Məhkəmə qərarları › İş №2(012)-860/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-860/2024

29.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-860/2024 29.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, 1316 reyestr nömrəli qeydiyyat vəsiqəsi və qeydiyyat vəsiqəsinin verilməsinə əsas olan 24 fevral 1996-cı il tarixli, 3M-1-67 nömrəli müqavilənin XX.XX.1939-cu il tarixdə Füzuli şəhərində anadan olmuş Ərizəçi məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, XX .XX.1939-cu il tarixdə Füzuli şəhərində anadan olmuşdur. Füzuli rayonundan məcburi köçkündür. Hazırda müvəqqəti olaraq ünvan 1 ünvanında pasport qeydiyyatına alınmaqla faktiki yaşayır. ünvan 2 ünvanında yerləşən 48 saylı mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iş üzrə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Sumqayıt Ərazi İdarəsinə ərizə ilə müraciət etsə də imtina edilmişdir. Belə ki, ona ünvanlanmış 09 oktyabr 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş 1316 reyestr nömrəli qeydiyyat vəsiqəsində və qeydiyyat vəsiqəsinin verilməsinə əsas olan arxiv əsasında (24 fevral 1996-cı il tarixli, 3M- 1-67 nömrəli müqavilədə) göstərilən hüquq sahibinin adına münasibətdə uyğunsuzluq aşkar edilmişdir. Belə ki, qeydiyyat vəsiqəsində hüquq sahibi “X6” göstərildiyi halda, şəxsiyyətini təsdiq edən sənəddə “Ərizəçi” kimi qeyd edilmişdir. Ona məxsus olan bütün hüququ müəyyən edici sənədlərdə, eləcə də digər sənədlərdə ad, soyad və ata adı “Ərizəçi” olaraq qeyd edilmişdir. Bu səbəbdən də, məhkəməyə müraciət etməli olmuşdur. Ona görə də göstərilənlərə əsasən, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5 maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1. maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1 və 76.2. maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Ərizəçi onun anasıdır. Ərizəçi adı müqavilədə səhv qeyd olunmuşdur. Müqavilədə anasının adı Lyusa kimi qeyd olunmuşdur. Əslində anasının adı Lusyadır. Ev anasının adınadır. Anası 1996-cı ildə evi almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Ərizəçi onun bibisidir. Ərizəçi həmişə fərqli adlarla çağırılmışdır. Əslində əsl adı şəxsiyyət vəsiqəsində göstərilən addır, yəni Lusyadır. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Mülki Prosessual Məcəllənin: 4.1. maddəsinə əsasən, bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə mülki iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir: -Azərbaycan Respublikası Qeydiyyat Vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 08/08 nömrəli, xx.xx.1988ci il tarixli qərarı ilə verilmiş ünvan 1 ünvanında yerləşən dörd yaşayış otaqlı, yaşayış sahəsi-10,4 kvadrat metr, köməkçi sahəsi-22,3 kvadrat metr olan yaşayış evi X2 mülkiyyətinə verilmiş və bu barədə reyestr kitabında 1316 nömrə ilə qeydiyyat aparılmışdır. -24 fevral 1996-cı il tarixli, 3M-1-67 nömrəli müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 tərəfindən Abşeron rayon Texniki İnventarlaşdırma Bürosunun 1316 nömrəli qeydiyyat vəsiqəsinə və 21 fevral 1996-cı il tarixli 467 nömrəli arayışa əsasən Abşeron rayonu, Xırdalan qəsəbəsi, 27-ci məhəllədə yerləşən 17 nömrəli evin yaşayış sahəsi 60.4 kvadrat metr, köməkçi sahəsi-22,3 kvadrat metr olan 4 otaqdan ibarət 48 nömrəli mənzil X1. -4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 321332/2-1-0171-35 saylı məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən 48 saylı mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 13 sentyabr 2023-cü il tarixli Cavabdeh publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsində baxılmışdır. Aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş 1316 reyestr nömrəli qeydiyyat vəsiqəsində və qeydiyyat vəsiqəsinin verilməsinə əsas olan arxiv əsasında (24 fevral 1996-cı il tarixli, 3M-1-67 nömrəli müqavilədə) göstərilən hüquq sahibinin adına münasibətdə uyğunsuzluq aşkar edilmişdir. Belə ki, qeydiyyat vəsiqəsində hüquq sahibi “X6” göstərildiyi halda, şəxsiyyətini təsdiq edən sənəddə “Ərizəçi” kimi qeyd edildiyi aşkar edilmişdir. Bu səbəbdən də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. -Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi məcburi köçkün kimi Abşeron rayonunda məskunlaşmışdır. -Abşeron RPŞ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, eyni zamanda, məhkəmə iclasında tədqiq olunmuş Ərizəçi adına verilmiş şəxsiyyət vəsiqəsini və digər sənədləri qiymətləndirərək belə nəticəyə gəlir ki, ərizəçinin göstərdiyi və təqdim olunmuş sənədlər bir-birini tamamlayır və təsdiq olunur ki, Abşeron rayon Texniki İnventarlaşdırma Bürosunun 1316 reyestr nömrəli qeydiyyat vəsiqəsi və qeydiyyat vəsiqəsinin verilməsinə əsas olan 24 fevral 1996-cı il tarixli, 3M-1-67 nömrəli müqaviləyə əsasən mülkiyyətçi qismində “X6” qeyd edildiyi halda, həmin şəxsin adı xx.xx.2005-ci il tarixdə verilmiş AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsinə əsasən, “Ərizəçi ”kimi qeyd edilmişdir. Bu isə “X6”nın “Ərizəçi ” ilə eyni şəxs olması faktını tam olaraq təsdiqləyir. Bu fakt eyni zamanda, şahid ifadələri ilə və məhkəmə iclasında tədqiq edilən digər sənədlərlə də bir daha sübuta yetirilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Abşeron rayon Texniki İnventarlaşdırma bürosunun 1316 reyestr nömrəli qeydiyyat vəsiqəsi və qeydiyyat vəsiqəsinin verilməsinə əsas olan 24 fevral 1996-cı il tarixli, 3M-1-67 nömrəli müqavilədə göstərilən “X6”nın “Ərizəçi” ilə eyni şəxs olması öz təsdiqini tapdığından həmin Abşeron rayon Texniki İnventarlaşdırma Bürosunun 1316 reyestr nömrəli qeydiyyat vəsiqəsi və qeydiyyat vəsiqəsinin verilməsinə əsas olan 24 fevral 1996-cı il tarixli, 3M-1-67 nömrəli müqavilənin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına əsasən, 6.3. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Mülki Prosessual Məcəllənin:

76. maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların müvcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 307.2.11. maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir.

308. maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. Abşeron rayon Texniki İnventarlaşdırma Bürosunun 1316 reyestr nömrəli qeydiyyat vəsiqəsi və qeydiyyat vəsiqəsinin verilməsinə əsas olan 24 fevral 1996-cı il tarixli, 3M-1-67 nömrəli müqavilənin Abşeron RPŞ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsinə əsasən, Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar