Məhkəmə qərarları › İş №2(012)-832/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-832/2023

14.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-832/2023 14.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İlk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı, İlk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı borcun tutulması tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair ilkin iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, N10490, Quşçuluq yaşayış massivi, Azbentonitin yanı ünvanında yerləşən evin olduğu ünvan üzrə qaz istifadəsinə görə əsassız olaraq yazılmış 1788.48 manat borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh İB cavabdeh İddiaçı qarşı borcun tutulması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia ərizəsinin təmin edilməməsi və Cavabdeh İB-yə vurulmuş 1788.48 manat zərərin və 37.89 manat dövlət rüsumunun İddiaçı məcburi qaydada tutularaq Cavabdeh İB-nin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, N10490, Quşçuluq yaşayış massivi, Azbentonitin yanı ünvanında yerləşən ev faktiki olaraq İddiaçı mülkiyyətindədir. Həmin ünvanda abonent kodu **********00020 olmaqla Cavabdeh İB təbii qaz enerjisi ilə təmin edir. İddiaçı tərəfindən vaxtlı-vaxtında ödənişlər olunmaqla mənzil təbii qaz enerjisi ilə təmin olunmuşdur. Sayğaclar evin çölə baxan fasadında yerləşdirilmiş və istifadə edilən aylıq sərfiyyatı Cavabdeh İB-nin əməkdaşları müəyyən edir. Yəni, İddiaçı haqqını ödəmədiyi 1 m3 qazı belə istifadə etməmişdir. Lakin xx.xx.2022ci il tarixdə Cavabdeh İB tərəfindən sözügedən ünvanda yerləşən Smart G-4 İtron Diafraqma №1402AZ**********91 nömrəli sayğac özünü qurumun əməkdaşları kimi təqdim edən şəxslər tərəfindən texniki problem olduğu bildirilərək yerindən çıxarılmış və aparılmışdır. Belə ki, sözügedən sayğac möhürlü və plomblu olmuş, ona müdaxilə edilməmişdir. Bu hal sayğacın çıxarıldığı zaman həmin şəxslər tərəfindən müşahidə edilmiş və plombu çıxarmışlar. xx.xx.2022-ci il tarixdə yenə özünü Cavabdeh İB-nin nümayəndələri kimi təqdim etmiş şəxslər tərəfindən nöqsan aşkarlanmış və xx.xx.2022-ci il tarixli ******* saylı və xx.xx.2022-ci il tarixli ******* saylı aktlar tərtib olunmuşdur. Bu zaman müddətində sayğac bərpa edilməmişdir. Daha sonra, “Azəriqaz İB”-nin əməkdaşları İddiaçı guya qəsdlə bunu etməsi səbəbilə sayğacın sökülməsini, artıq qaz sərfiyyatı üçün cəmi 14904 m3 olmaqla, 1788.48 manat borcun yarandığını və həmin borcun ödənilməsini bildirmişdir. Sonra cavabdeh qurum elektron sayğac qurmuş və həmin məbləği mənfi olaraq göstərərək İddiaçı haqsız tutulmalar etmişdir. Belə ki, cavabdeh əvvəlcə köhnə sayğacı çıxarmış, sonra özü yoxlama aparmışdır. Hansı ki, İddiaçı həmin yoxlamalarda iştirak etməmiş və aktlara imza atmamışdır. Ayrıca, sayğacda yaranmış nasazlıq həqiqəti əks etdirsə belə, bu hal İddiaçı deyil, cavabdehin qüsuru səbəbindən ortaya çıxmışdır ki, bu da cavabdehə bu qüsur nəticəsində yaranmış borcun İddiaçı tələb etməsinə haqq qazandırmır. Cavabdehin sayğacla bağlı problemləri həll etməsi onun vəzifəsidir və bu vəzifəni İddiaçı üzərinə qoya bilməz. Cavabdehin İddiaçı nöqsanı olsa idi belə, bu müddət ərzində sayğacı yeniləməməsi və göstərilən məbləğin borc olaraq qeyd edilərək tələb etməsi qanunsuzdur. Ona görə də hesab edir ki, əsassız olaraq yazılmış 1788.48 manat borc “Azəriqaz İB” tərəfindən silinməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.1.6, 2.1.8-2.1.10, 2.2.1, 2.2.3, 2.2.4, 2.2.5.4, 2.3.1 və 2.3.4-cü maddələrində bu hallar açıq-aşkar qeyd edilmişdir. Qeyd olunan müddəalara görə istehlakçı istifadə etdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən ödəyir. Qaz sayğacına yoxlamanın keçirilməsi, zədələnmiş qaz sayğacını dəyişmək və yenisi ilə əvəz etmək cavabdehin öhdəliyindədir. Həmçinin, paylayıcı o halda istehlakçıdan dəymiş zərərin əvəzinin ödənilməsini tələb edə bilər ki, bu hal istehlakçının təqsirli hərəkətlərinin nəticəsində yaranmış olsun. Belə ki, istər sayğac çıxarıldığı zaman, istərsə də yeni sayğacın gətirilib qoşulduğu müddətdə özlərini cavabdehin əməkdaşları kimi təqdim edən şəxslər heç bir vəsiqə təqdim etməmişlər. Həm sayğacı sökən şəxslər, həm də akt tərtib edərək yenisi quraşdıranlar Cavabdeh İB-nin əməkdaşları formasında olmuş və özlərini əməkdaş kimi təqdim etmişlər. Bayır divarında duran sayğacın qüsuru varsa, bu sayğacın daxilində olan problemdir ki, İddiaçı bunu müəyyən edə bilməsi mümkün deyildir. Cavabdeh buna nəzarət etməli və vaxtlı-vaxtında bu halı müəyyən edib tədbir görməlidir. Həmçinin, maraqlı olan bir məqam yaz ayında kimin radiator istifadə etməsindədir. Aprel ayının sonu, may ayında Abşeron rayonunda radiator işlədilməsi mümkün deyildir. Lakin hal-hazırki vəziyyətdə İddiaçı normadan artıq və heç bir texniki əsaslandırma aparılmadan qaz enerjisi sərfiyyatı yazılmış və istehlakçı borclandırılmışdır. Ona görə də göstərilənlərə əsasən, ilkin iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsini müdafiə edib qarşılıqlı iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, sözügedən evdə onun Kəlbəcər rayonundan qaçqın olan qaynatası və qaynanası yaşayır. Evə dair şəkillər çəkilmişdir. Kommunal xərclərlə bağlı sənədlər onun adınadır. Qaz sayğacı yerində olmuş, çəkilmiş şəklə əsasən, Cavabdeh İBnin nümayəndələri gələrək sayğacı təmir adı ilə aparmış və yerinə də rezin boru qoymuşlar. Sonradan Cavabdeh İB-nin əməkdaşları yoxlama aparmış və borc hesablamışlar. Ona görə də təqdim olunmuş şəkilləri əsassız hesab edir. Sayğacın çıxarılması və rezin borunun qoyulması onun və ailə üzvləri tərəfindən edilməmişdir. Sözügedən evdə iki yaşlı adam var, həmin yaşlı insanların qeyri-qanuni qaz xəttinə qoşulması isə ümumiyyətlə mümkün deyildir. Onun evinə quraşdırılmış qaz sayğacı kart sistemi ilə işləyir. Evə qazın verilməsi dayandırılmasa da karta pul vurulanda kartdan çıxılır. Onun evində 4 gözlü qaz və kombi vardır, radiator isə mövcd deyildir. Ona görə də göstərilənlərə əsasən, ilkin iddia ərizəsinin təmin olunması, qarşılıqlı iddia ərizəsinin isə təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB ilə abonent İddiaçı arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və həmin müqavilə əsasında Cavabdeh İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana Cavabdeh İB tərəfindən **********00020 saylı abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Abonent müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1nın tələblərinə əməl etmək”) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə, abonentin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən abonent tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Abonentin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən fotoçəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, abonentin təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1425.60 manat və xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362.88 manat olmaqla cəmi 1788.48 manat maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Abonent tərəfindən Cavabdeh İB-yə ödənilməli borc məbləği abonent saldosu üzrə hazırda, ümumi olaraq 1788.48 manat təşkil edir. Müqavilə öhdəliklərinin abonent tərəfindən kobud şəkildə pozulması, habelə, təqsirli hərəkətləri nəticəsində Cavabdeh İB-yə vurulmuş maddi zərərlə bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ona görə də qarşılıqlı iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə ilkin iddia ərizəsini qəbul etməyib qarşılıqlı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, mülki iş materiallarında olan fotoşəkillər GPS vasitəsilə çəkilmiş, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixdə çəkilmişdir. İlkin iddiaçı tərəfindən kənar xəttə qanunsuz qoşulması halı olmuşdur. Sayğac quraşdırılan zaman vətəndaşın müraciəti ilə ünvana gətirilir. Sayğac plombdan açılır və dərhal yerinə qoyulur. Əhali sayğaclarında belə hal olmasa da, sənaye sayğaclarında sayğac laboratoriyaya aparılır və yerinə əvəzetmə qoyulur. Belə ki, sayğac sahibkarın mülkiyyətində olur. Lakin əhalinin sayğaclarında isə sayğac Cavabdeh İB-nin balansında olur. İlkin iddiaçının da etirafı əsasında müəyyən olunur ki, qaz xəttinə qoşulma halı olmuşdur. Fotoşəkildən də göründüyü kimi, təsdiq olunur ki, kənar xəttə qoşulma ilkin iddiaçıya məxsusdur. Dəymiş ziyana görə 1425.60 manat aprel ayında, 362.88 manat isə may ayında hesablanmışdır. Aprel ayında 90 gün, may ayında isə 30 gün hesablanmışdır. Belə ki, hesab olunmuşdur ki, abonent aprel ayında 90 gün müddətində qaz xəttindən qeyri-qanuni istifadə etmişdir. Yəqin ki, 3 ay geri hesablanmış, yoxlama zamanı may ayında yenidən qeyri-qanuni halların olması aşkar olunmuşdur. Müqaviləyə əsasən, qaz peçi və kombi vardır. Radiatorla bağlı qeyd edir ki, yəqin əməkdaş yoxlama aparan zaman aşkar etmiş və qeydiyyat aparmışdır. Beləliklə, radiatorla bağlı borcun hesablanması hissəsində məhkəmənin mülahizəsinə buraxır. Ona görə də göstərilənlərə əsasən, ilkin iddia ərizəsinin təmin olunmaması, qarşılıqlı iddia ərizəsinin isə təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ilkin və qarşılıqlı iddia ərizələri qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ. bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 60-cı maddəsinin İİ. bəndinə əsasən, hər kəs dövlət orqanlarının, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 4.1 maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -»Azəriqaz» İB ilə istehlakçı İddiaçı arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx.xx.2022-ci il tarixli, 14/101505 saylı müqavilədən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. -Təbii X1nın pozulması haqqında xx.xx.2022-ci tarixli ******* saylı və xx.xx.2022-ci tarixli ******* saylı aktlardan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi aşkar olunmuş və dəymiş ziyanın hesablanması qərara alınmışdır. -»Azəriqaz» İB-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Qaz işlədicilərindən QSQ-nin maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 3 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin cəmi 3024 m3 ödənilməsi qərara alınmışdır. Əsas olaraq xx.xx.2022-ci tarixli ******* saylı akt olmuşdur. -Abonent kodu **********00020 olmaqla, İddiaçı adına olan abonent saldosundan görünür ki, Abşeron rayonu Quşçuluq massivi (Azbentonit) ünvanına xx.xx.2022-ci il tarixdə Zenner G4 Smart **********189 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1), Qənaətli su qızdırıcı (1/1), Qızdırıcı radiator peçi (1/1). Aktlara əsasən hesablanmış, abonentin 2022-ci ilə aid olan borcu 1788.48 manat göstərilmişdir. -Mülki iş materiallarına əlavə olunmuş fotoşəkillərdən görünür ki, İddiaçı məxsus mənzilin həyətinə quraşdırılmış qaz sayğacı çıxarılaraq rezin borudan istifadə olunmuşdur. -Mədaxil qəbzindən görünür ki, Cavabdeh İB qarşılıqlı iddia ərizəsinin verilməsinə görə 38.29 manat dövlət rüsumu ödəmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Sadıqov X2 rayonu Tatarməhlə ərazi dairəsi Tatarməhlə kəndində qeydiyyatdadır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Borclu İddiaçı onunla bağlanmış xx.xx.2022-ci il tarixli, 14/101505 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, müqavilənin 2.3.2-ci bəndinə əsasən, istehlakçının bu müqavilənin və “X1”nın tələblərinə əməl etməsi onun vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanının 3cü bəndinə əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görməlidir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” 29 iyun 2000-ci il tarixli 356 saylı Fərmanının 9cu bəndinə əsasən, Cavabdeh İB təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər. Fərmanın 3.10-cu bəndinə əsasən, qaz paylayıcısının səlahiyyətli şəxsinin bu qanunun tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən mane olma qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Tərəflər arasında bağlanmış müqavilənin 3.4-cü bəndinə əsasən, hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1 maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin, belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludur. 136.4-cü maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 139.1-ci maddəsinə əsasən, kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Mülki Məcəllənin: 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. İşin faktiki hallarına qiymət verib və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin təbii X1nın pozulması haqqında xx.xx.2022-ci tarixli ******* saylı və xx.xx.2022-ci tarixli ******* saylı aktlarına əsasən, istehlakçıya məxsus yaşayış sahəsində təbii qazın uçotu və təbii X1na riayət olunması yoxlanılmış və təbii qazdan qeyri-qanuni istifadə etməsi müəyyən edilmişdir. Beləliklə, abonent onunla bağlanmış müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun mülki iş materiallarına əlavə olunmuş abonent saldosuna əsasən, cəmi 1788.48 manat borcu yaranmışdır. Həmin borc hesablanarkən vurulmuş ziyan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 14 mart 2011-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii X1nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları” əsas götürülmüşdür. Məhkəmə həmçinin, iddia tələbi ilə bağlı qeyd edir ki: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «X1»na müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Belə ki, qaz paylayıcı şəbəkə öz vəzifə borclarını dürüst yerinə yetirməyərək Nazirlər Kabinetinin «X1»nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il 80 saylı Qərarının aşağıdakı bəndlərini kobud şəkildə pozmuşdur:- 2.1.3. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək; 2.1.5. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq; 2.1.10. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək; Beləliklə, məhkəmə araşdırması zamanı ilkin iddiaçının “X1”nın tələblərinə zidd olaraq, təbii qazdan qeyri-qanuni istifadə etməsi öz təsdiqini tapmış və bu barədə abonentə təbii X1nın pozulması barədə tələbnamə tərtib edilərək xx.xx.2022-ci tarixli ******* saylı akta əsasən 90 gün (3 ay) və xx.xx.2022-ci tarixli ******* saylı akta əsasən 30 gün (1 ay) müddəti üçün cərimə hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, təbii X1nın tələblərinə uyğun olaraq həmin qaydalara riayət etmək abonent olaraq vətəndaşın vəzifəsi olsa da, sayğacın işlək vəziyyətdə olmasına nəzarət etmək isə qazpaylayıcısının birbaşa vəzifəsi olmaqla həmin vəzifənin icrasını 30 gündən bir həyata keçirməlidir. Lakin göründüyü kimi, Cavabdeh İB-nin nümayəndələri tərəfindən abonentin mənzilinə quraşdırılmış qaz sayğacına vaxtında nəzarət edilməməsi nəticə olaraq, abonentin də qaz sayğacından qeyri-qanuni istifadə etməklə təbii qazı talaması halını istisna etməmişdir. Bununla belə, abonentin təbii qazdan qeyri-qanuni istifadə etməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından məhkəmə sadə riyazi hesablama üsulu ilə xx.xx.2022-ci tarixli ******* saylı akta əsasən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnaməyə uyğun olaraq, 406.08 (1.2x24x30=864, 3.5x24x30=2520, 864+2520=3384, 3384x0.12=406.08) manat, xx.xx.2022-ci tarixli ******* saylı akta əsasən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnaməyə uyğun olaraq 362.88 (3024x0.12=362.88) manat olmaqla, ümumilikdə, cəmi 768.96 (406.08+362.88=768.96) manat pul vəsaitinin silinməsi qənaətinə gəlir. Ona görə də 1019.52 (1788.48-768.96=1019.52) manat pul vəsaiti abonent İddiaçı məxsus abonə hesabından silinməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatı və tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, abonentlə bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinə əsasən, abonentə məxsus evə quraşdırılmış qaz sayğacı kombi və 4 gözlü qaz plitəsi üçün quraşdırıldığı halda, xx.xx.2022-ci il tarixli tələbnamə əsasında isə radiatordan qeyri-qanuni istifadəyə görə cərimə hesablanmışdır. Halbuki, məhkəmə araşdırması zamanı radiator əşyasının olması öz təsdiqini tapmamış, Cavabdeh İB-nin nümayəndəsi isə qarşılıqlı iddia tələbini həmin hissədə sübuta yetirə bilməmişdir . Ona görə də Cavabdeh İB tərəfindən radiator üçün hesablanmış 1728 m3 borc məhkəmə tərəfindən nəzərə alınmır. Beləliklə, məhkəmə araşdırması ilkin İddiaçı təbii X1nın tələblərinə zidd olaraq təbii qazdan qeyri-qanuni istifadə etməsi müəyyən olunduğundan ilkin iddia ərizəsi qismən təmin edilərək ilkin iddiaçıya məxsus abunə hesabından 1019.52 manat pul vəsaiti silinməli, ilkin iddia ərizəsi isə qalan hissədə təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı qeyd edir ki, Cavabdeh İB abonent İddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə edilməyə görə yaranmış 1788.48 manat borcun Cavabdeh İB-nin hesabına tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə həmin tələb ilə bağlı bildirir ki, məhkəmə araşdırması zamanı abonentin qeyri-qanuni təbii qazdan istifadə etməsi təsdiqini tapsa da, 1788.48 manat yazılmış borcdan 1019.52 manat borcun silinməsi müəyyən olunduğundan, qarşılıqlı iddia üzrə qalıq qalmış 768.96 manat pul vəsaiti İddiaçı Cavabdeh İB-nin xeyrinə tutulmalıdır. Ona görə də qarşılıqlı iddia ərizəsi qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli Qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini və məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları paralel şəkildə qiymətləndirib belə qənaətə gəlir ki, ilkin və qarşılıqlı iddia ərizələri qismən təmin edilməli, Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 1019.52 manat cərimə borcu abonent kodu **********00020 olan İddiaçı məxsus abunə hesabından silinməli, İddiaçı isə təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 768.96 manat pul vəsaiti alınaraq Cavabdeh İB-nin xeyrinə tutulmalı, ilkin və qarşılıqlı iddia ərizələri qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə eyni zamanda, Mülki Prosessual Qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, istehlakçı hüquqlarının müdafiəsi üzrə ilkin iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin qiymətinə mütənasib olaraq ödənilməli olan 30.2 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə keçirilməli, qarşılıqlı iddia ərizəsi isə qismən təmin edildiyindən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq, yəni, 30 manat dövlət rüsumu isə İddiaçı alınaraq Cavabdeh İB-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5 maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 238-252-ci maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

İlkin iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 1019.52 (min on doqquz manat əlli iki qəpik) manat borc abonent kodu **********00020 olan İddiaçı məxsus abunə hesabından silinsin. Qarşılıqlı iddia ərizəsi qismən təmin edilsin. İddiaçı təbii qazdan qeyri-qanuni istifadə edilməsinə görə 768.96 (yeddi yüz altmış səkkiz manat doxsan altı qəpik) manat pul vəsaiti alınaraq Cavabdeh İB-nin xeyrinə tutulsun. Cavabdeh İB-dən dövlət rüsumuna görə 30.2 (otuz manat iyirmi qəpik) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. İddiaçı dövlət rüsumuna görə 30 (otuz) manat alınaraq Cavabdeh İB-nin xeyrinə tutulsun. İlkin və qarşılıqlı iddia ərizələri qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar