Məhkəmə qərarları › İş №2(012)-883/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-883/2023

09.02.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-883/2023 09.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evdən çıxarılma, evə köçürülmə və evdən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə və evdən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni yaşayış massivindəki 0,02 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə köçürülməsi, fərdi yaşayış evindən istifadə edilməsinə yaradılan maneələrin cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1992-ci il tarixində Gədəbəy rayonu, İnəkboğan kəndində doğulmuşdur. 2014-cü ildə Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni yaşayış massivindəki 0,02 ha torpaq sahəsi almış və həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmişdir. Fərdi yaşayış evi tikilib hazır olduqdan sonra, həmin evə təbii qaz, elektrik, su və telefon xətləri çəkilmiş, mübahisəli fərdi yaşayış evinə sahiblik edərək evdə yaşamağa başlamışdır. Eyni zamanda, 2020-ci ildə müddətli hərbi xidmətə çağırılmış və hərbi xidmətlə bağlı 2020-ci ilin avqust ayında xidmət keçmək üçün Şəmkir rayonundakı N saylı hərbi hissəyə getmişdir. Xidmətə gedənədək valideynləri də onunla bu fərdi yaşayış evində yaşamışlar. Onların burada yaşamasının məqsədi o idi ki, mənzil boş qalmasın. 2020-ci ilin sentyabr ayında Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın ermənilərdən azad edilməsi ilə bağlı vətən müharibəsi başlamış və o, hərbçi olaraq döyüş əməliyyatlarına qatılmış, hərbi əməliyyatlarda iştirak etmişdir. 44 günlük Vətən müharibəsi bitdikdən sonra ona məxsus olan evə qayıdan zaman cavabdehlər hər dəfə əsassız yerə onunla mübahisə yaratmağa başlamışlar. Hər dəfə cavabdehlərin bu cür hərəkətlərinə sakit yanaşsa da, onlar bundan daha da cəsarətlənərək daha da üstünə gəlməyə başlamış və aqressiv münasibətləri şiddətlənmişdir. İş o yerə gəlib çatmışdır ki, cavabdehlər ona fiziki güc tətbiq etməkdən çəkinməyərək üstünə hücum çəkmiş, bu azmış kimi bədəninə zərbələr endirərək onu evdən çıxarmışlar. Təbii ki, cavabdehlər valideynləri olduğundan onlara qarşı fiziki güc tətbiq etməmişdir. Lakin ona məxsus olan evə girməyə imkan verilməmişdir. Bu azmış kimi cavabdehlər hər vəchlə onun bu evdə yaşamasına qanunsuz maneələr yaradırlar, evin onlara məxsus olduğunu deyirlər. Halbuki, özləri də bilirlər ki, torpaq sahəsini o almış və fərdi yaşayış evini o inşa etmişdir. Belə olmasaydı, qaz, işıq, su və telefon abunəsi onun adına olmazdı. Cavabdehlərin qanunsuz hərəkətlərindən dolayı o, məcbur olaraq kirayə evdə məskunlaşmışdır, onun bu evdən başqa yaşayış yeri yoxdur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında İddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək ərizə ilə məhkəməyə müraciət etmiş, cavabdehlərin mübahisəli yaşayış evindən çıxarılmaları və onun bu evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək yenə də ərizə ilə məhkəməyə müraciət etmiş, Cavabdeh1 və Cavabdeh2 Abşeron rayonu, Hökməli qəsəbəsi, Aşağı 28 May küçəsindəki 0,02 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmaları, onun bu evə köçürülməsi və fərdi yaşayış evində yaşamasına yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, həmçinin onun vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdilər. Cavabdeh1 məhkəmə iclasında iddianı qismən qəbul etdi və iddiaçının həmin evə köçürülməsinə razı olduğunu bildirdi. O əlavə etdi ki, iddiaçı əvvəllər mübahisəli evdə ailə üzvləri ilə birgə yaşamışdır. Həmin evi oğlu yox, özü inşa etdirmişdir. Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X1 məhkəmə iclasında göstərdi ki, o, Cavabdeh1la həmkəndlidir. Mübahisəli evin damını və döşəməsini usta kimi o vurmuşdur. Bunun üçün ləvazimatların pulunu və usta haqqını Cavabdeh1 ödəmişdir. O, bu evdə işləyəndə təkcə hörgü işləri görülmüşdü. Bütün inşaat işlərini Cavabdeh1 idarə edirdi. X5 Babaşərif oğlu məhkəmə iclasında göstərdi ki, mübahisəli tikilidə aboy, emulsiya və döşəmənin plintus işlərini usta kimi o görmüşdür. Bu evdə təqribən 3 il öncə çalışmışdır. Bu işlərə görə ona zəhmət haqqını Cavabdeh1 ödəmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci tarixli layihəsindən görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni yaşayış massivindəki 2139 kv.metr torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin layihəsi İddiaçı adına tərtib edilmişdir. İş materiallarında olan Abşeron rayonu, Hökməli Bələdiyyəsinin **********36 saylı, xx.xx.2022-ci il tarixli tədiyyə bildirişinin surətindən görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsi, Aşağı 28 May küçəsindəki torpaq sahəsi üzrə yerli vergi ödəyicisi kimi İddiaçı qeydə alınmışdır. İş materiallarında olan bir sıra ödəmə qəbzlərindən görünür ki, mübahisəli evdəki sayğaclar üzrə abonent kimi İddiaçı qeydə alınmışdır. İş materialları və tərəflərin izahatları ilə müəyyən olunur ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən mübahisəli evin hüquqmüəyyənedici sənədi yoxdur. Bu, işin mübahisəsiz halıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdehlərin övladıdır. İşdən görünür ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsinə görə yerli vergi ödəyicisi (tədiyə ödəyən) kimi İddiaçı qeydə alınmışdır. Həmçinin işdəki ödəmə qəbzlərindən görünür ki, bu evdəki kommunal xidmətlərin abunəçisi İddiaçıdur. Bununla belə, məhkəmə iclasında ifadə vermiş şahidlər mübahisəli evin inşa edilməsində vəsaitin məhz Cavabdeh1 tərəfindən xərcləndiyini bildirmişlər. İş materiallarından müəyyən olunur ki, tərəflər bu evdə əvvəllər birgə yaşasalar da, sonradan onlar arasında həmin tikili ilə bağlı mübahisə yaranmışdır. Hazırda İddiaçı mübahisəli evin onun vəsaiti ilə tikildiyini iddia edib, oraya köçürülməsini, valideynlərinin oradan çıxarılmalarını və fərdi yaşayış evində yaşamasına yaradılan maneələrin aradan qaldırılmasını məhkəmədən xahiş edir. Cavabdeh isə bildirir ki, iddiaçı əvvəllər mübahisəli evdə ailə üzvləri ilə birgə yaşasa da, iddiaçının bu evə heç bir aidiyyəti yoxdur, çünki mübahisəli ev onun vəsaiti ilə inşa edilmişdir. Təsvir olunanlara və hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə mübahisə ilə əlaqədar, ilk növbədə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarı»na istinad etməyi zəruri hesab edir. Konstitusiya Məhkəməsinin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşayaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcudluğu əmlak sahibinin hüquqlarının mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri bilir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. O, mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bunlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi İddiaçı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən mübahisəli evə köçürülməsi hissəsində əsaslı hesab edilməlidir. Bununla belə, məhkəmə qeyd etməyi lazım bilir ki, iddia tələbi cavabdehlərin həmin mübahisəli yaşayış evindən çıxarılması hissəsində aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, mübahisəli evin hüquqmüəyyənedici sənədləri mövcud olmasa da, həmin ev faktiki olaraq mövcuddur, hazırda yaşayış sahəsi kimi istifadə olunur və həmin evdən yaşayış sahəsi kimi istifadə etmək baxımından iddiaçı ilə cavabdehlərdən hər hansı birinin üstünlük hüququ olmamaqla cavabdehlərin də normal şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən, əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə hesab edir ki, nə qədər ki iddiaçı və cavabdehlər bir neçə ildən artıqdır ki, mübahisəli torpaq sahəsi və evdən ailə üzvü kimi istifadə edərək yararlanıblar, onların həmin tikiliyə münasibətdə iqtisadi maraqları formalaşmışdır. Məhkəmə hesab edir ki, hazırda cavabdehlər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış həmin tikilidən (iqtisadi dəyərdən) istifadə etdiyi halda, bərabərlik prinsipinə uyğun iddiaçı da oradan istifadə edə bilər, çünki qüvvədə olan Mənzil Məcəlləsinin anoloji (istər xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış və ya alınmamış yaşayış sahəsindən istifadəni tənzimləyən) normaları da buna imkan verir. Qüvvədə olan Mənzil Məcəlləsinin 30.1, 30.2. 30.3 və 30.4-cü maddələrinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Yenə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 68.1-ci və 68.2-ci maddələrinə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Qeyd edildiyi kimi, mübahisə predmeti olan yaşayış evi hər hansı şəxsin adına qeydə alınmadığından, tərəflərin bu evin tikintisində iştirakı istisna edilmədiyindən onların hər birinin bu evlə bağlı hüquqları bərabər hesab edilməlidir. Mübahisəyə bu baxımdan yanaşıldığında isə həmin mübahisəli evə köçürülməsi barədə İddiaçı iddia tələbinin əsaslı olması, digər tərəfdən isə Cavabdeh1 və Cavabdeh2 oradan çıxarılması barədə iddia tələbinin əsassız olması şübhə doğurmur. Məhkəmə iddia tələbinin iddiaçının fərdi yaşayış evində yaşamasına yaradılan maneələrin aradan qaldırılması hissəsinə münasibətdə qeyd edir ki, bu hissədə iddiaçının tələbi konkret olmadığından, yəni maneələrin nədən ibarət olması göstərilmədiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməldir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və iddiaçı Rəhimov X3 rayonu, Hökməli qəsəbəsi, Aşağı 28 May küçəsində yerləşən qanunsuz tikiliyə köçürülməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbinin digər hissələrini əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadıqları Abşeron rayonu, Hökməli qəsəbəsi, Aşağı 28 May küçəsində yerləşən qanunsuz tikiliyə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar