Məhkəmə qərarları › İş №2(012)-833/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-833/2021

30.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-833/2021 30.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh «xxxx» ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh «xxxx» ASC-nə qarşı «elektrik enerjisinə görə naməlum səbəblərdən yaranmış debitor borcun abonent kodundan silinməsi» tələbinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2001-ci il tarixədək sərf olunan elektrik enerjisinə görə naməlum səbəblərdən yaranmış 2908,08 manat məbləğində debitor borcun **********10000 №-li abonent kodundan silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, xx xxxxxx 2008-ci il tarixdə Tamilla Firuz qızma məxsus ünvan 1 ünvanında yerləşən evi almışdır. xx.xx.2008ci il tarixdə A230822638M6 №-li sayğac quraşdırılmış və 285522 №-li protokol tərtib edilmişdir. Keçmiş abonentin borclu olmadığını bildirən xx xxxxxx 2010-cu il tarixdə verilmiş bildirişə əsasən Tamilla Firuz qızının **********10000 №-li abonent kodu onun adına rəsmiləşdirilmiş və xx.xx.2010cu il tarixdə onun adına A101039834M233587 №-li sayğac quraşdırılmışdır. 2015-ci il tarixdə o, ünvan 1 ünvanında yerləşən evi Dövlət Reyestrində Qeydiyyatdan keçirərək çıxarış almışdır. O, xx.xx.2020-ci il tarixdə ünvan 2 ünvanında yerləşən evi daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında satmışdır. Onun adına rəsmiləşdirilmiş **********10000 №-li kod yeni abonentin adına rəsmiləşdiriləndə məlum olur ki, **********10000 №-li abonent kodu üzrə xx.xx.2001-ci il tarixədək sərf olunan elektrik enerjisinə görə 2908,08 manat məbləğində debitor borc yaranmışdır. Həmçinin xx.xx.2010-cu il tarixə qədər nə Tamilla Firuz qızının, nə də ki, xx.xx.2010-cu il tarixdən xx.xx.2020ci il tarixə qədər onun sayğac üzrə heç bir borcu olmamışdır. Naməlum səbəblərdən yaranmış borcun ləğv edilməsi barədə xx.xx.2020-ci il tarixdə "xxxx” ASC-yə ərizə ilə müraciət olunmuş və "xxxx" ASC xx.xx.2020-ci il tarixli 0199/A229/2806 saylı cavab məktubu ilə guya "Müştəri Xidmətləri İdarəsində onun nümayəndəsinin iştirakı ilə yaranmış debitor borca yenidən baxılmış və müəyyən hissəsi ödənildikdən sonra qalan hissənin silinməsi təklifi ilə razılaşmadığına görə tərəflər arasında Razılaşma Protokolunun tərtib edilməsinin mümkün olmadığını" bildirmişdir. Enerji təchizatı müəssisəsi elektrik enerjisinin alğı-satqısı barədə nə Tamilla Firuz qızı ilə, nə də ki, İddiaçı ilə aralarında müqavilə bağlanmamış, borcun ödənilməsi üçün məhkəməyə müraciət edilməmiş və həmin borca görə enerjitəchizatı müəssisəsi enerji təchizatını dayandırmamışdır. xx.xx.2001-ci il tarixdən etibarən enerji təchizatı müəssisəsi ona bildiriş vermədən, mütəxəssis araşdırması aparmadan, ona verdiyi elektrik enerjisinin hansı tariflə hesablandığını bildirmədən 2908,08 manat məbləğində şişirdilmiş debitor borcun müəyyən hissəsinin silinməsi üçün Razılaşma Protokolunun ərtib edilməsini istəyir. Halbuki bu borcun hansı dövrləri əhatə etməsi barədə heç bir məlumat verilməmiş və enerji təchizatı müəssisəsi 20 il ərzində bir dəfə də olsun debitor borcunu tələb etməmişdir. O, evi satmışdır. Hazırda yeni alıcı sayğacın adına keçirilməsini xahiş edir. Onun 2008ci ildən bugünədək borcu yoxdur. Qeyd olunanlara əsasən, o, iddianın tələbinin təmin olumasını məhkəmədən xahiş etdi. Cavabdeh «xxxx» ASC-nin nümayəndəsi X4 məhkəmə iclasında izahatında bildirdi ki, borclar 2001-ci ildən hesablanmışdır. İddiaçı ərizəsində istehlak hüquqlarına əsaslanmayıb və Mülki Prosesual Məcəlləsinə istinad etmişdir. İş materiallarında olan Bakı Elektrik Şəbəkə ASC tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli bildirişdən görünür ki, X1 məxsus ünvan 1 ünvanına quraşdırılmış abonent kodu **********10000 olan sayğac üzrə elektrik enerjisi sərfiyyatına görə borc yoxdur. Hesablamalarda xx.xx.2002-ci il tarixinə qədər olan borcunuz və bildiriş tarixindən sonrakı ödəmələr nəzərə alınmamışdır. İş materiallarında olan xxxx ASC-in müştəri xidmətləri idarəsinin rəisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli,0199/A-229/2806 saylı məktubunda göstərilmişdir ki, **********10000 saylı Abunə kodu üzrə xx.xx.2001-ci il tarixədək sərf olunan elektirik enerjisinə görə abonentin 2908,08 manat debitor borcu yaranmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, **********10000 №-li abonent koduna hesablanmış 2908,08 manat məbləğində debitor borc xx.xx.2001-ci il tarixədək sərf olunan elektirik enerjisinə görə hesablanmış borclardır.Qeyd olunan borcların xx.xx.2001-ci il tarixədək olması iş materiallarında olan Bakı Elektrik Şəbəkə ASC tərəfindən verilmiş xx.xx.2010cu il tarixli bildiriş və xxxx ASC-in müştəri xidmətləri idarəsinin rəisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli,0199/A-229/2806 saylı məktubla tam təstiq olunur və iddiaçı məhkəməyə ərizə təqdim edərək iddia müddətini tətbiq etməklə hesablanmış debitor borcların silinməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia müddəti tətbiq edilməklə **********10000 №-li abonent koduna hesablanmış 2908,08 manat məbləğində debitor borc silinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.2001-ci il tarixədək sərf olunan elektrik enerjisinə görə yaranmış 2908,08 manat məbləğində debitor borc **********10000 №-li abonent kodundan silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar