Məhkəmə qərarları › İş №2(012)-840/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-840/2023

02.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-840/2023 02.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 (baba) və Cavabdeh1 (nənə) tərəfindən xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-4172/2019 saylı qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X3 xx.xx.2019-cu il tarixdən başlayaraq, hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin vaxtdan etibarən, X6 uşağın qayğısına qalmamış, saxlanılmasında isə kömək göstərməmişdir. Uşağın 7 yaşı var. İddiaçı işləmir, qohumları uşağı saxlamaqda kömək edir. Bu səbəbdən də, iddiaçı hazırkı aliment miqdarının artırılması və alimentin artırılmış miqdarının baba və nənədən tutulmasını tələb edir. Ona görə də, göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, 2019-cu ildə aliment tutulmuşdur. X2 ilə faktiki nikahından xx.xx.2015-ci il təvəllüdlü X8 anadan olmuşdur. Onun rəsmi nikahı olmamış, əvvəl aliment az-az, 50-60 manat olmaqla ödənilsə də sonradan ödənilməmişdir. Hazırda, oğlunun atası həbs olunmuşdur. Belə ki, onun pis vərdişləri olduğundan zaman-zaman həbs olunması halları olmuşdur. Bu səbəbdən də, uşağının atasının harada həbsdə olması barədə məlumatı yoxdur və cavabdehlərlə əlaqəsi yoxdur. Onun uşağı saxlamaq üçün maddi imkanı yetərli deyildir və heç bir yerdən köməyi yoxdur. İcra şöbəsinə müraciət etsə də, kart açılsa da, heç bir ödəniş edilməmiş, tədbirlər görülməmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZ-İ № 318370 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.2015-ci il tarixdə İddiaçı doğulmuş X5 atası hesab edilmiş və bu barədə atalığın müəyyən olunması haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 165 nömrə ilə qeydiyyat aparılmışdır. -Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZ-İİİ № 797197 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.2015-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 136 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X6, anası İddiaçıdır. -Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-4172/2019 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X3 xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, cavabdeh X3 30 manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi, qətnamənin dərhal icra olunması qət edilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Bakı şəhəri Xətai rayonu R.Quliyev küçəsi yataqxana, 6 saylı evin 9 saylı mənzilində, Cavabdeh1 və Cavabdeh2 isə Abşeron rayonu Ceyranbatan qəsəbəsi Nizami küçəsi yataqxana 3, 2 saylı evdə qeydiyyatdadır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq):

43. maddəsinə əsasən, valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. 44.3. maddəsinə əsasən, uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur.

48. maddəsinə əsasən, bu Məcəllənin 44-45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. İddiaçının izahatından və mülki iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, İddiaçı X6 ilə faktiki nikah münasibətinə daxil olmuş və onların həmin münasibətlərindən xx.xx.2015-ci il təvəllüdlü X8 anadan olmuşdur. Faktiki nikah münasibətindən doğulmuş uşağa münasibətdə atalığının müəyyən olunması barədə şəhadətnamə verilmiş və həmin şəhadətnaməyə əsasən, X6 faktiki nikah münasibətindən anadan olmuş azyaşlının atası hesab edilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, atalıq müəyyən olunduqda uşaqlar valideynlərinə münasibətdə öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. İddia ərizəsindən və qanunvericiliyin tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, qanunvericilik yetkinlik yaşına çatmayan və maddi yardıma ehtiyacı olan azyaşlı uşağın saxlanılması üçün müəyyən olunan alimentin həmin uşağın nənəsi və babasının vəsaitindən olmaqla tutulmasını istisna etməmişdir. Hazırki iş üzrə iddiaçı uşağın atası tərəfindən alimentin ödənilmədiyini iddia edərək uşağın saxlanılması üçün cavabdehlərdən, yəni, uşağın nənə və babasından alimentin artırılmış miqdarının tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qanunvericiliyin tələblərini və mülki iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, iddia ərizəsi əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-4172/2019 saylı qətnaməsi ilə azyaşlının yetkinlik yaşına çatanadək saxlanması üçün X3 hər ay 150 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmiş, qətnamə dərhal icraya yönəldilmişdir. Ailə Məcəlləsinin: 75.1. maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.2. maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 80.1. maddəsinə əsasən, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. 80.2. maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. 101.2. maddəsinə əsasən, məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Yetkinlik yaşına çatmayanlar üçün alimentin miqdarı bu Məcəllənin 76-cı maddəsinə uyğun müəyyən edilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, məhkəmə uşağın saxlanılması üçün alimentin tutulması miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər maraqlarını nəzərə almaqla təyin edir ki, göstərilən bu hallar da Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-4172/2019 saylı qətnaməsi ilə nəzərə alınaraq alimentin miqdarı 150 manat məbləğində müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində cavabdehin cəzaçəkmə müəssisəsində olduğunu, qətnamənin icra edilmədiyini və alimentin ödənilmədiyini qeyd edərək göstərilən alimentin miqdarı artırılmaqla 193 manat məbləğində müəyyən edilməsini və həmin pul vəsaitinin uşağın nənə və babasından tutulmasını xahiş etmişdir. İddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin azyaşlının atası tərəfindən ödənilmədiyini qeyd etsə də, həmin hala dair mötəbər sübutunu, yəni, aliment ödəmək öhdəliyinə xitam verilməsi, azyaşlının atasının əmək qabiliyyətinin olmaması və yaxud göstərilən öhdəliyin həyata keçirilməsinə maneə törədən sübutlarını məhkəməyə təqdim edə bilməmiş, eyni zamanda, alimentin artırılmış miqdarının tutulması ilə bağlı nənə və babanın rəsmi gəlirlərini qeyd etməmişdir. Belə ki, Ailə Məcəlləsinin 56.1. maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İddiaçı iddia tələbində azyaşlı uşağın saxlanılması üçün cavabdehlərdən, yəni uşağın nənə və babasının vəsaiti hesabına alimentin miqdarının artırılaraq 193 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etsə də, cavabdehlərin müvafiq gəlirə malik olmasını sübuta yetirən mötəbər dəlillərini məhkəməyə təqdim etməmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan göründüyü kimi, cavabdehlər yaşa görə əmək pensiyası alır ki, bununla da, yaşayış minimumu ilə müəyyən edilmiş məbləğdən az miqdarda yüksək pensiya alırlar. Beləliklə, İddiaçı və azyaşlının atası X6 uşağın valideynləri olmaqla, əmək qabiliyyətlidirlər və uşağın saxlanılması üçün onun zəruri maddi xərclərini ödəmək öhdəliyindən azad edən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Göründüyü kimi, azyaşlının saxlanılması, onun zəruri maddi xərclərinin ödənilməsi ilkin növbədə, uşağın valideynlərinin vəzifəsi olduğundan və iddiaçının tələbkar kimi qətnamənin icrasını tələb etmək hüququ olduğundan onun alimentin cavabdehlərdən tələb etmək iddiası əsassızdır, ona görə də təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı aliment tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar