Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-883/2024 26.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış 1555,20 manat məbləğində cərimə borcunun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, onun mülkiyyətində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi vardır. O, ailə üzvləri ilə birlikdə sözügedən ünvanda yaşayır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən 08 fevral 2023-cü il tarixdə ona məxsus fərdi yaşayış evinə yeni qaz sayğacı quraşdırılmışdır. Cavabdeh tərəfindən 30 aprel 2023-cü il tarixində qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul edilməsi haqqında ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli, 14-2-2/3-5-2494-1 nömrəli aktına əsasən G-4 markalı, **********8 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının üzərində və yuvasının ətrafında əzik-cızıq izləri olduğuna görə mövcud sayğac yenisi ilə əvəz edilmişdir. Onun xəbəri olmadan Cavabdeh əməkdaşları tərəfindən 19 aprel 2023-cü il tarixində təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən Cavabdeh İB-nin əməkdaşları tərəfindən qaz sayğacına baxış keçirilmiş, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının qaz sayğacının yoxlanılması barədə MSK 4-2-2/3-5-2494-1 nömrəli aktına əsasən G-4 markalı, **********8 saylı sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının üzərində və yuvasının ətrafında əzik-cızıq izləri aşkar edilmiş, sayğacın istifadəsi yararsız hesab edilmişdir. Həmin akt əsasında Cavabdeh İB tərəfindən dəymiş ziyan kimi 1555,20 manat məbləğində borc hesablanmışdır. Sözügedən akt qanunsuz və əsassızdır. Belə ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən aktın tərtib edilməsi ilə bağlı onun heç bir məlumatı olmamışdır. Cavabdeh əməkdaşları sayğacın qaz sızdırıb-sızdırmadığını müəyyən etmək kimi müxtəlif bəhanələrlə sayğaca mütəmadi olaraq müdaxilə etmişlər. Daha sonra ona məxsus fərdi yaşayış evinə təbii qazın verilməsinin dayandırıldığını görmüş, bunun səbəbini öyrənmək üçün Cavabdeh müvafiq idarəsinə getmişdir. İdarədə ona 181 manat borcu olduğunu, ancaq borcu ödədikdən sonra smart kart ala biləcəyini bildirmişlər. O, borcu ödəyib kartı aldıqdan sonra təbii qazdan istifadə üçün ödəniş edərkən ona akt üzrə 1555, 20 manat cərimə borcu hesablandığını öyrənmişdir. Cavabdeh İB qanunvericiliyin tələblərini pozaraq onun iştirakını təmin etmədiyi halda aktın yekun hissəsində aktı imza etməkdən imtina etdiyini qeyd etmişdir. Heç vaxt qazın istifadəsinə görə onun borcu olmamış və sayğaca heç vaxt o və ailə üzvləri tərəfindən heç bir müdaxilə olunmamışdır. O, sayğacda problemin olduğunu aşkar edən kimi Cavabdeh İB ilə əlaqə saxlayaraq məlumat vermişdir. Qeyd edir ki, həmin sayğacdan çox az hallarda istifadə olunmuşdur və barəsində yazılmış cəriməyə nəzər yetirilsə, Cavabdeh İB-nin əməkdaşlarının əməllərinin nə dərəcədə qanunsuz olduğunu müəyyən etmək olar. Qanunvericiliyin tələbinə əsasən qaz paylayıcısının işçiləri ildə bir dəfədən az olmayaraq yoxlama keçirməli olduğu halda, onlar sayğaca heç bir yoxlanış keçirməmişdir. Sadəcə onun müraciətindən sonra əməkdaşlar gələrək sayğaca baxış keçirmiş, sayğacı guya ki təmir etmişlər. Buna baxmayaraq iki dəfə gəlib sayğaca baxış keçirdikdən sonra onu aldadaraq sayğacı dəyişdirmiş və barəsində onun xəbəri olmadan qanunsuz akt tərtib etmişlər. Onun heç bir təqsiri olmadan, sayğacda aşkar edilmiş zərərlər o və ailə üzvləri tərəfindən törədilmədiyi halda, onu günahlandırmışlar. Halbuki qanunvericiliyin tələbinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Bundan əlavə dəymiş ziyanın hesablanmasından müəyyən etmək mümkündür ki, Cavabdeh İB-nin əməkdaşlarının əməlləri tamamilə qanunsuzdur. Cavabdeh sayğacda olan zərərin nədən ibarət olduğunu qeyd etsə də bunu əsaslandırmamışdır. Bu da Cavabdeh İB-nin hərəkətlərinin doğruluğunu şübhə altına alır. Sayğac həyətdən çöldə quraşdırılmışdır. Yazılmış cərimə borcundan onun 2023-cü ilin noyabr ayında məlumatı olmuşdur. Buradan da göründüyü kimi heç bir sübut və əsas olmadığı halda ona borc yazılmış, əksinə olaraq akt tərtib edilərkən onun iştirakı təmin olunmamış, hüquqları pozulmuş, qanunsuz, əsassız və saxta olaraq barəsində akt tərtib edilmişdir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmiş,lakin məhkəməyə etiraz ərizəsi göndərmiş və etiraz ərizəsində göstərmişdir ki,İddiaçı məhkəmə qarşısında qaldırdığı iddiası tam əsassızdır və bu səbəbdən də təmin edilməməlidir. Belə ki, İddiaçı uzun müddət təbii qazdan ödəniş etməyərək istifadə etməklə Cavabdehnə 1555,20 manat həcmində borcu yaranmışdır. Bununla əlaqədar Cavabdeh əməkdaşları tərəfindən iddiaçının mənzilinə quraşdırılmış qaz sayğacına 2023-cü ilin aprel ayında yoxlama aparılmış və aşkar olmuşdur ki, iddiaçı qaz sayğacına müdaxilə etməklə Cavabdehnə 1555,20 manat həcmində ziyan vurmuşdur. Yuxarıda sadalanan və əldə olan əsaslı sənədlər İddiaçı təbii qazdan dəyəri ödənilmədən istifadə edərək təbii qazı taladığını təsdiq edir. Bununla bağlı yuxarıda göstərilənlər əsasında ümumi məbləğ hesablanaraq ümumilikdə 1555,20 manat həcmində qazdan istifadə edildiyi müəyyən edilmişdir. Odur ki, o, iddia əsassız olduğundan iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh şirkətin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 19 aprel 2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi evinə quraşdırılmış abonent kodu **********53460 olan mənzilin qaz sayğacına baxış keçirilən zaman MSK 4-2-2/3-5-2494-1 saylı rəyə əsasən **********8 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının üzərində və yuvasının ətrafında əzik-cızıq izləri aşkar olunmuş, sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. İş materialarında olan abonentin saldosundan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən evə (abonent kodu: **********53460) 1555,20 manat borc hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib,cavabdeh təşkilatın etirazını araşdırıb, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, iş materialarında olan abonentin saldosundan göründüyü kimi İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən evə (abonent kodu: **********53460) 1555,20 manat borc hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X1 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazının əsaslarını sübut edə bilməmiş və sayğaca İddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, İddiaçı (abonent kodu: **********53460) ünvan 1 ünvanında yerləşən evə quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımadığından 1555,20 manat məbləğində hesablanmış cərimə silinməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu **********53460 olan, ünvan 1 ünvanında yerləşən evə hesablanmış 1555,20 manat cərimə silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-883/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-883/2024
26.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver