Məhkəmə qərarları › İş №2(012)-829/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-829/2023

31.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-829/2023 31.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X1, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış 2540,16 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, Cavabdeh İB-nin 30 iyun 2022-ci il tarixli, ******* saylı aktına əsasən hesablanmış 2177,28 manat, 29 iyul 2022-ci il tarixli, ******* saylı akta əsasən hesablanmış 362,88 manat məbləğində olmaqla, cəmi 2540,16 manat cərimə borcunun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsi, döngə 5-də yerləşən fərdi yaşayış evinə 2022-ci ilin aprel ayında ailəsiylə birlikdə həmin evə köçmüşdür. Həmin evi Ayxan Yaqubov adlı şəxsdən almışdır. O, evə köçəndən sonra Ayxan Yaqubovun işçiləri tərəfindən başqa şəxsin adına olan qaz sayğacı quraşdırılmışdır. O həmin sayğac köhnə olduğuna və başqa şəxsin adına olduğuna görə Azəriqaz İB-in əməkdaşlarına həmin sayğacı aparmaqlarını və onun adına yeni sayğac gətirmələrini bildirmişdir. Azəriqaz İB-in əməkdaşları da həmin sayğacı söküb aparmışlar. Daha sonra isə o, Azərqaz İB-in əməkdaşları yeni sayğac gətirmədiklərinə görə qazdan sayğac olmadan istifadə etməyə başlamışdır. İyun ayından isə Azəriqaz İB-nin əməkdaşları yoxlama aparmış və onun barəsinə akt tərtib edərək cərimə yazmışlar. Ona 30 iyun 2022-ci il tarixli, ******* saylı aktına əsasən hesablanmış 2177,28 manat, 29 iyul 2022-ci il tarixli, ******* saylı akta əsasən hesablanmış 362,88 manat məbləğində olmaqla, cəmi 2540,16 manat cərimə yazılmışdır. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında iddiaçının izahatına uyğun izahat verdi. Cavabdeh nümayəndəsi X4 məhkəmədə izahatında bildirdi ki, İddiaçı yaşadığı ünvanda sayğaca baxış keçirilmiş və sayğacdan kənar qoşulmanın olduğu aşkar edilmişdir. Bununla bağlı abonentə 30 iyun 2022-ci il tarixli, ******* saylı akt üzrə 2177,28 manat, 29 iyul 2022-ci il tarixli, ******* saylı akt üzrə 362,88 manat cərimə hesablanmışdır. Odur ki, o, iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etdi. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 iyun 2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********00017 olan sayğaca baxış keçirilən zaman sayğacsız təbii qazdan qeydiyyatsız istifadə edildiyi aşkar olunmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29 iyul 2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu **********00017 olan sayğaca baxış keçirilən zaman qeyri-qanuni qazdan istifadə edildiyi aşkar olunmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, **********00017 saylı abunə kodu üzrə sərf olunan təbii qaza görə abonentin 2540,16 manat borcu yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair iddiası qismən təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi Cavabdeh tərəfindən İddiaçı məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evinə (abonent kodu **********00017) 29 iyul 2022-ci il tarixli, ******* saylı akt tərtib edilərək 362,88 manat cərimə hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq istehlakçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X6 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə istehlakçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə məhkəmədə cavabdeh təşkilatın nümayəndəsi izahatının əsaslarını sübut edə bilməmiş və sayğacın istehlakçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin İddiaçı məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən abonent kodu **********00017 olan sayğac üzrə Cavabdeh tərəfindən “qazdan istifadə qaydalarının pozulması haqqında” 30 iyun 2022-ci il tarixli, ******* saylı akt əsasında 30 iyun 2022-ci il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar edilməsinə dair rəy verilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının qaz sərfi 1,2 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq abonent 2177,28 manat cərimə edilmişdir. Lakin, cavabdeh təşkilatın nümayəndəsi 2177,28 manat cərimənin hesabat müddətinin 180 gün qəbul edilməklə hesablanmasını məhkəmədə əsaslandıra bilmədiyindən və abonentlərin ünvanına mütəmadi baxışların keçirilməsi Cavabdeh vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, cərimənin 30 gün müddət götürülməklə hesablanması işin faktiki hallarına uyğun gəlir. (2177,28 : 6 = 362,88 manat). Odur ki, Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********00017 olan, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə 30 iyun 2022-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış 2177,28 manat borcdan 362,88 manat saxlanılmaqla, qalan 1814,40 manat borc silinməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********00017 olan, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə 30 iyun 2022ci il tarixli, ******* saylı akt üzrə 1814,40 manat və 29 iyul 2022-ci il tarixli, ******* saylı akt üzrə 362,88 manat olmaqla, cəmi 2177,28 manat cərimə silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar