Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-845/2021 16.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ X10 Kazımovun sədrliyi, X11 oğlunun katibliyi, iddiaçı, eyni zamanda digər İddiaçı2 nümayəndəsi İddiaçı1, Cavabdeh2 ASC-nin “Abşeron Sukanal” İdarəsinin nümayəndəsi X2, Cavabdeh2 ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2 ASC və Cavabdeh2 ASC-nin X15 İdarəsinə qarşı aktın etibarsız hesab edilməsi və onun əsasında hesablanmış əsassız borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2 ASC və Cavabdeh2 ASC-nin X15 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MXD 8517 saylı, 16.10.2017-ci il tarixli aktın etibarsız hesab edilməsi və onun əsasında hesablanmış 3492 manat məbləğində əsassız borcun silinməsini xahiş etmişdir. Məhkəmə baxışında iddiaçı, eyni zamanda digər İddiaçı2 nümayəndəsi İddiaçı1 iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək bildirdi ki, o, qardaşı, eyni zamanda digər İddiaçı2 ilə birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün sonuncunun adına olan torpaq sahəsi almışlar. Belə ki, Məcidov X6 rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 0,0268 ha torpaq sahəsinin mülkiyyətçisidir. 2011-ci ildə həmin torpaq sahəsində onun tərəfindən 2 mərtəbədən ibarət tikili inşa edilmiş və tikilinin 1-ci mərtəbəsində müvafiq işləri görərək yuyucu obyekt kimi fəaliyyətə başlamışdır. Fərdi sahibkar kimi 2011-2016-cı illərdə həmin obyekti idarə edərək ünvana verilmiş sudan istifadə etmiş və istifadə üzrə müvafiq ödənişləri “Smart kart” vasitəsilə sayğaca keçirməklə cavabdeh quruma ödənilmişdir. 2016-cı ildən isə o, sahibkar kimi fəaliyyətini dayandırmış, obyekt isə bağlanmışdır. Bu səbəbdən sudan istifadə zərurəti yaranmamışdır. Cavabdeh qurumun əməkdaşları tərəfindən isə 16 oktyabr 2017ci il tarixdə sayğaca baxış keçirilmiş və heç bir əsas olmadan sayğacdan kənar, obyektə aid olmayan metal çəndən rezin boru vasitəsilə istifadə edildiyi qeyd olunaraq dəymiş zərərin əvəzi kimi İddiaçı2 3492 manat borc hesablanmışdır. Halbuki, Rəfael Məcidovun obyekdə aparılan biznes fəaliyyətinə heç bir aidiyyəti yoxdur, özünün daimi iş yeri vardır və obyektə isə ara-sıra gəlmişdir. Hesablanmış borcun heç bir hüquqi əsası yoxdur, qanunsuzdur və həmin borc məbləği silinməlidir. Hazırki halda isə cavabdeh tərəfindən dəymiş zərərin əvəzi üzrə İddiaçı2 borc hesablansa da, onun hansı təqsirli hərəkəti ilə zərər vurulması, qeyd olunan xeyli miqdarda borcun fəaliyyət göstərməyən bir obyekt üçün hansı əsaslar üzrə o həcmdə hesablanması öz təsdiqini tapmamış, ümumiyyətlə İddiaçı2 həmin ünvanda fəaliyyət göstərməməsi nəzərə alınmamışdır. Belə olan halda, xəyali rəqəmlərlə hesablanmış real olmayan zərərin təqsiri olması sübut edilməyən şəxsdən tələb edilməsi qanunsuz və yol verilməzdir. Digər tərəfdən, cavabdeh qurumun əməkdaşları tərəfindən keçirilmiş baxış qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Ədliyyə Nazirliyində yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçməmişdir. Göstərilən normaların tələblərinə əsasən, Cavabdeh2 ASC içməli su təchizatı və çirkab sularının axıdılması xidmətləri sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti kimi sahibkarlıq fəaliyyəti subyektlərində keçirdiyi bütün növ yoxlamaları (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirləri sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə aldırmalıdır. Qeydə alınmayan yoxlamalar isə heç bir hüquqi nəticə yaratmır. Hazırki halda cavabdeh qurum yoxlama nəticəsində qanunsuz akt tərtib edərək onun əsasında dəymiş zərər hesablamışdır. Halbuki, bu yoxlamaya dair reyestrdə heç bir qeydiyyat aparmamışdır. Belə olan halda, həmin yoxlama etibarlı deyildir, heç bir hüquqi nəticəyə səbəb olmur və istehlakçıya borc hesablanması üçün əsas yaratmır. Digər tərəfdən, əgər zərər vurulmuş olsaydı belə, cavabdeh tərəfindən hesablanmış zərər xeyli həcmdə ola bilməzdi. Odur ki, Cavabdeh2 ASC-nin X15 İdarəsi tərəfindən tərtib edilmiş MXD 8517 saylı, 16.10.2017-ci il tarixli aktın etibarsız hesab edilməsi və onun əsasında hesablanmış 3492 manat məbləğində əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Daha sonra iddiaçılar İddiaçı2 və İddiaçı1 məhkəməyə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələbləri əsasında iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək bildirmişlər ki, onlar məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh2 ASC-nin X15 İdarəsi tərəfindən tərtib edilmiş MXD 8517 saylı, 16.10.2017-ci il tarixli aktın etibarsız hesab edilməsi və onun əsasında hesablanmış 3492 manat məbləğində əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin, hazırki halda iddia tələbinin azaldılması zərurəti yaranmışdır. Odur ki, Cavabdeh2 ASC-nin X15 İdarəsi tərəfindən hesablanmış 3492 manat məbləğində əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə baxışında iştirak etmiş Cavabdeh2 ASC-nin “Abşeron Sukanal” İdarəsinin nümayəndəsi X4 iddianı qəbul etməyərək izahatında göstərdi ki, “Su təchizatı və tullantı axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan” 01 noyabr 2002-ci il tarixli müqavilə əsasında Cavabdeh2 ASC-nin “Abşeron Sukanal” İdarəsi ilə İddiaçı2 arasında sonuncuya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən yuyucu məntəqəsində qeyri-əhali üçün su və çirkab su istifadəsi nəzərdə tutulmuş və həmin müqavilə 31 dekabr 2023-cü il tarixədək qüvvədədir. İddiaçı2 özünə məxsus yuyucu məntəqəsində 3492 m3 sudan qeyri-qanuni istifadə etmiş və nəticədə Cavabdeh2 ASC-yə 3492 manat dəyərində ziyan vurmuşdur. Bununla bağlı, obyektin su təchizatı və kanalizasiya sisteminə idarənin əməkdaşları tərəfindən baxış keçirilmiş və MXD 08517 saylı, 16 oktyabr 2017-ci il tarixli akt tərtib edilmişdir. Belə ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən istehlakçı İddiaçı2 məxsus yuyucu məntəqəsində su sayğacından kənar əlavə obyektin arxasında obyekdə aid olmayan metal çəndən rezin boru vasitəsilə d=25 mm-lik rezin boru ilə qeyri-qanuni metal çənin doldurulması və qanunsuz istifadə olunması müəyyən olunmuşdur. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında digər Cavabdeh2 ASC-nin nümayəndəsi X3 nümayəndə X4 ilə eyni məzmunlu izahat verərək iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2 maddələrinə əsasən işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X5 izahatında bildirdi ki, İddiaçı2 məxsus yuyucu məntəqəsinin arxa hissəsində yerləşən su çəni hələ yuyucu məntəqəsi mövcud olmazdan əvvəl orada olmuşdur və həmin çəndən kimin istifadə etməsindən ümumiyyətlə xəbəri yoxdur. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X7 izahatında bildirdi ki, İddiaçı2 məxsus yuyucu məntəqəsinin arxa hissəsində yerləşən su çəni hələ yuyucu məntəqəsi mövcud olmazdan əvvəl orada olmuşdur, həmin çən istifadə olunmamışdır və çənin üzərində yerləşən qapağı həmişə açıq vəziyyətdə olmuşdur. O, uzun müddətdir ki, həmin ərazidə yaşayır və çənin yaxınlıqda yerləşən çörək bişirmə sexinə aid olduğunu bilir. Məhkəmə tərəfləri dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: 19400872 saylı, 01.11.2002-ci il tarixli “Su təchizatı və tullantı axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqavilə”nin surətindən görünür ki, Cavabdeh2 ASC-nin “Abşeron Sukanal” İdarəsinin rəisi ilə “istehlakçı” İddiaçı2 arasında Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən yuyucu məntəqəsində qeyri-əhali üçün su və çirkab su istifadəsi ilə bağlı müqavilə bağlanmışdır. Müqavilənin 6.2-ci bəndindən məlum olur ki, müqavilə 31.12.2023-cü il tarixədək qüvvədədir. 131299 saylı Qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatına dair müqavilənin surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən İddiaçı2 məxsus yuyucu məntəqəsinə 3492 m3 sudan istifadə etməklə 3492 manat dəyərində sudan qeyri-qanuni istifadə etməklə Cavabdeh2 ASC-yə ziyan dəymişdir. Cavabdeh2 ASC-nin “Abşeron Sukanal” İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş MXD 08517 saylı, 16.10.2017-ci il tarixli aktın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən istehlakçı İddiaçı2 məxsus yuyucu məntəqəsinə baxış keçirərkən su sayğacından kənar əlavə olaraq obyektin arxasında obyekdə aid olmayan metal çəndən rezin boru vasitəsilə d=25 mm-lik rezin boru ilə qeyriqanuni metal çənin doldurulması və qanunsuz istifadə olunması müəyyən olunmuşdur. Həmin akda Abşeron SKİ-nin mühəndisi Firdovsi Rəsulov, nəzarətçi Rəşad Səfərov, nəzarətçi Ramil Məhərrəmov və MXŞ-nin rəisi Elsevər Mirzəyev imza etmiş, İddiaçı2 imzalamaqdan imtina etmişdir. İşə əlavə edilmiş Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1198/2000 saylı, 29 avqust 2020-ci il tarixli qətnaməsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 18 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş və İddiaçı2 Cavabdeh2 ASC-nin X15 İdarəsinə qarşı aktın ləğv edilməsi barədə iddia tələbi rədd edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 1849/2021 saylı, 09 mart 2021-ci il tarixli qərarından görünür ki, İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1198/2000 saylı, 29 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin hallarından görünür ki, Cavabdeh2 ASC-nin X15 İdarəsi tərəfindən İddiaçı2 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən yuyucu məntəqəsində su təchizatına baxış keçirilmiş və həmin yoxlamanın nəticələrinə dair 16.10.2017-ci il tarixli akt tərtib edilmişdir. Həmin akta görə, araşdırma zamanı Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə fəaliyyət göstərən istehlakçı İddiaçı2 məxsus yuyucu məntəqəsinə su sayğacından kənar əlavə olaraq obyektin arxasında obyekdə aid olmayan metal çəndən rezin boru vasitəsilə d=25 mm-lik rezin boru ilə qeyri-qanuni metal çənin doldurulması və qanunsuz istifadə olunması müəyyən olunmuşdur. Sözügedən akta əsasən Cavabdeh2 ASC-nin X15 İdarəsi tərəfindən İddiaçı2 sudan qeyri-qanuni istifadə etməklə sərf etdiyi suyun həcmi və dəyəri hesablanmış və bu haqda qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatına dair 131299 saylı, 16.10.2017-ci il tarixli müqavilə tərtib edilmişdir. Həmin müqaviləyə görə, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən İddiaçı2 məxsus yuyucu məntəqəsi sudan qeyri-qanuni istifadə etməklə 3492 m3 miqdarında 3492 manat dəyərində su itkisinə yol vermişdir. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəsini aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 02 iyul 2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. - 2.3-cü maddəsinə əsasən, Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. - 3.2-ci maddəsinə əsasən Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 13.3-cü maddəsinə maddəsinə əsasən, yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən, yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. Göründüyü kimi Cavabdeh2 ASC içməli su təchizatı və çirkab sularının axıdılması xidmətləri sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 02.07.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Beləliklə Cavabdeh2 ASC-nin X15 İdarəsinin əməkdaşları tərəfindən İddiaçı2 məxsus yuyucu obyektində su təchizatı və kanalizasiya sisteminə baxış keçirilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçməsini təsdiq edən sübut iş materiallarında mövcud olmadığından və belə bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyindən keçirilmiş yoxlama qanuni hesab edilə və yuxarıda qeyd edilən normaların tələbləri baxımından hüquqi nəticə yarada bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 ASC-nin X15 İdarəsinin əməkdaşlarının obyektin su təchizatı sisteminə baxış keçirilən zaman yol verdiyi nöqsanlar hüquqdan istifadə kimi qiymətləndirilməlidir. Qeyd olunan Qanun və Əsasnamənin tələblərinin pozulması ilə yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi olmadığından bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilməsi istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun qismən təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, Cavabdeh2 ASCnin X15 İdarəsi tərəfindən tərtib edilmiş 16 oktyabr 2017-ci il tarixli akt əsasında “Qeyriqanuni istifadə nəticəsində itirilmiş su hesabatı”na dair 131299 saylı müqavilədə göstərilmiş 3492 manat borc qismən ləğv edilməli, 1 aylıq su sərfiyyatı 291 manat x 3 ay olmaqla, cəmi 873 manat borc məbləği hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Eyni Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 ASC-nin X15 İdarəsi tərəfindən tərtib edilmiş 16 oktyabr 2017-ci il tarixli, “Qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatı”na dair 131299 saylı müqavilədə göstərilmiş İddiaçı2 hesablanmış 3492 (üç min dörd yüz doxsan iki) manat borc qismən ləğv edilsin. İddiaçı2 873 (səkkiz yüz yetmiş üç) manat məbləğində pul tutularaq Cavabdeh2 ASC-nin X15 İdarəsinin bank hesabına ödənilsin. Qətnamə tərəflərə rəsmi təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-845/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-845/2021
16.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver