №2(012)-827/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-827/2024

26.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-827/2024 26.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı cavabdeh «Azərişıq” ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Azərişıq” ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, abunə kodu **********01063 olan ünvan 1 ünvanında yerləşən fərdi evə (cavabdeh tərəfindən ünvan Xırdalan, Masazır qəsəbəsi, ev 0020, mənzil 1063) dair 902,68 manat məbləğində keçmiş dövrdə yaranan borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxx 1959-cu il tarixdə Kürdəmir şəhərində anadan olmuşdur. Hazırda Kürdəmir şəhəri, Xırdapay kəndinə passport qeydiyyatında olmaqla Abşeon rayonu, Masazır kəndi, A.Abdullayev küçəsi ünvanında yerləşən fərdi evdə faktiki olaraq yaşayır. Hazırki iddia ərizəsi ilə müraciətinin səbəbi cavabdeh "xxxx" ASC tərəfindən ona məxsus abunə kodu **********01063 olan ünvan 1 ünvanında yerləşən fərdi evə (cavabdeh tərəfindən ünvan Xırdalan, Masazır qəsəbəsi, ev 0020, mənzil 1063) dair 902 manat 68 qəpik məbləğində keçmiş dövrdə yaranan borc adında borcun silinməməsi ilə bağlıdır. Sayğac mərhum həyat yoldaşı X1 adına rəsmiləşdirilmişdir. Həyat yoldaşı 21 may 2016-cı il tarixdə vəfat etmişdir. Bu səbəbdən iddia ərizəsi ilə o müraciət etmişdir. Belə ki, sözügedən fərdi yaşayış evi hazırda onun faktiki mülkiyyətində və istifadəsindədir. Cavabdehdən bir neçə dəfə həmin borcun silinməsi ilə bağlı dövlət tərəfindən göstəriş olduğunu bildirib, silmələrini tələb etsə də, bu günə kimi həmin borc silinməmişdir. Bu isə onun mənzillə bağlı bir sıra hüquqlarını həyata keçirməsinə mane olur. Belə ki, mənzili satmaq, bağışlamaq və s. digər hüquqları həyata keçirmək istədikdə həmin borcu ödəməli olur. Bu borcun hansı əsasla hesablanması barədə heç bir məlumatı yoxdur, eləcə də cavabdehin bununla bağlı əsası yoxdur. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh «Azərişıq” ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında оlаn və məhkəmə bахışındа tədqiq оlunmuş: - Kürdəmir Rayon Xırdapay kənd İnzibati Ərazi Dairəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş ölüm haqqında arayışın surətindən görünür ki, X2 xx.xx.2016-cı ildə Kürdəmir rayonunda beyin daxili qan sızma səbəbindən ölmüşdür. - Nikah haqqında 467331 saylı şəhadətnamənin surətindən müəyyən olunur ki, X2 və X3 xx.xx.1979-cu il tarixdə Kürdəmir rayon Xırdapay kənd sovetində rəsmi nikah bağlamışlar. Bu barədə nikahın akt qeydləri kitabında 7nömrəli akt qeydi qoyulmuş, nikah bağlandıqdan sonra arvada “İsmayılova” soyadı verilmişdir. - Abunə haqqında vərəqənin surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Masazır qəsəbəsi, ev 0020, mənzil 1063-ə dair X1 902,68 manat məbləğində borcu mövcuddur. İşdən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evi (ev 0020, mənzil 1063) hazırda İddiaçı sahibliyindədir. İş materiallarından görünür ki, "xxxx" ASC-nin elektron məlumat bazasında X1 adına qeydiyyatda olan **********01063 saylı kod üzrə 902,68 manat borc abonentin məlumat vərəqində tələb edilməyən borclar qrafasına yerləşdirilmişdir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 5.3.2-ci bəndinə əsasən cərəyan kabelə daxil olduqda enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi binanın, xüsusi yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uclarında müəyyən edilib. Yaşayış binalarının, yaxud xüsusi yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerji təchizatı müəssisəsinin üzərinə düşür. “Qaydalar”ın 7.10-cu bəndinə əsasən yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərilə hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. “Qaydalar”ın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi məsuliyyət daşıyır. “Qaydalar”ın 7.13-cü bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. “Qaydalar”ın 8.32-ci “a” bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. “Qaydalar”ın 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İşin araşdırılan hallarından müəyyən olunur ki, İddiaçı sahibliyində olan Abşeron rayonu, Xırdalan şəhəri, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evinə (ev 0020, mənzil 1063) dair elektrik sayğacı üzrə hazırda "xxxx" ASC-nin elektron məlumat bazasında evin əvvəlki sahibi X1 adına qeydiyyatda olan **********01063 saylı kod üzrə 2016-ci ildən öncə yaranmış 902,68 manat borc abonentin məlumat vərəqində tələb edilməyən borclar qrafasına yerləşdirilmişdir. Məhkəmə hesab edir ki, silinməsi xahiş edilən borc cavabdeh tərəfindən tələb edilməyən borc kateqoriyasına aid edilsə də, abonentin hesabına daxil edildiyindən silinməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı sahibliyində olan Abşeron rayonu, Xırdalan şəhəri, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evinə (ev 0020, mənzil 1063) dair mərhum X1 adına olan elektrik sayğacı üzrə (abonent kodu: **********01063) hesablanmış 902,68 manat borc silinməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı sahibliyində olan Abşeron rayonu, Xırdalan şəhəri, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evinə (ev 0020, mənzil 1063) dair mərhum X1 adına olan elektrik sayğacı üzrə (abonent kodu: **********01063) hesablanmış 902,68 manat borc silinsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar