Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-832/2025 23.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «evə köçürmə və evdən sərbəst istifadə edilməsinə maneələr törədilməsinin qadağan edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və həmin fərdi yaşayış evindən onun sərbəst istifadə etməsinə maneələr törədilməsinin Cavabdeh qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, İddiaçı X1 21 noyabr 2021-ci il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra İddiaçı qeyd olunan ünvana daxil olmasına bacısı Cavabdeh icazə verməyərək iddiaçının konstitusion hüquqlarını pozmuşdur. Buna görə də İddiaçı X1ndan miras qalmış ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini miras kimi qəbul etmək üçün ərizə ilə Sumqayıt Regional “ASAN xidmət” mərkəzi xüsusi notariat ofisinə müraciət etmiş, hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyinə görə müraciəti təmin edilməmişdir. Bundan sonra iddiaçı X17 və Ekspertiza Mərkəzinə 06 iyul 2022-ci il tarixdə müraciət etmişdir. Qeyd olunan müraciət ilə bağlı mütəxəssis rəy vermiş, rəydə “Xırdalan şəhəri, Xəlil Rza küçəsi, 98A” ünvanında qeydiyyatda olan İddiaçı mərhum X1ndan miras qalmış fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin 0,03 ha təşkil etdiyi, döngə nöqtələrinin koordinatlarının rəyə əlavə edilmiş sxemdə qeyd edildiyi bildirilmişdir. Göründüyü kimi İddiaçı atasından miras qalmış əmlakdan sərbəst istifadə etmək, həmin əmlaka faktiki sahiblik etmək hüququ olduğu halda cavabdeh olan bacısı Cavabdeh tərəfindən iddiaçıya müxtəlif maneələr yaradılır. Cavabdeh evin açarı dəyişdirilməklə iddiaçının mülkiyyət hüququnu pozulmuşdur. Hesab edir ki, iddiaçının mülkiyyət hüququndan istifadə etməsinə maneə törətməməlidir. Mübahisə predmeti olan ev özbaşına tikilidir və evin çox hissəsi iddiaçının maddi vəsaiti hesabına tikilmişdir. Hesab edir ki, özbaşına tikililər üçün birbaşa vərəsəlik münasibətləri üzrə analogiya tətbiq edilməlidir, evin özbaşına tikili olması həmin şəxslərin hüquqlarını məhdudlaşdırmamalıdır və bu barədə qətnamələr də qəbul edilmişdir. Qeyd edir ki, sözügedən fərdi yaşayış evi təqribən 20 il bundan əvvəl tikilmişdir və iddiaçının həmin evə dair hüquqlarının olması ilə bağlı şahidlərin ifadəsindən başqa sübut təqdim edə bilmirlər. Hesab edirlər ki, mübahisəli evin İddiaçı ilə onun atası tərəfindən tikilməsi tam olaraq sübut edilmişdir. Belə ki, məhkəməyə şahid qismində cəlb edilmiş X11 da ifadəsində bildirmişdir ki, evi vaxtilə iddiaçının atası Cəbrayıl Zəkiyev tikmiş, İddiaçı sözügedən evin pulunu vermişdir. Qeyd edirlər ki, şahidlər cavabdeh tərəfindən öyrədilmişdir, bu səbəbdən də şahidlərin ifadəsi mötəbər deyildir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil izahatında qeyd edilənləri təsdiq edərək izahatında bildirdi ki, evin böyük övladı olduğu üçün atası vaxtilə ev ilə bağlı məsələ barədə onunla danışmışdır. Bu ev təqribən 2000-ci ildə tikilmişdir. O, əvvəl qanunsuz inşa edildiyinə görə evin tikilməsinə razı olmamış, lakin evin bir hissəsi artıq tikildiyi üçün evin xərcini ödəməkdə köməklik etmişdir. Belə ki, o, həmin vaxt ailədə yeganə işləyən adam olmuşdur. Bildirir ki, o, ümumiyyətlə, sözügedən evdə yaşamamışdır və onun valideynləri sağlığında həmin evdə yaşamışdır. İlk olaraq onun anası, daha sonra atası 2021-ci ildə vəfat etmişdir. Atası sağ ikən evdə kirayəçilər yaşamışdır və hazırda da həmin evdə kirayəçilər qalırlar. Əvvəllər onların bina evi də olmuş, atası ona həmin evi satıb qızlarına verəcəyini bildirmiş və həqiqətən də bunu etmişdir. Əvvəllər atasına məxsus evlərdən birində isə onun qardaşı yaşamışdır. Mübahisəli evin yerləşdiyi torpaq sahəsi üçün 20 il əvvəl qonşulara pul verilmiş, daha sonra həmin torpaq sahəsində ev tikilmişdir. Binadakı ev bacısına verildiyi üçün o, evdən çıxmışdır, belə ki, sözügedən binada əvvəllər o, qardaşı və atası yaşayırdı. Həyət evi isə həmin vaxt tam tikilməmişdi. Qeyd edir ki, atasının evinin qonşuluğunda onun da evi vardır. Belə ki, onun özünə məxsus 7 sot torpaq sahəsi olmuşdur və o, həmin həyət yerində bir otaq tikib orada yaşamış, daha sonra torpaq sahəsində ev tikdirmişdir. Həmçinin onun və bacısı olan cavabdehin də Bayılda evi vardır. Atası isə öz evini 2005-ci ilə kimi tikdirmiş və birinci mərtəbəni kirayə olaraq vermişdir. Əlavə olaraq bildirir ki, bacısı sözügedən fərdi yaşayış evinə dair kommunal xidmətləri öz adına keçirmişdir. O, fərdi yaşayış evini həmin evin yerləşdiyi ərazidən yüksək gərginlikli xətlər keçməsi səbəbindən sənədləşdirə bilməmişdir. Onlar ailədə 1 övladlığa götürülən olmaqla 2 bacı və 2 qardaşdırlar, qardaş və bacıları onunla danışmır. Bildiyi qədəri ilə qardaşının köçmək istədiyi fərdi yaşayış evinə qarşı heç bir iddiası yoxdur. Odur ki, qeyd edilənlər əsasında o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X7 izahat verərək bildirdi ki, o, Cavabdeh qızıdır. Onlar hazırda İddiaçı köçmək istədiyi fərdi yaşayış evində yaşayırlar. Babası və nənəsinə vaxtilə onlar baxmışdırlar. Onun nənəsi 2016-cı ildə vəfat etmişdir. Daha sonra onlar koronavirusa yoluxmuş və babası 2021-ci ildə xəstəxanada vəfat etmişdir. Qeyd edir ki, babası sağlığında mülkiyyətində olan bina evini sataraq onun hər iki dayısı üçün ev tikib onlara vermişdir, babasıgil isə onun kiçik dayısı ilə qalmışdır. Lakin sonralar onun kiçik dayısı babasını evdən çıxartdığından onun atası babasını evlərinə çağırmış və onlar baba və nənəsinin qayğısına qalmışdırlar. Qeyd edir ki, onun adına torpaq sahəsi və fərdi yaşayış evinə dair çıxarış vardır. Mübahisəli fərdi yaşayış evi atasının vəsaiti hesabına tikdirilmişdir və sözügedən evə quraşdırılmış sayğaclar onun adınadır. O, ailəlidir və 2013-cü ildən indiyədək həmin evdə yaşayır. Babası isə vaxtilə mübahisəli evi tikdirmişdir. Onlara aid evin ikinci mərtəbəsində televizor, divan, kreslo, stolstul və digər mebellər, həmçinin iddiaçıya məxsus xalça və soyuducu vardır. Babası xəstəxanada olarkən, həmçinin vəfat etdikdən sonra İddiaçı mübahisəli ev barədə onlarla mübahisə etmiş və dava salmışdır. Onun anası daimi olaraq 10 ildən artıq müddətə həmin evdə yaşamışdır. Bir daha bildirir ki, İddiaçı onun babası və nənəsi ilə danışmamış, hətta onları çöldə qoymuşdur. Onun atası nənə və babasını himayə etmiş, atası isə sözügedən fərdi yaşayış evini tikdirmişdir. Hesab edir ki, qarşı tərəfin iddiası əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən o, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəməyə şahid qismində cəlb edilmiş X15 ifadəsində bildirdi ki, o, İddiaçı həyat yoldaşının qardaşıdır, həmçinin iddiaçı ilə Ukrayna Respublikasında bir yerdə oxumuşdur. Onlar bir-birlərinə qonaq gedib-gəlmişdirlər. O, iddiaçının özünün evini, həmçinin mübahisəli evi tanıyır. Həm öz evində, həm də mübahisəli fərdi yaşayış evində görülən tikinti işləri İddiaçı tərəfindən edilmişdir. 1988-ci ildə Ukrayna Respublikasından qayıtdıqdan sonra iddiaçı 1988-1990-cı illərdən etibarən həmin evin tikinti işlərini aparmışdır. İddiaçı qeyd edilən evlərdə, o cümlədən sözügedən fərdi yaşayış evində tikinti işlərinin aparılması üçün materiallar və avadanlıqlar gətirmiş və evlərin tikintisi ilə məşğul olmuşdur. Hətta İddiaçı vaxtilə həmin evdə yaşamışdır, lakin iddiaçının neçə il müddətinə orada yaşadığını bilmir. Məhkəməyə şahid qismində cəlb edilmiş X8 ifadəsində bildirdi ki, o, İddiaçı uzaq qohumudur və eyni zonadandırlar. 1996-cı ildən etibarən o, iddiaçını tanıyır, həmçinin bir yerdə də işləmişdirlər. O, heç vaxt iddiaçının atası Cəbrayıl Zəkiyevə məxsus olmuş mübahisəli evdə olmamış, iddiaçı həmişə ona atasına baxdığını bildirmişdir. O, yalnız iddiaçının evində olmuş və atasının yasında iştirak etmişdir. Qeyd edir ki, o, iddiaçının atası Cəbrayıl Zəkiyevin vəfat etdiyi evi tanıyır. İddiaçının və onun atasının evi tikilərkən həmin evlərdə olmasa da iddiaçı ilə evlərin tikintisi barədə söhbət olmuşdur. Belə ki, iddiaçı ona tikinti üçün materiallar aldığını demişdir. Məhkəməyə şahid qismində cəlb edilmiş X5 ifadəsində bildirdi ki, o, vaxtilə İddiaçı ilə Cavabdeh atası Cəbrayıl Zəkiyev və anası Səburə xanım ilə qonşu olmuşdurlar. X9 və anası Səburə xanımı evdən qovmuş, daha sonra onlar 1000 manata torpaq sahəsi almış, Cəbrayıl Zəkiyev isə evi özü tikdirmişdir. Evin tikintisi üçün Cavabdeh pul vermişdir, iddiaçını isə o, tanımır. Əvvəl tərəflərin anası Səburə xanım, xeyli sonra isə atası Cəbrayıl Zəkiyev xəstəxanada vəfat etmişdir. Safurə xanımın yas mərasimi Xırdalan şəhərində olmuşdur. Rəfiqə xanım qonşuluğunda cümə axşamında yas mərasimi təşkil etmişdir. Onunla mübahisəli ev arasında hasar vardır, bu hasarı tərəflərin atası inşa etmişdir. Evin tikintisi illərlə çəkmişdir, cavabdeh isə qaz xəttinin çəkilməsi və s. üçün atasına pul verirdi. Cəbrayıl Zəkiyev ondan borca pul götürəndə qızı gəldikdən sonra pulu ona qaytaracağını deyirdi. Məhkəməyə şahid qismində cəlb edilmiş X12 ifadəsində bildirdi ki, o, Cavabdeh ilə, 2003-cü ildəndir ki, qonşudurlar. Belə ki, cavabdehin 2003-cü ildən Mərdəkan qəsəbəsində evi vardır və onlar qonşuluqda yaşayırlar. O, taksi fəaliyyəti ilə məşğul olmuşdur və vaxtilə X10 şəhərindəki evdən götürüb aparmışdır. Bildirir ki, o, mübahisəli evin içində olmuş və Cəbrayıl Zəkiyevin həyat yoldaşını da görmüşdür. Qeyd edir ki, sözügedən fərdi yaşayış evi 2 mərtəbəlidir. Cəbrayıl Zəkiyevi oğulları dəfn etməmiş və baş daşını Cavabdeh özü düzəltdirmişdir. Cavabdeh mübahisəli evin tikintisi üçün lazım olan materialları özü almış, o isə tikinti materiallarını gətirmişdir. Lakin kim tərəfindən sözügedən fərdi yaşayış evində tikinti işləri aparıldığını bilmir. Məhkəməyə şahid qismində cəlb edilmiş X16 ifadəsində bildirdi ki, o, X4 bibisidir. İddiaçı ilə qardaşının həyat yoldaşı olan Cavabdeh əvvəllər mehriban olmuşdurlar. Həyət evinin tikilməsi üçün onun qardaşı pul xərcləmişdir. Oğulları nə Cəbrayıl Zəkiyevə, nə də onun həyat yoldaşı Səburə xanıma baxmamışdırlar. O, İddiaçı uşaqlığından tanıyır. Qardaşı övladlarını heç vaxt atmamış, daim onlara pul göndərmişdir. O, vaxtilə tərəflərin anası Səburə xanımın yas mərasimində iştirak etməmiş, Cəbrayıl Zəkiyevin dəfnində isə onun əvəzinə həyat yoldaşı iştirak etmişdir. Qeyd edir ki, mübahisəli evin tikintisində cavabdeh maddi cəhətdən köməklik etmişdir. Mübahisəli ev tikiləndə o, Cəlilabad rayonunda yaşayırdı. Neçə il bundan əvvəl o, Mərdəkan qəsəbəsində yerləşən evə getdikdə görmüşdür ki, Cəbrayıl Zəkiyev və onun həyat yoldaşı Səburə xanım oradadırlar. Belə ki, ev tikilən zaman tərəflərin valideynləri Mərdəkan qəsəbəsində yaşasalar da evləri Xırdalan şəhərində yerləşmişdir.Həmin vaxtlar Qardaşı telefon vasitəsilə onunla əlaqə saxlamış və evin tikilməsi üçün pul göndərdiyini demişdir. İddiaçı ilə atasının münasibətləri yaxşı olmamışdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Ramana qəsəbə icra nümayəndəliyi tərəfindən verilmiş AZ-T № 179234 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Cəbraıl (Cəbrayıl) oğlu xx xxxxxx 1958-ci ildə Bakı şəhərində doğulmuşdur. X1, anası isə X3r. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ- İİ № 220522 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.2021-ci ildə vəfat etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb və toplanmış mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddiaçı bəhs edilən iddia tələbini irəli sürmək üçün zəruri subyektiv hüquqa malik olmamışdır və iddiaçı bəhs edilən iddia tələbini irəli sürmək üçün zəruri subyektiv hüquqa malik olduğunu təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən iddia rədd edilməlidir. İddiaçı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu, 43.1-ci maddələri, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.3-cü, 30.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci, 228.2-ci və 228.5-ci maddələrinə istinad edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və həmin fərdi yaşayış evindən onun sərbəst istifadə etməsinə maneələr törədilməsinin Cavabdeh qadağan edilməsini xahiş etmişdir. Lakin məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, iddiaçı tərəf ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ona atasından miras qaldığını, sözügedən evin onun vəsaiti hesabına tikildiyini və ona məxsus olmasını bildirsə də məhkəməyə bununla bağlı hər hansı bir təsdiq edən sənəd təqdim etməmişdir. Həmçinin məhkəmə iclasında sübutların tədqiqatı zamanı iddiaçının başqa yaşayış sahəsinin olduğu, mübahisə predmeti olan fərdi yaşayış evində heç vaxt yaşamadığı müəyyən edilmiş,bu hal iddiaçının özünün və cavabdehin nümayəndəsinin izahatı ilə bərabər, şahid ifadələri ilə də təsdiqini tapmışdır. Bundan əlavə məhkəmə prosesi zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evi və onun inşa edildiyi torpaq sahəsi ilə bağlı hər hansı hüquqmüəyyənedici sənəd mövcud olmaması ilə yanaşı,iddiaçının mübahisə predmeti olan fərdi yaşayış evinə köçürülməsinə hüquqi əsas verən hər hansı bir digər hallar da müəyyən edilmir. Beləliklə, iddia tələbinin əsaslı olmasına dair iddiaçı tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmiş, halbuki Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə həmin sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərində olmuşdur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının sözügedən fərdi yaşayış evinə köçürülməsi və həmin fərdi yaşayış evindən onun sərbəst istifadə etməsinə maneələr törədilməsinin qadağan edilməsi ilə bağlı iddia qaldırmaq üçün subyektiv hüququ mövcud deyildir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmır. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı“S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 3 iyul 2015-ci il tarixli Qərarında deyilir ki, “...Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları)...” Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: “Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir.Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır.Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar.İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır”. Qanunvericiliyin qeyd edilən normalarından göründyü kimi, iddiaçının iddia qaldırılması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. İddia tələbi bütövlükdə rədd edildiyindən məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində deyilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı onun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və həmin fərdi yaşayış evindən onun sərbəst istifadə etməsinə maneələr törədilməsinin Cavabdeh qadağan edilməsi barədə iddiası rədd edilsin. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-832/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-832/2025
23.04.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver