Məhkəmə qərarları › İş №2(012)-889/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-889/2023

17.03.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-889/2023 17.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 50 saylı Dövlət Notariat Kontoruna və Cavabdeh1 qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 50 saylı Dövlət Notariat Kontoruna və Cavabdeh1 qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə Bakı şəhəri 50 saylı Notariat Ofisində bağladığı xx.xx.2022-ci il tarixli, «3M-302» reyestr nömrəli kredit (borc) müqaviləsinin bağlandığı andan etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 ilə arasında xx.xx.2022-ci il tarixli kredit (borc) müqaviləsi bağlanmışdır. Həmin müqavilə Bakı şəhəri 50 saylı Notariat Ofisinin xüsusi notariusu X7 tərəfindən «3M-302» reyestr nömrəsi ilə təsdiq edilmişdir. Kredit müqaviləsinə görə borcverən, yəni, Cavabdeh1 borcluya, yəni, İddiaçı bir il müddətinə 70000 manat borc vermişdir. Borcun təminatı kimi Cavabdeh1 ilə iddiaçının anası X5 və iddiaçı arasında həmin Notariat Ofisində xx.xx.2022-ci il tarixli, «3M-303» saylı ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinə görə X3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 301.1 kv.m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.0384 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmiş, ipoteka müvafiq reyestrdə qeydə alınmışdır. Müqavilə bağlanandan 16 gün sonra, yəni, xx.xx.2022-ci il tarixdə borcverən (ipoteka saxlayan) Cavabdeh1 notariat ofisinə müvafiq ərizə ilə müraciət edərək həmin notariat ofisində bağlanmış ipoteka müqaviləsinin ləğv olunmasını xahiş etmişdir. Cavabdeh1 ərizəsi reyestrdə «8İ-4238» saylı nömrə ilə qeydiyyata alınmış, ipoteka saxlayanın həmin ərizəsi əsasında notariat ofisi daşınmaz əmlakın ipoteka yüklülüyündən azad olunması barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixli, «783» saylı məktubla müraciət etmişdir. Bu məktub əsasında X3 mülkiyyətində olan əmlak ipoteka yüklülüyündən azad olunmuşdur. İddiaçı cavabdehin qardaşı Ziyadı təxminən 2020-ci ildən tanıyırdı. Ziyad öncə iddiaçını bacısının əri, yəni, cavabdehin əri Rasimlə tanış etmiş, Rasim Rusiyada yaşayırdı. İddiaçı həmin vaxtlarda İran İslam Respublikasından meyvətərəvəz gətirib Bakıda satmaqla məşğul olurdu. Ziyadgil də bu biznesə girmək istəmişlər. İddiaçı bir neçə dəfə Ziyadla görüşüb bu barədə danışmış, bir dəfə də İranda olarkən Ziyad ora gəlmiş və iddiaçı ona meyvə-tərəvəz alıb vermişdir. Bundan sonra Ziyad iddiaçını Rasimlə tanış etmiş, həmin vaxt Rasim Bakıya gəlmişdir. Onlar görüşmüş və meyvə biznesi barədə ətraflı söhbət etmişlər. İddiaçı onlara bu iş üçün kifayət qədər böyük məbləğ lazım olduğunu və bunun üçün öz evini banka girov qoyub pul götürmək istədiyini bildirmişdir. Rasim evi banka deyil, ona girov qoymağı və özünün pulu verməsini təklif etmişdir. İddiaçı onlarla razılaşmış, xx.xx.2022-ci il tarixdə notariusa getmiş, göstərilən müqavilələri bağlamış, lakin pulu verməmişlər. Qarşı tərəf M.Əcəmidə evi olduğunu, evi satıb pulu gələn həftənin ikinci günü alacağını, yəni, pulu növbəti həftənin ikinci günü verəcəyini bildirmiş, iddiaçı da onlara inanıb razılaşmışdır. Növbəti həftənin ikinci günü tərəflər görüşmüş, bir müddət sonra evi alqı-satqı edən iki nəfər makler gəlmiş və pulu gətirmiş, lakin yenə də pulu iddiaçıya verməmişlər. Beləliklə, aralarında razılaşma pozulmuş, bir sözlə, iddiaçı aldadılmışdır. Lakin iddiaçı şikayət edəcəyini dedikdə bundan qorxub cavabdeh ipoteka müqaviləsinin ləğvinə dair ərizə vermiş, lakin borc müqaviləsinin ləğvi ilə bağlı ərizəni verməmişdir. Verəcəklərini bildirsələr də, bu günə kimi həmin ərizəni verməkdən imtina edirlər. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddiaçının etibarından sui-istifadə edərək aldatmış, bu səbəblə də onun bu hərəkəti hüquqdan sui-istifadə hesab olunmalı və müqavilə məhkəmə qaydasında bağlandığı andan etibarsız sayılmalıdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, cavabdehin Ziyad adlı qardaşı ilə iddiaçının uzun müddət tanışlıq münasibətləri olmuşdur. Ziyad kürəkəni Rasim ilə iddiaçını tanış etmişdir. İddiaçı İran İslam Respublikasından meyvə-tərəvəzi Rusiyaya göndərməklə məşğul olmuşdur. Üç nəfər şəxs, yəni, iddiaçı, cavabdehin yoldaşı və qardaşı söhbət əsnasında biznes fəaliyyəti ilə məşğul olmaq istədiklərini bildirmişlər. İddiaçı kifayət qədər pul vəsaiti lazım olduğunu bildirmişdir. İddiaçı anasının adına olan evi banka ipotekaya qoyub kredit götürmək istədiyini bildirmişdir. Rasim evi banka deyil, ona ipotekaya verməyi təklif etmiş və iddiaçı bununla razılaşmışdır. Tərəflər arasında kredit və ipoteka müqavilələri bağlanmışdır. Müqavilə bağlansa da pul vəsaiti verilməmişdir. Tərəflər arasında anlaşılmazlıq olmuş və yenidən pul verilməmişdir. İddiaçı fərdi yaşayış evinin ipotekadan çıxarılmasını tələb etmiş, 10-15 gün müddət aralığında aparılmış danışıqlardan sonra 16 gün sonra, yəni, xx.xx.2022-ci il tarixdə cavabdeh ərizə ilə müraciət etmiş və müqaviləyə xitam verilməsini istəmişdir. Kredit müqavilənin ləğvinə dair ərizə verəcəklərini bildirsələr də vədlərinə əməl etməmişlər. İddiaçı aldadıldığından hesab edir ki, müqavilə etibarsız sayılmalıdır. İddiaçı əbəs yerə evini ipotekaya qoymamışdır. Belə ki, müqavilə bağlanandan sonra pul verilməli idi. Təbii ki, pul ödənilməsi nəzərdə tutulmasa idi müqavilə də bağlanmazdı. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, iddia tələbləri əsaslı deyildir. Belə ki, tərəflər arasında müqavilələr bağlanmış, üzərindən 16 gün keçdikdən sonra iddiaçı müqavilənin ləğv edilməsini xahiş etmişdir. İddiaçının xeyli miqdarda borcu olmuşdur. İddiaçı iddia ərizəsində fikrini izah etsə də, istinad etdiyinin heç bir əsası yoxdur və şahid ifadəsi də sübut deyildir. Müqavilə notariusda bağlanmış, tərəflər imzalamış və pul vəsaiti də müqavilə tərəfinə verilmişdir. Digər tərəfdən, hesab edir ki, notarial qaydada pul vəsaiti verilməsə heç bir notarius sənədə imza atmaz və möhür vurmazdı. İddiaçı “kiminsə vəd verməsi” ilə müqavilənin etibarsız hesab edilməsini xahiş etsə də, müqavilə bağlanmış, qanunun tələblərinə riayət edilmiş və bu qayda “vəd”lə pozula bilməz. Cavabdeh iddiaçının pulu aldığını, evi ipotekaya qoyduğunu və müqavilə bağlandığını bildirmişdir. İddiaçının borc məsələləri ilə bağlı çoxsaylı məhkəmə prosesləri olmuşdur. Bu səbəbdən də, müqavilənin etibarsız hesab edilməsinə heç bir əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 62.1 maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. xx.xx.2023-cü il tarixinə təyin olunmuş məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, Cavabdeh1 tanıyır. Belə ki, həmin xanımın ailəsində onun ailəsindən olan bir xanım nikahdadır. Bununla da, çoxdan münasibətləri yaranmaqla cavabdehin anası ilə də tanış olmuşdur. Ev ipotekaya qoyulanda o, özü də şəxsən həmin prosesdə iştirak etmişdir. İddia ərizəsini də oxumuş, İddiaçı da həmin prosesdən tanımışdır. İddiaçının Kürdəmirdə də məhkəmə işi olmuş, Ziyad ona zəng edərək Kürdəmirdə mal götürdüyünü bildirmişdir. Ziyad cavabdehin qardaşıdır. İddiaçının çox adama borcu vardır. Notariusda pul verilmişdir. Üstəlik pul vəsaiti çatmamış, 200 manat da o, borc götürmüşdür. O, ailənin bir üzvü kimi, həm də hüquqşunas kimi notariat hərəkətlərinin aparılmasında iştirak etmişdir. Belə ki, cavabdehin bu işlərdən elə də çox anlayışı yoxdur. İpoteka müqaviləsinin ləğvinin səbəbi ilə onun məlumatı olmamışdır. İddiaçı and içmiş, evini satdığını və borcu ödəyəcəyini bildirmişdir. 70000 manat pul vəsaiti mal almaq məqsədilə verilmiş və faizə verilməmişdir. Cavabdeh Bakı şəhəri 50 saylı Dövlət Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını və şahid ifadəsini dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Bakı şəhəri 50 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə 3M-302 reyestr nömrəsi ilə təsdiq edilmiş, borcverən Cavabdeh1 ilə borcalan İddiaçı arasında bağlanmış kredit müqaviləsindən görünür ki, borcverən borcalana xx.xx.2023-cü il tarixədək 70000 manat borc verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndinə əsasən, tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. Müqavilədən daha sonra görünür ki, müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətləri barədə xəbərdarlıq edilmişdir. -Bakı şəhəri 50 saylı notariat ofisi tərəfindən "xxxx" ASC-nin 50 saylı Notariat şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 641 saylı məktubdan görünür ki, Cavabdeh1 tərəfindən notariat qaydasında təsdiq ediləcək kredit müqaviləsi üzrə ödənilməli olan 70000 manat pulun İddiaçı verilməsi üçün bankda AZ94AİİB********************3 saylı depozit hesabına qəbul olunması xahiş edilmişdir. -xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, notarius X7 70000 manat pul vəsaitini depozit hesabına köçürmüşdür. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 301.1 kv.m olan fərdi yaşayış evi X3 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 415 saylı reyestr kitabının 38877 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********29-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -X3 Bakı şəhəri 50 saylı notariat ofisində verdiyi xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 301.1 kv.m olan fərdi yaşayış evini ipoteka qoymaq istədiyini bildirmişdir. -X1 Bakı şəhəri 50 saylı notariat ofisində verdiyi xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, X4 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 301.1 kv.m olan fərdi yaşayış evinin kredit öhdəliklərinin təminatı məqsədilə ipotekaya qoyulmasına etiraz etməmiş, ipoteka qoyulmuş əmlaka ödəniş yönəldiyi halda heç bir məhkəmə qətnaməsi olmadan və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk etməyi öhdəsinə götürmüşdür. -Bakı şəhəri 50 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə 3M-303 reyestr nömrəsi ilə təsdiq edilmiş, ipoteka saxlayan Cavabdeh1, ipoteka qoyan X5, borcalan İddiaçı arasında bağlanmış ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 301.1 kv.m olan fərdi yaşayış evini və həmin evin yerləşdiyi ümumi sahəsi 0.0384 ha torpaq sahəsini kredit müqaviləsi üzrə öhdəliyini icrasının təmini üsulu məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən, ipoteka predmetinin dəyəri tərəflərin razılığı ilə 250000 manat müəyyən edilmişdir. Müqavilənin 12.1-ci bəndinə əsasən, bu müqavilə tərəflər onu imzaladığı gündən bağlanmış, qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alındıqdan sonra isə qüvvəyə minmiş hesab edilir. -Cavabdeh1 Bakı şəhəri 50 saylı notariat ofisində verdiyi xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, xx.xx.2022-ci il tarixli 3M-303 reyestr nömrəsi ilə təsdiq edilmiş ipoteka müqaviləsinə xx.xx.2022-ci il tarixdə bağlanmış 3M-361 reyestr saylı “ipoteka müqaviləsinin ləğvi barədə saziş” əsasında xitam verildiyindən xeyrinə ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın ipoteka yüklülüyündən azad olunmasını xahiş etmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Bakı şəhəri Nəsimi rayonu 2-ci Çala küçəsi 1 saylı evin 28A saylı mənzilində, Cavabdeh1 isə Abşeron rayonu Fatmayı kəndində qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında borc münasibətlərindən irəli gələn mübahisə yaranmış, belə ki, İddiaçı ilə Cavabdeh1 həyat yoldaşı və qardaşı arasında şərikli biznes fəaliyyəti ilə məşğul olmaq məqsədilə razılıq əldə olunmuşdur. Bununla da, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, borcverən- Cavabdeh1 borcalan-İddiaçı bir il müddətinə qaytarılmaq şərtilə 70000 manat borc vermiş, həmin kredit məbləği depozit hesabına köçürülmüşdür. Eyni zamanda, həmin kredit müqaviləsinin təminatı olaraq bağlanmış eyni tarixli ipoteka müqaviləsinə əsasən, iddiaçı anasına məxsus olan daşınmaz əmlakı cavabdehin xeyrinə ipoteka ilə yüklü etmişdir. Hazırda, iddiaçı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, pul vəsaitinin verilmədiyini iddia edərək aldadıldığını, məhz bu səbəbdən də, kredit müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlandırılacaq): 6.1.5 maddəsinə əsasən, müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 390.1. maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qanunvericilikdən göründüyü kimi, mülki qanunvericiliyin əsas prinsiplərindən biri olan müqavilə azadlığı prinsipindən çıxış edərək məhkəmə qeyd edir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Hazırki mülki iş üzrə də iş materiallarına əlavə olunmuş Bakı şəhəri 50 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə 3M-302 reyestr nömrəsi ilə təsdiq edilmiş kredit müqaviləsinin tərəfləri İddiaçı və Cavabdeh1 çıxış etməklə, sözügedən müqavilə Notariat ofisinin notariusu X7 tərəfindən 3M-302 reyestr nömrəsi ilə qeydiyyata alınmaqla təsdiq edilmişdir. Müqavilə tərəflərinə onların hüquq və vəzifələri, müqavilənin doğuracağı hüquqi nəticələr izah edilməklə informasiya sisteminə daxil edilmişdir. Göründüyü kimi, hazırki müqavilə qanunvericiliyin tələblərinə uyğun olaraq, tərəflərin qarşılıqlı iradə ifadəsi nəticəsi olaraq bağlanmış, notariat hərəkətləri barədə tərəflər xəbərdarlıq edilmişlər. Müqavilə bağlanarkən tərəflərin fotoşəkilləri çəkilərək müqaviləyə yerləşdirilmiş, müqavilə tərəfləri kredit müqaviləsini imzaladıqdan sonra imzasının qarşısında soyadını yazmışlar. Mülki Məcəllənin: 324.1. maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4.maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.Qasımovanın şikayəti üzrə xx.xx.2020-ci il tarixli Qərarı”nda qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Beləliklə, iddia tələbinin mahiyyəti, həmçinin, tərəflərin izahatı əsasında müəyyən olunur ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq, iddiaçı anasına məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 301.1 kv.m olan fərdi yaşayış evini və həmin evin yerləşdiyi ümumi sahəsi 0.0384 ha torpaq sahəsini tərəflərin qarşılıqlı razılığı ilə 250000 manat dəyərində qiymətləndirməklə xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsinə əsasən, ipoteka ilə yüklü etmişdir. İddiaçı kredit müqaviləsinə əsasən pul vəsaitinin verilmədiyini iddia edərək ipoteka ilə yüklü edilmiş əmlakın ipoteka yüklülüyündən azad edilməsini xahiş etmiş və müqavilənin bağlanmasından 16 gün sonra, yəni, xx.xx.2022-ci il tarixdə ipoteka ilə yüklü edilmiş əmlakın ipotekadan azad edilməsinə dair tərəflər razılığa gəlmiş, lakin kredit müqaviləsi ləğv olunmamışdır. İddiaçı iddia tələbinin əsası kimi, ona məxsus olan mənzili sataraq borcunu ödədiyini iddia edərək kredit müqaviləsinin cavabdeh tərəfindən ləğv edilmədiyini, bu səbəbdən də, aldadıldığından məhkəmə qaydasında həmin müqavilənin bağlandığı andan etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə qanunvericiliyin tələblərinə və Konstitusiya Məhkəməsinin Plenum qərarına istinad edərək qeyd edir ki, xx.xx.2022-ci il tarixdə bağlanmış 3M-302 reyestr nömrəli kredit müqaviləsi tərəflərin qarşılıqlı iradə ifadələrinə uyğun olaraq bağlanmaqla tərəflərə onların hüquq və vəzifələri izah edilmiş, müqavilə notarial qaydada bağlanan zaman borcalan notariat xərclərini özü çəkmiş, müqavilə predmetini təşkil edən 70000 manat pul vəsaiti borcverən tərəfindən verilməklə notaris tərəfindən bankda açılan depozit hesabına köçürülmüş və borcalan tərəfindən həmin məbləğ depozit hesabından təhvil alınmışdır. Göründüyü kimi, müqavilə bağlanan zaman qanunvericiliyin tələblərinə riayət edilmiş, qeyd olunan halda iddiaçının iradə ifadəsinin zədələnməsi halına rast gəlinmir. İddiaçı pul vəsaitinin ona verilmədiyini, cavabdeh tərəfindən ipoteka müqaviləsinin ləğv edildiyini və nəticə etibarı ilə onun cavabdehə borcunun qalmadığını iddia etsə də iddia tələbinin əsasını təşkil edən həmin halı sübuta yetirə bilməmişdir. Halbuki, iddia tələbini bu hissədə sübut etmək vəzifəsi də məhz iddiaçının üzərinə düşür. Məhkəmə araşdırması zamanı iddiaçı cavabdeh tərəfindən ipoteka müqaviləsinin ləğv edildiyini əsas gətirərək kredit müqaviləsinin ləğv edilmədiyini, halbuki, borcun ödənilməsini bildirmiş və iddia tələbini həmin hissədə ona məxsus mənzilin satılaraq satışdan əldə olunmuş pul vəsaitinin ödənilməsi ilə əlaqələndirmişdir. Belə ki, “Məhkəmələr və hakimlər haqqında”Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə tərəflərin izahatını, şahid ifadəsini, işin faktiki hallarını, məhkəmə gedişatının nəticəsinə və daxili inamına əsaslanaraq, belə qənaətə gəlir ki, iddiaçı həqiqətən də ona məxsus olan mənzili satıb mənzilin satışından əldə olunmuş pul vəsaiti hesabına borcu ödədiyini bildirsə də kredit müqaviləsinin ləğvini həmin an tələb etməmiş, bu barədə aidiyyəti qurmalara müraciət etməmiş, ipoteka müqaviləsinin ləğvindən uzun müddət sonra xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən də, məhkəmə cavabdehin irəli sürdüyü dəlillərin daha səmimi, mötəbər və obyektiv olması qənaətindədir. Ona görə də kredit müqaviləsinin etibarsız hesab edilməsinə əsas olan hallar məhkəmə tədqiqatı zamanı öz təsdiqini tapmadığından idida tələbləri əsaslı deyildir, ona görə də təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 50 saylı Dövlət Notariat Kontoruna və Cavabdeh1 qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar