Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-874/2025 19.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ünvan 1 ünvanında istifadə hüquqlarına 10 000 ( on min) manat kompensasiya verilməklə xitam verilməsi və cavabdehlərin ünvan 1 ünvanından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, ünvan 1 ümumi sahəsi 100,7, yaşayış sahəsi- 64,7 kv.m, köməkçi sahəsi - 36,0 kv.m olmaqla 3 otaqdan ibarətdir. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2014-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə tam xüsusi mülkiyyətinə verilmişdir. Cavabdehlər onun oğlu, onun həyat yoldaşı, uşaqları və nəvələridir. Cavabdehlər onunla yola getməmiş, onu incidərək və başına yüz oyunlar açaraq onu evindən qovmuşlar. O, məcbur olaraq ayda 200 manat verərək kirayə evdə yaşayır. Hazırda xüsusi mülkiyyətində olan yaşayış evindən məhrum edilmişdir. Cavabdehlərin yaşayış evində yaşayış sahəsindən istifadə hüquqna xitam verilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. O, bildirdi ki, qarşı tərəfin hamısına ümumilikdə evdən çıxması üçün 10080 manat ödəməyə razıdır. Mübahisəli ev 2004-cü ildə alınıb. Ağır işlərdə işləyərək, öz əziyyəti ilə əvvəl Azadlıq prospektində olan evi almış, daha sonra oranı sataraq mübahisəli mənzili almışdır. Nəvələri əvvəlki evdə anadan olmuş, sonra bu evə köçərək birlikdə yaşamışlar. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etmədi və bildirdi ki, mübahisəli mənzilin təmirinə 20000 manatdan çox vəsait xərcləmişdir. Bundan əvvəlki ev onun anasına dövlət tərəfindən verilmiş və həmin ev satıldıqdan sonra hazırki ev alınmışdır. O da ailəsi ilə birlikdə həmin mənzildə yaşamışdır. İddiaçının iddia tələbində qeyd etdikləri şər-böhtandır. Onlar iddiaçını evdən qovmamışdır. Hətta bir neçə dəfə onun evə qayıtmasını təklif etmişlər. O, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirdi ki, onların başqa yaşayış yeri yoxdur. O, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etmədi və rədd edilməsni xahiş etdi. Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan RX ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi 64.7, yardımçı sahə 36.0, ümumi sahəsi 100.7 kv.metr olan, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi və yerləşdiyi 0.01249 ha torpaq sahəsi xx.xx.2014-cü ildən İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan 30596 reyestr nömrəli, 429 inventar saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndindəki yaşayış sahəsi 64.7 kv.metr, köməkçi sahəsi 36.0 kv.metr olan fərdi yaşayış evi xx.xx.2004-cü il tarixdən İddiaçı adına qeydə alınmışdır. Qeydiyyat vəsiqəsinə fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu əlavə edilmişdir. İş materialalrında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Abşeron rayonu, Masazır kəndi, X3 küçəsi, döngə 1, ev 7 ünvanında qeydiyyatda heç kim yoxdur. İşdə olan "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 5 küçəsi, döngə 1, 7 saylı fərdi yaşayış evinin həmin tarixə bazar dəyəri 30210 (otuz min iki yüz on) manat, evin yerləşdiyi ərazidə eyni şəraitli fərdi yaşayış evinin kirayə haqqı isə 250-280 manat arasında dəyişə biləcəyi müəyyən edilmişdir. "xxxx" MMC-nin xərcləri olan 500 manat məbləğin tərəflərin üzrərinə qoyulması xahiş edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, mübahisəli fərdi yaşayış evi - yəni yaşayış sahəsi 64.7 kv.metr, yardımçı sahəsi 36.0 kv.metr olan, 3 otaqdan ibarət 7 saylı ev xx.xx.2004-cü ildən iddiaçının mülkiyyətindədir. Məhkəmə iclasında tərəflərin izahatı ilə müəyyən edildi ki, həmin evdə Cavabdeh2, onun həyat yoldaşı - digər Cavabdeh1 və onların övladları –digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 yaşayırlar. Hazırda İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ünvan 1 ünvanında istifadə hüquqlarına 10 000 ( on min) manat kompensasiya verilməklə xitam verilməsi və cavabdehlərin ünvan 1 ünvanından çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Onun dəlili bundan ibarətdir ki, cavabdehlər onu evdən çıxaraq həmin evdə yaşayır və mülkiyyətçi kimi onun hüquqlarını pozurlar. Bu səbəbdən cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarına pul ödənilməklə xitam verilməli və onlar mübahisəli mənzildən çıxarılmalıdır. Mülki-Prosessual Məcəllənin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İş materiallarından görünür ki, mübahisəli yaşayış sahəsi 2004-cü ildən iddiaçının mülkiyyətindədir. Bu baxımdan məhkəmə hesab edir ki, mübahisəli yaşayış sahəsindən istifadə hüququ ilə bağlı hazırki Mülki Məcəllənin müddəaları tətbiq edilməlidir. Mülki Məcəllənin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Bu normaların tələbinə əsasən cavabdehlərdən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən istifadə hüququ mövcuddur və bu hüquq iddiaçı tərəfindən mübahisələndirilmir. Cavabdeh1 isə mübahisəli mənzilə dair istifadə hüququ yaranmadığından olmayan huquqa xitam verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Hazırda əsas mübahisə həmin hüquqa xitam verilməsi ilə bağlı təklif edilən məbləğ barəsindədir. İstifadə hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın məbləğini müəyyən etmək məhkəmənin vəzifəsidir. Belə ki, 228.2-ci maddənin şərh edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, kompensasiyanın məbləği iddianın predmetinə daxil deyil, məhkəmə iddia ərizəsində kompensasiyanın məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Kompensasiya institutu mülkiyyət hüququnun müdafəsinə yönəlmişdir. Belə ki, mənzildən başqa şəxsin istifadə hüququnun olması mənzilin (əşyanın) yüklülüyü deməkdir, mənzili yüklülükdən azad etmək mülkiyyətçinin hüququdur, kompensasiya verilməsi isə həmin hüququn həyata keçirilməsinin bir formasıdır. Mülkiyyətçi “evdən çıxarılma barədə” iddia qaldırmaqla mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu istəyin motivi müxtəlif ola bilər: mülkiyyətçinin istifadəçi ilə ailə münasibətləri pozula bilər, istifadəçi mülkiyyətçi üçün arzuolunmaz şəxs ola bilər, istifadəçinin mənzildə yaşaması mülkiyyətçiyə mülkiyyət hüququnu öz mülahizəsinə uyğun olaraq sərbəst həyata keçirməyə maneçilik törədə bilər və s. İşdən görünür ki, cavabdehlərdən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mübahisəli yaşayış sahəsindən istifadə hüququ vardır, bu hüquq iddaçı tərəfindən də qəbul olunur. İş materialları ilə müəyyən edilir ki, onlar həmin mənzildə birlikdə yaşayır. İşdən görünür ki, tərəflər arasında münasibətlər yaxşı deyildir. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarına əsaslanmaqla belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mübahisəli mənzildən istifadə hüququna kompensasiya verilməklə xitam verilməlidir. Məhkəmə əmlaka dair kompensasiya məbləğləri ilə bağlı araşdırma aparmış və mütəxəssis rəyi ilə mübahisəli əmlakın bazar dəyəri və kirayə haqqı müəyyən edilmişdir. Premium Qiymətləndirmə” MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 5 küçəsi, döngə 1, 7 saylı ev ünvanında həmin tarixə orta aylıq kirayə haqqı 250- 280 manat təşkil edir. Bununla belə, məhkəmə iclasında iddiaçı tərəfindən 10080 manat məbləğində kompensasiya təklif edilmişdir. Məhkəmə mütəxəssis rəyini əsas götürərək cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 ümumilikdə 10080 manat kompensasiya ödənilməsini məqbul hesab edir. Məhkəmənin qənaətinə görə bu məbləğ mübahisəli evə oxşar şəraitli yaşayış sahəsilə ilə uzun müddət (təqribən 36 ay, aylıq 280 manat hesablanmaqla) təmin olunmağa kifayət edir. Məhkəmə qeyd edir ki, iddia tələbinin Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 iddiaçıya məxsus həmin mənzildən çıxarılmaları hissəsində də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Eyni zamanda, İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil: burada araşdırılmalı məqam işin təfərrüatlarının ərizəçinin həmin müddəada nəzərdə tutulan hüquqa aidiyyəti olubolmamasıdır. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, § 103). Mülki qanunvericiliyə əsasən, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir (Konstitusiya Məhkəməsi Plenumunun V.Q. Teryoxinin şikayəti üzrə 2010-cu il 15 yanvar tarixli Qərarı). İşin hallarına əsasən cavabdehlərin iddiaçının mülkiyyətinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə daşınmaz əmlak üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. Cavabdehlərin bu cür qanunsuz müdaxiləsi iş materialları ilə tamamilə təsdiq olunur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X4rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmənin qənaətinə görə mübahisənin hazırki formada həlli onun mahiyyətinə ədalətli yanaşmanın nəticəsi kimi qiymətləndirilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 10080 manat kompensasiya ödənilməsi müqabilində Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 5 küçəsi, döngə 1, 7 saylı evə istifadə hüquqlarına xitam verilməli və cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 ünvan 5 küçəsi, döngə 1, 7 saylı ev ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 10080 manat kompensasiya ödənilməsi müqabilində ünvan 5 küçəsi, döngə 1, 7 saylı evə istifadə hüquqlarına xitam verilsin. Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 ünvan 5 küçəsi, döngə 1, 7 saylı ev ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsın. Mütəxəssis tədqiqatı üçün tələb edilən 500 manat pulun yarısı 250 manat pul İddiaçı, 250 manat isə cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq "xxxx" MMC-nin (VÖEN: **********, Hesab nömrəsi: Z85ACAB********************,Müxbir hesab: AZ10NABZ**********000005644, bankın kodu- 505000) xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-874/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-874/2025
19.03.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver