Məhkəmə qərarları › İş №2(012)-834/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-834/2023

02.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-834/2023 02.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi barədə ilkin, Cavabdeh İB-nin İddiaçı qarşı borcun tutulması barədə qarşılıqlı iddia tələblərinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair ilkin iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən qanunsuz hesablanmış 7034,31 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Abşeron rayonu, Hökməli kəndi, 583 saylı evdə uzun müddətdir ki, ailəsilə birlikdə yaşayır. Həmin evin qaz sayğacı abunə kodu **********05830 olmaqla həmin ev inşa edilən vaxtdan vardır. O, istifadə etdiyi təbii qaza görə hər ay Cavabdeh İB-nə ödəniş etmişdir. 2022-ci ilin avqust ayında ödəniş edərkən bildiriş-xəbərdarlıq sənədinə əsasən onun təbii qazdan istifadə borcu 7034,31 manat qeyd edilmişdir. Ürək-damar xəstəliyindən əziyyət çəkir, yaşadığı birmərtəbəli ev üçün təbii qazdan istifadə etməsinə görə yazılmış 7034,31 manat borc əsassızdır və bu, mümkün deyildir. Belə ki, orada cəmi iki nəfər ya.ayır və bu həcmdə qazdan istifadə edə bilməz. Bu evdə təbii qazdan yaz və yay aylarında isidici kimi istifadə edilməmişdir. Eyni zamanda, yazılmış borcla bağlı ona hər hansı rəsmi bildiriş və ya xəbərdarlıq gəlməmişdir. Göründüyü kimi, onun heç bir təqsiri olmadan üzərinə borc yüklənmişdir. Dəfələrlə bu barədə lazımi qurumlara müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə gedişatında Cavabdeh İB qarşılıqlı iddia təqdim edərək, cavabdeh İddiaçı tərəfindən iddiaçı "Azəriqaz” İB-yə vurulmuş 7034,31 manat məbləğində zərərin və 90,35 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən məcburi qaydada tutularaq iddiaçı "Azəriqaz” İB-nın hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi bununla əsaslandırılmışdır ki, Cavabdeh ilə abonent İddiaçı arasında xx.xx.2020-ci il tarixdə 14/1317 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında Cavabdeh İB İddiaçı məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana Cavabdeh İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********05830 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Abonent yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə abonentin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən abonent tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Abonentin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Abonentin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib xx.xx.2018ci il tarixli ******* saylı akt əsasında 858,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 201,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 878,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 28,80 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2019-ci il tarixli ******* saylı akt əsasında 109,80 manat, xx.xx.2019-ci il tarixli ******* saylı akt əsasında 64,80 manat, xx.xx.2019-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-ci il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-ci il tarixli ******* saylı akt əsasında 198,00 manat, xx.xx.2019-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 103,70 manat olmaqla, cəmi 7034,31 manat məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Abonent tərəfindən Cavabdeh İB-yə ödənilməli borc məbləği abonent saldosu üzrə hazırda ümumi olaraq 7034,31 manat təşkil edir. Müqavilə öhdəliklərinin abonent tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində Cavabdeh İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənlərə əsasən qarşılıqlı iddia təmin olunmalıdır. İştirak etdiyi məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı ilkin iddia tələbini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat verərək, tələbinin təmin edilməsini xahiş etdi. O, qarşılıqlı iddianı qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə ilkin iddia tələbini qəbul etməyərək onun təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. O, qarşılıqlı iddianı müdafiə etdi və onun təmin edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, hər iki iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən hər iki iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə 14/1317 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, Cavabdeh İB İddiaçı məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. İş materiallarında olan istehlakçı İddiaçı adına tərtib edilmiş Abşeron rayonu, Hökməli kəndi, 583 saylı evə aid abonent kodu **********05830 olan abonentin saldosundan görünür ki, 2022-ci ilin noyabr ayına borc 7058,31 manat təşkil edir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib və təsdiq olunmuş “Təbii X1nın pozulması haqqında” 16 ədəd aktlardan görünür ki, abonent İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli kəndi, 583 saylı evə (abonent kodu: **********05830) baxış keçirilən zaman sayğacın yararsız olması və qaz xəttinə sayğacdan kənar qanunsuz qoşulma faktlarının olduğu müəyyən olunmuşdur. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair 16 ədəd tələbnamələrdən görünür ki, yuxarıda qeyd edilmiş aktlara əsasən abonent İddiaçı ümumilikdə 30042 kub metr təbii qazı dəyəri ödənilmədən istehlak etmişdir. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə və digər hallarda qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X1”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, ilkin iddia üzrə iddiaçı tərəfindən 2018-2020-ci illər ərzində bir neçə dəfə qaz xəttinə qeyri-qanuni qoşulma faktı olmuş və bu faktlar "Azəriqaz" İB əməkdaşları tərəfindən müxtəlif aktlar tərtib edilərək qeydə alınmışdır. Məhkəmə hesab edir ki, bu aktlar qanuni əsaslarla tərtib edilmişdir. Bununla belə, itirilmiş qazın həcmi hesablanarkən müəyyən qüsurlara yol verilmişdir. Belə ki, tərtib edilmiş tələbnamələrdə abonentin gün ərzində 18 və ya 24 saat ərzində qaz işlədicisindən istifadə etməsi müəyyən edilir. Məhkəmə bu halı qəbul etmir və hesab edir ki, abonentin gün ərzində qaz qurğularından orta hesabla yay-yaz fəslində 4-6, qış-payız fəslində isə 10-8 saat istifadə etməsi qəbul olunarsa, İddiaçı Birliyə xx.xx.2018-ci il tarixli ******* saylı akt üzrə 105 manat (3,5 x 10 x 30 = 1050 kub.metr), xx.xx.2018-ci il tarixli ******* saylı akt üzrə 105 manat (3,5 x 10 x 30 = 1050 kub.metr), xx.xx.2018-ci il tarixli ******* saylı akt üzrə 63 manat (3,5 x 6 x 30 = 630 kub.metr), xx.xx.2018-ci il tarixli ******* saylı akt üzrə 14,4 manat (1,2 x 4 x 30 = 144 kub.metr), xx.xx.2018-ci il tarixli ******* saylı akt üzrə 60 manat (2 x 10 x 30 = 600 kub.metr), xx.xx.2019-cu il tarixli ******* saylı akt üzrə 105 manat (3,5 x 10 x 30 = 1050 kub.metr), xx.xx.2019-cu il tarixli ******* saylı akt üzrə 60 manat (2 x 10 x 30 = 600 kub.metr), xx.xx.2019-cu il tarixli ******* saylı akt üzrə 73,8 manat (4,1 x 6 x 30 = 738 kub.metr), xx.xx.2019-cu il tarixli ******* saylı akt üzrə 73,8 manat (4,1 x 6 x 30 = 738 kub.metr), xx.xx.2019-cu il tarixli ******* saylı akt üzrə 32,4 manat (2,7 x 4 x 30 = 324 kub.metr), xx.xx.2019-cu il tarixli ******* saylı akt 32,4 manat (2,7 x 4 x 30 = 324 kub.metr), xx.xx.2019-cu il tarixli ******* saylı akt 98,4 manat (4,1 x 8 x 30 = 984 kub.metr), xx.xx.2019-cu il tarixli ******* saylı akt 123 manat (4,1 x 10 x 30 = 1230 kub.metr), xx.xx.2020-ci il tarixli ******* saylı akt 123 manat (4,1 x 10 x 30 = 1230 kub.metr), xx.xx.2020-ci il tarixli ******* saylı akt 123 manat (4,1 x 10 x 30 = 1230 kub.metr), xx.xx.2020-ci il tarixli ******* saylı akt 73,8 manat (4,1 x 6 x 30 = 738 kub.metr), xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 25,92 manat (2,7 x 6 x 30 = 259,2 kub.metr), bütün aktlar üzrə cəmi 1291,92 manat məbləğində ziyan vurması məlum olur. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli kəndi, 583 saylı evdə (abonent kodu: **********05830) sayğacdan kənar qaz xəttinin aşkar olunması ilə əlaqədar “X1”nın pozulması faktları müəyyən edildiyindən və həmin fakt üzrə Cavabdeh tərəfindən itirilmiş təbii qazın dəyərinə görə borc hesablandığından, lakin buna baxmayaraq borc məbləğinin artmasına şərait yaradıldığından, eyni zamanda göstərilən dövr ərzində sayğacdan keçən və dəyəri ödənilməyən təbii qaz istehlak edildiyindən cəmi 1291,92 manat cərimə və 2908,61 (202,8+1840,15+1274+23,2+51,5-1967+1986-164,16-337,88) manat debitor borcu abonent İddiaçı düzgün tətbiq edilmişdir. İlkin iddianın 7034,31 manat məbləğində qaldırılması nəzərə alındığında onun qismən, yəni 2833,78 manat hissəsində (7034,31- 4200,53) təmin edilməsi məhkəmənin qənaətinə görə məqbuldur. Eləcə də, qarşılıqlı iddia 4200,53 manat hissədə əsaslıdır və təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddianın verilməsinə görə ödənilmiş 90,35 manat dövlət rüsumunun 30 manat hissəsi qarşılıqlı iddia üzrə cavabdehdən qarşılıqlı iddia üzrə iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli kəndi, 583 saylı evə aid qaz sayğacına (abonent kodu: **********05830) dair Cavabdeh İB tərəfindən hesablanmış 2833,78 manat borc silinsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı 4200,53 manat və dövlət rüsumu üçün 30 manat pul tutularaq Cavabdeh hesabına ödənilsin. İlkin iddia və qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar