Məhkəmə qərarları › İş №2(012)-873/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-873/2021

30.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-873/2021 30.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi, Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçının vəkili-nümayəndəsi Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsinin boşaldılması və dəymiş maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi üzrə mülki işə xx xxxx 2021-ci il tarixdə, Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Cavabdeh oğluna qarşı qeyri-yaşayış sahəsinin boşaldılması və dəymiş maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının Cavabdeh qanunsuz sahibliyindən geri alınması və həmin binanın boşaldılaraq iddiaçıya təhvil verilməsi, həmçinin qətnamə icra olunan günədək əldən çıxmış fayda kimi hər ay 8000 (səkkiz min) manat icarə haqqı hesablanmaqla cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binasını alqı- satqı müqaviləsi əsasında özünün xüsusi mülkiyyətinə keçirmiş, bu barədə ona reyestrdən çıxarış da verilmişdir. Həmin qeyri-yaşayış binası iddiaçının xüsusi mülkiyyətinə verilməmişdən əvvəl həmin bina Cavabdeh tərəfindən heç bir qanuni əsas olmadan zəbt edilmiş və cavabdeh orada özünün sahibkarlıq fəaliyyəti ilə məşğuldur. İddiaçı sözügedən qeyri-yaşayış binası üzərində özünün xüsusi mülkiyyətini dövlət qeydiyyatına aldırdıqdan sonra cavabdehdən həmin binanı boşaltmasını tələb etsə də, sonuncu iddiaçının tələbinə məhəl qoymamış, öz sahibkar fəaliyyətini həyata keçirməyə davam etmişdir. Odur ki, iddiaçı vurulmuş mənəvi ziyana görə 1000 (min) manat məbləğində kompensasiya tələb edir. İddiaçıya vurulmuş maddi ziyan isə iddiaçının adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmasında özünü ifadə edir. Odur ki, iddiaçının xüsusi mülkiyyətində olan sözügedən qeyri-yaşayış binası iddiaçı tərəfindən üçüncü şəxslərə icarəyə verilmiş olsaydı, hazırki dövrün bazar qiymətlərini nəzərə aylıq (hər ay) 8000-10000 (səkkiz-on min) manat arası icarə haqqından gəlir əldə edə bilərdi. Odur ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində hər ay 8000- 10000 manat gəlirdən (əldən çıxmış fayda) məhrum olduğu üçün, məhkəmə qətnaməsi icra olunan günədək əldən çıxmış fayda (zərər) kimi hesablanacaq icarə haqqı cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Sonradan iddiaçı tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ziyanın tutulmasının əvvəlinin 01 sentyabr 2020-ci il tarixdən hesablanmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iddiaçının vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat verdi. Məhkəmə prosesində Cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, ona Xəqani adlı şəxs yaxılaşaraq obyekti aldığını və oranı boşaltmalı olduğunu deyib. Obyekti Müşviq adlı şəxsdən aylıq 5000 manat ödəmək şərtilə icarəyə götürüb. Evini kreditə qoyaraq oranı təmir etdirib. Onun iddiaçı ilə bağlanan alqı-satqı müqaviləsindən xəbəri yoxdur. Obyekti oktyabrdan bəri işlətmir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarından olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Çıxarışdan müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən qeyriyaşayış binası İddiaçı tam şəkildə mülkiyyətindədir. Mülki işin materiallarından olan Cavabdeh Abşeron RPİ-nə verdiyi izahatından müəyyən edilir ki, o, sözügedən qeyri-yaşayış binasını əvvəlki mülkiyyətçidən icarəyə götürmüş və icarəyə götürdükdən sonra həmin qeyri-yaşayış binası təmirsiz olduğu üçün həmin binanın təmir olunmasına xeyli məbləğdə xərc çəkmişdir. Çəkdiyi xərclərin ona qaytarılacağı təqdirdə həmin qeyri-yaşayış binasını təhvil verəcəkdir. Mülki işin materiallarından olan Azərbaycan Respublikası “xxxx” MMC tərəfindən verilən xx.xx.2020-ci il tarixli, 50 №-li arayışdan müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində ayrıca tikili şəklində 2 mərtəbəli, ümumi sahəsi 1400 kv.m olan istifadəyə yararlı ticarət təyinatlı qeyri-yaşayış binasının hazırki dövrə bir aylıq kirayə haqqı 8000 (səkkiz min)-10 000 (on min) manat arası dəyişir. Mülki işin materiallarından olan “xxxx” Hüquq və Qiymətləndirmə Şirkəti tərəfindən verilən xx xxxxxxx 2020-ci il tarixli, 17 №-li arayışdan müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində ayrıca tikili şəklində 2 mərtəbəli, ümumi sahəsi 1400 kv.m olan istifadəyə yararlı ticarət təyinatlı qeyri-yaşayış binasının hazırki dövrə bir aylıq kirayə haqqı 8000 (səkkiz min)-9 000 (doqquz min) manat arası dəyişir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı ona məxsus qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən zəbt olunduğunu, orada sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu iddia edir. Cavabdeh isə həmin obyekti başqa şəxsdən icarəyə götürdüyünü, alqı-satqı müqaviləsindən xəbərsiz olduğunu qeyd edir. Reyestrdən verilən çıxarışla sözügedən qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus olduğu müəyyən edilir.Cavabdehin mübahisəli qeyri-yaşayış sahəsinin əvvəlki mülkiyyətçisi ilə aralarında hər hansı icarə müqaviləsinin mövcudluğu barədə sübut təqdim edilməmişdir. Cavabdeh mübahisəli qeyri yaşayış sahəsini öz vəsaiti ilə təmir elədiyini və bunu mübahisələndirdiyini qeyd edir. Həmçinin, işin məhkəmə tərəfindən araşdırıldığı zaman elektron portaldan çıxarılan çıxarışdan cavabdehin mübahisəli qeyri yaşayış sahəsi üzrə fərdi sahibkar kimi fəaliyyət göstərmədiyi aydın oldu. Beləliklə, qeyd edilənlərdən göründüyü kimi cavabdeh iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasından qeyri-qanuni istifadə edir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası Cavabdeh qanunsuz sahibliyindən geri alınmalı və həmin bina boşaldılaraq İddiaçı təhvil verilməli, iddia bu hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin maddi ziyan hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarından göründüyü kimi mübahisəli qeyri-yaşayış sahəsi , xx.xx.2020-ci il tarixdən iddiaçının mülkiyyətindədir.İddiaçı iddiasını onunla əsaslandırır ki, mübahisəli qeyri yaşayış sahəsini üçüncü şəxslərə icarəyə versəydi hazırkı dövrün bazar qiymətləri nəzərə alınmaqla hər ay 8000-10000 manat arası icarə haqqında gəlir əldə edə bilərdi. Təqdim etdiyi qiymətləndiricinin rəyindən göründüyü kimi iddiaçıya məxsus qeyri-yaşayış binasının bir aylıq icarə haqqı 8000-10000 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Məhkəmə bu hissədə iddia tələbinə hüquqi qiymət verərək qeyd edir ki, cavabdehin izahatına görə o, həmin sahənin icarəsi üçün əvvəlki mülkiyyətçiyə hər ay 5000 manat icarə haqqı ödəyirdi.Cavabdeh bu barədə hər hansı sübut təqdim etməsə də, yuxarıda qeyd edilən qiymətləndirici rəyləri ilə müqayisədə məhkəmə mübahisəli qeyri-yaşayış sahəsinin aylıq icarə haqqının 5000 manat olmasını real hesab edir. Ona görə də, məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, xx.xx.2020ci il tarixdən qətnamə qəbul olan günədək yəni xx xxxx 2021-ci il tarixədək olan 7 aylıq müddət üçün 7 x 5000=35 000 manat maddi ziyan olaraq cavabdehdən tutulub iddiaçıya verilməlidir. Məhkəmə bu hissədə onu nəzərə alır ki, ziyan tələbinin qətnamə icra olunan vaxtadək təmin edilməsi barədə məhkəmə qətnaməsi MPM-nin 222.2 maddəsinin tələbləri baxımından alınmalı məbləğ qətnamədə göstərilməli olduğundan yolverilməzdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binası Cavabdeh qanunsuz sahibliyindən geri alınsın və həmin bina boşaldılaraq İddiaçı təhvil verilməli və Cavabdeh maddi ziyan olaraq 35 000 manat (otuz beş min) və alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödədiyi 30 manat məbləğindəki dövlət rüsumunun 15 manat məbləğindəki hissəsi cavabdehdən tutularaq ona ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası Cavabdeh qanunsuz sahibliyindən geri alınsın və həmin bina boşaldılaraq İddiaçı təhvil verilsin. Cavabdeh maddi ziyan olaraq 35 000 manat (otuz beş min) və dövlət rüsumuna görə 15 manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar